525.Az

Niderlandda xaos: kimsə digərinə kömək etmir


 

Niderlandda xaos:<b style="color:red"> kimsə digərinə kömək etmir</b>

COVID-19 epidemiyası bu virusun yayılma intensivliyinə və yoluxmuş insanlar arasında ölüm faizinin artmasına görə italyan ssenarisi üzrə inkişaf edir. Hökumətdə isə hələ müzakirələr gedir: ciddi izolyasiya tədbirləri tətbiq etmək, məktəbləri və mağazaları tamamilə bağlamaq lazımdırmı? hollandiyalılar qorxu içində gözləyirlər.

“Moskovskiy komsomolets” qəzetinin müxbiri pandemiya nəticəsində Tülpanlar ölkəsində yaranmış ictimai vəziyyət haqqında xəbər verir.

AZƏRTAC həmin yazını oxuculara təqdim edir.

X X X

İndi hər yerdə olduğu kimi, bizdə də tualet kağızı izahedilməz şəkildə populyarlaşıb. Bir də pişikləri yedirtmək üçün heç nə tapmırıq, çünki pişik konservləri də yoxa çıxıb. Bəlkə, kimlərsə onları tədarük edirlər ki, sonra, başqa heç nə qalmayanda özləri yesinlər? Hələ ki, əsasən, çox ucuz məhsulları alırlar.

Mən özüm əlilliyə görə risk qrupundayam, amma mənə heç bir güzəşt edilmir. Sadəcə dedilər ki, evdə oturmaq lazımdır. Biz evdə yalnız öz ailəmiz üçün bayram təşkil etməyi qərara aldıq, rus mağazasından siyənək, pryanik və turşumuş kələm gətirdik...

Mənim ərim kompüter firmasında texniki direktordur, artıq altı ildir ki, əlilə, yəni mənə qulluq etmək üçün distant rejimdə işləyir. Mən özüm isə on ildir ki, evdə otururam, ona görə bizim rejimimiz az dəyişdi. Son iki gündə boğazım ağrıyır, hərarətim artıb, amma mən bilirəm ki, bu, çox güman, əsəblərimlə bağlıdır. Mənim kimi adamların küçəyə çıxmağı qadağan edilib, mən həkimə getməliyəm, amma gözləyərəm. Bizim böyük qızımız ayrı yaşayır və o da aptekdən başqa heç yerə çıxmır.

Bir neçə gün bundan əvvəl Niderlandın Baş naziri çox maraqlı bir ideya - Britaniyanın təcrübəsini təkrarlamaq təklifi ilə çıxış etdi: həqiqətən, əgər infeksiyaya qarşı immunitetin kollektiv yaranması üçün hamı - sağlam və xəstə olanlar, gənclər və yaşlılar da bu virusa yoluxsa, bunun nəyi pisdir? Hərçənd, həkimlər baş nazirlərin planlarını dəstəkləmədilər, çünki onların fikrincə, bütün ölkədə immunitet yaranması üçün bir neçə onillik lazım olacaq. Çoxları belə bir konspiroloji nəzəriyyəyə inanırlar ki, yuxarıda oturanların niyyəti “faydasız” yaşlı əhalini seyrəkləşdirməkdir. Buna görə, məsələn İtaliyada pensiyaçıların yaşadığı kiçik kəndlərdə hər gün bir neçə nəfər dəfn edilir.

Mənim fikrimcə, qocalar evlərində çoxsaylı yoluxmuş insanların problemi ondan ibarətdir ki, orada əvvəlcə həkimlər çatışmırdı. Qocaları ora ölməyə verirdilər, ölümdən qabaq isə onları əyləndirirdilər. Orada kütləvi şənliklər keçirən zarafatcıl oyunbaz, qocalara qulluq üçün tibb bacıları ştatları vardı, amma yüksək ixtisaslı tibbi kadrlar yox idi. Qocalar hesab edirdilər ki, bu, belə də olmalıdır və indi onlar ölümə məhkumdurlar.

Statistikaya görə, intensiv terapiya alanlar sağ qalırlar, amma sağlamları kasıblara və zənginlərə bölürlər. Böyük evlərdə oturanlar həftələrlə küçəyə çıxmaya bilərlər, amma on nəfərin bir sosial mənzildə yaşadığı, hətta bir neçə günlük ərzaq ehtiyatı üçün yerləri olmayan imkansız adamların belə darısqallığa yoluxmaq şansı çoxdur.

