525.Az

Təbiətin özü kimi - Zahid Afşar Eloğlunun şeirləri haqqında


 

Təbiətin özü kimi - <b style="color:red">Zahid Afşar Eloğlunun şeirləri haqqında </b>

Tanınmış şair Zahid Afşar Eloğlu böyük şeir yoluna təbiətin qoynundan çıxır.  Şair üçün bundan gözəl uğurlu yol, bundan böyük  xeyir-dua yoxdur. Təbiətdən öyrənmək, ondan ilham almaq insanı - şairi heç vaxt uğursuzluğa  düçar eləmir. Əksinə, şeirin çətin yolunda onu  orijinallığa  istiqamətləndirir, fikrini tamamlayır, daha da zənginləşdirir.

Bəzən  mən cəmiyyətdə  bir "əyri" yeri görəndə  o saat təbiətə üz tuturam.  Görüm bu məsələni təbiət necə həll eləyib, bu əyri yeri  necə "düzəldib", necə calaq eləyib. Adları qafiyə olduğu kimi təbiət və cəmiyyət məsələləri  bir-birinə bənzəyir. Cəmiyyət yaşamaq, mübarizə etmək yolunu təbiətdən iqtibas eləyib  əslində. Cəmiyyət nədə uduzubsa, onda təbiətə xəyanət etmiş olub. Bu mənada  həyatı və cəmiyyəti dərindən bilən Zahid Afşar Eloğlu hər şeirini təbiətdən başlayır. Təbiət də onun ilhamına qol-qanad  taxır, həyatın dolambaclarından ustalıqla keçirir.

Zahid Afşar Eloğlu kənd dilini (Qənd dilini), onun adət-ənənəsini, folklorunu gözəl bilir.  Məhz şeirləri ona görə şirindir, dili yumşaq və həlimdir, obrazları canlıdır.

Sudan gələn gözəlin hörüyündən iz düşüb,
Buludlardan od qopub, dərələrə söz düşüb.

Yamac boyu bir örkən sürünübdü suada,
Çınqıllar xam day kimi sarınıbdı burada.

Əriməzdən sal qaya yetərincə sel sorub,
Çiyni üstə qaldırıb, taxıl kimi sovurub.

Dünya Yer kürəsini sıxıb şələ eləyib,
Cığır sicimləriylə kürəyinə şəlləyib.

Şairin "cığırlar" şeirindən misal gətirdiyim  bu misralarda həm təbiətin dili, həm  də elmi var. Hörüyün izə bənzədilməsi və  buludlardan od qopub dərələrə söz düşməsi, özündə şirin bir nağılı xatırladır. Şair şimşək çaxır demir, buludlardan od qopur deyir və bu oddan dərələrə söz düşür. Yəni yağış yağanda çayın, şəlalənin səsi artır, sular gülüşür, gurlaşır. Ona görə ki, onlar buluddan nəsə eşidiblər.
 
"Əsli və Kərəm" dastanında Əsli hörükləri ilə yanmış Kərəmin külünü  bir yerə toplayır. Bu zaman həmin küldən  hörüyünə od düşür və Əsli də alışıb yanır, külə dönür. Bu qoşa misrada  hər şey   sudan gələn   gözəlin hörüyündən başlayır, onun hörüyündən buludlara od, buludlardan isə dərələrə söz düşür. Zahid Afşar Eloğlu  göründüyü kimi, nağıl və dastanlara bağlı   mahir bir söz ustasıdır. 

İkinci beytə fikir verək. "Suad" (bir növ pilləkən) sözü  arxdan və çaydan vedrə və ya səhənglə  su götürmək üçün  düzəldilən yerə deyilir. Qadınlar ayaqlarını həmin suada qoyub qabları su ilə rahat  doldururlar. Baxın, Zahid müəllim unudulmaqda olan qədim, milli bir sözümüzü yada salır, yaşadır. Bu sözü oxuyan kimi gözlərim  önündə  kəndimiz, fermamız canlandı. Atamın  arxdan su götürmək üçün düzəltdiyi suad  yadıma düşdü. O suadla birlikdə  yaddaşımda  bir kənd, elat, el-oba oyandı. Budur, sözün, şeirin insanda yaratdığı böyük assosiasiya. Tabloya baxın, cığırlar örkən kimi suadlara sürünür. Örkən də yada düşür burada.  Onda gərək örkəni izah eləyəsən.  Örkən bir az enli (5-8 sm enində)  minik heyvanlarının çulunu və yükünü sarıyıb bərkitmək üçün başında  doğanaq olan ipdir. İndi gərək doğanağı da  izah edəsən. Bir-birinə bənd etmək üçün örkənin, sicimin ucuna bağlanan ağac haçacıq (qarmaq); örkən halqası. Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçəcək, yəni gəlib ona dolanacaq. İkinci misrada  şair deyir ki, çınqıllar xam dayça kimi  hamısı yerə sarınıb. Onda gərək xam dayçanı da  izah edəsən. Nəyə görə onu sarıyıralar? Atın altı aylıq (180 gün)  balasına xam dayça və  ya day (erkək) deyillər.  Xamlığı (Xam yer də var, əkilməmiş, otarılmamış)da odur ki, hələ minilməyib.  Cavanlar və yaşlı təcrübəli kişilər  xam  dayların boğazına kəndir salıb  hər iki tərəfdən  onu boğurlar. Nəticədə  dayın ürəyi gedir. Day ayılan kimi  insanlara ram olur, əhliləşir. Belinə yəhər qoymağa, başına yüyən  keçirməyə razı olur.

