525.Az

Edinburqdakı Azərbaycan əsərləri - Bəsirə Əzizəli yazır


 

ALİM VƏ SƏYYAH MUHSİN KADIOĞLU EDİNBUQRDA SAXLANAN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ NÜMUNƏLƏRİNİN SORAĞINDA

Edinburqdakı Azərbaycan əsərləri - <b style="color:red">Bəsirə Əzizəli yazır</b> Tanınmış tədqiqatçı Muhsin Kadıoğlunun yaradıcılığının mühüm bir qismini səyahət kitabları təşkil edir.

Yazarın Türkiyə türkcəsində “Gezi Rehberi” – “Tur bələdçisi” kimi Google Play Books üzərindən yayınlanan, Avropa, Asiya və Afrikanın müxtəlif şəhərlərindən bəhs edən 35 kitabını sadəcə tur bələdçisi kimi deyil, səyahət kitabı kimi dəyərləndirməmizin səbəbi həmin kitabların birbaşa şəxsi səfərlərin təəssüratları kimi meydana çıxması və klassik səyahətnamələrdən də mənimsənilməklə fərqli xüsusiyyətlərə malik olması ilə bağlıdır.

M.Kadıoğlu müasir dünyamızda ən çox səyahət və tur bələdçisi kitabı yazan müəlliflər arasında ikinci sırada dayanmaqdadır. M.Kadıoğlu səyahət və tur bələdçisi kitablarında qələmə aldığı məlumatların genişliyi, tarixiliyi, müxtəlif spektrli olması, zənginliyi, orijinal forması ilə seçilən səyyah-yazarlardandır.



M.Kadıoğlunun səyahət kitabları Bakı, Budapeşt, Krakov, Praqa, Kavala, Oslo, Edinburq, Qlazqo, Esterqon, Roma, Strilnq, Aberdin, Sloveniya, Mohaç, Eğre, Esterqon, Ziqetvar, Reçuy, Vişeqrad, Əlcəzair, Timimun, Kordova, Malaqa, Vatikan, Dublin, Sevilla, Qranada, Lissabon, Aviero, Coimbra, Porto, Karlov, Lubiyana-Portoroz, Qdansk və digər şəhərləri əhatə edir. Siyahıdan da göründüyü kimi, böyük bir coğrafiyanı çevrələyən səyahət kitablarının sturkturu, tarixi, etimoloji, elmi, mədəni, sosial məsələləri əhatə edən xüsusiyyətləri də zəngin və əhəmiyyətlidir.

Səyahət və tur bələdçisi kitablarında bəhs etdiyi şəhərin qeyd olunan özəllikləri ilə yanaşı, yazar bizim üçün çox əhəmiyyətli olan iki məsələnin – türk və islam əsərlərinin ortaya çıxarılması və dəyərləndirilməsinə xüsusi diqqət yetirmişdir.
Bu baxımdan Azərbaycan əsərlərinin də yer aldığı “Edinburgh Gezi Rehberi” – “Edinburq tur bələdçisi” kitabı həm yazarın səyahət və tur bələdçisi kitablarınının nəzəri və təcrübi tərəflərini dəyərləndirməsi, həm mədəniyyəti, tarixi ənənələri və özünəməxsusluğu ilə fərqlənən Şotlandiya şəhərinin tanıdılması, həm də oradakı türk və islam izlərinin şərhi kontekstində maraq və önəm kəsb edir. “Bu səyahət kitabının türk və şotland xalqı arasında mədəni münasibətlərin inkişafına təsir edəcəyinə inanıram. İki millət bir-birinin mədəniyyətini daha çox tanıdıqca mədəniyyətə olan töhfələrini təqdir edəcəkdir. Bu kitabın Şotlandiya xalqının və onların ən önəmli şəhərlərindən və mərkəzlərindən olan Edinburqun tanınmasına vəsilə olacağını düşünürəm” deyən M.Kadıoğlu kitabın ön sözündə bu tipli əsərləri yazarkən diqqət etdiyi özəllikləri şərh edir. Bu fikirlərdən yazarın şəxsi təcrübələrini mənimsəməklə yanaşı, səyyahət və tur kitabları üçün vacib olan cəhətləri də müəyyən edə bilirik.

