525.Az

Adamların yağışı - Nigar Arifin şeiri


 

Adamların yağışı - <b style="color:red">Nigar Arifin şeiri </b>

Bu şəhərdən qopub gedir adamlar,
İzlərini yağış yuyur,qar yuyur,
Bu izlərin hər səhər
başına günəş vurur,
Küləklər ovuşdurur,
Di gəl, silinmir, anam,
silinmir ki silinmir...
Çopur-çopur üzündən,
yaddaşına hopub gedir adamlar,
Rəngi qaçır şəhərin,
rənglərini qapıb gedir adamlar
Boz danışır,boz dinir,
Bu şəhərin gözlərindən
yağır-yağır adamlar,
Islanır ürəyində
qaçıb gedə bilməyən
fağır-fağır adamlar...
Yağdıqca yağır-yağır,
Xəstə yağışlarında
təcili yardımları
çətir kimi fırlanır...
Yağdıqca adamları
Laxlayır gecəsi də,
Gündüzü də yerindən
Dünya düşür gözündən...
Bu dünyanın içində
boş qalır küçələri,
yolları,kafeləri...
Tez-tez dolub-boşalan
ağır dükanlarından
əyilir çiyinləri...
Qollarının altından
boylanır qorxa-qorxa,
ölkə-ölkə dolaşan,
şəhər-şəhər yoluxan
çılpaq ölümə doğru
binaları,evləri...
Tozlu ayaqlarında
ağacları darıxır,
Darıxır çəməni-çiçəkləri,
Başının üstündəki quşlar da darıxır
yavaş-yavaş gözdən itən
adamlardan ötəri...
Bəlkə elə öz dillərində
söyürlər də
hamının gizləndiyi,
heç kimin sevmədiyi
bu lənət karantini...
Deməli şəhərlər də xəstələnə bilirmiş,
ölkələr də...
Nə deyim axı?..
Narahat olma,ana,
narahat olma,
Yaxşı olar axırı...
Indi saçlarının ucunacan
ümidlərimiz yeriyir bu şəhərin,
Hər gün dualarımız əlini alnına qoyub
yoxlayır hərarətini...
Bəlkə də ən yaxşı peyvənd sevgidi,
sənin dediyin kimi...

 





31.03.2020    çap et  çap et