525.Az

Qlobalizmin yeni mərhələsi - Telman Orucov yazır


 

Qlobalizmin yeni mərhələsi - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr 

(Əvvəli ötən şənbə saylarımızda)

Belə bir şəraitdə Vladimir Putin hakimiyyətə gəldi, çökmüş ölkəni dirçəltmək cəhdi böyük idarəetmə təcrübəsi olmayan bir adamın sahilə atılmış balinanı okeanın sularına qaytarmağa girişməsinə bərabər idi. Burada elə bir hiperbolaya yol vermək də yoxdur, taqətdən düşmüş Rusiya öz ərazi ölçüsünə görə yaşamaqdan bezmiş balinanı xatırladırdı. Putin ölkənin sağlam qüvvələrini konsolidasiya etməyə girişdi, Çeçenistan müharibəsinin başa çatması isə, ölkədə qorxulu separatçılıq meyillərinə son qoydu. Vəziyyət elə yerə gəlmişdi ki, Çeçenistanda vuruşan ərəb mənşəli Xəttab Şimali Qafqazda İslam xilafəti yaratmaq eşqinə düşmüşdü. Çeçen müharibəsinin yatırılması Rusiyanın ərazi bütövlüyünü qoruyub saxlamaq demək idi. SSRİ-ni dağıtmaqda iştirakları olanlar Rusiyanın da xırda parçalara bölünməsinə ümid edir və bu yola daş döşəməklə məşğul olurdular.

Putin rıtsarlara məxsus bir cəsarət göstərdi və ölkənin idarəçiliyini başqa, səmərəli relslərə keçirdi. Liberal qüvvələr onun qurduğu şaquli hakimiyyət modelinə lənət yağdırırlar. Lakin Rusiya kimi nəhəng əraziyə və çox müxtəlif xalqlara malik olan bir ölkədə demokratiya pərdəsi altında hakimiyyətin eroziyası ağır nəticələrə gətirib çıxara bilərdi. Böyük mütəfəkkir Şarl Monteskye özünün "Qanunların ruhu" əsərində iri ərazisi olan ölkədə demokratiyanın tətbiqini çətin olduğunu bildirmişdi və yalnız xalqın bilavasitə özünün iştirak etdiyi demokratiyanı daha yararlı sayırdı. Putin Rusiya üçün əlverişli olan yolu tutdu və rusiyalıları tarixini unutmaq kimi qorxulu amneziyadan xilas edə, onu həm də ələbaxımlıq kimi psixi xəstəlikdən sağalda bildi. Rusiya prezidenti özünə qarşı olan həmlələrə məhəl qoymayaraq, çətin döyüşlərdən çıxmış sərkərdə kimi vuruş meydanını nəinki tərk etmir, ölkəsinin nüfuzunu yüksəltmək üçün öz yolunu davam etdirir və xalq da bu yolun ölkəsi üçün daha səmərəli olduğuna inam gətirdiyindən Putinə böyük dəstək verir. Heç bir böyük ölkənin rəhbərinin reytinqi Putinin hakimiyyətdə olmasının 20-ci ilində də əhalinin ona göstərdiyi ehtimad dərəcəsi ilə müqayisə oluna bilməz.

Putinin Rusiyanı dirçəltmək tədbirlərinə münasibət heç də birmənalı deyildir, onların arxitektoruna qarşı kəskin hücumlar edilir. Hillari Klinton ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində əndazəni aşaraq Putini Hitlerlə müqayisə etmişdi. Hətta nifrət bəslədiyin siyasi xadimə Hitler kimi ümumbəşəri bir caninin yarlıkını vurmağın özü böyük ədalətsizlikdən xəbər verir və belə müqayisəni dilə gətirənin özünü də heç də hörmətlə mükafatlandırmır.. 