Yazar sözügedən özəllikləri belə sıralayır: “Öncəliklə, “görmə”niz lazım olan məsələlər haqqında hamıya məlum olan faktlardan başqa digər məlumatları da verməyə qeyrət göstərirəm. İkincisi, hər kəsin sərhədsiz bir büdcəyə sahib olmadığından çıxış edərək tur kitabları içərisində sizlərə maddi baxımdan sərfəli olacaq məqamlar haqqında da bəhs etməyə cəhd edirəm. Üçüncü məsələ bəhs etdiyim ölkələrin əlifbalarında istifadə olunan özəl işarələrlə bağlıdır. Yazılarımda həmin özəl hərflərə yer vermirəm, türk dilinin yazı sistemində istifadə etdiyimiz işarələri işlədirəm. Bu cəhət həmin əsərləri, küçələri, yolları və ya digər məkanları tapmağa əngəl olmur. Dördüncüsü, tur kitablarında coğrafi məkan adlarını verərkən türk-islam ənənələrində işlədilən adlardan istifadə etməyə xüsusi səy göstərirəm. Lakin gəzilən ölkələrdə həmin məkan adlarının yerli dildəki versiyasını da ən azı bir dəfə verməklə anlaşılmasını asanlaşdırmağa çalışıram”.

M.Kadıoğlu səyahət və tur bələdçisi kitablarında önəm verdiyi cəhətlərdən də ayrıca bəhs etmişdir. Yazar xarici ölkələrə kortəbii bir heyranlıq duyğusu yaşayanlara məsələyə qarşılıqlı hörmətlə yanaşmağı tövsiyyə edir, “yalançı heyranlıq”, “geri qalmışlıq” hissindən uzaq olmağa çağırır, “mən gəzdiyim ölkələrdə üstünlük duyğusuna sahib olmadığım kimi, geri qalmış bir ölkə və millətə mənsub olma duyğusunu da əsla yaşamıram” fikirləri ilə oxucularına da belə səslənir: “Geri kalmış bir ölkə və millətə mənsub olma duyğusunu yaşamanız üçün heç bir səbəb yoxdur. Əksinə isə qürur duymanız üçün çox səbəb vardır”.
M.Kadıoğlu digər bir mühüm məsələyə də xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır ki, bu cəhət, əslində, M.Kadıoğlu yaradıcılığının mühüm istiqamətindən qaynaqlanmaqdadır: “... Biz türklər son dərəcə uzun bir tarixi keçmişimizlə islam kültür dairəsində yer alırıq. Uzun bir müddət Qərb ölkələri qarşısında islamın tək müdafiəçisi olduğumuz üçün Qərb ölkələrində islamla bağlı ünsürlərin bir çoxu türklərlə əlaqəlidir. Bu baxımdan da islamla, islam ölkələri ilə, türklərlə və türklərə qohum millətlərlə bağlı ünsürlərə önəm verirəm”.

