525.Az

Mədəni irsimizin evlərimizə səyahəti - Şahanə Müşfiq yazır


 

Mədəni irsimizin evlərimizə səyahəti - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

Çindən yayılaraq qısa zamanda bütün dünyanı cənginə alan koronavirus (COVID-19) infeksiyası ilə mübarizə ölkəmizdə də ciddi şəkildə davam etməkdədir.
 
Bu xəstəliyin dünya miqyasında yayılmağa başladığı ilk günlərdən etibarən dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq quraraq təşkilatın müvafiq tövsiyələri əsasında bütün qabaqlayıcı və profilaktik tədbirləri görür. Virusun yayılmasının qarşısını almaq və yoluxanların sayını mümkün qədər minimuma endirmək məqsədiylə görülən ilkin tədbirlərdən biri sosial izolyasiyanın tətbiqidir. Məktəblər, iş yerləri, iaşə obyektləri, mədəniyyət mərkəzləri müvəqqəti olaraq fəaliyyətini dayandırdı, 65 yaş üstü insanlara evdən çıxmaq qadağası, digər insanlara isə bacardıqca, çölə çıxmaq vacib olmadıqca evdə oturmaq tövsiyəsi verildi. Çoxumuz dövlətin qoyduğu bu qaydalara və tövsiyələrə əməl edir, vaxtımızı evdə keçirməklə həm özümüzü, həm də yaxınlarımızı mümkün ola biləcək yoluxmadan mühafizə etməyə çalışırıq.

Yaxşı bəs evdə vaxtımızı necə keçirək, boş zamanımızı necə dəyərləndirək? Kimimiz yarım qalmış işlərimizi tamamlamaq, kimimiz kitab oxuyub, film izləmək, kimimiz evlə, bağ-bağçayla məşğul olmaq, kimimiz yaradıcı təxəyyülümüzü işə salaraq fərqli əl işləri hazırlamaqla bu günləri səmərəli keçirtməyə çalışırıq. Amma bu da bir gerçəkdir ki, kitabxanaların, muzeylərin, digər mədəniyyət mərkəzlərinin fəaliyyətini dayandırması sənətsevərlərin heç də ürəyincə olan bir hadisə deyil. Dövlətimiz bu vətəndaşlarını düşünərək onların evdən də rahat şəkildə bu cür yerləri ziyarət edə bilmək və mədəniyyətimizə, tariximizə aid məlumatları oraya getmədən də rahat şəkildə əldə etmək istəyini nəzərə alıb. Mədəniyyət naziri Əbülfəs Qarayevin başçılığı ilə nazirlik, Bakı şəhər Mədəniyyət Baş idarəsi, kitabxanalar, muzeylər onlayn rejimə keçib, fərqli layihələrlə virtual şəkildə vətəndaşlara xidmət göstərirlər.

“Mədəni irs xalqın ruh saxlancıdır”

Mədəniyyət Nazirliyi və onun təkibində olan mədəniyyət mərkəzlərinin bu günlər üçün nəzərdə tutulmuş layihələrin bir çoxu haqda nazir Əbülfəs Qarayev ictimaiyyətə müraciətində məlumat verdi. O, xalqa səslənərək yaranmış çətin vəziyyətdən yaradıcılıqla məşğul olmaq və mədəniyyətimizi, tariximizi daha dərindən öyrənmək üçün səmərəli şəkildə istifadə edə biləcəyimizi çatdırdı:

“Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində, imzalanan sərəncamlara, təsdiq olunan müvafiq dövlət proqramlarına uyğun olaraq mədəniyyətin ayrı-ayrı sahələrinin – musiqi sənəti, teatr, kino, təsviri sənət, muzey, kitabxana işi, mədəni irs, xalq yaradıcılığı və digər sahələrin, həmçinin bizim üçün nisbətən yeni istiqamət olan yaradıcı mədəni sənayenin inkişafı və təbliği ilə bağlı mühüm layihələr həyata keçirilməkdədir. Son illər mədəniyyətin inkişafı ilə bağlı görülən işlərin başlıca hədəflərindən biri də bütün sahələrdə müasir texnologiyalardan istifadənin genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, ölkə əhalisinin mədəniyyətlə bağlığının daha da gücləndirilməsidir. Bu hədəfə doğru yeni-yeni təşəbbüslər reallaşdırılır. Biz istəyirik ki, mədəniyyətimizin dünya miqyasında tanınması, UNESCO səviyyəsində yüksək dəyər qazanması ilə yanaşı, mədəni zənginliyimiz cəmiyyətimizin bütün təbəqələrinə, bizim evimizə, ailəmizə, həyat tərzimizə daha yaxından siyarət etsin.

Çünki mədəniyyət hər bir xalqın ruh və mənəviyyat qaynağıdır. Dövlət başçımız cənab İlham Əliyevin bu mövzuda çıxışlarında dəfələrlə vurğuladığı kimi, tarixinin ən çətin, ağır dövrlərində Azərbaycan xalqını yaşadan, onun ruh yüksəkliyini, gələcəyə inamını təmin edən əsas amillərdən biri bizim mənəvi və mədəni dəyərlərimiz, söz və sənət irsimiz, ədəbiyyat və incəsənətimiz olmuşdur. Mədəni irs xalqın ruh saxlancıdır. Təsadüfi deyil ki, bu günlər kütləvi el şənlikləri olmasa da, hər birimizin evində, ailəsi ilə birlikdə qeyd etdiyi Novruz həm də xalqımızın mədəni irsinin, ruhunun bayramıdır.

Xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə mən də hər birinizi, dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıram.

Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması üçün çoxlu layihələr həyata keçirilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən musiqi sənəti incilərimizin, muğamlarımızın elektron vasitələrlə geniş yayılmasına imkan yaradan layihələr buna bariz nümunədir. Eləcə də Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimiz, incəsənətimiz və ədəbiyyatımızla elektron formatda, virtual şəkildə tanış olmaq üçün bir sıra layihələr reallaşdırılmışdır və yaranmış vəziyyətdə bu istiqamətdə yeni layihələr də hazırlanmaqdadır”.

“Evdə qal, evdə yarat”

Nazir müraciətində vətəndaşların yararlana, vaxtını səmərəli keçirə biləcəyi həmin layihələrdən də söz açıb. “Biz yaranmış vəziyyətdə, tətbiq edilən zəruri sosial izolyasiyanı diqqətə alaraq, “Evdə qal, evdə yarat” təşəbbüsünə start vermişik. Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Hər bir vətəndaşımız öz yaradıcılığını “Kreativ Azərbaycan” Facebook səhifəsində paylaşa bilər. Mən bizim bütün yaradıcı insanları bu hərəkatı təşviq etməyə çağırıram”.

Əziz oxucular, “Evdə qal evdə yarat!” təşəbbüsünə siz də qoşula bilərsiniz.

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyiniz vaxt ərzində yaradıcılığınızı işə salın və pozitivliyə töhfə verin! Və bu, həmçinin, sizə dəyərli hədiyyələr qazanmaq üçün şans yaratsın.

Şərtlər çox sadədir:

1. “Kreativ Azərbaycan” Facebook səhifəsini izlədiyinizdən əmin olun,

2. Yaratdığınız işi #evdəqalevdəyarat hashtag-i ilə öz səhifənizdə paylaşın,

3. Paylaşımda, həmçinin, “Kreativ Azərbaycan” Facebook səhifəsini tağ edin.

Əgər 30 aprelə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

Ətraflı məlumat üçün: https://creative.az/az/post/109 linkinə nəzər yetirə bilərsiniz.

Nazir müraciətində deyib ki, həmçinin, yaxın günlərdə “Mədəniyyət” kanalında, eləcə də nazirliyin “Youtube” kanalında, “Facebook” və “İnstagram” səhifələrində yayımlanmaqla təlim xarakterli “#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək: “Bu layihə həm böyüklərə özlərinin yaradıcı imkanlarını kəşf etməyə, bacarıqlarını inkişaf etdirməyə imkan verəcək, həm də uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Bundan əlavə, nazirliyin tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri üçün teledərslərin nümayişi başlanacaq.

