525.Az

Tanıyaq və tanıdaq: Saleh Səccadi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Saleh Səccadi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Saleh SƏCCADİ

1977-ci ildə Təbrizdə dünyaya gəlib. İlk və orta təhsilini Təbrizdə bitirdikdən sonra Tehrana gedib və Əllamə Təbatəbai Unuversitetinin Eyitim elmləri fakültəsinə daxil olub. Həmin illərdə ana dilinə maraq göstərməyə başlayıb. Professor Hüseyn Məhəmmədzadə Sədiq Düzgünün Azərbaycan dili və ədəbiyyatı üzrə bilgilərindən faydalanıb, ana dilinin qayda-qanunları, qrammatikası ilə tanış olub. Elə o vaxtdan da yazıb-yaratmağa başlayıb.

Salehin ən çox sevdiyi şeir forması qəzəldir. Ona görə də əsərlərini daha çox qəzəl janrında yazır. Şairin bu günədək Azərbaycan türkcəsində və farsca yazdığı əsərlərindən oluşan 26 kitabı işıq üzü görüb. “İşıqdan danışıq (şeir toplusu)”, “Bir səbət qızıl yumurta (Azərbaycan heca şeiri antologiyası)”, “Qoyma məni qan aparır (Azəraycan ədəbiyyatında qəzəl janrı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Biz belə gülərdik (Azərbaycan satirik ədəbiy¬ya¬tı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Biz belə ağlayardıq (Azərbaycan ədəbiyyatında mərsiyə janrı haqda üç cildlik tədqiq, araşdırma, antologiya)”, “Dan yolu (Poema)”, “Uçuş havaları (Mahnı toplusu)”, “Ağ məqbərələrin şairləri (Azərbaycan tütkcəsində iki cildlik çağdaş şeir antologiyası)”, “Rovşənai dər bəyati türk (Azərbaycan tütkcəsində iki cildlik çağdaş şeir antologiya farsca tərcüməsi ilə birlikdə)” kitabları Saleh Səccadiyə böyük oxucu auditoriyası qazandırıb.

Dağı aşsaq...

İnanırdıq, gecədən dan çıxacaq qarşımıza,
Dağı aşsaq, yaşıl orman çıxacaq qarşımıza.

İnanırdıq o gözəl, gəzməli orman içrə
Qorxulardan qaçaraq can çıxacaq qarşımıza.

Bir nağıl sehrinə aldanmışdıq, bilmirdik,
Acı gerçəklər obaşdan çıxacaq qarşımıza.

Zirvələr uğruna çıxdıq uca dağlar başına,
Bilmədik - zirvədə vulkan çıxacaq qarsımıza.

Ovçular güllələdi, ormana üz döndərdik,
Nə bilirdik dəli qaflan çıxacaq qarşımıza.
 
Çıraq əldə gəzirik Təbrizi, hərdən deyirik:
Görəsən burda bir “İnsan” çıxacaq qarşımıza?

Qaldırılmış qara pərçəmlərə göz tikmişdik,
Biz sanırdıq, apal üsyan çıxacaq qarşımıza.

Sən dedin: – Bax, xiyabanlar arası pərdələrə!
Mən dedim: – Axx! Yenə zindan çıxacaq qarşımıza!

Sən dedin: – Təhlükələr var, tanı dost-düşmənini!
Bunu öyrən, hərə hardan çıxacaq qarşımıza!

Düşmən o dostdu ki, vaxtıyla bilirdik - gələcək,
Dost o düşməndi ki, gahdan çıxacaq qarşımıza.

Düşdü göydən yerə bir alma, əl atdım götürəm,
Sən dedin: – At yerə, şeytan çıxacaq qarşımıza.

Biz tükəndik, gecə batdı, səhəri tamsınırıq,
Zil günəş indi ufuqdan çıxacaq qarşımıza.

Mən dedim: – İrvə də, orman da yalan çıxdı, yalan!
Dedin: – Aşsaq dağı, orman çıxacaq qarşımıza...

Böyük sürgün

(Qəzəl-Məsnəvi)

İşıqlar içrə susmuş gizlənən zülmətdə gizləndik,
Tanışlıq şəhrinin son meydanı qurbətdə gizləndik.

Görünməz ruhuduq, bir gün görünmək istədik ancaq,
Xəmirtək yoğrulub qanda, sümükdə, ətdə gizləndik.

Nə Tanrıydıq, nə savçı, nə bəşərdik, bəlkə hər üçdük,
Çalıb bir parça Allahdan gəlib ümmətdə gizləndik.

O gün gizlənpaç oynurduq bütün varlıqla birlikdə,
Bizi kimsə tapa bilmirdi, biz heyrətdə gizləndik.

Hüzur içrəydik ancaq tənhalıqdan əl çəkənməzdik,
Bütün hazirlərin qeydin vurub qeybətdə gizləndik.

