525.Az

Ələsgər Talıboğlunun şeirləri


 

Ələsgər Talıboğlunun <b style="color:red">şeirləri</b>

 

Dənizdən gülümsəyən ay

 

Dənizdə sönən bir işıq kimi

Dənizdə sönmək istəyirəm.

Dənizə dönmək istəyirəm,

Dənizə dönmək istəyirəm.

Nazim Hikmət.

 

Bir isti avqust günü...

bir aylı bəyaz gecə ....

Tərtəzə istəklər

doğulur könlümdəcə...

qumlu dəniz sahili ...

Ruhumu oxşayır dəniz

yarı oyaq,

yarı mürgülü-mürgülü ...

Oturmuşam dəniz sahilində

çılın-çılpaq, tək-tənha.

Qarşıda isə

Bir-iki tikə bəyaz pendir,

kiçicik bir qarpız,

bir şüşə qırmızı məxməri şərab,

bir parça quru çörək

bir qəlbi Vətən eşqiylə

döyünən odlu bir ürək ...

Allahım bundan artıq mənə

lazımdır ki, daha ...

Dənizdən gələn xəfif mehin

sərinliyi altında,

duyğularımın yel qanadlı

köhlən atında,

qırmızı məxməri şərabdan

arabir vura-vura,

Gecənin bəyaz aydınlığında

göz işlədikcə uzanıb gedən

dənizi seyr edirəm.

oturduğum yerdəncə

birdən dənizin içindən boylanıb

gəlin tək nazlanan

o gülər üzlü ayı görürəm ...

İlahi sənin yaratdığın

o mənzərəyə, tabloya bir bax ...

Sanki dənizin içində

çatılmış bəyaz bir ocaq ...

Dənizdən mənə gülümsəyən

o bəyaz ayın nurlu şəfəqləri,

(beləcə açmaq olardı

o doğan səhərləri).

Elə dənizdəcə yox olana qədər

dururam dənizin tamaşasına,

Heyran kəsilirəm duz qoxuyan

o saf, təmiz havasına ...

beləcə ...

sabaha doğru

tələsmədən addımlayır

dənizdən gülümsəyən aylı gecə.

sabah qızılı şəfəqli

bir qızmar Günəş

anamız yeri yandıracaq, yaxacaq ...

Mənimsə könlümdən

tər bənövşə qoxuyan yurd həsrətli

yeni-yeni şeirlər süzüləcək, axacaq ...

 

Vətən bayatısı

 

Yaşamağa başqa bir ölkə,

özgə bir məmləkət,

seyr etməyə ayrı,

daha gözəl bir dəniz,

havası nurdan da saf, təmiz,

tapsam da belə,

harasa gedəsiyəm, -

cənnət olsa da elə,

ki ...

yad bir yurdda öləsiyəm.

Haraya getsəm yenə

Öz alçaq-ufacıq,

dar-daxmacıq

qapısı həmişə günəşə açıq

öz hücrəmə

geri dönəsiyəm, dönəsi ...

Axşam, sabah bu torpağın

sevdasıyla yanasıyam.

elə yana-yana da

Vətən torpağına qarışacaq

bir ovuc külə çevrilib

sönəsiyəm, sönəsi ...

Öz elimin-obamın,

öz yurdumun-yuvamın aşiqi-

aşiqi-dəlisiyəm, dəlisi ...

Elə ölsəm ,

bu yurdda bu yuvada

öləsiyəm, öləsi ...

Yaşamağa dəyər

  

Şair Məmməd İsmayıla

 

Əgər zərrə qədər bir ümid varsa ,

Məni qorxudammaz qar da, ayaz da .

Hələ son gümanım tam ölməyibsə,

Demək yaşamağa dəyər bir az da.

 

Ürəkdə bir çınqı atəş, qor varsa,

Ümid damla-damla qəlbə sızarsa ,

Tanrı mənim üçün sevgili yarsa ,

Demək yaşamağa dəyər bir az da.

