525.Az

"İnsanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar"


 

"İnsanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar"<b style="color:red"></b>

Koronavirus pandemiyanın (COVID-19) yayıldığı ölkələrin sayı 198-ə yüksəlib.

Worldometers.info-nun statistik məlumatlarına əsasən ötən gün dünyada 45,582 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 468,156 nəfər olub. Virusa yoluxan 113,812 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 333,023 şəxs müalicə alır.

Ötən sutka ərzində 2,286 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 21,180 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (10,796), İspaniya (7,457), İtaliya (5,210), Almaniya (4,332), Fransa (2,929), İran (2,206), Böyük Britaniya (1,452), İsveçrə (1,020) və Niderland (852) olub. Türkiyədə də koronavirusa yoluxma sürətlə artmaqdadır. Dünən bu ölkədə 561 şəxsdə virus aşkarlanıb ki, bununla da virus daşıyıcılarının sayı 2,433-ə çatıb. Onlardan 59-u dünyasını dəyişib.
Ötən gün ən çox ölüm isə İtaliya (683), İspaniya (656), Fransa (231), ABŞ (151), İran (143) və Niderlandda (80) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (7,503), İspaniya (3,647), Çin (3,281), İran (2,077), Fransa (1,331) və ABŞ-dır (931).

Koronavirusun ilk aşkarlandığı Çində isə vəziyyət düzəlməkdədir. Ötən sutka bu ölkədə cəmi 47 nəfərdə virus aşkarlanıb, 4 nəfər isə vəfat edib.

Azərbaycana gəldikdə, ötən gün 6 şəxsdə COVID-19 aşkarlanıb. Onlardan biri dünyasını dəyişib. Ümumilikdə bu günədək Azərbaycanda 93 şəxsdə koronavirus aşkarlanıb. Bu xəstələrdən 10-u sağalaraq evə buraxılıb, 2 nəfər isə vəfat edib. Hazırda xəstəxanalarda 81 aktiv virus daşıyıcısı müalicə alır ki, onlardan 6-nın vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

Tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov hesab edir ki, hökumətin məcburiyyəti olmadan insanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar.

Həkim evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanların bəzi həqiqətləri bilmələri lazımdır:
"Şükürlər olsun ki, İran istisna olmaqla, hələlik Azərbaycana qonşu ölkələrdə koronavirus kütləvi yayılmayıb. Amma vətəndaşlarımız əmin olsunlar ki, bundan heç kəs sığortalanmayıb. Bu gün asimptomatik dediyimiz, heç bir şikayət etmədən, amma bədənində minlərlə virusu daşıyan insan ola bilər ki, onlar ilk günlərdə təhlükə yaratmayacaqlar. Mən davamlı şəkildə "Seattle" Universitetinin Xəstəlikləri Modelləşdirmə İnistitutunun tədqiqatlarını izləyirəm. Nəticə belədir ki, xəstəliyi olmayan, amma bu virusu üzərində daşıyan 100 nəfərin 75 faizi evdə oturmaqla yoluxma sayını azalda bilir. Əksinə, həmin 100 nəfər evdə oturmasa, 2 həftə ərzində 25 min insanın infeksiyaya yoluxmasına, 25 mindən 500 nəfərinin həyatının itirilməsinə, 1500-2000 nəfərin də reanimasiyaya düşməsinə səbəb ola bilər. Bu, 100 nəfərin 2 həftə ərzində yaradacağı mənfi vəziyyətdir. İnsanlar düşünməsin ki, cavandır, gəncdir, immun sistemi yüksəkdir, virusu yüngül şəkildə keçirəcək. Elə deyil. Bu sonda hamımıza ziyan edəcək, ölkənin səhiyyəsinə mənfi təsir edəcək, digər xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin aparılmasına əngəl yaradacaq. Koronavirus xəstələri sayəsində həkimlərimiz xəstələnərək normal əməliyyatları uzun müddət apara bilməyəcəklər. Bunlar əhali olaraq həssaslıq göstərməli olduğumuz məqamlardır. Bunu pessimist düşüncə kimi qəbul etməsinlər. Riyazi hesablamalara görə, həmin 100 virus daşıyıcısı evdə oturduqda, 2 həftə sonra xəstələnənlərin sayı 500-ə düşür, həyatını itirənlərin sayı isə 4-ə düşür. 100 nəfərin evdə qalması ilə yaranan fərqi görürsünüzmü?! Bunları nəzərə alaraq insanlara çağırış edirəm ki, evdə qalsınlar. Hər birimizin gələcəyi üçün, dünyamız üçün qaydalara riayət etmək lazımdır".

