525.Az

İntiqam Ağayevin rənglər dünyası - Müsahibə


 

İntiqam Ağayevin rənglər dünyası - <b style="color:red">Müsahibə </b>

Rəssam İntiqam Ağayev ehtiyatda olan zabit, II qrup Qarabağ əlilidir. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Çəkdiyi əsərlər imperssionizm üslubundadır. Əsasən, yağlı boyadan istifadə edir. İşlədiyi mövzularda isə məişət, dəniz peyzajları və müharibə mövzuları üstünlük təşkil edir.

İntiqam Ağayev incəsənət aləmində özünəməxsus dəsti-xətti olan istedadlı rəssamlardandır. Rəsmlərinə baxanda insanın ağlına da gəlməz ki, o, Qarabağ müharibəsinin iştirakçısı olub, ağır döyüşlərdə iştirak edib, yaddaşında dərin iz buraxmış faciəvi itkilər görüb. Çünki yaradıcılıqda əsas şüarı auditoriyaya yalnız müsbət enerji, xoş təəssürat və nikbin əhval-ruhiyyə ötürməkdir. O, öz kədərini, ağrı-acılarını da kətan üzərinə rəngli boyalarla, gözəl təbiət mənzərələri ilə canlandırmağı bacaran rəssamlardandır. Cəbhədə baş verənləri unutmasa da, tablolarda mavi Xəzəri, qayğısız uşaqlıq illərini, Abşeronun əsrarəngiz təbiətini təsvir etməklə insanlara nikbinlik aşılamağa çalışır. Müharibə illərində qanlı savaşlarda iştirak etmiş, böyük faciələrin şahidi olmuş və rəssamlığa da məhz döyüş zamanı aldığı fiziki və mənəvi zərbədən sonra başlamış İntiqam Ağayevin yaradıcılığının əsas mövzusu vətənpərvərlik olsa da, o, heç zaman ağrı-acını, bədbinliyi, çarəsizliyi rəsmlərində təbliğ etmir, əksinə, auditoriyaya mənəvi rahatlıq və ümid hissi aşılayır, xeyirin şər üzərində gec-tez qələbə çalacağına inamını insanlara çatdırır. Bir sözlə, rəssamın optimizmlə dolu yaradıcılığı hər kəsə həyatın gözəl olduğunu, onu sevinclə, doya-doya yaşamağı, nə baş verirsə-versin həyatdan küsməməyi öyrədir. İntiqam Ağayev böyük həvəslə hazırlaşdığı, bu yaxınlarda təşkil edəcəyi yeni sərgidə yer alan tablolarda da məhz bu xətt qorunub saxlanılır.

İntiqam Ağayevin yaratdığı rəsmlər barədə rəssamın yaradıcılığını yaxından izləyən və daima fərdi sərgilərinin təşkilində ona dəstək olan fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə söhbətimizi oxuculara təqdim edirəm. 

- Rafiq müəllim, İntiqam Ağayevin keçirdiyi bütün fərdi sərgilərdə sizi görürük. Maraqlıdır, rəssamın yaradıcılığını nə vaxtdan izləyirsiniz?

- Məni tanıyanlar incəsənət vurğunu olduğumu yaxşı bilirlər. Sevgi ilə yaradılmış hər bir incəsənət nümunəsi mənim üçün çox dəyərlidir. Fikrimcə, sözdən sonra insan ruhuna təsir edən ikinci vasitə rəsm əsəridir. Sərgilər mənim ən çox getdiyim yerlərdəndir. Bəzən hansısa sərgidə çox bəyəndiyim bir tablonu alıb iş otağımdan da asa bilərəm. İntiqam Ağayev də yaradıcılığını bəyəndiyim rəssamlardandır. Sərgilərində həmişə iştirak edirəm. Uzun illərdir ki, şəxsi tanışlığımız var.

- Bildiyimizə görə, İntiqam Ağayev həm də müharibə iştirakçısıdır. Rəssamlıqla müharibə illərində məşğul olmağa başlayıb?

- Qarabağ uğrunda döyüşəndə də, cəbhədə olanda da dəfələrlə hiss və düşüncələrini kətan üzərinə köçürmək İntiqamın ürəyindən keçib. Bunu aramızda olan söhbətlərdən bilirəm. Amma məlum məsələdir ki, qızğın döyüşlər getdiyi üçün buna şərait olmayıb. Cəbhədən dönəndən sonra isə o, bütün vaxtını yalnız rəssamlığa həsr edib. Bizim sonradan dostluğa çevrilən tanışlığımız da məhz həmin dövrə təsadüf edir.

- Necə düşünürsünüz müharibədə iştirak etməyi onun yaradıcılığına, çəkdiyi rəsmlərin mövzusuna təsir edibmi?