Rusiyanı hərbi cəhətdən blokadaya almaq cəhdləri də edilir. NATO Rusiyanın sərhədlərinə çox yaxınlaşır. Vaxtilə Varşava müqaviləsi ləğv ediləndə, NATO-nun Rusiyaya doğru irəliləməyəcəyinə söz verilmişdi. Sadəlövh Mixail Qorbaçov bu sözə inanıb, sənəd tələb etməmişdi, ümumiyyətlə, o, öz dövlətinin mənafeyi məsələlərində özünü anlaşılmayan şəkildə utancaq aparırdı. Şifahi söz isə az sonra unudulur və onu dilinə gətirəndən məsuliyyət tələb etmək də qeyri-mümkün olur. Siyasətdə sadəlövhlük düşmənin, rəqibin hər sözünə inanmaq psixikanın normal olmadığını göstərir və ya kölə psixologiyası ilə hərəkət etməkdən başqa bir şey deyildir. Qorbaçov təkcə nəhəng ölkənin qəbirqazanı rolunu oynamadı, həm də o və Yeltsin öz varisləri üçün ağır problemlər mirası qoyub getdi, onların həlli isə yüz dəfə artıq səylərin göstərilməsini tələb edir.

Putin diplomatiyada da rəqiblərinə, fövqəldövlətin rəhbərinə uduzmur, əksinə, öz ideyalarının və mövqeyinin düzgün olmasını sübut etməyə qadir olduğunu nümayiş etdirir. Putin təkcə diz çökmüş ölkəni ayaq üstə qaldırmadı, həm də başçılıq etdiyi dövlətin nüfuzunu xeyli yüksəldə bildi. Rusiya iqtisadi cəhətdən nə ABŞ, nə Çin, nə Yaponiya, nə də AFR ilə müqayisə oluna bilər, onlardan xeyli geridir. Lakin Rusiyanın beynəlxalq aləmdə vəzni, dünya hadisələrinə təsir göstərmək qabiliyyəti, böhran anlarında məsələlərə müdaxilə etməsi və yaxşı nəticələrə malik olması iki onillik ərzində baş verən olduqca pozitiv metamorfozalardan xəbər verir. Putin bir sıra postsovet respublikalarının da eyni istiqamətdə fəaliyyət göstərməsi üçün çox işlər görür. Gürcüstan, Ukrayna buna qarşı çıxış etsələr də, onların təsir gücü Rusiya ilə müqayisədə çox zəifdir.

Min ilə bərabər olan böyük bir tarixin sahibi Rusiya qüvvətli, ona əvəzsiz xidmət göstərmiş dövlət başçıları kimi, zəif, iradəsiz, onu dağıtmağa xidmət edənləri də görmüşdür. Bəziləri I Nikolay kimi infantilizm, digərləri isə Yeltsin kimi sərxoşluq nümunələri tək xatırlanır. Putin fenomeni mübahisələrə səbəb olsa da, Rusiyanın xilası üçün mühüm bir amilə çevrilmişdir. Onu idealizə etmək də düzgün deyildir, çünki çox sayda problemlər hələ öz həllini tapmamışdır. İqtisadi inkişafın zəif tempi ilə yanaşı, sosial vəzifələrin də həlli yaxşı getmir. Böyük bəla sayılan inflyasiya problemi əsasən həll olunsa da, əmək haqlarının və pensiyaların minimum səviyyəsi çox aşağıdır. Ölkədə korrupsiyaya qarşı mübarizənin aparıldığı dəfələrlə qeyd edilsə də, nəticə heç də öyünüləsi deyildir.  Bütün bu problemləri Rusiya siyasətçiləri də etiraf edirlər. Lakin ölkəsini süqutdan, dağılmaqdan qoruyub, xeyli inkişaf və nüfuz sahibliyinə yiyələnməyə çıxarmaqda Putinin xidmətlərini heç cür inkar etmək olmaz.

Qlobalizmin yeni mərhələsi 

Qloballaşma donub-qalmır, dərin transformasiyalara məruz qalır. Qloballaşma prosesindən kənarda qalmayan dövlət, demək olar ki, yoxdur, beynəlxalq ticarət ən biganə olanları da onun ağuşuna sığınmağa məcbur edir. Beləliklə, qloballaşma prosesi böyüyərək və genişlənərək, neoqlobalizm fazasına keçmişdir.

