525.Az

“Şayiələrin ən çox qaynaqlandığı yer sosial şəbəkələrdir” - Müsahibə


 

MİLLƏT VƏKİLİ ETİBAR ƏLİYEV: “TANINMIŞ ŞƏXSLƏRİN BÖYÜK KƏSİMİNİN TƏNQİDƏ QARŞI İMMUNİTETİ ÇOX ZƏİFDİR”

“Şayiələrin ən çox qaynaqlandığı yer sosial şəbəkələrdir” - <b style="color:red">Müsahibə </b>

"525"in suallarına tanınmış təhsil eksperti, Milli Məclisin üzvü Etibar Əliyev cavab verir:

“O seçki kampaniyası bizə təcrübə qazanmaq imkanı verdi”

- Etibar müəllim, sizi çoxdan tanıyan insanlar haqqınızda danışarkən ilk olaraq ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərini xatırlayırlar. Onlar sizin o qaynar illərdə çox fəal olduğunuzu deyir, builki parlament seçkisindəki sürpriz qələbənizdən danışarkən isə, sizin hələ o illərdən seçki təcrübəsinə malik olduğunuzu vurğulayır, 90-cı ildə keçirilən parlament seçkisində görkəmli dilçi alim Aydın Məmmədovun vəkili kimi fəal iştirakınızı qeyd edirlər. Gəlin söhbətə də elə ötən əsrin 90-cı illərindən başlayaq. O illəri necə xatırlayırsınız?

- Biz həmin dövrü keçid dövrü adlandırırıq. O illər bizim nəsil çox fəal idi. Biz xalq hərəkatında iştirak etmiş, qanlı 20 Yanvarı görmüş adamlar idik. Həmin dövrün parlament seçkisi çox mürəkkəb və çətin idi - namizədlərin imzatoplama kampaniyasından tutmuş, siyasi cəhətdən fəal insanların ziyalılarla üz-üzə qalmalarına qədər. Rəhmətlik Aydın Məmmədov o vaxt vəkil seçimində mənim də üzərimdə dayanmışdı. Siz dediyiniz kimi, o seçki kampaniyası bizə təcrübə qazanmaq imkanı verdi. Aydın Məmmədovu seçicilərə təqdim etmək çətin deyildi. Çətini ona söz verilənə qədər idi. O, həmin seçkidə parlaq qələbə qazanmışdı. Aydın Məmmədov təkcə siyasət məktəbi deyildi, o, həm də ədəbiyyat, elm və dostluq məktəbi idi. Mənim üçün ən maraqlısı odur ki, həmin dövrlərdə Aydın müəllimin ətrafında olan insanlar indinin özündə də səmimi dostdurlar.

- Bu gün siz cəmiyyətdə daha çox təhsil mütəxəssisi kimi tanınırsınız. Bu sahəyə nə vaxt gəldiniz? Təhsil sahəsində fəliyyətə başlamağınız, bu illər ərzindəki fəaliyyətiniz dövründə tez-tez xatırladığınız məqamlar az deyil yəqin.

- Mən 1992-ci ildən 2002-ci ilə qədər Təhsil Nazirliyində çalışmışam. Çalışdığım illərdə elmi fəaliyyətlə də məşğul olmuşam və alimlik dərəcəsi almışam. Nazirliyin özündə çalışıb ekspert olmaq mümkün deyildi, çünki bizim idarəetmə sistemimiz buna qəti imkan vermir. Nazirlikdən ayrıldıqdan sonra qeyri-hökumət təşkilatı təsis etdim və qeyri-təvazökarlıq kimi görünməsin, ilk təhsil eksperti oldum. “Ekspert” anlayışı bizim cəmiyyətdə indi də normal qəbul olunmur. Buna görə də məsələn, səhiyyə, elm və başqa mühüm sahələrdə ekspert institutu yaranmayıb. Bütün sahələrdə alternativ fikrə böyük ehtiyac var. Xətti təfəkkür heç bir sahədə inkişafa gətirməyib.  

“Mən heç nəyi birdən-birə, qəfildən etmirəm” 

- Gələk builki parlament seçkisinə. Necə oldu ki, birdən-birə namizədliyinizi irəli sürmək fikrinə düşdünüz? Sizi bu addımı atmağa hansı amillər vadar elədi?

