525.Az

Həkim olmağın qüruru - Həkim-terapevt Məlahət Hümmətqızı yazır


 

Həkim olmağın qüruru - <b style="color:red"> Həkim-terapevt Məlahət Hümmətqızı yazır</b>

Hələ orta məktəbdə oxuyanda jurnalist olmaq istəyirdim. Düşünürdüm ki, jurnalist olsam, cəmiyyətə daha çox xeyir verə bilərəm. Ön cəbhədə olub ölkəmizdə və dünyada baş verən hadisələri cəmiyyətə çatdırmaq, insanların düşdüyü çətinlikləri mətbuatda işıqlandırmaqla onlara kömək edə, mənəvi dayaq ola bilərəm. Amma həyat elə gətirdi ki, Tibb İnstitutuna daxil oldum, həkimlik peşəsinə yiyələndim, insanların sağlamlığının keşiyində durdum.
 
Anladım ki, həkimlər də jurnalistlər kimi cəbhədədir. Yetər ki, insanlara əlini uzat, kömək et, təmənnasız xidmət göstər. 1993-cü il idi, Qarabağda qızğın döyüşlər gedirdi, mən 3-cü kursda oxuyurdum. Xəstəxanalar yaralı əsgərlərlə dolu idi. Biz keçmiş “Semaşko”, indiki 1 saylı şəhər kliniki xəstəxanasında cərrah müəllimlərimizə yaxından kömək edir, axşama kimi onlarla birgə işləyirdik. Əsgərlərin yaralarının yuyulub təmizlənməsində, tikişlər qoyulmasında, sarınmasında onlara yardımçı olurduq. İlk dəfə onda həkim olduğum üçün qürur hiss keçirmiş, şərəfli bir peşəyə yiyələndiyimə görə qürurlanmış, duyğulanmışdım. Nə gizlədim, jurnalist olmaq arzumun ürəyimdə qaldığına görə peşman deyildim. Axı, arzum insanlara yardım etmək idi. Mən isə artıq bu işlə məşğul olurdum.

İnstitutu bitirib Bakı şəhər 11 saylı şəhər poliklinikasında sahə həkimi kimi işə başladım. İnsanları sevdim. Mənə pənah gətirən insanları səbrlə dinləyib, müalicə etdim. Onların şəfa tapdığını görəndə isə peşəmlə fəxr elədim, qürur duydum. İnsanlardan təşəkkür eşitdim, sevindim.

Bütün dünyanın koronovirusla mübarizəyə qalxdığı bu günlərdə özünü qorxmadan xəstəliyin qarşısına atan, bu şərəfli işlə məşğul olan, cəsur həkimlərimiz var. Ölkəmizdə karantin rejimi tətbiq olunub. Həkimlərimiz bir nəfər kimi ayaqdadırlar. Öz vətəndaşlarına "evdə qal, biz sizin yerinizə işləyəcəyik" - deyirlər. Bütün xəstəxanalar, poliklinikalar səhərdən axşama kimi işləyir. Həkimlərimizə virusdan qorunmaq üçün xüsusi formalar, paylanıb, maskalar, əlcəklər, eynəklər verilib. Poliklinikalarda hərarətli xəstələr üçün filtr otaqları yaradılıb. Gərgin iş rejimində çalışırıq. İlk işimiz poliklinikaya həyəcan, təşviş içində gələn insanları sakitləşdirib, maarifləndirdirməkdir. Əlləri tez-tez yumaq, xəstə insanlardan qorunmaq üçün maska taxmaq, özlərini, evlərini təmiz saxlamaq, yuyunmaq, evdən bayıra çıxmamaq, xəstə insanlardan uzaq durmaq, insanların çoxluq təşkil etdiyi yerlərdən uzaqlaşmaq, hərarət hiss etdikdə təşvişə düşməmək, həkimə müraciət etməyi məsləhət görürük. İnsanlar həkimlərə inanır, onların dayağını hiss edirlər. Biz həkimlər bayram və istirahət günləri bilmədən evdə oturmur, işə çıxırıq.

Hələ ilk günlər, dünyada koronovirus tüğyan etməyə başlayanda hər birimiz ərazilərə gedir, qapıları döyüb insanları müayinə edir, maarifləndirirdik. Özümüzü təhlükəyə atdıq, heç nədən çəkinmədik. Bu idi şərəfli peşəmizin üzərimizə qoyduğu məsuliyyət. Biz bununla həm də insanlara öz peşə borcumuzu anlatdıq. Evlərdə hərarətli qoca, yaşlı xəstələrə təcili yardım çağırdıq, onların xəstəxanaya yerləşdirilməsinə yaxından köməklik etdik, yorulmadıq.

Hər gün poliklinikada təşkil olunan filtr otağına onlarla insanlar müraciət edir. Hərarətli xəstələrin burun və boğazından yaxmalar götürüb, onları xüsusi qablarda saxlayaraq, 103-ə zəng vururuq. Onların vasitəsilə müayinə üçün götürülmüş yaxmaları xüsusi təşkil olunmuş Taun mərkəzinə, laboratoriya müayinəsinə göndəririk. Xəstə insanlara müalicə yazaraq, onları evə göndərir, qayğısına qalır, müalicə müddətində müntəzəm əlaqə saxlayırıq. Yaxmanın cavabı müsbət gəldikdə isə təcili yardım çağırıb onları xəstəxanaya yerləşdiririk. İşimizin ağır, gərgin olmasına baxmayaraq, heç nədən şikayət etmirik. Bu çətin günlərdə insanlarımıza əlimizdən gələn bütün köməyi etməyə çalışırıq və bunu özümüzə şərəf bilirik. Yetər ki, insanlarımız xəstələnməsin, təşviş və həyəcana düşməsinlər! İndi ən ümdə vəzifələrimizdən biri də budur.


 





30.03.2020    çap et  çap et