Respublikanın baş infeksionisti, Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayevin fikrincə, bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlər nəticəsində koronavirus İranda yayılana qədər Azərbaycanda bir nəfərdə də aşkarlanmadı:
“Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu”.

C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:
“Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə 1 metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.
Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”.

C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir:
“Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir”.

ABŞ-da yaşayan məşhur türk cərrahı Mehmet Öz yeni tip koronavirusla bağlı önəmli açıqlama verərək virusdan qorunmaq üçün 8 maddəlik tövsiyə ilə çıxış edib.

Cərrah qeyd edib ki, bu virusdan qaçış yoxdur: "Bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız tutulacağıq. Ancaq nə qədər sonra tutulsaq, o qədər yaxşıdır. Başqa sözlə, tam qorunma təmin etmir. Tam qorunma həmişə immunitetinizdir".

Cərrahın sözlərinə görə, özünüzü karantinə alın, ətrafdan təcrid edin. Virusa ən gec yoluxanlar ən şanslıları olacaq, təmizliyə diqqət edin.

Onu da vurğulayaq ki, ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur.

Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.

Evdə olduqları karantin dövründə onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstərilir.
Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.

Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.

Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.

Cərrah-implantoloq Vüqar Qurbanovun sözlərinə görə, xəstələrin üzərinə düşən əsas vəzifə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün tövsiyələrə, qaydalara riayət etməkdir.

Bu gün ölkəmizdə aparılan islahatlar tibb sahəsinə də sirayət edib. Hazırkı situasiyada görülən işlər isə birbaşa virusun geniş vüsət almamasına hesablanıb. Əlbəttə, dünyada ürəkaçan rəqəmlər yayılmır, kimlər ki, daha məsuliyyətli davranıb vaxtında düzgün qərar verdi, o ölkələrdə vəziyyət ağırlaşmadı.

Azərbaycanda isə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması və sonrakı mərhələlərdə verilən qərarlar, sosial izolyasiya və s. kimi mühüm addımları dəyərləndirmək üçün hazırkı rəqəmlərə diqqət etmək lazımdır: “Biz həkimlərin işi- peşəsi fərqli sahə olduğu üçün bu sahədə analizlər apara bilməsək də, görülən işləri təqdir edirik.Təbii ki, indi bəzi iqtisadi, sosial çətinliklər yaşana, hər şey yolunda olmaya bilər, insanların müvəqqəti yaşanan müəyyən çətinliklərinin, əskikliklərin olması isə normal sayılmalıdır. Hazırkı cəmiyyətə sərt görünən amma vacib olan qərarların verilməsi, dövlətin gördüyü ardıcıl operativ işlərin tam qiyməti əsl təhlükə sovrulandan sonra versək daha yaxşı olar. Mən məsələyə başqa prizmadan da baxmaq istərdim. Bu gün belə vəziyyətdə ölkənin qəhrəmanları olan bütün tibb işçilərinə- həkimlərdən tutmuş kiçik işçilərə qədər hər kəsə sözün əsl mənasında böyük alqış və təşəkkür düşür! İşin belə uğurlu təşkilində rolu olan İTSA və TƏBİB əməkdaşlarının gördüyü işlər, zəhmətləri təkcə dövlətimiz tərəfindən deyil, ümumilikdə cəmiyyətimiz tərəfindən də müsbət qiymətləndirilməlidir. İndiki durumumuz hələ ki, əksər aparıcı dünya ölkələrinə baxanda ürəkaçandır. Yenə də gec deyil və bu gündən sonra belə xəstəliklər bağlı rəqəmlərin, faizlərin artmaması üçün hər kəs məsuliyyətli olub ictimai -sosial vəzifələrini bilməli, tövsiyyələrə ciddi şəkildə riayət etməlidir. Bu virusun yaşaması üçün canlıda olması lazımdır. Səthlərdə yaşama müddəti tam qeyd olunmasa belə maksimum zamanı 48 saat göstərilib. Canlıya keçməsi üçün isə kontaminə olması lazımdır. Bunun üçün bütün gigiyenik qaydalara riayət olunmalı, insanlar arasında təmas məsafələri 1 metrdən az olmamalı, ictimai yerlərdə, el dili ilə desək çöldə- bayırda maksimum az gəzməli, yuxarıda qeyd olunan xəstəlik simptomları meydana çıxdıqda dərhal xəstəxanalara getmədən evdən birbaşa təcili yardım çağırılmalıdır. Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər. Məsuliyyət, xüsusən də sosial məsuliyyət hazırda milli təhlükəsizliyimizin qorunmasında bir nömrəli davranışa çevrilib. Ona görə də, yalnız özünüzü deyil, ailəniz, yaxınlarınız, kütləni ümumilikdə xalqımızı düşünün!”