- Mən heç nəyi birdən-birə, qəfildən etmirəm. Milli Məclisə növbədənkanar seçkinin keçirilməsinin namizədliyimi irəli sürməyimdəki rolunu da danmıram. İnsan özünə güvənməlidir. Mənim seçki kampaniyası aparmaq, insanlarla ünsiyyət qurmaq imkanım başqa namizədlərdən geri qalmırdı. Dövri mətbuatdan, televiziyalardan kifayət qədər tanınırdım. Seçicilərlə görüş optimist hisslərimi gücləndirirdi. Seçkidə ən mühüm metodlardan biri müşahidə qabiliyyətidir. Müşahidələrim məni aldatmadı. Səhv etmirəmsə, Çörçillin fikridir, deyir ki, əgər məqsədinə nail olmaq istəyirsənsə, gərək hər gün az da olsa ona doğru irəliləyəsən.

“Mehman Hüseynov-Fərəc Quliyev qalmaqalında mənim heç bir rolum olmayıb”

- Seçki kampaniyası dövründə namizədliyinizi irəli sürdüyünüz 31 saylı Suraxanı ikinci seçki dairəsi ən hərəkətli, hətta qalmaqallı dairələrdən biri oldu. Rəqiblərinizdən iki nəfər - son deputat Fərəc Quliyevlə Mehman Hüseynov arasında ciddi qarşıdurma müşahidə edildi. Siz bu qarşıdurmada mümkün qədər kənarda dayanmağı bacardınız. Rəqibləriniz arasında yaşanan bu olayların sizin seçki kampaniyanıza hansısa təsirləri oldumu?

- Haqlısınız, hərəkətli və qalmaqallı dairə idi. Mehman Hüseynov-Fərəc Quliyev qalmaqalında mənim heç bir rolum olmayıb. Mənim orda rolum barədə deyilənlər yalan və böhtandan başqa bir şey deyil. Fərəc Quliyevi görmək imkanı çox məhdud olduğundan biz - bir neçə namizəd seçkinin demokratik keçirilməsi naminə əlimizdən gələni etmək barədə razılığa gəlmişdik. Seçki kampaniyasında namizədlər səs toplamaq üçün mübarizənin müxtəlif üsullarından istifadə edirlər. Bu, tarixən belə olub. Mehman Hüseynovun istifadə etdiyi üsulu isə hamı gördü. Bir məsələni qeyd edim ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi seçki nümunəviliyi ilə tarixdə qalacaq. Bir neçə məntəqədə təkcə Mehmanın yox, başqa hansısa namizədin də cüzi səs çoxluğu qazanması təbii qəbul olunmalıdır. Namizədlərin bütün məntəqələri əhatə edən seçicilərlə işləmək imkanları bərabər ola bilməz. Bura hava şəraitinin və namizədin yaşadığı yerin təsiri də danılmazdır. Mehman Hüseynovla Fərəc Quliyevin konfliktinə qədər və ondan sonra da dairədə ən rasional kampaniyanı aparan mən olmuşam. Buna görə də qələbəmə inamım çox böyük idi.     

“Cəmiyyətdə öyüdverən missiyasını üzərinə götürən adamlar peyda olub”

- Seçkilərdəki qələbənizi gözlənilməz, sürpriz sayanlar da oldu, alqışlayanlar da. Amma buna görə sizə irad bildirənlər, hətta əleyhinizə danışanlar da vardı. Bu fərqli mövqeləri necə izah edərdiniz?

- Elə fərz edin ki, 121 deputatın içərisində ən gözlənilməz, sürpriz qələbə mənim olub. Mənim qələbəmi alqışlayanlarla alqışlamayanlara eyni prizmadan baxıram. Maraqlar toqquşan yerdə bu, qaçılmazdır. Adətən cəmiyyətdə iki əsas mövqe olur: ziyalı mövqeyi və cahil möqe. Mənim üçün ikinci yox, birinci mövqe önəmli və maraqlıdır. Paradoksa diqqət edin: müəllim onu söyənə, təhqir edənə səs verməli idi, yoxsa 25 ildən artıq vaxt ərzində onun problemləri ilə məşğul olana? Seçkinin əleyhinə danışanların çoxusu seçkiyə qatılanlardır və onlar özlərinin aldıqları real səslərdən də xəbərdardırlar. Ancaq çoxusunun yanaşması cığallıqdan başqa bir şey deyil. Seçki kampaniyasında dezinformasiyalar həmişə rol oynayıb. Ancaq onlara cavab vermək xeyli vaxt itkisinə səbəb olur. Azərbaycan cəmiyyətində öyüdverən missiyasını üzərinə götürən xeyli sayda adamlar peyda olub.  