Nazirliyin Uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin video-dərsləri yerləşdirilmişdir və bunların sayı artırılacaq”.

“Bizi birləşdirən mədəniyyət”

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verib. Layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin, konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur.

Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları (hər gün 15 dəqiqə) təqdim edəcəklər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.

Layihə çərçivəsində, həmçinin, Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində həftə içi iki gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.

Layihə üzrə nümayiş olunacaq proqramların konkret efir vaxtı barədə əlavə məlumat veriləcək.

Artıq martın 26-dan Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində sözügedən  layihə çərçivəsində  musiqi dərslərinin  çəkilişinə start verilib. İlk dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, aparcı müəllimi,  Respublikanın Əməkdar artisti Əziz  Qarayusifli (klarnet), məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva,  xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı)  dərslərinin  lentə yazılması ilə həyata keçirilib.

Televiziya ilə həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə  edəcək musiqi dərsləri aprel ayının 2-dən başlayaraq   “Mədəniyyət” kanalının efirində dinləyicilərə təqdim ediləcək.

Həqiqətən də, televiziya ilə musiqi dərslərinin  keçirilməsi hər birimizin, bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər şagirdlərimizin  musiqi və incəsənətdən uzaq düşməməsi üçün  vaxtında atılmış gözəl bir addımdır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən maraqlı çellenclər

Ə.Qarayevin də müraciətində dediyi kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlayıb. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi və sənətçilərimizi evlərindən “Yallı gedək”, “Şeir de, pozitiv ol” video-paylaşmalara qoşulmağa çağıran təşəbbüslər, “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq reallaşdırılan “Vətənimizə virtual səyahət” layihəsi və s. bu qəbildəndir.

Novruz bayramı Azərbaycanın milli bayramı, mədəni sərvətidir. Təəssüf ki, bu il xalqımızın minilliklər boyu adət-ənənələrə uyğun qeyd etdiyi bu gözəl bayramı, bütün dünyanı bürümüş koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsində kütləvi el şənlikləri ilə qeyd edə bilmədik.

Yaranmış vəziyyəti nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədi ilə Dünya Azərbaycanlılarını və bütün sənətçi dostlarımızı, mədəniyyət və incəsənət xadimlərini evlərindən, olduqları yerlərdən “Yallı gedək” çellenginə (çağırışa) qoşulmağa dəvət etdi. Bildiyiniz kimi, Qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahı”sına daxil edilmiş, qədim köklərə malik, milli musiqi tariximizdə özünəməxsus yeri olan yallı rəqsi – birlik və həmrəylik rəmzidir. Onlar bu çağırışına onlarla sənətçi və siravi vətəndaşlar qoşuldular.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin bu günlər üçün növbəti təşəbbüsü “#şeirdepozitivol” adlı yeni çellengdir. İdarə dünya azərbaycanlılarını, mədəniyyət və incəsənət xadimlərini, bütün sənətsevərləri həmrəylik və birlik nümayiş etdirərək evdən və yerləşdikləri məkandan “Şeirdepozitivol” çellenginə qoşulmağa səslədi.  

İnsanlar evdən şeir oxuya və dostlarını çellengə qoşulmağa dəvət edə bilərlər! Bu, asudə vaxtı evdən necə maraqlı və öyrənərək keçirməyin mümkün olduğunu göstərməyə kömək edəcək!

Cəmi bir neçə gün öncə elan olunan çelleng sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Hər kəs öz səhifəsində videolar çəkərək paylaşır, insanların bu çətin günlərin öhdəsindən ədəbiyyatla, şeirlə gəlməsinə öz töhfəsini verir.

