Azərbaycanda müxtəlif etnik və dini qrupların bir arada dostcasına, qardaşcasına yaşaması artıq bütün dünyanın da qəbul etdiyi bir həqiqətdir. Heydər Əliyev Fondunun bu istiqamətdə irəli sürdüyü və həyata keçirdiyi təşəbbüslər də bunu bir daha beynəlxalq ictimaiyyətə sübut edir. Dünyanın nüfuzlu ölkələrində bununla əlaqədar təşkil edilən tədbirlər, forumlar, sərgilər əyani şəkildə beynəlxalq aləmi Azərbaycanın etnik və dini tolerantlıq modelinin təbliğinin vacibliyinə inandırır.
Bu günlərdə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan - tolerantlıq məkanı" mövzusunda fotosərgisi həyata keçirilən silsilə tədbirlərdən biri kimi diqqəti cəlb edir. Avropa ölkələləri liderlərinin narahatlıqla "Qərbdə mültikulturalizm iflasa uğrayıb" fikirlərinin yayıldığı bir zamanda Avropanın möhtəşəm şəhərlərindən birində belə bir sərginin təşkili multikulturalizm əleyhdarlarına ən tutarlı cavab təsiri bağışlayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da iştirak etdiyi sərgini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov açıb. Qonaqları salamlayan səfir "Azərbaycan - tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib. Səfir ekspozisiyadakı fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu nümayiş etdirdiyini bildirib, sərginin bir qədər əvvəl UNESCO-da keçirildiyini xatırladıb.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olub: "Multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu xüsusiyyətin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə yüksək dəyər verilir. Bu sərgi indiyə qədər UNESCO, Avropa Parlamenti və BMT-də təşkil olunub, dünyada dözümsüzlük hallarının artdığı bir vaxtda Azərbaycanın fərqli dinlərin və millətlərin bir arada firavan yaşamasının ən gözəl örnəyinə çevrilib".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan nisbətən gənc ölkə olsa da, bizim çox qədim tariximiz var: "Son illər hökumətimizin və Heydər Əliyev Fondunun dəstəyi ilə 20-dən çox məscid, kilsə və sinaqoq yenidən qurulub və bərpa olunub. Şübhəsiz ki, ölkəmizdə bütün dinlərə hörmət var. Eyni zamanda, indi Bakı iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna, o cümlədən hər il baş tutan Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir və beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır. Bugünkü sərgi dünya şöhrətli fotoqraf, bizim əziz dostumuz Reza Deqati tərəfindən yaradılıb. Bu sərgi müxtəlif dinlərə mənsub olan insanların bizim ölkəmizdə necə sülh şəraitində yaşadığını əks etdirir. Bu cür adi və normal hadisənin hazırda dünyada qeyri-adi bir hadisəyə çevrilməsi kədərli haldır. Amma müsəlmanların, xristianların və yəhudilərin bir yerdə yaşadıqları, sünni və şiələrin birgə ibadət etdikləri Azərbaycanda bu, həmişə adi, normal həyat tərzi olub və belə də davam edəcəkdir".
Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan zəngin təəssürat aldığını bildirərək vurğulayıb ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirən Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar: "Çünki Prezident İlham Əliyev Azərbaycanın tolerant imicinin dünyada tanıdılması istiqamətində böyük işlər görür".
Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırlatmış, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulayıb, bütün dünyada təhdidlərin hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkib.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin nadir harmoniyasının yaranmasına nail olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.
Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsinin müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirib və torpaqlarımızın tezliklə azad olunmasına çağırıb.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati tədbirin iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada nadir modellərdən biri olduğunu vurğulayıb, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Sərgi iştirakçıları həmçinin Azərbaycanda hökm sürən tolerantlıq mühitindən bəhs edən filmə tamaşa ediblər. Sərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin müxtəlif vaxtlarda Azərbaycana səfərləri zamanı çəkdiyi və ölkəmizdəki tolerantlığı əks etdirən fotoları nümayiş etdirilib.
Bütün bu tədbirlər dönə-dönə təsdiqləyir ki, Azərbaycan rəhbərliyi digər sahələrdə olduğu kimi, ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlanmasına da hər zaman diqqət göstərir, multikulturalizm Azərbaycanda həyat tərzi olmaqla bərabər, həm də dövlət siyasətidir. Məhz buna görə də müasir Azərbaycan hazırda dünyaya dini tolerantlıq, multikulturalizm və millətlərarası münasibətlərin inkişafı modelini təqdim etməyi bacarır.
S.ABDULLAYEVA