525.Az

“Ad günümü ailə üzvlərimlə, kiçik süfrə başında keçirəcəyik” - Paşa Qəlbinurla müsahibə


 

“Ad günümü ailə üzvlərimlə, kiçik süfrə başında keçirəcəyik” - <b style="color:red">Paşa Qəlbinurla müsahibə</b>

Bu gün tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar həkim, oftalmoloq və şair Paşa Qəlbinurun ad günüdür.

Biz də öz növbəmizdə həm ad gününü təbrik etmək, həm də koronavirus pandemiyası səbəbindən yaradılan sosial izolyasiyanı necə keçirir, bu şəraitdə ad gününü necə qeyd edir və ümumiyyətlə, dünyanı cənginə alan bu virus haqqında nələr düşünür, bütün bunları öyrənmək üçün Paşa müəllimlə əlaqə saxladıq, kiçik bir müsahibə etdik.

Professorun sözlərinə görə, bu günləri o da hər kəs kimi evdədir, ancaq vacib durumlarda işə gedir:

“Azərbaycan həkimləri bu cür xəstəliklərlə, viruslarla mübarizədə həmişə qalib gəliblər”

- Biz də evdəyik, işləmirik. Ancaq fövqəladə lazım olanda gedirik. Olur ki, təcili əməliyyatlarımız olur, onu saxlaya bilmərik.

Zaman-zaman müxtəlif infeksiyalar olur ki, bu, epidemiya, pandemiya halına gəlir. Bu da bəzən 30, bəzən 50, bəzən 100 ildə bir olur. Vaxtilə böyük ərazilərə yayılmış vəba, göz xəstəliyi olan traxoma belələrindəndir. Koronavirus bu gün hər bir xalq, xüsusən o xalqın həkimləri, səhiyyə sistemi üçün bir imtahandır. Xəstəlik pandemiya halına gələndə yalnız həkimlərin səyi yetmir, mütləq insanlar da deyilən şeylərə riayət etməlidirlər. Mənə elə gəlir ki, vaxtilə bizim babalarımız, nənələrimiz gigiyena məsələlərində indiki nəsillərdən daha təmizkar olublar. El arasında “sofu” dediyimiz dərəcədə özlərinə, təmizliklərinə fikir veriblər. Nədənsə, son vaxtlarda hamıda olmasa da, müəyyən qisim adamlarda bu, unudulmuşdu və sanki Allah da yadımıza salır ki, insanlar gərək təmizliklərinə fikir versinlər. Əgər insanlar bunlara riayət eləsələr və immun sistemi yaxşı olsa xəstəliklə mübarizə aparmaq daha asan olacaq. İmmun sistemi üçün də tək yaxşı, sağlam qidalanmaq bəs eləmir. Əsəb sistemi sağlam olmalıdır. Bir-birinə qarşı qıcıq olmamalıdır ki, insan orqanizmi də görülən tədbirlərlə durula-durula getsin. Azərbaycan həkimləri bu cür xəstəliklərlə, viruslarla mübarizədə həmişə qalib gəliblər. İnşallah ki, bu dəfə də qalib gələcəklər, mən buna əminəm.

- Qışla yazın növbələşdiyi bir zamanda, günəşə ehtiyac duyduğumuz anlarda evdə qalmağımız bizim orqanizmimizə, sağlamlığımıza necə təsir göstərəcək?

- Bilirsiniz, biz hər şeydən lazım olduğu dərəcədə istifadə etməyi bacarmırıq. Həbsxanada belə insanları gündə müəyyən müddət ərzində çıxarıb açıq havada gəzdirirlər. İndi insanlar da evdə qalmağa məcburdurlar. Amma özlərini dörd divarda məhdudlaşdırmasınlar. Eyvana çıxıb havada otura, idman edə, kiçik məsafə olsa da gəzə bilərlər. İndi başqa çarəmiz yoxdur. Təbii ki, hərəkətin məhdudlaşması, havasızlıq orqanizmə ziyandır, amma virusa yoluxmaq daha böyük itkilərə səbəb ola bilər. Tez-tez pəncərələri açıb günəşin şüalarını qəbul etsinlər, otağın, evin havasını dəyişdirsinlər.

“İçində olduğumuz bu günlər haqqında esse yazıram”

- Evdə olmağınız yaradıcılığınıza necə təsir edir?

- İş olanda yaradıcılığa, oxumaq istədiyim kitablara çox vaxt ayıra bilmirdim. İndi bütün gün evdə vaxt boldur. Onu da kitab oxumağa, yazılarıma sərf edirəm. Vaxtilə oxuduğum gözəl kitablar vardı ki, yenidən qayıtmaq istəyirdim, buna imkan tapmışam. Yeni kitablar oxuyuram. Yaradıcılıqla məşğul oluram. İçində olduğumuz bu günlərlə bağlı bir esse üzərində işləyirəm, az qalıb, bitirirəm. Beləcə, fəaliyyətdəyəm. Nə edək, ellə gələn yas toy-bayramdır. Bizim bir xalq olaraq onsuz da ümumi dərdimiz var idi- Qarabağ. İndi də ümumi şəkildə virusla mübarizə dərdimiz var. Ümid edirəm ki, onların hər ikisində qalib gələcəyik. Çünki ümumi dərdlər, sevinclər, məqsədlər hər zaman xalqı birləşdirir. Tibb elmi çox inkişaf edib. Xüsusən, epidemologiya, mikrobiologiya sahəsi. Bunun öhdəsindən mütləq çox qısa müddətdə gəlinəcək. Bu müddətdə doğrudur, iqtisadiyyata və bəzi insanların səhhətinə ziyan oldu, amma inanıram ki, daha az itkilərlə arxada qoyacağıq.

- Sosial izolyasiya zamanında ad günü keçirmək necə bir hissdir?

- Ad günümü hər zaman yaxın dostlar, yaxın insanların əhatəsində keçirmişəm. Ya bizə yığışardıq, ya da hardasa oturardıq. Amma bu il belə bir şans yoxdur. Elə həm mənim, həm də bu günlərdə ad günü olan dostlarla bağlı söhbətlərdə danışırıq ki, bu çətin zamanları sağlıqla yola verək, sonra İnşallah görüşərik də, oturarıq da. Bu il ad günümü yalnız öz ailə üzvlərimlə kiçik süfrə başında keçirəcəyik. İndi heç kim heç kimə gedib-gəlmir, məsləhət də deyil.

Şahanə MÜŞFİQ

 





30.03.2020    çap et  çap et