Bu çellengə operativ reaksiya verənlərdən biri Bakı Uşaq və Gənclər Teatrı oldu. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın ilk qoşulması və estafeti teatrın yaradıcı heyətinə, əməkdaşlarına ötürməsi ilə çelleng daha böyük vüsət aldı. Onlar Abbas Səhhət, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Nəriman Həsənzadə, Ramiz Qusarçaylı və başqa Azərbaycan ədəbiyyatının tanınmış şairlərinin şeirlərini oxuyaraq izləyicilərini ədəbiyyatla, şeirlə bütünləşməyə və pozitiv olmağa səsləyiblər.

Bundan başqa, paytaxt və bölgələrdən bir sıra mədəniyyət, sənət, təhsil mərkəzləri də bu təşəbbüsə qoşulublar. Müxtəlif rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, musiqi məktəbləri, kitabxanalar və başqa təşkilatlar, mərkəzlər, eləcə də ayrı-ayrı fiziki şəxslər, şairlər, yazıçılar, jurnalistlər də şeir, rəqs və başqa yaradıcılıq nümunələri ilə sosial şəbəkədə öz dəstəklərini göstəriblər.

Kitabxanalardan onlayn xidmət

Nazir deyib ki, bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının (anl.az) və Respublika Uşaq Kitabxanasının (clb.az) saytlarına müraciət etməklə mütaliə üçün elektron kitabları öz elektron poçtları vasitəsilə əldə edə bilər: “Eləcə də şəhər və rayonlarımızın mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytlarında elektron kitabxanalar mövcuddur. Mədəniyyət Nazirliyinin "Radio Antenn" 101 FM-lə birgə həyata keçirdiyi "Canlı kitab" layihəsində həftə içi hər gün saat 10:00-dan 12:00-dək dünya və Azərbaycan ədəbiyyatının nümunələri canlı efirdə səsləndirilir, eləcə də nazirliyin kitabxanalarının elektron resurslarından mütaliə imkanları barədə məlumat verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə onlayn rejimdə fəaliyyət göstərən audio-kitabxanadan da hər kəs istifadə edə bilər. 1541 nömrəsinə zəng etməklə stansionar telefon xətti vasitəsilə də ödənişsiz seçdiyiniz əsərləri dinləyə bilərsiniz”.

Bu çağırışa ilkin və operativ reaksiya Milli Kitabxanadan gəldi. Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində martın 11-dən fəaliyyətini dayandıran kitabxana oxuculara onlayn xidmətlərini təklif edir. Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri oxucular üçün aktivdir:

Biblioqrafik sorğu;

Sənədlərin sifarişi və elektron çatdırılması;

Virtual Sərgi;

Metodiki xidmət (kitabxanalar üçün).

Milli Kitabxananın istifadəçiləri onlara lazım olan resursları Kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Martın 11-dən etibarən 200-ə yaxın istifadəçiyə 1000 -ə yaxın resurs elektron çatdırılıb.

Həmçinin, Milli Kitabxananın virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron resurslardan istifadə edə bilərlər.

Muzeylərə virtual səyahət

Mövcud vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər 2020-ci ilin aprel ayının 29-dək ziyarətçilər üçün bağlanılıb. Lakin buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradılıb. “Bu gün hər bir internet istifadəçisi evində oturaraq ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə (“Virtual muzey” layihəsi) tanış ola bilər. Bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” kimi virtual layihələr də artıq hər kəs üçün əlçatandır.” – deyə nazirin müraciətində qeyd edilib.

Əbülfəs Qarayev Azərbaycan Milli İncəsənət Muzeyi (http://nationalartmuseum.az/), Azərbaycan Milli Xalça Muzeyi (http://azcarpetmuseum.az/), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (www.musicmuseum.az/az/index.php), Azərbaycan Dövlət Teatr Muzeyi (http://teatrmuzeyi.musigi-dunya.az) və digər muzeylərin öz internet saytları və “Youtube”, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr vasitəsilə ekspozisiya və sərgilərin virtual tur və ekskursiyalarını, dərs və mühazirələri izləyicilərə təqdim etdiyini diqqətə çatdırıb. Müxtəlif TV kanalların ayrı-ayrı muzeylərə həsr etdiyi proqramlarının videolinkləri də həmin muzeylərin “Facebook” səhifəsində, “Youtube” kanalında istifadə üçün açıq olduğunu vurğulayıb.