M.Kadıoğlunun səyyahət və tur bələdçisi kitabları Türkiyə türkcəsində yayınlansa da, yazar dünyada yalnız Türkiyə türklərinin deyil, bütün dünya türklərinin tarixi və mədəni mirası sorağındadır: “Mən “türk” deyildiyində çox uzaq və fərqli coğrafiyalarda yer almış, günümüzdə tarix səhnəsindən silinmiş olsa da bütün türkləri anlayıram. Türklər Asiya hun, Avropa hun, Ağ hun, Avar, Şimali Vey, Sabir, Göytürk, bolqar, xəzər, İdil bulqarları, Qaraxanilər, qıpçaq, peçeneqlər, Şirvanşahlar, Sacilər, uyğurlar, Qəznəlilər, Böyük Səlcuqli, Anadolu Səlcuqlu, Osmanlı, Qızıl Orda, Cığatay, Timurlular, Ağqoyunlular, Qaraqoyunlular, Kazan, Krım, Beridşahlar, Adilşahlar, Səfəvilər, Babur kimi imperatorluqların, sultanlıqların, xanlıqların və Şərqi Roma İmperatorluğu kimi imperatorluqların mirasçısıdır. Bu səbəbdən, Türkiyə xaricindəki bir Bizans əsəri, əslində, bizim xəzinəmizdir. Türklərin muzeylərində olmayan bir Səfəvi əsəri türklərin itmiş sərvətidir”.
M.Kadıoğlunun səyahət və tur bələdçisi kitabları üçün təsvirdən daha çox araşdırma, görünənlərin görünməyən qatlarına enmək xarakterik olduğu üçün yazar tarixi bilgilərin bir səyyah-yazarın fəaliyyətində çox vacib olduğu düşüncəsindədir. Əks halda, bəzən türk və islam dünyasını, onların önəmli şəxsiyyətlərini aşağılamaq üçün qoyulmuş heykəllərə səssiz qalmaqdan başqa yol olmayacaqdır. Yazara görə, “Qərb ölkələrində türk və islam ordularına qarşı qazandıqları zəfərləri şişirdərək türklərin və islamın simvollarını öz milli qəhrəmanlarının ayaqları altına alan heykəllər qoymaq və rəsmlər çəkmək adət etdikləri və əsla əl çəkmədikləri bir xəstəlikdir. Dünya din müharibələri dövrünü bitirməsinə baxmayaraq, dini alçaldıcı motivlərin davam etməsi müasir dünya insanının düşüncəsi ola bilməz”. Bu səbəbdən, M.Kadıoğlu yazır ki, “gördüyüm yerlərdə türklərin və islamın simvollarını alçaldan ünsürlərlə bağlı məlumatları verirəm. Gün gələr, kimsə onların aradan qaldırılmasını istərsə, harada nə olmasına dair əlimizdə məlumat olsun”. Bu baxımdan özünün də söylədiyi kimi, M.Kadıoğlu səyahət və tur bələdçisi kitablarını “milli baxış bucağından” yazmışdır: “Gəzilən şəhərlərdə milli baxış bucağından gəzmək milli tariximizə, milli sənətimizə, milli kültürümüzə qarşı məsələləri anlamaq, oxucuya anlatmaq deməkdir. Qərb dünyasında dini və milli simvolizmlə türklər və ya müsəlmanlar aşağılanırlarsa, bu əsərləri bilmək, zaman və yeri gəldiyində bu aşağılayıcı ünsürləri ortadan qaldırmasını istəmək və bu sahədə israrçı olmaq hər türk və müsəlman aydınının vəzifəsi olmalıdır”.

M.Kadıoğlu kitabda şəhərin tarixi, etimologiyası, milli-mədəni abidələri və məkanları, görməli yerləri, məşhur şəxsiyyətlərinə həsr etdiyi bölmələrdən başqa “Edinburqda türk və islam əsərləri” adlı ayrıca başlıq altında türk və islam dünyasına aid sənət və memarlıq əsərlərini araşdırmışdır. Burada Türkiyə türklərinə aid əsərlərlə yanaşı, Babur, tatar və Azərbaycan türklərinə məxsus eksponantlar, abidələr də öyrənilmişdir. Böyük Britaniyanın bir çox muzeylərində olduğu kimi Edinburqda da Şotlandiya Milli Muzeyində sərgilənən, yazarın qeyd etdiyi kimi, “hazırlandığı dönəmdə Qərbdə böyük heyranlıq doğuran XV əsrə aid İznik boşqabları, Venesiya və Osmanlı imperatorluqları arasındakı savaş səhnələrini əks etdirən, XVII əsrdə Andrea Brustolon tərəfindən çəkildiyi güman edilən “Böyük Barok masa”, Edinburq Qalasında təqdim edilən Osmanlı sultanının verdiyi üst səviyyəli, birinci, ikinci və üçüncü tip medallar, Osmanlı sultanının Krım müharibəsində (1853-1856) iştirak edən ingilis əsgərlərinə verdiyi medallar, Milli Portret Qalereyasında təqdim olunan rəssam Frank Breqvinın 1919-cu ildə çəkdiyi “Türk quyusu” əsəri, Maltalı rəssam Amadeo Preziosi tərəfindən çəkilən “Türk mektub yazıçı”, Hollandiya rəssamı Pieter Soutmana aid “Atlı bir türk şahzadəsi”, Şotlandiya rəssamı James Stevarda aid “Çərkəz əsir” əsəri, adsız Babur əsəri, Babur generalı Mirzə Nujuff Zülfüqar əl-Dovlahın rəsmi, Babur imperatorluğunun paraları, Babur imperatorlarının doqquz miniatür portreti və digər miniatürlər, çini qablar, parçalar, türbə və digər əsərlər kitabda həm təqdim olunur, həm də haqqında dolğun məlumatlar verilir.

