525.Az

Gənc mühəndisdən örnək addım - Müsahibə


 

Pərvin Əsədov: " Yaranmış vəziyyətdə xalqımız bir-birinə dəstək olmalıdır"

Gənc mühəndisdən örnək addım -<b style="color:red"> Müsahibə</b>

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilən karantin müddətində vətəndaşların təhlükəsizliyi üçün #evdəqal kampaniyası başladılıb. Kampaniyaya qoşulanlardan biri də Sumqayıt Texnologiyaları parkının İT üzrə mütəxəssisi Pərvin Əsədovdur.

Feysbukda #evdəqal #xalqaxidmet həştəqləri ilə təqdirəlayiq addım atan gənc mühəndislə həmsöhbət olduq. Söhbətə ondan bu təşəbbüsünün vacibliyini soruşmaqla başladıq.

"Heç bir vətəndaşımızın ayağının daşa dəyməyinə razı olmaram"

- İnformasiya texnologiyaları elə bir sahədir ki, indiki dövrdə hər kəsin ünsiyyətini təmin edir. Elə #evdəqal kampaniyasına qoşulmağıma səbəb insanların bu ünsiyyətdən təcrid olunmaması idi. Düşündüm ki, bu ağır günlərdə vətəndaşlara azacıq da olsa, kömək etməyim çox gözəl olar. Ona görə də, sosial şəbəkələrdə bu məsələ ilə bağlı rəylər və postlar paylaşmağa başladım. Qeyd etdim ki, kompüterdə problemi olanlara "TeamViwer" (uzaqdan kompüterə qoşulma) proqramı ilə təmənnasız xidmət göstərə bilərəm. Təbii ki, hər kəs eyni tərəfdən yanaşmadı. Təşəkkür edənlər də oldu, "Bu yolla noutbukumuzda istədiyin işləri görə bilərsən", - deyənlər də. İstərdim onlar bilsin ki, həmin proqram hər qoşulmada şifrələri yenidən dəyişir. Yəni burda heç bir mənafe güdməkdən söhbət gedə bilməz. Kampaniyaya qoşulduğum bu iki gün ərzində bir çox vətəndaşa xidmət etdim. Bəzən proqram vasitəsilə həll oluna bilməyən hallar da oldu. Yenə də əlimdən gələn köməkliyi göstərməyə çalışdım. Çünki yoxluğun, çətin vəziyyətin nə demək olduğunu yaxşı bilirəm və xalqımı hədsiz dərəcədə sevirəm. Buna görə də, heç bir vətəndaşımızın ayağının daşa dəyməyinə razı olmaram.

"Yaranmış vəziyyətdə xalqımız bir-birinə dəstək olmalıdır"

- Karantin müddətində evdə qaldığınız günləri necə dəyərləndirirsiniz?

- Həmişə elə düşünürdüm ki, yalnız hər hansı bir dövlətdə baş verən müharibələr zamanı karantin elan edilir. Ancaq bu dəfə Covid-19 virusunun yarada biləcəyi fəsadlarla bağlı  ölkəmizdə karantin müddəti başladı. Məncə, bu, xəstəliyin yayılmasının qarşısının alınması üçün gözəl bir addımdır. Dövlət başçısının və Operativ Qərargahın vaxtında bu işə əl atması, xalqın yanında olması çox təqdirəlayiqdir. Əminəm ki, bütün bu tədbirlər problemlərdən çıxış yolu tapmağa kömək edəcək. Xüsusilə də, #evdəqal kampaniyasının başladılması bizim təhlükəsizliyimizin təminatıdır. Əslində evdə qalmaq insanlara ünsiyyət cəhətdən yaxşı təsir edir. Çünki onları bir-birinə daha da bağlayır və içlərindəki yaxşılıq etmək hissini ortaya çıxarır. Mən hər gün kiməsə köməyim dəysin deyə kompüter qarşısında 17 saat vaxt keçirirəm. Sosial həyat təmin olunana qədər bu cür davam edəcəyəm. Çünki indi yardımlaşmaq zamanıdır. Hər şeyi maddiyyata və öz mənafelərimizə bağlamaq düzgün deyil. Yaranmış vəziyyətdə xalqımız bir-birinə dəstək olmalıdır.

"Evdə qalaq ki, bu illər insanlıq tarixinə faciəli bir şəkildə düşməsin"

- Karantin müddətində evdə qalan insanlara nə məsləhət görərdiniz?

- Yayılmaqda olan virusun təhlükə səviyyəsini nəzərə aldıqda evdə qalmaq çox vacibdir. Əgər mühüm əhəmiyyət daşıyan təhsil müəssisələri belə bağlanılıbsa, deməli, həqiqətən məsələ ciddidir. Evdə qalaq ki, bu illər insanlıq tarixinə faciəli bir şəkildə düşməsin. Hər vəziyyətdən yaxşı mənada faydalanmaq lazımdır. Özümüzü inkişaf etdirmək baxımından çox əlverişli şərait yaranıb. Ən azından uzun müddətli işlər səbəbindən oxumadığımız kitabları oxuya bilərik. Əgər söhbət bizim sağlamlığımızdan gedirsə, bütün qaydalara əməl etməyə məcburuq. Hətta özümüzlə bərabər yaşlı nəsli də qorumalıyıq. Onlara edə bilmədikləri işlərdə köməklik göstərməli, bacardığımız qədər evdən çıxmamaqları üçün şərait yaratmalıyıq.

Günel ABBAS

Pərvin Fazil oğlu Əsədov
https://www.facebook.com/parvin.asadov.5

 





27.03.2020    çap et  çap et