Həmçinin, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən muzeylər haqqında dolğun məlumatları 3 dildə (Azərbaycan, rus, ingilis) təqdim edən “Museum.az” internet səhifəsi yaradılıb.

Azərbaycan Milli İncəsənət Muzeyi artıq martın 14-dən başlayaraq onlayn xidmətə keçib. Belə ki, muzeyin sosial şəbəkələrdəki səhifələrində hər gün yeni məlumatlar, canlı yayımlar yerləşdirilir. Eyni zamanda müxtəlif zamanlarda muzeydən çəkilmiş reportajları tez-tez paylaşaraq izləyicilərini muzeyi virtual səyahətə dəvət edirlər. Muzey sənətsevərlərə müraciət edərək deyir: “Azərbaycan Milli İncəsənət Muzeyi #ANMoACollection və #ArtoftheDay hashtag-ları ilə izləyicilərini birbaşa evlərindən mədəni istirahətə səsləyərək bir dam altında toplayır. Belə ki, #ANMoACollection və #ArtoftheDay hashtag-ları ilə bütün sənət xiridarlarını hər gün muzeyimizin zəngin kolleksiyasında yer alan incilərimiz ilə daha yaxından tanış olmağa, sənət əsərlərini təhlil etməyə, günün tablosunu analiz edərək, onun yaranma tarixçəsini öyrənməyə, eləcə də kiçik video çarxlarda təqdim olunan korifey rəssamlarımızın bədii dünyasına səyahət etməyə dəvət edir. Sizlər hər gün yeni rəssamlar kəşf edəcək, misilsiz sənət nümumələri ilə tanış olacaqsınız. Həmçinin, Muzeyimizi online izləməklə Sizlər “İncəsənəti kəşf et!” (Exploreart!) devizi ilə təqdim etdiyimiz maarifləndirici viktorinalara qoşula bilərsiniz”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi də izolyasiya günlərində sənətsevərlərin görüşünə gəlir. Belə ki, muzeyin rəsmi səhifəsində və sosial şəbəkələrdəki profillərində hər gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi kolleksiyalarının inciləri silsiləsindən hekayələr paylaşırlar. Bu hekayələr ya hansısa milli musiqi alətimizin tarixi, muzeyin kolleksiyaları, ya da muzeyin filiallarından reportajlar olur. Bu filiallar məşhur bəstəkarların, musiqiçilərin ev muzeyləridir. Bu zamana kimi Qara Qarayev, Niyazi, Vaqif Mustafazadənin ev muzeylərindən reportajlar muzeyin rəsmi facebook səhifəsinə yerləşdirilib. Maraqlı olanlar izləyə bilərlər.

Azərbaycan Milli Xalça Muzeyi də fəaliyyətini onlayn davam etdirir. İzləyicilər hər gün muzeyi onlayn ziyarət edə, müxtəlif eksponatlar haqqında maraqlı məlumatları oxuya, yeni bilgilər əldə edə bilərlər. Bildiyimiz kimi, muzeydə xalçalarla yanaşı, dekorativ-tətbiqi sənətin digər növlərinə aid qiymətli eksponatlar da qorunub-saxlanılır. Əməkdaşlar hər həftənin dördüncü günü muzeyin “Zərgərlik”, “Bədii metal”, “Parça, geyim, tikmə”, “Çini, şüşə, ağac, kağız” kolleksiyalarının ən qiymətli eksponatlarını biz izləyənclərə təqdim edirlər.

Martın 14-ü “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları da iş fəaliyyətini dayandırıb. Bununla əlaqədar  16-17-18-19 və 20 mart 2020-ci il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında izləyicilərlə onlayn ünsiyyət yaradıblar.

Gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə 3 D virtual gəzinti, kiçik video çarxlar, maraqlı fotoşəkillərin tarixçələri  təqdim olunur. Beləliklə, evdə oturduğumuz halda  virtual olaraq İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə bilirik.

