525.Az

Yusif Seyidovun elmi irsinin tədqiqinə mühüm töhfə


 

Yusif Seyidovun elmi irsinin tədqiqinə mühüm töhfə<b style="color:red"></b>

Bu yaxınlarda AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və Aliyə Əbülfəzqızının həmmüəllifliyi ilə “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya işıq üzü görüb. Əsər Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunub.

Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri isə professor İsmayıl Kazımov və professor Hüseyn Həşimlidir.

Görkəmli Azərbaycan dilçisi, ədəbiyyatşünas və ədəbi tənqid sahəsində də qiymətli əsərlərin müəllifi olan Yusif Seyidovun dilimizin, xüsusən sintaksisimizin öyrənilməsində və inkişafında müstəsna xidmətləri vardır. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Yusif Seyidov oraya nüfuz etməsin və o sahə ilə bağlı tədqiqat aparmasın. Onun elmi fəaliyyətinin hərtərəfli öyrənilməsi dilçilik elmimiz qarşısında duran aktual məsələlərdən biridir.

İndiyə qədər Yusif Seyidovun haqqında tədqiqatlar aparılsa da, onun irsi sistemli şəkildə araşdırmaya cəlb olunmamış, çoxşaxəli yaradıcılığının bəzi sahələri öyrənilsə də, bir çox məqamlar hələ də araşdırılmamışdır. Bu baxımdan monoqrafiya Yusif Seyidovun elmi fəaliyyətinə həsr olunmuş ilk irihəcmli əsər olması ilə də diqqəti cəlb edir. Əsərdə professor Yusif Seyidovun yazıçı və dil probleminə aid araşdırmalarından bəhs olunur. Məlumdur ki, Azərbaycan dilçilik elminin böyük bir dövrü Yusif Seyidovun adı ilə bağlıdır. Dilçilik elmində bir sıra problemlərin araşdırılması üçün Yusif Seyidovun yaradıcılığı kifayət qədər material verir. Dilimizdə qrammatik təhlilin bədii materiallar əsasında aparılması, söz birləşmələri ilk dəfə məhz bu görkəmli alim tərəfindən araşdırmaya cəlb olunmuşdur. Yazıcı və dil məsələsi isə Yusif Seyidovun yaradıcılığında böyük bir problem kimi qoylumuş, görkəmli dilçi alim elmi fəaliyyətinin böyük bir hissəsini bu mövzuya həsr etmiş, bu problemin uğurlu şəkildə həllinə nail ola bilmişdir.




Mövzu o qədər geniş, Yusif Seyidovun bu sahədəki fəaliyyəti o qədər əhatəlidir ki, haqqında danışdığımız monoqrafiyada onun müəyyən bir dövrü – XX əsrədək olan dövr I kitab şəklində təqdim olunur. Əsər giriş, üç fəsil, nəticə və müxtəlif dillərdə zəngin ədəbiyyat siyahısından ibarətdir. “Professor Yusif Seyidovun həyat və yaradıcılığının ümumi mənzərəsi” adlanan I fəsildə görkəmli alimin doğulub boya-başa çatdığı, ilk təhsil aldığı Şərur rayonunun Yengicə kəndindən başlanan ömür yoluna nəzər salınmışdır. Bu fəsildə həmçinin professorun yaradıcılığının ümumi mənzərəsi də öz əksini tapmış, onun elmi fəaliyyətinin müəlliflər tərəfindən üç istiqaməti müəyyənləşdirilmişdir: 1. Qrammatika məsələləri; 2. Azərbaycan dilinin tədrisi məsələləri; 3. Yazıçı və dil məsələləri.

Monoqrafiyada qeyd olunur ki, qrammatika məsələləri Yusif Seyidov yaradıcılığında həmişə diqqət mərkəzində olmuşdur. O, Azərbaycan qrammatikasında ilk dəfə feilin təsriflənməyən formalarının elmi mahiyyətini izah etmiş, o zamana qədər budaq cümlələrlə eyniləşdirilən tərkiblərin qrammatik mövqeyinə aydınlıq gətirmişdir. Dilimizdə sintaktik əlaqələrin geniş və hərtərəfli tədqiqi də Yusif Seyidovun adı ilə bağlıdır.

Azərbaycan dilinin tədrisi məsələləri də Yusif Seyidovun bir tədqiqatçı kimi diqqətindən kənarda qalmamışdır. Bu da təsadüfi deyildi. Çünki 1956-cı ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrası açılan gündən 2013-cü ilə, yəni dünyasını dəyişənə qədər Yusif Seyidov bu kafedraya rəhbərlik etmiş, həmişə tədris prosesinin içində olmuşdur.

