525.Az

Parlamentin iclasında deputatlar bir-birindən 2 metr aralı oturacaq


 

Parlamentin iclasında deputatlar bir-birindən 2 metr aralı oturacaq<b style="color:red"></b>

Ölkədə koronavirusun (COVID-19) yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi, Milli Məclis Sədrinin təşəbbüsü ilə parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya bildirilib ki, parlamentin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilmiş, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə  parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.

 

 





27.03.2020    çap et  çap et