525.Az

Azərbaycanın beynəlxalq münasibətlər tarixinin görkəmli tədqiqatçısı


 

Azərbaycanın beynəlxalq münasibətlər tarixinin görkəmli tədqiqatçısı<b style="color:red"></b>

Dahi Mustafa Kamal Atatürk yazırdı: "Tarix yazmaq, tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən gerçək bəşəriyyəti çaşdıracaq bir xarakter alar..." Həqiqətən də tarix yazmaq, intelekt, məntiq, elmi yanaşma tələb etməklə bərabər, həmçinin, vətənə və millətə sadiqlik, milli şüur və dövlətə bağlılıq tələb edir.

Qədim sivilizasiya mərkəzlərindən biri olan, tarix və dövlətçilik ənənələrinə malik Azərbaycanın dövlətçilik tarixini yazmaq isə tarixçilərdə xüsusi bir məsuliyyət yaradır.

Məlumdur ki, dünya tarix elmində Azərbaycan dövlətçilik tarixi məsələlərinə münasibət əksər hallarda qeyri-obyektiv xarakter daşımışdır. XX əsrdə siyasi və ideoloji sifarişlər əsasında yazılan dünya tarixçiliyi Azərbaycanın yerli dövlətçilik ənənələrini inkar etmişdir. Günümüzdə, yüz il boyunca təhrif olunmuş və qaranlığa qərq edilmiş Azərbaycan tarixini işıqlandırmaq, öz layiq olduğu məqama yüksəltmək üçün tarixçi alimlərdən fədakarlıq, yüksək intellekt, xüsusilə də tariximizə və dövlətimizə sadiqlik tələb olunur.

Qeyd olunan xüsusiyyətlərə malik olan və tarix yazımında özünəməxsus dəst-xətti olan görkəmli alimlərimizdən biri professor Şahin Fərzəlibəylidir. Orta əsrlər dövrü Azərbaycan dövlətçilik tarixinin olduğu kimi, obyektiv əsaslarla və Azərbaycanın milli və dövlətçilik maraqları konteksində araşdırılmasında Şahin Fərzəlibəylinin böyük xidmətləri var.

Professor Şahin Fərzəlibəylinin istər Azərbaycanın sovet dövrü, istərsə də müstəqillik dövründə orta əsrlər tarixi ilə bağlı yazdığı elmi tədqiqat əsərləri tariximizin qaranlıq səhifələrini aydınlatmağa, həmçinin, obyektiv şəkildə tədqiq etməyə imkan yaradıb.

Onun Azərbaycanın orta əsrlər dövrü dövlətçilik tarixi məsələləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Şirvanşahların timsalında Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri, xüsusilə, bu dövrdə türk dövlətləri ilə siyasi münasibətləri, diplomatik əlaqələri, həmçinin, Azərbaycan dövlətlərinin quruluşu, idarəçilik sistemi, xarici siyasət fəaliyyətini həyata keçirən idarə və təşkilatlar, elçilik sistemi və digər məsələlərlə bağlı apardığı tədqiqatlar Vətən tarixşünaslığında olduqca əhəmiyyət daşımaqdadır.

Şahin Fərzəlibəylinin fars dilindən tərcümə etdiyi və geniş şərhləri əhatə edən Səfəvilər dövrü Azərbaycan tarixinin ensiklopediyası hesab edilən İsgəndər bəy Münşi Türkmanın "Tarixe-aləmarayi-Abbası", Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərləri mənbəşünaslıq sahəsində xüsusi çəkiyə malikdir.

Onun "Azərbaycan XV-XVI əsrlərdə: Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə", "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu" monoqrafiyaları və yüzlərlə elmi məqalələri Azərbaycan tarixşünaslıq elminin zənginləşməsində mühüm rola malikdir.

Professor Şahin Fərzəlibəyli elmi tədqiqat əsərlərində həmişə Azərbaycanın dövlətçilik ənənələrini önə çəkmiş, bu dövlətçiliyin qədimliyini, yerli və milli əsaslara söykəndiyini, dövlətyaratma məsələlərində yerli Azərbaycan etnosunun əsas amil olduğunu, bu dövlətlərin beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynadığını dəfələrlə elmi əsaslarla sübut etmişdir.

Görkəmli alim XV-XVI əsrlər dövrünü Azərbaycanda dövlətçilk tariximizin intibah dövrü hesab edir və bu dövrdə fəaliyyət göstərən dövlətləri bölgənin aparıcı dövlətlərindən olduğunu önə çəkir.  