Vaxtilə qloballaşmadan müəyyən məsafədə olan Çin indi qloballaşmış azad ticarətdə dünya liderinə çevrilmək məqsədini güdür, Çin həm də kommunist ölkəsi olaraq qalır. Lakin bu, onun ABŞ-dan sonra iqtisadi cəhətdən ikinci dövlət olmasına mane olmur.

ÇXR Sədri Si Tszinpin liberal kommersiyanın genişlənməsinə xüsusi fikir verir. ABŞ-ın Çinə qarşı ticarət müharibəsi də ona müəyyən təsir göstərsə də, irəliyə doğru hərəkətinə mane ola bilmir. ABŞ dünya telekommunikasiya sferasının ən iri şirkətlərindən biri olan Çinin "Huavey" konserninin məhsullarının, xüsusən smartfonlarının onun öz məhsulunu sıxışdırmasına görə firmaya qarşı sanksiyalar tətbiq etmişdir və gözləyirdi ki, şirkət iqtisadi tənəzzülə məruz qalacaqdır. Nəhəng "Huavey" isə ABŞ-ın sanksiyaları şəraitində də milyardlarla dollar gəlir götürməsini azaltmadı, əksinə, artırdı və dövriyyəsini əvvəlki dövrlə müqayisədə 27 faiz yüksəltdi. "Huavey"in Çin daxili bazarında payı 66 faiz artaraq, 42 faizə çatmışdır. Avropa İttifaqı 2020-ci ilin yanvarında ABŞ-ın təkidinə məhəl qoymayaraq, "Huavey"in 5-ci nəsl yüksək texnoloji məhsullarının idxalına razılıq vermişdir. Həm də şirkət Rusiyada nəhəng bazara sahib olmuşdur. Çinin digər məşhur şirkəti "Alibaba" 2019-cu ilin noyabrında bir gündə 1 milyard dollar pul qazanmışdır. Nəhənglərə, deyəsən, ağcaqanad sancması da elə bir təsir edə bilmir. Çin özü isə çox iri konsernlər şəbəkəsi ilə öyünə bilər.

2019-cu ilin 2 dekabrında Rusiyanın Çini təbii qazla təmin edəcək, 55 milyard dollar dəyərindəki qaz kəmərinin işə salınması enerji infrastrukturasında və siyasi mühəndislikdə nəhəng nailiyyətdir. Bu kəmərin çəkilməsindən məqsəd Çinin 400 milyard dollar məbləğinə bərabər olan həcmdə, dəqiq deyilsə, 30 il ərzində 1 trilyon kub metr təbii qazı Rusiyadan almasıdır. Kəmər Rusiya ərazisində Yakutiyadan başlayıb, Blaqoveşenskə çatır, keçdiyi əraziyə görə onu "Sibirin gücü" adlandırırlar, sonra Çin torpaqlarında uzanmaqla öz yolunu davam etdirir. ÇXR-ə ildə 38 milyard kub metr qazın verilməsi, Çində ondan 500 milyon adamın istifadə etməsinə imkan verəcəkdir. Amerika mətbuatı bu layihənin başa gəlməsini Vladimir Putinin və Si Tszinpinin ABŞ-ın hegemonluğuna qarşı yönələn çağırışları kimi qiymətləndirir. Onların hər ikisi kəmərin açılışı təntənəsində Moskva və Pekin arasında yaradılan telekörpü vasitəsilə iştirak etmək imkanı qazanmışdılar.  

Çində tikinti-inşaat işləri də qeyri-adi sürətlə gedir, böyük şəhərlərdə göylərə ucalan binaların sayı yağışdan sonrakı göbələk kimi artır. Bu isə Çində ağılasığmayan layihələrin yaranmasına səbəb olur. Çin yaxın gələcəkdə Pekin və Şanxay meqapolislərini, hər birində 130 milyon nəfər əhalinin yaşadığı məkana çevirmək istəyir. Bu şəhərlərin hər birində Rusiyanın və ya Yaponiyanın əhalisinin sayı qədər sakin yaşayacaqdır. Yəqin ki, atlantlar da belə nəhəngliyə təəccüb qalardı.

