525.Az

"Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın" layihəsinə start verildi


 

"Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın" layihəsinə start verildi<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Operativ Qərargahının ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərarına uyğun olaraq digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq.

Bu məqsədlə nazirliyin “Youtube” kanalından, “Facebook”, “İnstagram” səhifələrindən maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulub. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış videoları, eyni zamanda aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını sosial şəbəkələrdə görmək mümkündür.

Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulub. Daha geniş tamaşaçı kütləsini məlumatlandırmaq üçün veriliş efirdə olduğu vaxt sosial şəbəkələrdə canlı olaraq nümayişi təşkil olunacaq.

Veriliş sadə formatda - bir aparıcı və bir qonaq əsasında hər gün 30-45 dəqiqə olmaqla təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaq. Verilişə dəvət olunacaq qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master-klaslar nümayiş olunacaq.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tululub.

Layihə uşaq və yeniyetmələrin də xüsusi marağına səbəb olacaq. Hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılıb. Eyni zamanda evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər.

 





29.03.2020    çap et  çap et