Oduyduq çaxmaq içrəydik, su idik axmaq içrəydik,
Həyat illətsə, biz məlulduq, illətdə gizləndik.

Nağıllarda nə mən vardım, nə sən vardın, nə qanunlar,
Nağıllarda böyük bir bağ var idi, bir də meymunlar.

Adı insan qoyulmuş meymunun beynində devrimdik,
Ayaqüstə duran meymunların əsrində adəmdik.

Sərin yeldə, ağacda, almalar əsməklərin gördük,
Uçan meymunların bir-bir qanad kəsməklərin gördük.

Qanadlardan kəsilmiş çiynimizdən qol çıxardırdıq,
Ayaqlar bərkiyərkən yerdə yerdən yol çıxardırdıq.

Mənim çiynimdəsə bir tay qanad, bir tay da qol vardı,
Mənim beynim yeri, qəlbimsə göylərdə yer axtardı.

İçimdə hər gecə bir fırtına, bir qurtuluş başlar,
Ayaq üstə duran meymun uçan meymunları daşlar.

İçimdə bir uzaqlıq, qurtuluşdan başlayır hər gün,
İçimdə hayqırır Tanrı: “Böyük sürgün, böyük sürgün...”

Burda nə varsa, kabusdur

Sudan başlandı hər şey, biz yorulmuşduq, dözənmirdik,
Yazıq meymunlarıdıq, biz balıqlar tək üzənmirdik.

Gəmi sınmışdı sahildə, əzilmişdik, oğulmuşduq,
Gəmi sınmışdı, biz də Nuhun oğluyla boğulmuşduq.

Ölüm də, Tanrı da, tufan da ancaq yol itirmişdi,
Gövərçin dimdiyində bir sarı yapraq gətirmişdi.

Həqiqət bizləri çapmışdı, bizlərsə talanmışdıq,
Həqiqət qorxusundan bir köhüldə daldalanmışdıq.

Bizim çavuşlara təkbirə meyitlər qoşulmuşdu,
Adamlardan xəbər yoxdu, bizə itlər qoşulmuşdu.

Köhüldə bir dəniz vardı, yüz il çimdik, min il batdıq,
Köhul qapsandı biz orda, yüz il uyduq, min il yatdıq.

Min ildən sonra birdən savçılar əsrində göz açdıq,
Göyə dəvətdik ancaq biz, boş idi qarnımız, acdıq.

Səsə sehr etdilər, acdıq, suyu beş böldülər, acdıq,
Odu söndürdülər, acdıq, səlibdə öldülər, acdıq.

Çörək ardınca yendik qarlı dağlardan, köhüllərdən,
Çörək ardınca göz yumduq səadətli ödüllərdən.

Yedik, içdik, bişirdik, yurd salıb tikdik, ağırlandıq,
O mavi göydən ancaq top kimi düşdük, dığırlandıq.

Kimi göydə uçanmırdı, nə meymunlar, nə şairlər,
Ocaqsız qaldılar karvansaraylarda müsafirlər.

Dedik gerçək budur, bundan savay hər nəysə xülyadır,
Dedik meymunlara uçmaq fəqət bir duzlu röyadır.

Dedik: – Gerçək budur, ancaq ürəklər indi məyusdur,
Nə gerçək var, nə röya var, nə varsa burda kabusdur.

Nəyin gerçəkliyi var ki, bizi bir an oyandırsın?
Fəqət keşkə günəş sübhi üfüqlərdə dayandırsın.

Uyğudan

Eşqi hayqır dağlara, vulkan oyansın uyğudan,
Gözlərin aç, dalğalı ümman oyansın uyğudan.

Əl apar o telləri yan et, üzün çıxsın üzə,
Yəni bir zülmət sökülsün, dan oyansın uyğudan.
 
Sanki dünya bir köhül, xalq isə “Kəhf əshabı”dır,
Bir nəfəs əsdir barı, bir can oyansın uyğudan.

Çək o pas kabuslu üsyan xəncərin qından, oyat!
Bəlkə bu donmuş damarda qan oyansın uyğudan.

Qan içərdi bir zaman bu ölkənin topraqları,
Min qan axdır, bəlkə bir meydan oyansın uyğudan.

Nə hidayət eyləyən qalmış, nə yoldan eyləyən,
Tanrını hayqır, barı şeytan oyansın uyğudan.
 
Bir qəfəs var məndə, mənsə o qəfəsdə dustağam,
Bir qanad çal, bəlkə bu zindan oyansın uyğudan.

Hədər gəzir dəli könlün

Qurub gözündə buluddan oba payız fəsli,
Dumanlı dağlarla sanki ahların bəsli.
 
Üzündə sevdalı insanların əlaməti var,
Dodaqların susub ancaq baxışların səsli.

Modern əsrdəyik hər kəs öz adın bağırır,
Amma sənin boğazından “Kərəm” deyir “Əsli”.