“Fazil Mustafa ilə yanaşı əyləşmək xoşdur” 

- Millət vəkili kimi parlamentin ilk iclası sizə necə təsir bağışladı? Parlamentin ab-havası təxmin etdiyiz, düşündüyünüz kimi idi? Hansısa xəyal qırıqlığı yaşamadınız ki?

- Bildiyiniz kimi, bu seçkidə parlamentə 42 nəfər yeni deputat seçilib. İstər yenilər, istərsə də köhnə depuatların əksəriyyəti ilə dostluğum və tanışlığım var. Parlamentin rəhbərliyi tanınmış və kifayət qədər səriştəli şəxslərdən seçildi. Komitələrin əksəriyyətinin sədrləri və müavinləri yeniləndi. Bunun ab-havaya müsbət təsirini, əlbəttə ki, əksəriyyət hiss edir. Etiraf edim ki, parlamentin ilk iclaslarını yeni seçilmiş sədr, professor Sahibə Qafarova yüksək peşəkarlıqla apardı. Komitələrin işində də xeyli canlanma hiss etdim. Ölkə başçısı cənab İlham Əliyev parlamentin ilk iclasındakı çıxışında Milli Məclisin qarşısına yeni vəzifələrin durduğunu vurğuladı. Düşünürəm ki, bütün deputatlar üzərinə düşən vəzifələrin məsuliyyətini dərk etməlidirlər. 

- Milli Məclisin iclaslarında millət vəkili, bildiyimizə görə, həm də yaxın dostunuz Fazil Mustafa ilə yanaşı oturursunuz. Bu, ikinizin təşəbbüsü, istəyi ilə oldu, yoxsa təsədüfən belə alındı?

- Fəlsəfədə təsadüf və zərurət bir-birindən təcrid olunmuş halda mövcud deyil. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi meydana çıxır, lakin bu meyl çoxlu təsadüflər arasında özünə yol açır. Təsadüf  zərurətin təzahür formasıdır. Fazil bəylə uzun illərdir, dostuq. O, təcrübəli parlament üzvüdür və onunla yanaşı əyləşmək mənə xoşdur. Fazil bəy mütaliə sahəsində də Azərbaycanda söhbət edəsi mümkün olan azsaylı insanlardan biridir.   

“Bizi iki dəfə koronavirus testindən keçirdilər” 

- Parlamentdə iki komitənin üzvüsünüz. Bu, öz seçiminizdir, yoxsa?

- Parlamentdə Elm və təhsil, eləcə də Gənclər və idman komitələrinin üzvüyəm.  Bunların hər ikisi tam müstəqil şəkildə seçdiyim komitələrdir. Bu komitələrin bir-biri ilə bağlılıqları var. Təhsildə, elmdə, gənc nəslin yetişdirilməsində, idmanda ortaq dəyərlər mövcuddur. Uzun illərdir, biz bunun fəlsəfəsi ilə məşğuluq. Mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni, bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür. Düşünürəm ki, bu məsuliyyətli işdə parlamentin də rolu danılmazdır.

- Deputatlar koronavirus testindən keçdilər deyəsən. Siz də keçmisiniz yəqin. Yaşı 65-dən yuxarı olan həmkarlarınız da keçdilərmi bu testdən?

- Bizi iki dəfə koronavirus testindən keçirdilər. Mən testən keçən zaman bütün yaş kateqoriyalarından olan deputatlarla rastlaşdım. Testdən keçmək insanların tutduğu vəzifələrdən və statusdan asılı olmamalıdır. Milli Məclisin üzvləri bu prosesə çox həssas yanaşırlar.

“Sosial şəbəkələr insanları televiziyalardan ayırıb”

- Son günlər pandemiya təhlükəsi cəmiyyəti düşündürən birinci problemdir. Bu barədə nə deyərdiniz? Görülən tədbirlərə, qaydalara əməl etmək istəməyən, laqeyd insanlar, medianın bu sahədə gördüyü iş və nəhayət, fəal olduğunuz sosial şəbəkələrdə bunula bağlı yayılan çeşidli xəbərlər barədə nə demək istərdiniz?

