525.Az

“Qadağa olmasaydı da, belə bir vəziyyətdə toyu təxirə salardıq”


 

TOYLARI TƏXİRƏ DÜŞƏNLƏR DANIŞDILAR

“Qadağa olmasaydı da, belə bir vəziyyətdə toyu təxirə salardıq”<b style="color:red"></b>

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, dövlətimizin qəbul etdiyi qərarlardan biri də restoran, kafelərin fəaliyyətinin müvəqqəti dayandırılması, martın 15-dən sonrakı toyların, yığıncaqların təxirə salınmasıdır. Bəs toy sahibləri bu vəziyyətlə bağlı hansı fikirdədirlər, xeyir işlərinin təxirə düşməsi onlara necə təsir edib?

Bunu müsahiblərimizdən öyrənəcəyik. 

CBC Sportun aparıcısı, jurnalist Mustafa Kamalın da nişanlısı Dəniz Kərimzadə ilə olacaq toyu bu səbəbdən təxirə salınıb. Cütlük martın 19-da rəsmi nikaha girsələr də, toylarının vaxtı hələ bilinmir. Mustafa Kamal toyların təxirə salınmasının tam doğru və yerində qərar olduğunu deyir: "Toyumuz aprelin 3-nə planlaşdırılmışdı və qeyri-müəyyən tarixə qədər təxirə salınıb.

Əvvəlcədən bilirdim ki, artıq təxirə salınmaq üzrədi. Çünki koronavirus pandemiyası daha geniş arealda yayılmağa davam edirdi. Belə olan halda toyun təxirə salınmağı da çox düzgün qərar idi.

Təbii ki, planlaşdırılmış toyun təxirə salınması ilə bütün planlar alt-üst oldu.

Bəli, məncə həqiqətən də toylar təxirə salınmalı idi. Kaş ki, heç bu həddə çatmazdı. Hər bir halda insanların təhlükəsizliyi baxımından bu qərar labüd idi.

Belə bir qərar çıxmasaydı da toyumuzu təxirə salardıq. Hazırkı vəziyyətdə ən doğru qərar evdə qalmaq və sağlam qalmaqdır.

Restoranla və gözəllik salonu ilə çətinlik yaşamadıq. Bu durum onlar üçün də çətin idi". 

Toyları tərixə salınan başqa bir cütlük isə Kamal və Günel cütlüyüdür. Bu haqda bəyin anası Yeganə xanımla danışdıq. Onlar da qərardan məmnundurlar: “Aprelin 5-i qız toyu, 14-ü oğlan toyu olmalı idi. İlk qərardan sonra 21-nə keçirtdik. Amma yenə də bilinmir necə olacaq. Yəqin ki, yenə də təxirə salınacaq. Toya bütün hazırlıqlar görülüb qurtarmışdı, qonaqların siyahısı tutulmuşdu. Ancaq belə oldu. Əlbəttə, həm biz, həm də qız evi məyus olduq, amma nə edə bilərik ki, qanun qanundur, xəstəliklə zarafat olmaz, təki salamatlıq olsun, ölkəmizin və dünyanın üstündən bu bəla tezliklə sovuşsun, biz də onda toyumuzu edərik.

Restoran, gözəllik salonu, gəlinlik, hamısı danışılmışdı, beh vermişdik. Onlar da təbii ki, vəziyyətin içərisindədirlər, bir problemimiz olmadı, sadəcə günü dəyişdik, hələlik 21-nə yazdırdıq, sonrasına baxacağıq.

Vəziyyət əvvəlki kimi olsaydı, yəni sadəcə şayiələr olsaydı, rəsmi şəkildə açıqlamalar olmsaydı və bu qadağalar qoyulmasaydı, bəlkə də toyumuzu saxlamaz, eliyərdik. Çünki onda düşünərdik ki, ciddi bir şey olsa, dövlət tədbir görər. Amma bu halda dövlət bu qədər tədbirlər həyata keçirir, rəsmi açıqlamalar oldu, onda əlbəttə, restoranlar işləsəydi də belə biz toyu saxlayaradıq, etməzdik. Çünki toy neçə yüz insanın bir yerə toplaşmasıdır. Bu halda həm özünü, həm də qonaqlarını riskə atmış olursan. Bizim xaricdən gələsi qonaqlarımız da vardı, bütün bunları nəzərə alıb toyu keçirtməzdik”.

Qanun təzə qəbul olunandan sonra bəzi toy sahibləri toyun vaxtını sadəcə saat olaraq dəyişdirdilər, yəni saat 9-a kimi yekunlaşdırdılar. Yeganə xanımın bu cür hallara münasibəti də mənfidir: “Mən bunu düzgün hesab eləmirəm. Guya saatı dəyişməklə, qabağa çəkməklə nə olur ki? Bir saat gec, ya tez etməklə virusdan qorunmursan ki. Şəxsən biz belə bir addım atmazdıq, atmadıq da. Toyda insan yaxınlarını, sevdiklərini, qohum-əqrəbasını yanında görmək, sevincini onlarla bölüşmək istəyir. Bu vəziyyət də göstərir ki, indi bunları eləmək risklidir. Ona görə də gözləməklə heç nə itirmərik. İnşallah, tezliklə bu bəla sovuşar”.

Şahanə MÜŞFİQ

 





30.03.2020    çap et  çap et