525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Dünya nəfəsini dərir. Bir az toxtasın, yenə başlayacaq fırlanmağa... 

*** 

“525”in son iki sayında doktor Aydın Talışinskinin “Milli ideyaya fərqli baxış” adlı geniş müsahibəsi çap olunub. Bu gün ilk dəfə görüşdük, “Türkoloğiya” dərgisinin məsul katibi Elçin İbrahimovla birlikdə Braziliya çayı içə-içə müsahibəsindəki fikirlər ətrafında söhbət etdik.

Fərqli və maraqlı insandır. Fikirləri heyrətləndirir. Sevinirsən ki, ölkəmizdə belə qeyri-adi mühakimələri olan insan var. Saat 9-da yekunlaşdırdıq deyə, bəzi mövzular yarımçıq qaldı. 

*** 

Onsuz da Mark ünsiyyəti virtuallaşdırmışdı, bir az da korona artırdı. Amma...

İNSANIN İNSANA HƏMİŞƏ EHTİYACI VAR… 

*** 

Evdəyəm! Evdəyəm! 

Adının çəkilməsini istəməyən bir həvəskar müəllim türk şairi Camal Safinin "Ya evdə yoxsan" və gənc yazar İntiqam Yaşarın "Evdə yoxam" şeirlərinə korona dövrünə uyğun nəzirə yazıb mənə göndərib. Baxın, görün necədi?

Şairlər yeni bəndlər də əlavə edə bilər. :) 

Koronanın, virusun
Tüğyan etdiyi zaman,
Nə sualdı verirsən:
“Nə edirsən, hardasan?!”
- Evdəyəm! Evdəyəm! 

Ayrı hara gedəcəm,
Ayrı harda olacam?!
Qapanmışam özümə
Səhər, günorta, axşam -
Evdəyəm! Evdəyəm! 

Həm Ayfonu, həm pultu
Əlimdə gəzdirirəm.
Gah da uzun danışıb
Xanımı bezdirirəm -
Evdəyəm! Evdəyəm! 

Gedən yox yola salam,
Gələn yox qapı açam;
Bir xoş insana həsrət,
Bir qonağa möhtacam -
Evdəyəm! Evdəyəm! 

Bu virusun qorxusu
Hələ də canımdadı.
Sarımsaq, sabun, dərman,
Spirt də yanımdadı -
Evdəyəm! Evdəyəm! 

*** 

Bütün ölənləri koronavirusun ayağına yazırlar?.. 

*** 

Fransanın korona üzrə mütəxəssisi Vartanyandı… 

*** 

Hər yaşın öz həqiqətləri var… 

*** 

Xalq sabuna öyrəşdi… 

***

Bəd xəbəri niyə şövqlə deyirsiz ki?!.. 

***

Baxıram gənclərin paylaşdığı filmlərin siyahısına - əksəri qaramat, qorxu, xof, vahimə yaradan filmlərdir...

Dünyanı bugünə həm də o filmlər qoydu. Arzuladıqlarınız başımıza gəldi.

Nikbin olun! İşıq axtarın!

Sonu yaxşılıqla bitən filmlərə baxın! 

***

Dünya qoca-filan deyil, balaca uşaqdır, hələ əl-üzünü yumağı təzə-təzə öyrənir… :)

***

Müharibə daha asandır - güllənin hardan açılacağını, zərbənin hansı tərəfdən gələcəyini təxmin edə bilirsən... 

*** 

40 gün 40 gecə konsertə qulaq asdılar.

***

Qocalar yox, qoca genlər, qoca millətlər təhlükədədir… 

*** 

Dünyanı nəyəsə hazırlayırlar…

***

Guya ki evdəyəm. İşdən başım açılmır… 

*** 

İndi də Feysbuk gücə düşəcək, yükü ağırlaşacaq. Bütün karantin yığılıb bura :) 

*** 

Gənclərin Azərbaycan filmlərinə baxmaq imkanı yaranıb. Coxusu heç “Bəxtiyar” filmini də görməyib. Karantin günlərində yerli filmlərə üstünlük verən TV-lər sağ olsunlar… 

*** 

Zəncəfilin hörməti, elə qiyməti də qalxacaq. Virusun əsas təbii qovucusudur… 

*** 

İndi növbə Çingiz Abdullayevdədir. Bu proseslər əsl detektiv-fantazi romanın mövzusudur. Görək ilk əsəri hansı fantast-detektiv yazıçı və hansı səviyyədə yaradacaq?!.. 

*** 

Bir ay sürən uzun bir Gün... 

*** 

Məntiqdən kənarda heç nə yoxdur… 

*** 

Hər kəsin taleyi öz əməlidir… 

*** 

Əsas - düşüncəni zəbt etməkdir. 

*** 

Yaradıcı ruhu qoruyaq 

MƏDƏNİYYƏT MƏKANLARINI VİRTUL GƏZMƏK İMKANI 

Mədəniyyət naziri Əbülfəs Qarayevin ictimaiyyətə müraciətini diqqətlə oxudum. İnformasiya baxımından da olduqca dolğun müraciət idi. İnanıram ki, mədəniyyətsevərlər fürsətdən istifadə edib nazirin bu müraciətdə dediklərindən faydalanacaqlar.

Mən özüm bundan öncə Əbdürrəhim bəy Haqverdiyevin hekayələr kitabı üçün Milli Kitabxanamızın "Biblioqrafik sorğu" bölməsinə elektron müraciət eləmişdim. Çox xoşdur ki, qısa zamanda, operativ şəkildə kitabın elektron variantını [email protected] ünvanından mənim mailimə göndərdilər. Buna görə Milli Kitabxananın rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Və bu ideyanı yüksək qiymətləndirir, ictimaiyyəti yaradılmış belə bir imkandan bəhrələnməyə çağırıram. İnsanlar bu yolla evdə oturaraq həm Milli Kitabxananın elektron bazasından yararlanar, həm də muzeyləri, mədəniyyət müəssisələrini virtual gəzə bilərlər. Beləcə, karantin müddətində həm də mənəvi ruhumuzu qorumuş olarıq. Əbülfəs Qarayevin mürəciətində dediyi kimi: "Yaradıcı ruhu heç vaxt əldən verməyin!"

