525.Az

"Yeni klinika"nın vaxtından əvvəl açılması dövlətin vətəndaşlara qayğısının təzahürüdür


 

"Yeni klinika"nın vaxtından əvvəl açılması dövlətin vətəndaşlara qayğısının təzahürüdür<b style="color:red"></b>

Məlum olduğu kimi, martın 28-də Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsinin açılışı olub.

Müvəqqəti olaraq koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicə almağa başladığı klinikanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Qeyd edək ki, 2004-cü ildən indiyə qədər ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bütün bunlar isə bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin inkişafı, müasirləşdirilməsi, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsinin mühüm yer tutduğunu göstərir.

Bakıda istifadəyə verilən "Yeni klinika” tibb müəssisəsi də belə məqsədlərə xidmət edəcək tibb ocaqlarından biridir. Müəssisədə cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərir.

Prezident İlham Əliyev "Yeni klinika”nın açılışında bildirib ki, bu böyük tibb ocağının inşası düzgün və vaxtında verilmiş qərardır, pandemiya başa çatana qədər bu səhiyyə müəssisəsində yalnız koronavirus xəstələri müalicə alacaqlar. Dövlət başçısı deyib ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulsa da pandemiyaya görə işlər sürətləndirilib, əlavə vəsait ayrılıb, qüvvələr səfərbər olunub və səhiyyə müəssisəsinin mərhələli yollarla fəaliyyətə başlaması təmin edilib: "Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. ... Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. ... Bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. ... Hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və həmin ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası onların ixtiyarına verilir və həkimlər burada onlara xidmət göstərəcəklər”.

Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb:

"Vaxtında sərhədlərin bağlanması, bütün təhsil müəssisələrində tədrisin dayandırılması, eləcə də ictimai-iaşə obyektlərinin insanlara ancaq onlayn xidmət göstərməsi barədə tapşırıqlar, müəyyən qadağalar çox yerində verilmiş qərarlardır. Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması vəziyyətə vahid qurumdan nəzarət etməyə imkan verib. Xalqımızı bu çətin günlərdə həmrəyliyə, birliyə çağıran Azərbaycan Prezidenti əlavə məhdudlaşdırıcı tədbirlərin vaxtında görüldüyünü vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, biz bu addımları atmaqla özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə də yaşlı insanları qorumalıyıq. Çünki yaşlı insanlar riskli yaş qrupuna daxildir. Dövlətimiz bu gün əlindən gələni edir. Bu pandemiyaya qarşı mübarizədə vətəndaşlarımız kifayət qədər məsuliyyətli olmalıdırlar”.

Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının istənilən fors-major vəziyyətə hazır olduğunu söyləyən deputat M.İbrahimqızı qeyd edib ki, koronavirusla mübarizədə ölkəmizin tibb ocaqlarının rolu danılmazdır.

O, bu səhiyyə müəssisələrində çalışan tibb işçilərinin əməyinin alqışalayiq olduğunu vurğulayıb:

"Azərbaycanın səhiyyə müəssisələrində çalışan həkimlər, tibb bacıları bu günün qəhrəmanlarıdırlar. Onlar ön cəbhənin əsgərləridirlər, həyatlarını riskə ataraq xəstəliyə yoluxan insanları müalicə edirlər. Onların əməyi dövlətimiz tərəfindən də yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Azərbaycan həkimlərinə minnətdarlıq edən və vətəndaşları onlara dəstək olmağa çağıran dövlət başçısı bildirib ki, həkimlərimiz doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Dövlətimizin həyata keçirdiyi tədbirlər ümumi məqsədə xidmət edir. Qəbul edilən qərarlar, tətbiq olunan qadağalar, karantin rejimi, belə bir fonda istifadəyə verilən yeni, müasir səhiyyə müəssisəsi vətəndaşlarımıza xidmət, ümumən xalqımızın xəstəliklə mübarizədən az itkilərlə çıxması üçündür. Bu günə qədər əldə etdiyimiz uğurlar birliyimizin hesabına mümkün olub. Xalqımız çox məhrumiyyətlərdən keçib, sınaqlara dözüb. İnanırıq ki, milli həmrəylik, xalq-iqtidar birliyi sayəsində bu sınaqdan da üzüağ çıxacağıq”.