Prezident Donald Trampın təşəbbüsü ilə ABŞ Çin mallarına ağır tariflər qoyur və bunu belə izah edir ki, onun müəssisələri ABŞ iqtisadiyyatına ziyan vurur, həm də Tramp öz şirkətlərinin Çindən çıxarılması müraciətini edir. O bəyan edir ki, Çin Dünya Ticarət Təşkilatına daxil olandan çox sayda amerikan şirkətləri bağlanmışdır. Ona görə də DTT-nin nizamnaməsinə yenidən baxılmalıdır.

Əlbəttə, Pekin belə nəhəng dinamikaya nail olmaq üçün daim innovasiyaya can atır və çalışır ki, irəliyə doğru sıçrayış qaydasındakı irəliləməsini dayandırmasın. ABŞ isə Çin firmalarını onun nou-haularını oğurlamaqda günahlandırır. Tramp ABŞ texnologiyasının oğurlanması şübhəsinə görə Çini cəzalandırmaq istəyir.

Son vaxtlarda Çində elmi axtarışların, texnologiyanın belə sürətlə inkişaf etməsi həmin iddiaların əsassız olması düşüncəsinə gətirir. Çində ixtiraçılıq hərəkatı geniş vüsət almışdır, 1,5 milyon Çin vətəndaşı öz ixtiraları üçün patent almaq barədə müraciət etmişdir, bu da bütün dünyadakı ixtiraçıların 50 faizini təşkil edir.

Asiya nəhənginə çevrilən Çin qloballaşma prosesində də fəal iştirak etməyə can atır və çalışır ki, onda dominant rol oynasın. Axı bəzi sahələrdə o, artıq ABŞ-ı da geridə qoymuşdur və alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə dünyada birinci yeri tutur. Çin artıq yüksək keyfiyyətli mallar istehsal etməyə də qadirdir və onları öz rəqiblərindən çox ucuz qiymətə satır. Onun istehsal etdiyi mallar keyfiyyətinə, dizaynına görə ən məşhur dünya şirkətlərinin məhsullarından heç də geri qalmır, həm də onları, rəqabət etdiyi mallardan 2-3 dəfə ucuz qiymətə satır. Belə bir şəraitdə həmin məşhur şirkətlər rəqabətə dözməyib uduzurlar. Çin ABŞ-ın öyündüyü yüksək texnologiyalarda da öz rəqibinin fəth etdiyi zirvəyə çatmağa çalışır. Dinamika göstərir ki, Çinin bu məqsədə nail olmasını da çox gözləmək lazım olmayacaqdır. 2020-ci ilin yanvarında Çin koronavirus adlanan bəla ilə üzləşmişdir və bu, ümumi daxili məhsul istehsalına da müəyyən mənfi təsir göstərəcəkdir. Lakin Çin bu ağır sınaqdan da üzüağ çıxa biləcəkdir.

Götürdüyü mənfəət, dövriyyəsinin sürəti ona texnoloji inkişafda da böyük uğurlar əldə etməyə imkan yaradır, vaxtilə hərbi sahədə və kosmosun tədqiqində geridə qalan Çin indi ən qabaqcıl ölkələrlə bu sahələrdə də yarışa girə bilir. Onun beynəlxalq əlaqələri də böyüyür. Yeni İpək Yolu və Dəniz İpək Yolu, bu, həmçinin, Qurşaq və Yol təşəbbüsü kimi tanınır, onlardan məqsəd isə Çini Avropa ilə quru yolla, Afrika və Cənubi Amerika ilə isə okean vasitəsilə birləşdirməkdir.

(Ardı var)

 





28.03.2020    çap et  çap et