Zaman dönüb bizi də döndərib dəyişdirdi,
Həvəs sanıb danırıq eşqi, hicranı, vəsli.
 
Hədər gəzir dəli könlün bazar dolub bədələ,
İnan, tapılmayacaq burda sevginin əsli.
 
Kəsildilər yer üzündən qarışdılar nağıla,
Əsil gözəllər ilə Dinozavrların nəsli.

Sən baxanda mənə

Mənə axşam, sənə səhər yaraşar,
Sənə şənlik, mənə kədər yaraşar.

Ucaboy, incəbel, uzun saçlım!
Heç bilirsən, sənə nələr yaraşar?!

Bir gözəl qırmızı şal altından,
Saçların çiynin üstə sər, yaraşar.
 
Qulaq ardına burax telini,
Aç üzün, zülmətə səhər yaraşar!

Heç işıq kölgəsiz gözə gəlməz,
Məni tərk etmə, xeyrə şər yaraşar!

Başına döndüyüm, dolan başıma,
Başa ancaq qəzöv-qədər yaraşar.

Sən baxanda mənə gözəlləşirəm,
O gözə böylə bir nəzər yaraşar.

Sinəmə dırnağınla yaz adını,
Sevgi salsa daşa əsər, yaraşar.

Ah kiçik dustağım, bu dört divara,
Mən kimi pəncərə bətər yaraşar.

Mən idim
(Qəsidə)

Zamanın yoqquşundan enmişdim,
Sən dağ idin, sənə duman mən idim.
Doğudan at yəhərlədim Batıya,
Günəş ilə çıxıb, batan mən idim...

Dənizə, ormana höküm sürdüm,
Dalğadan bac alıb aman verdim,
Nə yel idim, nə də bulud, nə yağış,
Toprağım sızlayanda qan mən idim...

Zamanın son qısırlığında doğum,
Tarixin son nəfəslərində həyat.
Həyatın ən gözəl çağında ölüm,
Doğru məndim, necə yalan mən idim.

Mən, Rumun beyninə dolan sərətan,
Bağdadın qəlbinə düşən səktə.
Öz içindən də qurd yeyən ağacam,
Belə dövran dolandıran mən idim.

Sovduğum günlərin şirin-acısı...
Ah, nə günlər dadıb, dadızdırdım,
İşıq-aydın gecə-gündüzlərdə,
Gecəsi-gündüzü yaman mən idim.

Bəzi günlərdə düşmənə qarşı,
Qardaşım arxasında qan tökdüm.
Bəzi günlər də, qardaşın talayıb,
Nəşi üstündə Çaldıran mən idim.

Qıtlıq olmuşdu, aclıq olmuşdu,
Küçədə itləri kəsib, yedilər.
Boğuşarkən ölümlə ölməməyə,
İtlərin dişlərində can mən idim.

Bir xanı əzl edib, rəiyyətini,
Kəndə xan qoydu Qoç Nəbi, nə isə...
O rəiyyət satanda Qoç Nəbini,
Orda xanlıqdan əzl olan mən idim.

Nə lat idim, nə kefli – şair idim,
Oysa Təbrizdə, harda bir qəfə  var,
Orada hər mizin sınanda beli,
O miz üstündə istəkan mən idim.

Qonqadan Ərkə partlayanda şəhər,
Küçələrdən axanda Məşrutə.
Qəfədə nə çaxır var idi, nə çay,
İstəkanlarda isti qan mən idim.

Dənizə doğru daşlanan çayda,
Bir müəllimlə bir gəlin var idi.
Çay kənarında sən bir öyrənci,
Körpü üstündə Xançoban mən idim.

Axşam üstüydü...bir yazıq kəndi,
Gülləyə bağlamışdı ermənilər.
Kefli girdiklərində bir məsçidə,
Qanlı güldəstədə əzan mən idim.

Sevgilinlə o son öpüşmək üçün,
Boynuna ip salanda, cəlladdan -
Beş dəqiqə zaman dilərkən sən,
Qara yel tək keçən zaman mən idim.

Suya bir bomba qondu, qayıqlar,
Bir bə bir uçdular göyün üzünə.
Bakiri  göz yumanda topraqdan,
Hayı qopan: – Sərdarım oyan, mən idim.

Anamın qolları arasından,
Atamın nəşini alanmırdım.
Qorxudan uçmuş evlər altından,
Sızlayan qanda “Vərzıqan”  mən idim.
 
Bir içim su tapanmadan yayda,
Hər balıqçün köçəndə məqsədsiz,
Quru duzlaqda o son Artemia ,
Ki atəşdən verirdi can, mən idim.
 
Ah, ayüzlüm! Bu sevgi şəhrində,
Dəlisov bir günəbaxandım mən.
Sən gələndə bizim bağa... günəşə,
Dal çevirmiş, sənə baxan, mən idim.

 





28.03.2020    çap et  çap et