“Edinburq tur bələdçisi” kitabında “Azərbaycan türklərinə aid əsərlər” bölümündə isə Şotlandiya muzeylərindəki əsərlərimiz şərh olunmuşdur. Bunların arasında “Könüllü ordu əsgəri”, “Kişi gödəkçəsi”, “Azərbaycan boşqabı” nümunələri maraq doğurmaqdadır.




“Könüllü ordu əsgəri” əsəri Edinburqun National Portrait Gallery – Milli Portret Qalereyasında sərgilənir. Yazarın verdiyi məlumata görə, əsər “həqiqi adı Osborne Henry Mavor olan, lakin babasının və nənəsinin qızlıq soyadından yeni bir isim yaradaraq James Bridie adı ilə yazan”, yazar, senarist və həkim tərəfindən çəkilmiş bu şəklin üzərində “Könüllü əsgər, Bakı, 1918, Ləzginka” yazılmışdır. Göründüyü kimi, burada Ləzgihəngi rəqsi oynayan bir rəqqas təsvir olunmuşdur.

“Kişi gödəkçəsi” əsəri də Milli Portret Qalereyasının eksponatları arasında yer almışdır. M.Kadıoğlu “qalın qara qolsuz ködəkçə rəngli ipək, qızıl və gümüş iplik işləməli, qırmızı və mavu yunlu qumaşdan tikiş parçaları ilə hazırlanmışdır” yazarak 1989-cu ildə keçirilən Paris sərgisindən qalmış bu əsərin Cənubi Azərbaycanın Urmiya şəhərindəki Azərbaycan türklərinə aid olduğunu göstərir: “National Portrait Gallery – Milli Portret Qalereyasında verilən məlumatlarda “kürd” tərzi olaraq göstərsələr də, bu əsər Cənubi Azərbaycanın Urmiya şəhərindəki Azərbaycan türklərinə aid bir örnəkdir”.




Göründüyü kimi, yazar sadəcə təsvir etməklə kifayətlənmir, bir sıra mənbələrə əsaslanaraq əsərlərin milli mənsubiyyətini təyin etməyə çalışır. Yun, ipək, qızıl və gümüş iplikdən hazırlanmış bu ködəkçə orjinallığı ilə diqqəti cəlb edir.

M.Kadıoğlunun kitabında Azərbaycanla bağlı əsərlərdən biri də National Museum of Scotland – Şotlandiya Milli Muzeyində sərgilənən “Azərbaycan boşqabı” əsəridir.





Yazarın məlumatlarında əsərin “turkuaz, qırmızı və sarı boyalı, qara çərçivəli, açıq çatlaq bir fon üzərində yarpaq şəklindəki bölmələrdə çiçək naxışlı qaba qumdan hazırlanması” göstərilmişdir. M.Kadıoğlu əsərin 1600-ci ildə Azərbaycanda hazırlandığını qeyd edir. Bu tərz boşqablar Böyük Britaniyanın bir çox muzeylərində təsadüf olunmaqdadır, lakin təəssüf ki, Cənubi Azərbaycanda hazırlanmış əksər nümunələri İran əsərləri kim təqdim olunmaqdadır. Buna görə də “Azərbaycan boşqabı” adı ilə verilən nümunələrdən bəhs etməyin xüsusi bir əhəmiyyəti vardır.

Digər əsərlər də kitabda dolğun şəkildə şərh olunur, maraqlı məlumatlar təqdim olunur.
M.Kadıoğlunun zəngin irsində elmi, kulturoloji, ictimai-tarixi mövzulu məqalə və kitabları, roman, hekayə və şeirləri arasında səyahət və tur bələdçisi kitabları da xüsusi bir istiqaməti təşkil edir. Uzun illəri əhatə edən səfərlərinin nəticələri kimi meydana çıxmış 35 kitabın bu gün maraqla oxunması və satılması yazarın artıq bu sahədə öz sözünü deməsindən xəbər verir.

Bu kitabların sturkturu, əhatə etdiyi sahələr, hədəflədiyi məkanlar və onların şərhi baxımından örnək xarekterdə olmasının müasir dövrümüzdə ümumtürk ədəbiyyatında səyahət və tur bələdçisi kitablarının bədii xüsusiyyətlərinin formalaşması baxımından da mühüm əhəmiyyəti vardır. Zəngin və yüzilliklərə dayanan ənənələr yeni forma və çalarlarda meydana çıxır. Muhsin Kadıoğlu türk səyahət ədəbiyyatının varlığını yaşadır.


 





30.03.2020    çap et  çap et