 

Son ümid-son damla-nur dolu gilə,

Dönəcək könlümdə bir çağlar selə.

Ələsgər , Allahdan sən ümid dilə,

Hələ yaşamağa dəyər bir az da.

 

Bu qismət

 

Başım daşlı, bəxtim qara,

Bu qismət , verdin mənə.

Zaman-zaman çəkdin dara,

Bu qismət , verdin mənə.

 

Dərd yükümdən çiynim yağır,

İçimə qəm, ələm yağır.

Yeni-yeni nisgil doğur,

Bu qismət , verdin mənə .

 

Ürək yorğun, bərk tövşüyür,

Qəm uyuyur, dərd üşüyür.

De , hər kəsmi dərd daşıyır?

Bu qismət, verdin mənə .

 

Könül bağçam dərd bostanı,

Pozmaq olmaz bu dastanı.

Ələsgər tək qəmkeş hanı ,

Bu qismət, verdin mənə .

 

Göz açdım

 

Göz açdım cahana anamı gördüm,

Müqəddəs varlıq tək doğurdu məni.

O , beşik başında hər axşam, sabah,

Şirin laylasında yoğurdu məni.

 

Göz açdım əvəzsiz qoşa qanad tək,

Göylərdən bac alan Ağrını gördüm.

Bir qürur , əzəmət simvolum oldu,

Başında çalma, sarğını gördüm.

 

Göz açdım ... kəndimi yalayıb keçən,

Nisgildən qıvrılan Arazı gördüm.

Yurdumu xəncər tək ikiyə bölən,

Könlümdə daşlaşan murazı gördüm.

 

Boy atdım, böyüdüm, duydum , anladım,

Ağrı qibləm oldu , Arazsa laylam.

Biri ümid yerim, biri həsrətim,

Odur ki, vurğunam , hayıl-mayılam.

 

Dağlar məni çağırır

 

Elə bil içimdə haray qoparır,

Çağırır qoynuna o dağlar məni .

Hər gecə yuxumda çəkib aparır,

Çağırır qoynuna  o dağlar məni.

 

Buludlar göylərdən daşmı ələdi,

Gürşadmı qopardı, nəmmi çilədi.

Bizə etdisə , fələk eylədi,

Çağırır qoynuna o dağlar məni.

 

Laçınlar qıy vurmur zirvədə, qaşda,

Həsrətdən köz salıb yanaqda yaş da.

"Gəl"-deyə səsləyir qaya da, daş da,

Çağırır qoynuna o dağlar məni.

 

vaxtdan ürəyim dağlar qalıbdı,

Viranə könlüm ağlar qalıbdı.

Başımda o şirin çağlar qalıbdı,

Çağırır qoynuna o dağlar məni.

 

Çağırır analar çağıran kimi,

Yarını sonalar çağıran kimi.

Oduma yananlar çağıran kimi,

Çağırır qoynuna o dağlar məni.

 

Dədəmin , babamın ruhu çağırır,

Naləsi, fəryadı , ahı çağırır.

Ələsgər, qəlbinin şahı çağırır,

Çağırır qoynuna o dağlar məni.

 

Şəhid şəhər Xocalıya elegiya

 

Şəhid şəhər .... aman Allah , ada bax,

Çarxımı tərsinə döndü şəhərin.

Tutuşaraq min atəşə, oda o

Qan içində açdı o gün səhəri.

 

Şəhid şəhər-insanlığın bitdiyi yer,

Zaman-zaman sağalmayan yaramız.

Öz qanıyla qan gölündə boğulan,

Yurdumuzun bir parçası-paramız.

 

Şəhid şəhər-ürəyindən dağlanıb,

Yaddaşlardan qanımıza keçib o.

Ağısıyla, fəryadıyla, ahıyla

Qanımızla qəlbimizə köçüb o.

 

 





04.12.2013    çap et  çap et