- Düşünürəm ki, edib. Ümumiyyətlə, incəsənət adamının şəxsi həyatı heç zaman onun yaradıcılığına təsirsiz ötüşmür. Cəbhədə olmağı, hadisələri öz gözləri ilə görməyi onun əsərlərinə təsir edib. Onun bütövlüklə Qarabağ müharibəsinə həsr olunmuş fərdi sərgiləri keçirilib. Məsələn, "Ağrının, ümidin və sevincin də rəngi var" sərgisi. Bir çoxları düşünür ki, rəssamlıqda hərbi mövzu tamaşaçılar tərəfindən heç də birmənalı qarşılanmır. Bəlkə də ola bilsin ki, elə buna görə hər rəssam, hətta hər yazıçı, şair bu mövzuya müraciət etmir. Çünki incəsənət vurğunu olan insanlar getdikləri sərgidə adətən nümayiş olunan rəsmlərdən müsbət enerji almaq istəyir, bədbinliklə yüklənməyi planlaşdırmırlar. İntiqam isə hərbi mövzuya bir qədər başqa cür, öz gördüyü kimi yanaşır. Düşünürəm ki, bu, onda alınır. Yadımdadır, müharibəyə həsr olunmuş "Ağrının, ümidin və sevincin də rəngi var" sərgisindən hər kəs məmnun ayrılmış, rəsmlər böyük maraqla qarşılanmışdı. Həmin rəsmlər vasitəsilə İntiqam həm insanlara müharibədə yaşananları, həm də nə olursa-olsun həyatın gözəl olduğunu anlatmağa çalışmışdı.

- Sizcə, hansı daha çətindir - fəlsəfi mövzuda çəkmək, yoxsa müharibə mövzusunda?

- Rəssam həm də filosof deməkdir mənim aləmimdə. Yəni rəsm vasitəsilə hansısa fəlsəfi fikri tamaşaçıya çatdırmaq əslində, rəssam üçün bir o qədər də çətin olmamalıdır. Təbii ki, söhbət peşəkarlardan gedir. Amma müharibədə iştirak etmiş bir rəssam bu mövzuya hər dəfə müraciət edəndə o illərin ağrılı-acılı günlərini təkrar yaşamalı olur. Bəlkə də sonra günlərlə özünə gələ bilmir. İntiqamın Qarabağla bağlı elə əsərləri var ki, illər öncə çəkməyinə baxmayaraq, hələ də onları görəndə, sərgi üçün seçəndə mütləq həmin dövrə qayıtmalı olur. Bu, asan iş deyil. Bəlkə də elə buna görə hər rəssam bu mövzuda çəkmir.

- Fəlsəfi rəsmlər yaratmaq yorucu deyilmi?

- Məncə, yox. Rəssamın bütün həyatı fəlsəfədir, bütün düşüncələri fəlsəfidir. Bu, artıq onun yaşam tərzinin böyük bir parçasıdır. Yenə də qeyd edirəm ki, söhbət peşəkar rəssamlardan gedir. Ümumiyyətlə, mənə elə gəlir ki, rəssam təkcə nəyinsə rəsmini çəkməklə kifayətlənməməlidir. Belə olsaydı, rəssamlıq ən asan məşğuliyyət sahəsi olardı. Hər kəs qarşısına bir əşya qoyub onu ağ kağız və ya kətan üzərinə köçürərdi. Mənim aləmimdə rəssam həm də filosofdur, güclü filosofdur - yenilik gətirməyi bacarandır. O, çəkdikləri vasitəsilə hansısa bir fikrin əsl mahiyyətini anlatmalı, həmin fikrin fəlsəfəsini açmalıdır. Nəticədə rəssam onun rəsmini izləyən insanı da həmin mövzu ətrafında düşünməyə, onun daxili aləminə nəzər salmağa vadar edir. Hər bir rəssam görünüşü, həm də daxili fəlsəfəsi ilə maraqlı olmalıdır. Əbəs yerə hər portretə, mənzərəyə biz incəsənət nümunəsi, yəni tamamlanmış bir əsər kimi baxılmır. Diqqət yetirsəniz görərsiniz ki, dahi rəssamların əsərlərini uzun müddət izləmək olmur. Çünki həmin tablolarda o qədər dərin fəlsəfi düşüncələr olur ki, insan beyni yorulur, aldığımız məlumat bizi yükləyir. İntiqamın rəsmləri isə həm görünüşcə diqqət çəkir, həm dərin məzmunlu olur, həm də tamaşaçının beynini çox yükləmir.

- Deməli, incəsənətin insanı düşündürdüyünə inananlardansınız?

- Əlbəttə. Əgər bir əsərdə hansısa fəlsəfi məna ifadə olunubsa, o, insanı düşündürməyə bilməz. Əgər insan sərgidə bir tablo qarşısında dəqiqələrdə dayanırsa, demək ki, rəssam onu düşündürməyi bacarıb. Sadəcə olaraq, rəssam şəkil çəkərkən hər kateqoriyadan olan auditoriyanı nəzərə almalıdır. Rəsm o qədər aydın çəkilməlidir ki, tamaşaçı rəssamın nə demək istədiyi anlasın. Rəssamın məqsədi tamaşaçını çaşdırmaq, onun beynini yükləmək deyil, çəkdiyi rəsmlə ona müəyyən fikri çatdırmaq, onu düşündürmək olmalıdır. İntiqam məhz belə rəssamlardandır.