Bu günə kimi sənətsevərlər “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış “Qala Qəsri”, “Qala kəndində Novruz adətləri” və sair kimi mövzular ətrafında faydalı reportajlar, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarix Etnoqrafiya qoruğu haqqında, eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri, eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat ala biliblər.

Regionlardakı tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları da bənzər metodla vətəndaşlara xidmət göstərməkdə davam edirlər.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Tarix muzeyinin kollektivi muzeyə baxmaq istəyən çoxsaylı tamaşaçıların istəyini nəzərə alaraq muzey ekspozisiyasının elektron formada ekskursiyasını təşkil edib. Hər kəs evdən çölə çıxmadan facebook vasitəsi ilə muzeyi ekskursiya edə biləcək. Eləcə də Salyan, Zərdab, İsmayıllı, Şamaxı, Qazax, Neftçala və sair rayon Tarix-Diyarşünaslıq muzeyləri, Şuşa Dövlət Rəsm Qalereyası da "virtual  səyahətə" başlayıblar. Bu virtual səyahət zamanı oradakı bələdçilər izləyiciləri qədim dövrdən müasir dövrə qədər tam məlumatlandırırlar. Həmçinin, görüntülərlə muzeyin bütün əşyalarını izləmək mümkün olur.

“Yaradıcı ruhu heç vaxt əldən verməyin”

Eləcə də müraciətdə bizim bir çox filmlərimizin, teatr və televiziya tamaşalarının, konsert proqramlarının lent yazılarını “Youtube” və digər internet resursları vasitəsilə izləmək imkanlarının olduğu bildirilir.

Nazirin çağırışına səs verən teatrlar da var. Artıq Bakı Uşaq və Gənclər Teatrı onlayn repertuarını müəyyənləşdirib və tamaşaçılarını həmin qrafik əsasında tamaşalarını izləməyə dəvət edir.

Mədəniyyət nazirinin müraciəti bu fikirlərlə yekunlaşır: “Bir sözlə, sizləri bu günlərdə Azərbaycan mədəniyyətinin zənginliyi ilə, ədəbi-mədəni və tarixi irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olmağa dəvət edirəm.

Yaranmış mürəkkəb şəraitin reallıqları, zəruri sosial izolyasiya tədbirləri, bir tərəfdən sizlərə məhdudiyyət kimi görünsə də, digər yandan bu vəziyyəti evinizdə, ailə ortamında səmərəli mədəni aktivliyə çevirə bilərsiniz. Çünki bu günlər bəlkə də heç vaxt olmadığı qədər evinizdə, ailənizlə birlikdə olmağa vaxtınız, iş-gücdən heç cür özünüzə, yaxınlarınıza ayıra bilmədiyiniz qədər sərbəst zamanınız var. Bu zamanı səmərəli dəyərləndirməkdə mədəniyyətimiz də sizin köməyinizə gələ bilər.

Yaradıcı ruhu heç vaxt əldən verməyin. Eyni zamanda, mədəniyyət işçilərinə də müraciət edirəm ki, yaranmış şəraitdə mövcud texnoloji imkanlar, internet vasitəsilə fəaliyyətinizi davam etdirin.

Bu günlər hər birimiz özümüzün, yaxınlarımızın və bütün xalqımızın sağlamlığını düşünməli, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən edilən tövsiyələrə riayət etməliyik. Unutmayaq ki, qəbul edilən bütün qərarlar xalq, toplum olaraq hamımız üçün vacibdir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.

Mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı irs isə ruh və həyat qaynağımız kimi hər zaman bizimlə olub. Siz də bu günlərdə mədəni irsimizlə yaxın olun. El məsəli var: çətin günün ömrü az olar. Bu günlər də arxada qalacaq. Tezliklə sizlərlə teatr və konsert zallarında, muzey və sərgi salonlarında, kitabxana və digər mədəniyyət ocaqlarında canlı ünsiyyətdə bir araya gələcəyik”.

 





27.03.2020    çap et  çap et