Monoqrafiyanın II fəsli “Professor Yusif Seyidov və XI-XV əsrlər ədəbiyyatımızda Azərbaycan ədəbi dili məsələləri” adlanır. Ə.Quliyev və A.Əbülfəzqızı tərəfindən müəyyən edilən yaradıcılığının üçüncü istiqaməti, yazıçı və dil məsələləri Yusif Seyidovun elmi fəaliyyətində qızıl xətlə keçir. Professor Azərbaycan ədəbiyyatının ilk anadilli nümunələrindən başlamış müstəqillik dövrünə qədər, təxminən min illik bir dövrdə Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında rolu, əhəmiyyəti barədə fikirlərini toplamışdır. Bu fikirlər tədqiqatçı süzgəcindən keçirilmiş, sistemə salınmışdır. Yusif Seyidov bu sahədə bir salnamə yaratmışdır desək, yanılmarıq. Əsərdə qeyd olunur ki, təkcə 1977-1989-cu illərdə onun bu mövzu ilə bağlı “Klassik Azərbaycan şairləri söz haqqında”, “Yazıçı və dil”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti” adlı beş sanballı monoqrafiyası işıq üzü görmüşdür. Bundan başqa “Nəsiminin dili” (1996) əsəri də onun bu mövzuda ciddi və ardıcıl axtarşılarının, dil tariximiz haqqında dərin və hərtərəfli biliyinin məhsuludur.

Bu fəsildə Yusif Seyidovun xalqımızın “ana kitabı” olan “Kitabi-Dədə Qorqud” dastanı, “Dastani-Əhməd Hərami” məsnəvisi və İ.Nəsimi əsərlərinin dili ilə bağlı araşdırmaları geniş təhlil olunur. Göstərilir ki, Yusif Seyidov “Kitabi-Dədə Qorqud” dastanının müqəddiməsində Dədə Qorqudun dilindən verilən sözləri təkcə azərbaycanlılar, təkcə türk dünyası üçün deyil, bütövlükdə insanlıq üçün əxlaq dərsi verən fikirlər kimi dəyərləndirir.  Nəsiminin dilini isə tamamlanmış, yüksək səviyyəli ədəbi-bədii dil nümunəsi hesab edir və qeyd edir ki, onun dilinin timsalında Azərbaycan poeziya dili ərəb-fars dilləri ilə yanaşı qoyulmuş, Şərqdə böyük şöhrət tapmışdır.        

Əsərin üçüncü fəsli “Professor Yusif Seyidov və XVI-XIX əsrlər ədəbiyyatımızda Azərbaycan ədəbi dili məsələləri” adlanır. Burada müəlliflər Yusif Seyidovun Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə kimi Azərbaycan şairlərinin, maarifçilərinin yaradıcılığında dil məsələləri ilə bağlı tədqiqatlarını əhatəli təhlilə cəlb etmişlər. Bu fəsildə haqlı olaraq qeyd olunur ki, ana dilimiz  XVI əsrdə şeirimizin sultanı, qəlb, məhəbbət şairi Məhəmməd Füzuli timsalında zirvəyə qalxadı. Əsrlərlə davam edən və XIX ərsdə də M.F.Axundzadə, H.Zərdabi, Ü.Hacıbəyli, C.Məmmədquluzadə kimi maarifçi realistlərin apardığı ədəbi dil uğrunda mübarizə isə ancaq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu zaman tam şəkildə öz bəhrəsini verdi. Azərbaycan dilinə dövlət dili statusu verildi, məktəblər milliləşdirildi.

Monoqrafiyada göstərlilir ki, görkəmli alimin digər dilçilərimizdən əsas fərqi məhz onun qədim ədəbi dilimizə dərindən nüfuzu və çağdaş ədəbi prosesi ardıcıl izləməsi olmuşdur. Yusif Seyidov təkcə dilçi deyil, həm də ədəbiyyatşünasdır və eyni zamanda bu elmləri bir araya gətirən, onlar arasında vəhdət yaradan bir alimdir. İnadlı və düzgün müqayisə və qarşılaşdırmalara əsaslanan təhlillərdən istifadə onun yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Eyni zamanda Azərbaycan dilçilik elminin bu görkəmli nümayəndəsi öz irsində bədii və publisistik üslubları birləşdirmişdir.

Bütün bunlar bir daha göstərir ki, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” monoqrafiyası müəlliflərin Yusif Seyidova olan böyük hörmət və diqqətinin nəticəsi kimi ortaya çıxmışdır. Burada Ə.Quliyev və A.Əbülfəzqızı professorun yaradıcılığından sevə-sevə söhbət açır, onun yazıçı və dil mövzusunda araşdırmalarını sistemli və əhatəli şəkildə öyrənirlər. Bu əsər professor Yusif Seyidov irsinə verilən dəyərin bir nümunəsidir və inanırıq ki, tezliklə əsərin II kitabı da oxucuların ixtiyarına veriləcəkdir. Biz də bu işdə müəlliflərə yaradıcılıq uğurları arzulayırıq.

Nuray ƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
(AMEA Naxçıvan Bölməsi)

 





29.03.2020    çap et  çap et