525.Az

Cahangir Məmmədli: “Hazırda dərslik üzərində işləyirəm”


 

Cahangir Məmmədli: “Hazırda dərslik üzərində işləyirəm”<b style="color:red"></b>

Koronavirus infeksiyasının kütləvi yoluxması qarşısının alınması məqsədilə bir müddətdir ki, Azərbaycanda da sosial izolyasiya rejimi davam etməkdədir. Xüsusi karantin rejimi əsasən də böyüklərimizi sosial şəbəkələrə daha da yaxınlaşdırdı. Onlardan biri də professor, Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədlidir.

Sosial şəbəkələrdə yeni-yeni görməyə başladığımız Cahangir müəllimin karantin günlərini necə keçirdiyini, yaradıcılığa necə zaman ayırdığını öyrənmək üçün əlaqə saxladıq. Bəlli oldu ki, o, heç də zamanı boşa vermir, yaradıcılığa da, tələbələrinə də yetərincə vaxt ayırır:

“Orta məktəbdə bizim fizika müəllimimiz vardı, biz dərs oxumayanda deyirdi ki, heç oxumayın, nə vecimənin kubu (gülürük). İndi bu dəqiqə məndə də “nə vecimənin kubudur”. Facebookda profil açmışam, orda oluram, dostları izləyirəm, paylaşımlar edirəm. Neyləyək, evdə ayrı əlacımız yoxdur. Yaradıcılığa, elmi fəaliyyətimə vaxt ayırıram. Hazırda dərslik tipli bir kitab yazıram: “Praktik jurnalistika”. Jurnalist olmaq istəyən tələbələrə onun yollarını və nə etməli olduqlarını öyrədən bir dərslik olacaq. Mən rusdilli ədəbiyyatla daha çox işləyirəm. Yaxşı ki, kitabxanam da zəngindir, ədəbiyyat sarıdan korluq çəkmirəm. Hazırda o dərslik üçün həmin ədəbiyyatlardan yararlanıram.

Ondan başqa əlimdə Rafiq Əliyev (texnika elmləri doktoru, professor –Ş.M) haqqında çap olunmuş bir kitab var. Yaxşı kitabdır. Rafiqin öz yazıları, onun haqqın da yazılmış yazılar toplanıb. Maraqlıdır. Rafiq Əliyev mənimlə eyni kənddəndir. O, məndən 14 gün kiçikdir. İndi onun haqqında bir yazı başlamışam. Yazının əvvəlində də elə bunu qeyd eləmişəm. Biz tut ağacının üstündə böyümüşük. O tut ağacının ən hündür budağına qalxıb, dünyaya ordan baxırdıq. Sonra Rafiq o hündürlükdə qaldı, mən qala bilmədim (gülür). Bu car yazılar yazır, məqalələr üzərində işləyirəm. Amma istəyirəm bu bəlalar sovuşsun, sonra çap etdirim”.

Cahangir müəllim kafedrası, tələbələri üçün darıxdığını, tələbələrin də onu diqqətdən kənar qoymadıqlarını dedi: “Gündə neçə nəfər tələbəm zəng elir, hal-əhval tutur. Hamısı darıxdığını deyir. Mən də onlar üçün darıxmışam. Eləcə də onların diqqəti məni sevindirir. Facebook əlaqə saxlamaq imkanlarını artırıb. Orda sözümüzü deyib, təkliflərimizi də edə bilirik. Bu gün də ön cəbhədəki jurnalistlərin əmək haqlarının artırılması təklifini irəli sürdüm. Gördüm ki, böyük marağa səbəb oldu, hər kəs dəstəklədi təklifimi. Görək, nəticəsi necə olacaq”.

Söhbətimiz əsnasında Cahangir müəllim bu günlərdə həm də bədii yaradıcılıqla məşğul olduğunu, şeirlər yazdığını dedi. Şeirlərin əsas mövzusu isə Qarabağdır. Amma hörmətli müəllimimiz bunu kimsəyə deməməyimi tapşırdı. Mən də heç kimə demədim, sadəcə yazdım.

Şahanə MÜŞFİQ

 





30.03.2020    çap et  çap et