- Pandemiya anlayışı yunanlardan gəlib. Mənası “ümumxalq” deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı bu məşhur virusu “pandemiya” adlandırmaqda yanılmadı. Pandemiya təhlükəsi artıq bütün ölkələrin milli təhlükəsizlik probleminə çevrilib. Müşahidələr də göstərir, hansı ölkələrdə ki, hökumətin atdığı addımlarla vətəndaşların atdığı addımlar üst-üsə düşürsə, ciddi narahatçılığa ehtiyac qalmır. Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlər nümunəvi xarakter daşıyır. İanə fondunun yaradılması, karantin rejiminin tətbiqi, yeni xəstəxananın açılması  müsbət dəyərləndirilməlidir. Qalır maarifçilik işlərinin miqyasının genişləndirilməsi. Düşünürəm ki, bu istiqamətdə müəyyən boşluqlar var. Sosial şəbəkələr insanları televiziyalardan ayırıb. Şayiələrin ən çox qaynaqlandığı yer isə sosial şəbəkələrdir. Bu məsələdə vətəndaşlar həm məsuliyyətli, həm də intizamlı olmalıdır. İntizamlı olmaq cəmiyyətin, məsuliyyətli olmaq isə insanın öz xeyrinədir. Yaxşı olardı ki, indiki situasiyada insanlarımızda bu iki keyfiyyət birləşsin. İndi televiziyaların və kütləvi informasiya vasitələrinin əsas mövzusu bu olmalıdır. Həkimlər, digər sahələrin nüfuzlu şəxsləri danışmalıdırlar. Virusa qarşı mübarizə maksimal səviyyədə təcridolunmadır. Təəssüflər olsun ki, bir çox insanlar bunu anlamaq istəmirlər.  

“Sosial şəbəkələr seçki kampaniyasında mənə əvəzsiz dəstək oldu” 

- Siz həm də sosial şəbəkələrin ən fəal iştirakçılarındansınız. Qısa müddət ərzində Feysbukda tanınmağı, xeyli izləyici toplamağı bacardınız. Səhifənizdə yazıb paylaşdığınız statuslar sizin çoxtərəfli bilgilərə sahib bir ziyalı olduğunuzu ortaya qoydu. Təkcə təhsil sahəsi ilə bağlı yox, ən müxtəlif məsələrlə bağlı fikirləriniz izləyiciləriniz tərəfindən maraqla qarşılandı. Bu müddətdə yazdığınız statuslar arasında bəzən müxtəlif şəxlərlə bağlı ironiya, sarkazm ifadə edən fikirləriniz də xüsusi diqqət çəkdi. Artıq millət vəkilisiniz, Milli Məclisin üzvüsünüz. Yeni statusunuz sosial şəbəkələrdəki bundan sonrakı fəaliyyətinizə yumşalmaq, mülayimləşmək, loyallıq göstəmək baxımından təsir göstərəcəkmi? Həmin sərt statusları yenə oxuya biləcəyikmi?

- Açığı, bu sualı sizdən gözləyirdim. Sosial şəbəkələr seçki prosesidə apardığım təbliğat kampaniyasında mənə əvəzsiz dəstək oldu. İnsan bildiklərini bölüşməlidir. Mən müxtəlif mövzularda etdiyim paylaşmalarımda əsla özümün kimdənsə savadlı olduğumu göstərmək missiyasını üzərimə götürməmişəm. Ən azından sizlər məni yaxşı tanıyırsınız. Bəzən nəsə yazanda yazıda yumor, sarkazm elementlərinin çatışmamasının yazının ruhuna təsir göstərdiyini hiss edirsən. Mən bunu görürəm. Hətta mənə qarşı da bunları kimsə qədərində, ustalıqla işlədəndə sevinir və onu dəyərləndirirəm. Çox təəssüf ki, tanınmış şəxslərin böyük kəsiminin tənqidə qarşı immuniteti çox zəifdir. Deyirsiniz ironiyanı, sarkazmı, yumoru donduraq? Bunlar donan şeylər deyil. Azad Mirzəcanzadə demişkən: “Deyə bildimmi?”  

