525.Az

Həkim Şahin Musaoğlu: "Pandemiya bir savaşdır"


 

"MƏN XALQIMIZIN BU SAVAŞDAN DAHA AZ İTKİ İLƏ ÇIXMASINI ARZULAYIRAM"

Həkim Şahin Musaoğlu: "Pandemiya bir savaşdır"<b style="color:red"></b>

Yəqin razılaşarsınız, bu koronavirus böhranında adı ən çox çəkilən, hər kəsin ümid yeri kimi baxdığı, həm də üzərinə daha çox yük, məsulliyyət düşən peşə sahibləri səhiyyə işçiləridir. Bu günlər dünyanın ən müxtəlif ölkələrində özlərinin virusa yoluxma riskinin yüksək olmasını gözə almayıb ürəkdən, cani-dildən çalışan həkimlərin fədakarlıqları ilə bağlı az xəbərlər eşitmədik.

Tibb işçilərinin insanlara çağırış edən və bütün dünyaya yayılan “Biz sizin üçün burdayıq, siz isə bizim üçün evdə qalın” fləşmobu isə, bu koronaviruslu günlərin, bəlkə də, ən yaddaqalan və böyük rəğbətlə qarşılanan hadisəsi oldu.

Bu gün ökəmizdə də pandemiyaya qarşı rəsmi səviyyədə ciddi tədbirlər görülür, Azərbaycan həkimləri xüsusi rejimli xəstəxanalarda koronavirus infeksiyasına yoluxmuş vətəndaşlarımızın sağlıqlarına qovuşması üçün mücadilə aparırlar.

Azərbaycanda koronavirus pandemiyası əleyhinə tibbi, təşkilatı və ideoloji cəhətdən ümumən yetərincə tədbirlər görüldüyünü bildirən tanınmış həkim, yazıçı, bəstəkar Şahin Musaoğlu atılan bu addımların, önləyici tədbirlərin yerlərdə icrasının, eləcə də bu qlobal və həyati məsələyə vətəndaşlarımizın munasibətinin bütövlükdə kifayət qədər qənaətbəxş olmadığını vurğulayıb:

“Mövcud durumun həddindən artıq ciddiliyini, fərd kimi hər kəsin üzərinə məsuliyyət düşdüyünü, çıxış yolunun hamılıqla, birlikdə, bir yerdə həmrəylik nümayiş etməyimizdə olduğunu təəssüf ki, hələ də kifayət qədər diqqətə almırıq. Təcrübə göstərir ki, bu mübarizəyə fərd olaraq hər birimiz, cəmiyyət olaraq hamımız "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" prinsipi ilə yanaşmalı və bu prinsipdən çıxış etməliyik.Ona görə də bir çox insanlarımızın məsələyə belə münasibətini nəzərə alsaq, deyə bilərik ki, nəticədən danışmaq hələ çox tezdir”.

Koronavirus infeksiyasından qorunmaq tədbirlərindən danışan həmsöhbətimiz həkim olaraq pandemiyadan qorunmaqla vətəndaş olaraq qorunmağın bir-birindən fərqləndiyini bildirib: “Biz - risk altında çalışan səhiyyə işçiləri hər gün ən təhlükəsiz yerdən - evimizdən ən təhlükəli məkana - işimizə getmək məcburiyyətindəyik. Bu, bizim peşə borcumuzdur.Ən ümdə vəzifəmiz özümüzü qorumağla bərabər, nicat, şəfa tapmaq üçün həm bizə müraciət edən pasiyentləri, həm də öz yaxınlarımızı, ailə üzvlərimizi qorumaqdır. Biz özümüzü cəmiyyətdən təcrid edə bilmərik, buna məsləyimiz yol verməz, amma vətəndaşlarımız bunu etməklə bizi də qoruya və bizə yardımçı ola bilərlər. Məsələ bu qədər sadə və bu qədər həyatidir. Vətəndaşlarımızdan istədiyimiz ilk önləyici tədbir izolyasiyadır, imkan daxilində kontaktdan uzaq olmaq, zərurət yarandığı hallarda isə ara məsafəsi saxlamaq, insanların gur olduğu yerlərdə - metro, market, alış-veriş məkanlarında fərdi təhlükəsizliyə, şəxsi gigiyenik qaydalara ciddi riayət etməkdir. Çində, İranda, İtalyada, indi də Amerikada bir daha sübut olundu ki, bu virusa yoluxanların 10 faizi həkimlərdir. Biz həkimlərin, səhiyyə işçilərinin bu virusa yoluxmamaq şansımız sıfıra bərabərdir. Bu mənada biz özümüzdən də çox başqalarını, yaxınlarımızı və doğmalarımızı yoluxdurmamaq üçün mücadilə etmək məcburiyyətindəyik”.

Bu günlər, demək olar, boş vaxtının olmadığını deyən Ş.Musaoğlu bildirib ki, imkan tapanda zamanını istirahətinə, mütaliəyə və yaradıcılığa ayırmağa üstünlük verir: “İndiki dönəmdə paytaxtımızın bu susqun, sakit durumu məni həm bir vətəndaş, həm bir həkim, həm də bir yaradıcı adam kimi daha çox düşündürür, daha çox çalışmağa və daha da mübariz olmağa vadar edir. Özümü bir dünya vətəndaşı olaraq səbəbkar, bir həkim olaraq xilaskar, bir yazıçı olaraq isə cavabdeh qismində görürəm. Əslində, bu, bir acıdır -insanlığın ağrı-acısı. Yaradıcı adam isə bəşəriyyətin ağrı-acısına ortaq olmalıdır. Bu pandemiya həm də fürsətlər hadisəsidir. Bu da bir savaşdır, bu da bir müharibədir. Bu proseslər bizlərə çox önəmli mesajlar verməklə həm də bir çox müsbət vərdişlər vəd edir ki, bunları da qaçırmamaliyiq. Dünya təcrübəsi sübut etdi ki, elm və incəsənət məhz müharibələrdən sonrakı ilk mərhələdə tərəqqi tapır, savaş onu tənzimləyir, yeniləyir, axtarışlara, inkişafa stimul verir. Dostoyevskinin çox məşhur bir fikri var, deyir ki: "Müharibə çox vaxt bir çarədir. O, insansevərliyə təkan verir və xalqları birləşdirir. Necə azad olursunuz-olun, necə qanunlar yazırsınız-yazın, insanlar arasındakı qeyri-bərabərlik aradan qalxmayacaq. Yeganə əlac müharibədir. Xalqlarda ruh yüksəkliyini yaradan da odur, onun şüurunda ləyaqət hissini gücləndirən də. Hamını birləşdirən də, ağa ilə nökəri barışdıran da savaşdır. Dünya savaşlarsız məhvə sürüklənər". Mən xalqımızın bu savaşdan daha az itki ilə çıxmasını və daha çox bilgi ilə qurtulmasını arzulayıram”. 

Günel ABBAS

 





31.03.2020    çap et  çap et