Ali Radanın deputatı Borislav Bereza koronavirusla mübarizədə Azərbaycanda görülən tədbirlərlə bağlı NV-də (Ukrayna) çıxış edib. O, qeyd edib ki, hər gün bu və ya digər ölkə rəhbərliyinin koronavirus epidemiyasına necə reaksiya verdiyindən nümunələr gətirirəm: “Azərbaycanda koronavirusla mübarizəyə dəstək üçün xüsusi Fond yaradılıb və onun vəsaitinin formalaşdırılması, istifadəsi qaydaları təsdiqlənib. Prezident İlham Əliyev “COVID-19”a qarşı mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqda sərəncam imzalayıb. Yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqına onların aylıq maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr edilib.
Bundan başqa, İlham Əliyev koronavirusun törətdiyi fəsadların aradan qaldırılması üçün Nazirlər Kabinetinə 1 milyard manat, yəni 588,2 milyon dollardan çox vəsait ayırıb. Bu, pandemiyadan zərər çəkən sahələrə və subyektlərə – sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqi və fiziki şəxslərə ayrılacaq.
Hazırda Azərbaycanda restoran, kafe və barların fəaliyyətinə vaxt məhdudiyyəti qoyulub. Koronavirusla bağlı testlərin evlərdə aparılması təşkil olunub. Pulsuz”.

Deputat bildirib ki, koronavirusun dünyada və qonşu ölkələrdə sürətlə yayılması səbəbindən, Azərbaycanda “COVID-19”la mübarizə üçün xüsusi laboratoriyalar yaradılıb. Bundan başqa, mobil laboratoriyalar da fəaliyyət göstərir ki, onlar virusla bağlı şübhələr olduğu halda dərhal ölkənin istənilən bölgəsinə yollana, təcili müayinələr təşkil edə bilər.

Azərbaycanda biznes də yeni hədəflərə yönəldilib və tibbi maskaların istehsalı üçün müəssisələr yaradılıb. Bu da dövlətin dəstəyilə edilir. Bu günlərdə isə Azərbaycan ABŞ-ın The Heritage Fondunun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə, 16 pillə irəliləyərək, reytinq cədvəlində 44-cü yerə yüksəlib. Bu da dövlət siyasətinin bir hissəsi, sonradan koronavirus kimi hallarla mübarizəyə pul ayrıla bilinməsi üçün büdcəni doldurmaq imkanıdır. Ukrayna bu reytinqə... 147-ci yerdədir – Qambiya, Argentina və Mikroneziyanın arasında.

Azərbaycanda isə bu günlərdə yeni təlbirlər kompleksi təsdiqlənərək, reallaşdırılmağa başlanacaq. Vergi tətilindən tutmuş, müəllimlərin epidemiya dövründə xüsusi təminatına qədər. Bütün bunlar problemin həllinə sistemli yanaşmadan xəbər verir. Doğrudur, video sarıdan qıtlıq var. Daha doğrusu, videolar ümumiyyətlə yoxdur. Lakin azərbaycanlıları bu o qədər də maraqlandırmır. Onlar sadəcə, sağ qalmağa hazırlıq görür və dövlət də bunu təmin etməyə hazırdır. Bizim hakimiyyət də məhz bunu öyrənməlidir: “İndi bizim dövlətin əsas vəzifəsi təkcə karantin təşkil edərək koronavirusa yoluxmuş vətəndaşlara tibbi yardım göstərmək deyil, həm də ukraynalıların bu situasiyadan sağ çıxmasını təmin etmək üçün kompleks strategiya işləyib hazırlamaq olmalıdır. Bunu bacarmırlarsa, qoy ekspertləri və bu vəziyyətdə nə etməyi bilənləri işə qoşsunlar”.

 





26.03.2020    çap et  çap et