- İntiqam Ağayev yaradıcılığını yaxından izləyən biri kimi yəqin ki, əsərlərində daha çox dəniz mənzərəsi canlandırdığına diqqət yetirmisiniz. Sizcə, bu, nə ilə bağlıdır?

- Xəzərin mavi dalğaları insanın qəlbində rahatlıq, gözlərində ümid yaratmaqla yanaşı, həm də onu dərin düşüncələrə qərq edir. Müxtəlif qayğılarla, bədbin hisslərlə yükləndiyimiz müasir dövrdə hər birimizin nikbin incəsənət əsərlərinə mənəvi ehtiyacımız var. Sərhədsizliyin, sonsuzluğun və azadlığın rəmzi olan dəniz insanlara bütün buxovları, zəncirlərini qırıb azad həyata atılmağa səsləyir. Elə buna görə də dənizin canlandırıldığı rəsm əsərini ən güclü sakitləşdirici məlhəm hesab edirəm. Dəniz varsa, işıqlı sabah var, nurlu gələcək var. Rəsm işlərində təbiət ahəngdarlığının nikbin ruhda canlandırılması gözəl əhvali-ruhiyyənin, dərin düşüncənin və sağlam ruhun yaranması üçün əsasdır. Məncə, İntiqamın dəniz mövzusuna bu qədər önəm verməsi də elə bununla bağlıdır.

- Rafiq müəllim, əsas mövzumuz bu günlərdə növbəti fərdi sərgisi təşkil olunacaq İntiqam Ağayevin yaradıcılığı olsa da, istərdim bir qədər kənara çıxaraq müasir rəssamlıqdan danışasınız.

- Qoy məndən inciməsinlər, mən yüksək məqama qalxmış bir çox istedadlı yazıçıların 300-400 səhifəlik bir romanının məğzini fəxrimiz olan böyük rəssam Sakit Məmmədovun bir tablosunda tapmağın mümkünlüyünə inanıram. Bir tabloda bir neçə insan həyatının, neçə-neçə hekayənin, şeirlər toplusunun, necə deyərlər, ipinin ucunu görməyi mümkün hesab edirəm və əminəm ki, belə düşünənlərin sayı az deyil. Ümumiyyətlə, incəsənət elə bir mövzudur ki, bu barədə ümumi şəkildə danışa bilmərəm. Xüsusilə də söhbət konkret bir rəssamdan və onun yaradıcılığından gedirsə. Mənim aləmimdə hər istedadlı insanın öz Olimp zirvəsi var. Elə bil sıldırımlı hündür dağa qalxırsan. Həmin dağın ən yüksək nöqtəsinə çatmasan da, qalxdığın məkan sənin zirvəndir. Ən sadə insanın da öz zirvəsi olur. Zirvəsiz nəinki rəssam, yazıçı, şair, siyasətçi, heç bir xüsusi qabiliyyəti olmayan sadə insan belə yoxdur. Bütün hündür dağlar yerdən başlayaraq yüksəlir. Kənardan kimin üçünsə dağın ətəyi, adi düzənlik kimi görünən nöqtə əslində, başqası üçün zirvədir. İstedadlı şəxsiyyətlərin fəth etdikləri zirvə isə adi insanlar üçün hər zaman əlçatmaz olur. Buna fətholunmaz yüksəklik də deyirlər. Həmin yüksəkliyə qalxa bilən tək-tük insanları bəzən, mahiyyətinə varmadan, ilahiləşdiririk. Çünki o, hər kəsin fəth edə bilməyəcəyi bir mühitə - zirvədən yuxarı, səmaya qalxmağı bacarıb, yəni o, artıq zirvəni tərk edib. O məkan bu istedad sahibinə darlıq edir. Məsələnin məğzi - zirvə ilə yüksəkliyin fərqi də, məncə, elə budur. Əlbəttə, onlar təkrarolunmaz insanlardır, necə deyərlər, seçilmişlərdilər. Bəzilərinə qəribə gəlsə də, mən deyərdim ki, onları xüsusi mələklər himayə edir. Çünki bu insanlar Yaradanın ilahi qüdrətini insanlar üçün reallaşdırmağı bacaranlardır. Həm də belələrinin milli mənsubiyyəti olmur, dahilər bütün bəşəriyyətə mənsubdur - Avropa renesans dövrünün yetirmələri, dünya şöhrəti qazananlar kimi. Və onların sırasında bizim görkəmli, dünyada tanınıb qəbul olunmuş rəssamlarımız da var.

Nigar QULİYEVA

 





25.03.2020    çap et  çap et