Deputat Eldəniz Səlimov deyib ki, Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanında olub, onun bütün qayğılarını öz üzərinə götürüb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya büdcədən vəsaitin ayrılması, həmçinin, ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik məvaciblərini həmin Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün 1 milyard manat vəsaitin nəzərdə tutulması, "Yeni klinika"nın koronavirusa yoluxan insanların müalicəsinin daha yaxşı təşkil edilməsi üçün onların ixtiyarına verilməsi dövlətin, dövlət rəhbərliyinin bu məsələdə qətiyyətini, iradəsini bir daha gözlər önünə sərir.

Azərbaycan dövləti və dövlət başçısı tərəfindən koronavirus təhlükəsinin önlənməsi yönündə bir sıra qabaqlayıcı addımların atıldığını deyən deputat söyləyib ki, vətəndaşlar da öz növbəsində atılan addımlara dəstək olmalı, qəbul olunan qərarlara əməl etməlidirlər.

Onun sözlərinə görə, dünyanı bürüyən epidemiyaya qarşı mübarizə aparmaq üçün hər kəs öz məsulyyət və iradəsini ortaya qoymalıdır:

"Ən azından yaxınlarını, əzilərini, ailə üzvlərinin həyatını düşünərək məcbur olmadıqalrı təqdirdə evdən çıxmamalıdırlar. Xüsusilə də 65 yaşından yüksək olanm şəxslər özlərini riskə atmamalı, həyatlarını qorumaq üçün evdə oturmalıdırlar. Hesab edirəm ki, ölkə başçısının "Biz birlikdə güclüyük" şüarına əməl etməklə tezliklə bu bəladan da xilas olacağıq".

E.Səlimov eyni zamanda insanlarımızın bu prosesi daha rahat və daha sakit keçməsi üçün müəyyən addımların atılmasının zəruriliyini qeyd edib:
 
"Məsələn, kommunal və bank ödənişlərində müəyyən güzəştlər edilə bilər. Bu ödənişlərin ertələnməsi mümkün və vacib məqamlardandır. Eyni zamanda, günəmuzd işləyən və hazırda işsiz qalmağa məcbur olan insanları ehtiyaclarının ödənilməsi ilə bağlı addımların atılması yaxşı olardı. Bu məsələlərdə dövlətlə yanaşı, yerli özünüidarəetmə orqanları-bələdiyyələr də öz töhfələrini verməlidirlər. Onlar bu çətin və məsuliyyətli günlərdə dövlətlə çiyin-çiyinə addımlamalıdırlar. Hesab edirəm və inanıram ki, bu məsələlər yaxın günlərdə öz həllini tapacaq".

Siyasi ekspert Bəhruz Quliyev deyib ki, son 16 ildə 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, həmçinin ən müasir avadanlıqlarla təchizatı və s. tədbirlər ölkə səhiyyəsinin rentabelli, yüksək fəaliyyətini təmin edib.

"Əbəs deyil ki, Prezident İlham Əliyev bütövlükdə tibb müəssisələrinin açılışlarında xüsusilə vurğulayıb ki, Azərbaycanın bütün şəhər və bölgələrində müasir tibb mərkəzləri, xəstəxanalar əhalinin xidmətində dayanıb".

Ekspert əlavə edib ki, burada da əsas məqsəd vətəndaşların sağlamlığının qorunması və mühafizə edilməsidir.
 
B.Quliyev onu da bildirib ki, əgər zamanında belə müəssisələr istifadəyə verilməsəydi, bu gün Azərbaycan dünyanı cənginə alan koronavirusla mübarizədə ciddi çətinliklərlə üzləşə bilərdi:

"Məhz müasir səhiyyə infrastrukturunun yaradılması, formalaşdırılması koronavirus xəstəliyinə qarşı mübarizəyə güclü təkan verir. Bu baxımdan digər aparıcı dövlətlərdən fərqli olaraq, Azərbaycan bu qlobal pandemiyadan ən az zərərlə çıxmaq imkanına malikdir. Ona görə də, növbəti tibb ocağının - "Yeni klinika”nın aparıcı xəstəxana olaraq istifadəyə verilməsi COVID-19-a qarşı mübarizədə əlavə imkanlar yaradacaq".

Ekspertin sözlərinə görə, peşəkar həkimlərimiz, tibb personalı bu problemin öhdəsindən layiqincə gəlirlər, bundan sonra da gələcəklər:

"Bu gün həkimlər xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Bu baxımdan həkimlərimiz ən yüksək qiymətə layiqdirlər. Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür, bu gün koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görür. Vətəndaşlarımız da həkimlərə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacağına inanırlar".

PƏRVANƏ

 





31.03.2020    çap et  çap et