Bax, gör kiçicik bir şeirdə nə qədər unudulmaqda olan qədim sözlərimiz var. Bu şeir insanlara nə qədər bilgi verir. Şair onları yaşadır, yada salır.

Sonrakı beytə fikir verək. Əriməzdən (Kəlbəcərdə yer adı, qarı əriməyən dağ) sal qaya (bütöv yastı daş)  yetərincə seli sorub(İçinə çəkib),  sonra qaldırıb çiyni üstə, taxıl kimi sovurub. Şəlalənin yaranmasına bax. Deyir sal qaya Ərimizdən  suyu çiyni üstə qaldırıb taxıl kimi sovurur, yəni şəlalə yaradır. Şair təbiətdəki hadisələri, bənzənənlə bənzədiləni elə uyarlı bir şəkildə verir ki, prosesin sanki şəklini görürsən. Şair təbiət hadisələrinin  lövhəsini sözlə çəkir, həm də onun inkişafını, deyək ki, nədən nəyə çevrildiyini ardıcıllıqla,  ustalıqla  açıb  göstərir.  
 
Aşağıdakı bənddə sadə, real bir həqiqət var.

Qayası qartallı, gölü durna, qaz,
Kəklik xınalı daşlığı seçdi.
Elə ki, meşələr geyindi atlas,
Qış uca dağların başına köçdü.

Fəsillərin dəyişməsini şair detallarla açır. Deyir ki, yaz gələn kimi, yəni meşələr atlas geyinəndə qış Arandan dağlara köçdü. Məhz şairin qışa "köçdü" deməyi çox dəqiq və uyarlıdır, çünki həmin vaxt insanlar da dağa köçür. Şairin  təbiətlə- qışla  bağlı  başqa bir şeirində oxuyuruq.

Ağrıdan əyilib çılpaq ağaclar,
Dağların dağlardan uca  vaxtıdır.
Evlərin damında bardaş qurub qar,
İstinin, tüstünün baca vaxtıdır.

Nə qədər gözəldir, şair dağların dağlardan uca vaxtıdır deyəndə istər-istəməz düşünürsən ki, bu dağın qarı  o biri dağın qarından  çoxdur  deyə  dağlar dağlardan uca görünür. Bu, o zaman olur ki, artıq qar evlərin damında bardaş qurur. "Bardaş" (ayaqları bir-birinə keçirib oturmaq) sözü şeirə yeni bir çalar, yeni bir  tablo gətirir. Yəni bu, qışın o vaxtıdır ki, artıq heç nədən qorxusu yoxdur və o qədər  özünə arxayındır ki, hətta evlərin damında bardaş qurub. Onun belə arxayın bardaş qurmağı ona  görədir ki,  tüstünün, istinin  baca  vaxtıdır və oradan isti və tüstünü müşahidə eləyir.

Mən Hüseyn Arifdən sonra Zahid Afşar Eloğlu kimi ikinci bir təbiət şairi tanımıram. O, təbiəti mənalandırır, qanadlandırır və bununla da  tarıma çəkilmiş cəmiyyətin əsəblərini sakitləşdirə bilir.

Təbiət diksinib qalxdı yuxudan,
Gərnəşdi, belinin quluncu sındı.

Təbiətin dolub-boşalması, gərilməsi çəkilməsi  (göy guruldayır) onun əsəblərini tənzimləyir, özünü nizama salır, gərnəşir, qulucunu qırır və sonda sakitləşir. Baxın, şairin  şeirində  təbiət də eynən insan kimidir.  İnsan da qaralır, dolur, gərnəşir, sonra boşalır, nəticədə şeir yaranır.  Demək, təbiətin davranışında  həmişə insan var.