“Koronavirusla bağlı neçə gündür, kitab mağazalarına gedə bilmirəm”     

- Etibar müəllim, dostlarınız sizin zəngin kitabxananızın olduğunu, özünüzün isə kitab vurğunu olduğunuzu deyirlər. Bu sevgi, zəngin kitabxana yaratmaq istəyiniz nədən irəli gəlir - oxumaq, öyrənmək həvəsindən, yoxsa sadəcə xobbidir?

- Mən şəxsi kitabxana yaratmaq işinə 1989-cu ildən başlamışam. Kitabxananın iki meyarı var - kəmiyyət və keyfiyyət meyarları. Və bir də hansı kitabın yanında hansı kitabı qoymaq bacarığı. Bunun üçün kitab da olmalıdır ki, seçimini dəqiq edə biləsən. Adamlar var ki, kəmiyyət meyarına daha çox üstünlük verirlər. Amma məncə, kəmiyyət keyfiyyəti tamamlamalıdır. Zəngin kitabxana yaratmaq - birincisi, oxumaq və öyrənmək, sonra nəsə yazmaq istəyindən gəlir. Xobbi də bunlardan doğur. Bir nəfər zəngin kitabxanasını satırdı. Oxuduğu kitabların əksəriyyətinin içində kitab haqqında fikirlərini bir vərəqdə qeyd etmişdi. Bir neçəsini oxudum. Mənə çox maraqlı gəldi. Koronavirusla bağlı artıq neçə gündür, Bakı Kitab Mərkəzinə, Akademiya Kitab Mərkəzinə, “Libraff”  kitab mağazalarına və Elsonun bukinistinə gedə bilmirəm.     

“Kitabı sevməyənlər elektron resursların təbliğatını aparırlar” 

- Tanınmış adamlardan, dostlarınızdan daha çox kitab oxuyan, mütaliəyə böyük önəm verən kimlərin adlarını çəkərdiniz? Onların arasında fərqli sahələrə aid kitablara üstünlük verənlər kimlərdir?

- Kitab mağazalarında sahələr üzrə nadir kitabların aylarla qalması onu göstərir ki, oxuyanların sayı kəskin şəkildə aşağı düşüb. Ötən əsrin 60-cı illərindən sonra dünyada elmin populyarlaşdırılması istiqamətində böyük hərəkat başlandı. Görkəmli alimlər bu məqsədlə minlərlə kitablar yazdılar. Məqsəd humanitarların təbiət elmlərinə, təbiət elmlərinin nümayəndələrinin humanitar elmlərə olan marağını artırmaq idi. Bu gün biz gənclərə yaş səviyyələrinə uyğun olaraq hansı kitabları oxumağın əhəmiyyəti ilə bağlı tövsiyələr verməliyik. Bunun üçün isə birinci növbədə özümüz də oxumalıyıq. Mən kitab oxuyanları çox yaxşı tanıyıram - kitab mağazalarında rast gəlməklə, yazılarını oxumaqla, danışıqlarını dinləməklə. Daha çox oxuyan və zəngin kitabxanası olanlar içərisndə professor Rəhman Bədəlovun, professor Səlahəddin Xəlilovun, professor Qorxmaz Quliyevin, akademik Kamal Abdullanın, millət vəkili Fazil Mustafanın, naşir Şahbaz Xuduoğlunun, AMEA-nın Fəlsəfə İnstitunun əməkdaşı Tağı Bəşirovun və başqalarının adlarını çəkə bilərəm.

- Gənc nəslin mütaliəsi məsələsinə toxudunuz. Yeni nəslin təhsilə, oxumağa, mütaliəyə münasibəti sizi qane edirmi?

- Yox, qane etmir. Mən 10 ilə yaxın ali məktəblərdə dərs demişəm. Ali məktəb müəllimlərinin böyük əksəriyyəti dərs dediyi fəndən hansı yeni ədəbiyyatın çap olunduğu ilə maraqlanmırlar. Yeni nəsli mütaliyəyə sövq etmək üçün orta və yaşlı nəsil oxumağa meylli olmalıdır. Dünyanın nəhəng intellektuallarının dialoqlarını oxuyun, onlar kitabı təbliğ edirlər. Bizdə isə kitabı sevməyənlər elektron resursların təbliğatını aparırlar. Bu, kitabı gözdən salmaq cəhdidir. Umberto Eko müsahibələrinin birində deyirdi: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”. Amma bu fikirləri kitablarla bağlı demək mümkün deyil.

Günel ABBAS

 





31.03.2020    çap et  çap et