*** 

Məsuliyyətsizlik, laqeydlik tək sənə yox, başqalarına da ziyan vurur… 

*** 

Onu kəsdiyi ağacların ahı tutdu… 

*** 

Çayı turş alçayla içməli olacaqsız… 

*** 

Fikri boğazında qalmışdı... 

*** 

Korona dövründə güllədən öldü… 

*** 

Yazdığı statuslar gizlədiyi xarakterinin paxırını açırdı... 

*** 

Təşəbbüs: zəng atəşfəşanlığı 

Gəlin, bugündən başlamaqla, hərəmiz 5 nəfər yaşı 65-i keçən tanışımıza zəng vurub hal-əhval tutaq, nəyəsə ehtiyaclarının olub-olmadığını soruşaq.

Təsəvvür edirsiz, susqun telefonlar dilə gəlir, çöhrələrə təəccübqarışıq bayram ovqatının ifadəsi qonur, adi bir zəng insanlara yalqız olmadıqlarını anlamağın sevincini yaşadır.

Mən başladım! 

*** 

Bir neçə gündür, Feysbukda bu karantin günlərində baxmaq üçün tövsiyə edilən filmlərlə tanış oluram. "Baxıram" yox, məhz "tanış oluram"! Çünki gənclərin baxdıqları filmlərin əksərən pessimist ruhlu olduğu qənaətindəyəm. Odur ki, öncədən tanış olmaqla özümü həmin filmlərin gətirəcəyi pessimizmdən bir növ sığortalamağa çalışıram. Ümumiyyətlə, bu aralar ağır hüzn, neqativ ovqat yarada biləcək filmlərdən, kitablardan qaçıram.

Bu əsnada Seyfəddin Hüseynliyə demişdim ki, mənə öz siyahısındakı, ovqatıma uyğun bir filmin linkini göndərsin, baxım. O da Vadim Perelmanın "Qumdan və dumandan qurulan ev" filmini göndərdi. Belə başa düşdüm ki, bunu nisbətən işıqlı film kimi məsləhət görüb. Amma...

Mən bu filmi izləyərkən bir neçə yerdə çox pis oldum. Filmdən çıxan ümumi nəticə belədir ki, kəsdiyi ağacların ahı tutur kişini. Eyni zamanda, qızın 500 dollara görə nə qədər insanın faciəsinə səbəb olması bir daha göstərir ki, məsuliyyətsizlik və laqeydlik insanların taleyinə kökündən təsir edir. Təxminən, Culian Barnsın Seyfəddin Hüseynlinin tərcüməsində bir müddət öncə oxuduğum "Aqibət duyğusu" romanında olduğu kimi. Orada da bir nəfərin məsuliyyətsizliyi, laqeydliyi sonda neçə insanın taleyinə zərbə vurur.

İnsafən, Perelmanın bu filmi yaxşı alınıb, baxımlı, maraqlıdır. Amma indiki korona günlərinə və mənim ovqatıma heç uyğun deyil - nikbinlik, sabaha ümid aşılamır. Gənclərə, elə Seyfəddinə də belə ağır auralı filmlərə və kitablara bu qədər qapılmamağı tövsiyə edərdim.

Qısası, mən sonu yaxşılıqla bitən filmlər, nikbin finallı əsərlər istəyirəm!.. 

*** 

Hansı xalqı evə yığmaq çətindir, sizcə?!.. 

***

Çalışın bu ərəfədə ölməyin… 

***

Rəhmətliyin oğlu, prostat vaxtıdır?!.. 

Həkim dostumla telefon söhbətində çalışdığı klinikanın fəaliyyəti, müraciət edənlərin olub-olmadığı ilə maraqlandım. Dostum qayıtdı ki, hamının koronavirusla bağlı narahatçılıq keçirdiyi bu günlərdə bəziləri elə niyyətlə gəlirlər ki, məəttəl qalıram. Məsələn, bir nəfər gəlib profilaktik tədbir kimi prostatını UZİ elətdirmək istədiyini bildirdi: Dedim ki, bilirsən, bura tibb müəssisəsidir, hər cür xəstələr gəlir, bu günlər virusa yoluxmaq ehtimalı çoxdur, hər yerdə də deyirlər ki, evdən çıxmayın, evdə qalın, özünüzü virusdan qoruyun. İndi, ay rəhmətliyin oğlu, bu darmacalda prostat vaxtıdır ki, durub gəlmisən?!.. :) 

*** 

Küçələrdə tək-tük adam gözə dəyir. Adamları çox da ittiham etməyin, əksəriyyət ev-eşiyindədir. 

***

Deyirəm, Bill Qeyts neçə il qabaq filan fikirləri söyləmişdi. Deyir, Zirəddin də demişdi…

Hərənin öz inandığı :) 

*** 

Zəncəfilin qiymətinin at belinə qalxmasından sonra biri çıxıb ciddi-ciddi danışır: “Yuxuda müqəddəsləri gördüm, dedilər ki, koronavirusun dərmanı SUMAXdır”. Və başlayır sumaxın ilahi keyfiyyətlərindən, ondan necə istifadə olunmasından moizə oxumağa. Bilmirsən, cəhalətdir , yoxsa ticarət?! Özü avamdır, ya camaatı avam yerinə qoyur?! :)

 





29.03.2020    çap et  çap et