Son zamanlar iki özəl xəstəxana müflisləşdiyinə görə bağlanıb, indi mehmanxanaları klinikalar kimi uyğunlaşdırmağa çalışırlar, amma bu halda orada tibbi xidmətin münasib səviyyəsinə zəmanət verə bilmirlər. Yeri gəlmişkən, ailə həkimləri pasiyentləri xüsusi ağ kombinezonlarda və maskalarda qəbul edirlər və bu, yerli eksteryerə bir kolorit əlavə edir.

Hətta xəstələrin evlərinə getməyə borclu olan bəzi həkimlər artıq təyin olunmuş qəbulları telefonla ləğv edirlər. Pasiyentlərə skayp məsləhət verən həkimlər var. Hər halda, heç nəyin olmamasından bu yaxşıdır. Burada Rusiyadakı kimi könüllülər yoxdur. Kimsə digərinə təmənnasız kömək etmir. Hollandiyalılara ödəmək lazımdır, başqa cür onlar yerlərindən tərpənməyəcəklər.

Qəzetləri oxuyuram: tənha əlil karantində onun yanında əyləşməyə hazır olan istənilən şəxsə 3000 avro verəcək.

Maskaları satan saytlar çoxdur, amma bunlar dələduzlardır. Heç yerdə maska yoxdur, ərim almağa çalışdı, bizə söz verdilər ki, bir həftə ərzində, özü də biri 300 avroya göndərəcəklər, amma bu da şübhə altındadır.

Son xəbərlərdən daha bir neçəsi: Hollandiya İraqdan və Əfqanıstandan öz hərbi qulluqçularını geri çağırıb. Nəqliyyat vasitələri üzrə yerli sığorta firması xəstələrin daşınması üçün helikopterlər təklif edib. Yoluxmanın ilk əlamətləri hiss olunanda nə etmək lazım olduğunu bir neçə dildə, o cümlədən karların dilində öyrədən xüsusi resurslar var.

Bizim küçələrimiz dəhşət filmlərindən kadrları xatırladır - maşınlar getmir, insanlar getmirlər, ictimai nəqliyyat işləmir, hətta poçtalyonlar da yalnız ona görə işləyirlər ki, onların maaşlarını artırmağa söz veriblər. Praktik olaraq bütün mağazalar bağlanıb, məktəblilərə ev tapşırığı verib karantinə göndəriblər, buna görə valideynlər az qala dəli olurlar, çünki enerji ehtiyatları aşıb-daşan uşaqları nə iləsə məşğul etmək asan məsələ deyil. Yazırlar ki, evdə uşaqlara qarşı zorakılıq haqqında polisə ərizələrin sayı kəskin artıb. Dərs ilinin sonunda imtahanlar da ləğv edildi, bütün şagirdlərə illik qiymətlər onların daha əvvəl aldıqları qiymətlərə əsasən veriləcək.

Epidemioloqların proqnozlarına görə, ən qorxulu vəziyyət təxminən on gündən sonra başlanacaq. Mən hollandlara xas olan qayğısızlığı nəzərə alaraq gözləyirəm ki, hələ çox səfehliklərin, səhlənkarlıqların və Tanrıya müraciətlərin şahidləri olacağıq. Yeri gəlmişkən, deyirlər ki, epidemiyanın qızğın dövründə yerli sakinlər tez-tez kilsəyə getməyə və dini saytları daha çox izləməyə başlayıblar.

Öz gəlirlərini itirmiş yerli sahibkarlar hökumətdən kompensasiya tələb edirlər. İri şirkətlərin “təhlükəsizlik yastıqları” var, amma kiçik fərdi sahibkarların belə imkanları yoxdur, belə fors-major hallar üçün sığorta polisi nəzərdə tutulmayıb, çünki ona ehtiyac yox idi. Belə vəziyyətin yaranacağını heç kəs təsəvvür edə bilmirdi. Mənə belə gəlir ki, dövlətin ehtiyatları bu qədər böyük maliyyə itkilərini qarşılamaq üçün kifayət etməyəcək.

 





26.03.2020    çap et  çap et