Şahin Fərzəlibəyli "Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə" monoqrafiyasında yazır: "XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrdə isə Səfəvi dövlətinin yaranması və onların ayrı-ayrılıqda Osmanlı imperiyası ilə münasibətləri, həmçinin, göstərilən dövr hadisələrində Şirvanın rolu yalnız Azərbaycanın deyil, eyni zamanda, bütün Zaqafqaziya və Yaxın Şərq ölkələrinin tarixində mühüm rol oynamışdır" (Şahin Fazil Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası: XV-XVI əsrlərdə. Bakı, 1995. səh. 120).

Görkəmli alim elmi tədqiqatlarında haqlı olaraq bu elmi qənaətə gəlib ki, XV-XVI əsrlərdə Azərbaycan dövlətləri təkcə Azərbaycanda deyil, həmçinin, Cənubi Qafqaz və Yaxın Şərqin tarixində də mühüm rol oynayıb.

Professor Şahin Fərzəlibəyli orta əsrlər dövründə Azərbaycanda elçilik sistemi, dövlət aparatında diplomatik institutların mövcudluğu, səfirlər və səfarətxanalar haqqında olduqca əhəmiyyətli tədqiqatlar aparıb.

Şahin Fərzəlibəyli orta əsrlər dövrü Azərbaycan tarixinin tədqiqatçısı olmaqla yanaşı, eyni zamanda, dövlətçilik tariximizin, xüsusilə orta əsrlər dövrü Azərbaycan tarixinin təbliğatıçısı və himayəçisi  olub. Görkəmli alim istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə təşkil olunan konfrans və elmi tədbirlərdə Azərbaycan tarixinin təbliğ olunmasında fəal iştirak edib.

2009-cu ilin noyabr ayında dəyərli alim Şahin Fərzəlibəyli ilə birgə iştirak etdiyim İstanbul şəhərində keçirilən "Səfəvilər və Şah İsmayıl" beynəlxalq elmi konfransında o, "Sultan Səlim Yavuz və Şah İsmayıl Səfəvi tərəfindən Çaldıran Savaşı öncəsində yazılmış beş tarixi məktub haqqında" adlı məruzə ilə çıxış edərkən necə ürək ağrısı ilə Səfəvi-Osmanlı münaqişələrindən danışmasının və bu müharibələrin türk dünyası üçün acı nəticələrini təəssüf hissi ilə qeyd etməsinin canlı şahidi olmuşdum. Bu çıxış Şahin Fərzəlibəylinin Azərbaycana, Türkiyəyə, bütün türk dünyasına bağlılığının bariz nümunəsi idi. Bu simpoziumun açılışında Şahin müəllimin Azərbaycan nümayəndə heyətinin adından çıxışı zamanı dediyi bir salamlama şeiri heç vaxt yaddaşımdan silinməyəcək: 

Qəhrəman türklərin şərafətinə,
Salamlar olsun.
Əzminə, izzinə, şücaətinə,
Salamlar olsun.
İstanbul olubdur əzəldən mətin,
Onu fəth eləmək çətindən çətin...
Ulu diyarına fateh Mehmetin
Salamlar olsun.
Dəvət Türkiyədən, səfəri - bizdən,
Yan olsun yağının nəzəri bizdən,
Mavi Mərmərəyə Xəzərimizdən
Salamlar olsun. 

Şahin Fərzəlibəylinin orta əsrlər dövründə Azərbaycan dövlətlərinin digər türk dövlətləri ilə qarşılıqlı siyasi münasibətləri istiqamətində apardığı qiymətli araşdırmaları, həmçinin, türk dünyası ilə bağlı dostluq və qardaşlıq hisslərini ehtiva edən onlarla şeir və ədəbi nümunələri, alimin türk dünyasına sevgisini ifadə etməklə yanaşı, həmçinin, türk xalqlarının mənəvi birliyinin qorunmasında mühüm rol oynayıb.

Dəyərli alim, gözəl insan, əsl ziyalı Şahin Fərzəlibəyli, 80 illik yubileyiniz qutlu olsun. Davamçılarınızın elmi fəaliyyətində və mənəvi dəyərlərinin formalaşmasında  göstərdiyiniz xidmətlərə görə sizə sağlam ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 





28.03.2020    çap et  çap et