Deyirlər Bəxtiyar Vahabzadə gənc vaxtlarında poeziya gecələrinin birində Səməd Vurğuna belə bir sual verir ki, Səməd müəllim, mən peyzaj (təbiət) şeirlərini sevmirəm. Səməd Vurğun səbəbini soruşanda deyir ki, orada insan yoxdur. Səməd Vurğun deyir ki, Bəxtiyar, bala, təbiət şeirini yazan kimdir? Deyir şair. Səməd Vurğun deyir: Bəs şair insan deyil. Şair də   peyzaj şeirlərində iştirak edir Bəxtiyar Vahabzadə daha dinmir.
 
Böyük Səməd Vurğunun sözünə qüvvət, Zahid Afşar Eloğlu da bütün  şeirlərində təbiətlə qol-boyundur, həmahəngdir, sanki təbiətin bir obrazıdır, onun sırdaşı və dostudur. Şeirlərində əvəlik,  dəvədabanı, qırxbuğum, baldırxan, quzuqulağı, kakotu, qantəpər, bənövşə, lalə, xına, çınqıl və təbiətin  bütün gözəllikləri sadalanır.  Sanki şairin xitabını təbiət eşidir, duyur, suyu sevinir, lalələri açır. Şair dağ  döşünə səpələnmiş lalələri görün necə mənalandırır.

Bir gəlinin Günəş rəngli boyunbağı qırılıb,
                                      təpələrə səpilib,
Bir çobanın ocağının axça közü dağılıb,
                                      dərələrə tökülüb.

Zahid Afşar Eloğlu yuxarıda dediyim kimi,  təbiətə sadəcə  seyrçi deyil, onun iştirakçısı, ağlayan, gülən  və  sevinən bir parçasıdır.

Çəmən dönüb yaşıl dona, köynəyə,
Lalələrlə düymələnən vaxtıdı.

Lalələrin düymələrə bənzədilməsi və onun gözəl ifadə tərzi   müasir şeirimizin parlaq səhifələrindəndir.

Dan sökülür, xəbəri yox gecədən,
Şeh tökülür, hər ləçəyə neçə dən...
Selin, suyun dərələri çeçədən,
Qayaların silkələnən vaxtıdı.

Fikir verin, Zahid müəllim, dərədən axan çayın səsinə,  harmoniyasına o qədər  yaxından bələddir ki,  əlavə sel, daşqının çaya qarışanda onun səsinin dəyişdiyini çox gözəl bilir və deyir ki,  çaylar çeçəyir. Çox orijinal bir görüntüdür. İnsan suyu içəndə çeçədiyi kimi, çaylar da öz yatağına, deyək ki, boğazına sel  töküləndə  bir müddət çeçəyir, çünki əvvəlcə onu yad cisim kimi qəbul edir.

Şairin bütün təbiət şeirləri maraqlı, orijinal tablolardır. Hətta bu lövhələrdə  çox  qabarıq görünən  obrazlar var.

Pətəkdə getmişdi huşu beçənin,
Qaymaq dodağından bal süzülürdü.

Pətəkdə  beçənin huşunun getməyini  şair onun sərxoşluğu  kimi qiymətləndirir. Huş nəyə görə getsin ki? Əlbəttə gözəllikdən, eşqdən, yaranışın, doğuluşun gözəlliyindən.

Zahid müəllimin  bütün şeirlərində dilimizin  zəngin leksikonu var. Şeirlərdə elə bilgilər, elə sözlər var ki, gənc nəslin onları öyrənməsi və araşdırması çox vacibdir. Aşağıdakı  şeirdə "sancaq" sözü işlədilib. Amma görün harada?

Hanı, mən sevdiyim; - o qız? - utancaq,
Hanı, uzun saçlar? - üstündə sancaq.

Bu sancaq keçmiş bir dövrün baş cümələsidir. Şair sancağı  elə bir yerdə oxucuya təqdim edir ki, həmin səhnənin, görüntünün özü bu gün üçün çox maraqlı və həm də gərəklidir. Şair  keçmişi  axtarır və həm də  axtardıqlarına "hanı?" sualını  verir. "Hanı?" sualı təbiətin üzərində dayanaraq cəmiyyətə  də ünvanlanır. Niyə cəmiyyət təbiətə xəyanət edir? Axı onlar bineyi-qədimdən qafiyə olublar, bir-birinə həyan, dost olublar. İndi cəmiyyət təbiətə divan tutur. Ancaq cəmiyyət bilmir ki, onun xilas yolu yenə  təbiət olacaq.

Zahid Afşar Eloğlu təbiətin özü kimi safdır. O, insanlığın  xilas yolunu təbətin harmoniyasında görür. Bütün  şeirlərini  təbiətdən başlayır, gedir, gəzir dolanır, yenə təbiətə qayıdır.  Təbiət şeirləri ilə oxucuları, bütövlükdə cəmiyyəti saflaşdırmağa  çalışır.  Məncə də, buna  nail olur.

 





28.03.2020    çap et  çap et