525.Az

“Şeirdepozitivol” challenge-i böyük marağa səbəb olub


 

“Şeirdepozitivol” challenge-i böyük marağa səbəb olub<b style="color:red"></b>

Novruz bayramı Azərbaycanın milli bayramı və mədəni irsidir. Təəssüf ki, biz bu il gözəl bayramımızı minilliklər boyu təşəkkül tapmış adət-ənənəmizə uyğun, el şənlikləri ilə qeyd edə bilmirik. Səbəbi isə koronavirus infeksiyasının bütün dünyada sürətlə yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi və kütləvi tədbirlərin keçirilməsinə icazə verilməməsidir.

Sevindirici haldır ki, bir müddətdir az qala bütün dünyanın savaşdığı koronavirus pandemiyası ilə mübarizəyə Azərbaycan tez zamanda və operativ şəkildə reaksiya verdi. Əlbəttə, bu cür böyük mübarizə insanların həyat şəraitinə təsirsiz ötüşməyəcəkdi. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və qaydalarına uyğun olaraq, iş yerlərinin, məktəblərin, iaşə obyektlərinin müəyyən müddətə fəaliyyətini dayandırması, ölkədə tətbiq olunan xüsusi karantın vəziyyəti əksəriyyətin evdə qalmasına səbəb oldu. Mövcud vəziyyətin nə vaxt sonlanacağı bilinmədiyindən bu durum hər zaman işləyən, ictimaiyyət arasında olan insanlar üçün darıxdırıcı ola bilər. Məhz bu səbəbdən Mədəniyyət nazirliyi başda olmaqla aidiyyatı qurumlar bir sıra layihələr həyata keçirir, insanların evdə axtını səmərəli şəkildə dəyərləndirməsinə yardımçı olurlar. Həmin layihələrdən biri də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin bu günlərdə start verdiyi “#şeirdepozitivol” adlı yeni challenge-dir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Dünya azərbaycanlılarını, mədəniyyət və incəsənət xadimlərini, bütün sənətsevərləri həmrəylik və birlik nümayiş etdirərək evdən və yerləşdikləri məkandan “Şeirdepozitivol” challenge-inə qoşulmağa səslədi.    

İnsanlar evdən şeir oxuya və dostlarını challenge-ə qoşulmağa dəvət edə bilərlər! Bu, asudə vaxtı evdən necə maraqlı və öyrənərək keçirməyin mümkün olduğunu göstərməyə kömək edəcək!

Cəmi bir neçə gün öncə elan olunan challenge sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Hər kəs öz səhifəsində videolar çəkərək paylaşır, insanların bu çətin günlərin öhdəsindən ədəbiyyatla, şeirlə gəlməsinə öz töhfəsini verir.

Bu challenge-ə operativ reaksiya verənlərdən biri Bakı Uşaq və Gənclər Teatrı oldu. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın ilk qoşulması və estafeti teatrın yaradıcı heyətinə, əməkdaşlarına ötürməsi ilə challenge daha böyük vüsət aldı. Teatrın ədəbi hissə müdiri Arzu Soltan, rejissoru İlhamə Əhmədova, Əməkdar artist Əli Qulu Səmədov, aktyorlar Gülər Ləzgiyeva, Mehman Piriyev, Niyaz İlyasoğlu, Soqət Səmədova, Könül Şahbazova, Türkan Şahmarlı, Zeynəb Kəngərli, Niyaz Novruzov, Flora Hüseynova, Nicat Əhmədov, Əfruz Əliyeva, Toğrul İsabəyli, Sənan Fərzəliyev və başqaları da qoşuldular. Onlar Abbas Səhhət, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Nəriman Həsənzadə, Ramiz Qusarçaylı və başqa Azərbaycan ədəbiyyatının tanınmış şairlərinin şeirlərini oxuyaraq izləyicilərini ədəbiyyatla, şeirlə bütünləşməyə və pozitiv olmağa səsləyiblər.

Bundan başqa paytaxt və bölgələrdən bir sıra mədəniyyət, sənət, təhsil mərkəzləri də bu təşəbbüsə qoşulublar. Yasamal rayon Heydər Əliyev Mərkəzi, Niyazı adına 22 saylı uşaq musiqi məktəbi, Hüseynqulu Sarabski adına Mədəniyyət evi, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi, Zığ Qəsəbəsi Mədəniyyət evi və İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi, Binəqədi rayon MKS, Balaxanı Mədəniyyət evi, Şüvələn Mədəniyyət evi, Mərdəkan Kitabxanası, Əzim Əzimzadənin Mənzil Muzeyi, Neftçala rayonu MKS Dördlər Kənd Kitabxanası, Lənkəran rayonu Mamusta kənd kitabxanası, Ağdaş rayonu Heydər Əliyev Mərkəzi, Qaradağ rayon Heydər Əliyev Mərkəzi, Səbail rayon MKS (Maksim Qorki adına kitabxana) və başqa təşkilatlar, mərkəzlər, eləcə də ayrı-ayrı fiziki şəxslər, şairlər, yazıçılar, jurnalistlər də şeir, rəqs və başqa yaradıcılıq nümunələri ilə sosial şəbəkədə öz dəstəklərini göstəriblər.

Əziz oxucular! Bakı Şəhər Mədəniyyət Baş İdarəsi sizi də bu challenge-ə qoşulmağa səsləyir. Siz də evdə qalaraq, sevdiyiniz şeirlərdən oxuya, bunu dostlarınız və izləyicilərinizlə bölüşə, onları da bu təşəbbüsə qatılmağa çağıra bilərsiniz. Mədəniyyət naziri Əbülfəs Qarayevin də dediyi kimi, “yaradıcı ruhu heç vaxt əldən verməyin!”

Evdə qal. Şeir de, pozitiv ol!

Şahanə MÜŞFİQ

 





25.03.2020    çap et  çap et