525.Az

Koronavirus pandemiyası təhlükəli həddə


 

QALİB GƏLMƏK ÜÇÜN "EVDƏ QALAQ"

Koronavirus pandemiyası təhlükəli həddə<b style="color:red"></b>

Bu gün bütün dünyada bir nömrəli problemə çevrilmiş koronavirusla mübarizə tədbirləri davam etməkdədir. Hələ ki, bu mübarizə lazımi nəticə verməsə də, dünyada səylər, yeni vaksin hazırlanması tədbirləri davam etdirilir.

Qobal pandemiya hər gün yüzlərlə insanın həyatına son qoyur, virusa yoluxanların sayı sağalanların sayından qat-qat çoxdur ki, bu da narahatlıq yaradan başqa bir məqamdır.

Azərbaycanda ilk gündən çox ciddi qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. Bu gün vətəndaşın üzərinə düşən ən böyük məsuliyyət isə dövlətin çağırışlarına əməl etmək, başqa sözlə, "evdə qalmaqdır".

Bu günün statistikasına görə, Azərbaycanda ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Mövcud statistika da onu göstərir ki, Azərbaycanda "Evdə qal, Azərbaycan!" və "Biz birlikdə güclüyük!" şüarları vətəndaşların üzərinə böyük məsuliyyət qoyur, təhlükənin aradan qaldırılması istiqamətində bütün imkanlardan maksimum istifadə edilir, o cümlədən, dövlət də vətəndaşının mühafizəsi üçün müvafiq addımlarını atır. Lakin dövlət lazımi tədbirlərini ən yüksək səviyyədə həyata keçirsə də, təəssüf ki, bir sıra məsuliyyətsiz vətəndaşlar hələ də vəziyyətin ciddiliyini ya anlamır, ya da anlamaq istəmirlər.

Prezident İlham Əliyev bu xüsusda dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır və koronavirusun aradan qaldırılması üçün vətəndaş da dövlətinə dəstək olmalı, qoyulan tələblərə riayət etməlidir. Bu, ən sadə və optimal çıxış yollarından biri məhz insanlar evlərində qalması, özlərini, yaxınlarını, ətraflarını amansız virusdan qorumaqdır. Təəssüf ki, çoxsaylı çağrışlara, aparılan təbliğata, maarifləndirmə işlərinə baxmayaraq hələ də vəziyyətin ciddiliyinə məhəl qoymayanlar, bununla da bütövlükdə cəmiyyətin həyatını kəskin risk altında qoyanlar var. Halbuki Nazirlər Komitəsinin yanında operativ qərargah hər gün fəsadlar barədə məlumatlar verir, əhaliyə xəbərdarlıqları çatdırır. Xüsusilə, martın 29-da və 31-də tətbiq edilən ciddi karantin rejiminə keçidin bəyan olunması artıq birmənalı olaraq, üzərlərindəki məsuliyyəti dərk etməyən şəxslərin diqqətinə almalıdır.

Bu gün ölkəmizdə mövcud olan epidemioloji durum dünyada da eynilik təşkil edir və hər bir ölkədə karantin rejimi mövcuddur. O cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımızın, tələbələrimizin, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının vətənə geri gətirmələrinin ardınca, onların 14 günlük karantində saxlanılması həm də testlərdən keçirilməsi yoluxucu infeksiyanın qarşısının alınması üçün atılan mühüm addımlardır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda karantin rejimində saxlanılan insanlarımız üçün ən mükəmməl şəraitlər yaradılıb. Artıq bu günə qədər onlarla vətəndaşlarımız rejimi keçərək, evlərinə buraxılıblar.

Qeyd edək ki, Azərbaycanda aprelin 20-dək xüsusi gücləndirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. Dövlətimizin gördüyü təxirəsalınmaz işlər sayəsində vətəndaşların gündəlik qida və s. təminatlarında heç bir problem yoxdur. Vətəndaşlarımız isə bütün dünyada koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edəcəyini nəzərə alaraq, məsuliyyətsiz davranmamalı, bütün qaydalara riayət etməlidirlər.

Mövzu ilə bağlı danışan "Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib ki, Azərbaycanda virus əleyhinə mütəşəkkil dövlət tədbirləri başlandığı vaxtdan indiyədək başqa ölkələrdən fərqli və üstün xüsusiyyətlərə malik olduğunu davamlı şəkildə göstərməkdədir. İlk əvvəldən Azərbaycanda koronavirus əleyhinə tədbirlər önləyici və qabaqlayıcı xarakter daşıması ilə fərqləndi. Belə ki başqa ölkələr hələ təhlükəni tam ciddi qəbul etmədiyi dövrdə Azərbaycanda artıq məhdudlaşdırıcı tədbirlər sistemli olaraq həyata keçirilir və nəticələrini də verirdi.
 
O bildirib ki, bu gün Azərbaycan təhlükənin hər an üçün dəyişmə dinamikasına uyğun yeni tədbirlər görmək və tətbiq olunmuş qaydaların bir qədər də möhkəmləndirilməsi taktikasını həyata keçirir və ümumdünya koronavirusla mübarizə təcrübəsinə yeniliklər təqdim edir:

“Son məhdudlaşdırıcı tədbirlər bir daha sübut edir ki, Azərbaycanda antivirus fəaliyyət planı təkmildir, nəticəyönümlü, şəraitə tam uyğun olmaqla yanaşı, konkret nəticələrə hesablanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın son məhdudlaşdırıcı tədbirləri də təsdiqlədi ki, bütün işlər virusun yayılma risklərini azaltmağa və ölkəni mümkün qədər az itkilərlə bu mübarizədən çıxarmağa xidmət edir və əslində bu vəzifələri icra etmək gücündədir”.

A.Quliyev vurğulayıb ki, ictimaiyyətin reaksiyalarının təhlili göstərir ki, insanlar xüsusilə dövlət başçısının məsuliyyət və həmrəylik çağırışlarındakı ümumi təhlükəsizlik mənafelərinə uyğunluğu dərk edir və öz davranışlarında onlara üstünlük vermək istəyir:

“Biz birlikdə güclüyük" tezisinin vətəndaşlarımızın toparlanması və birlikdə hərəkətə ciddi təsir göstərdiyini aydın görürük. İlk günkər “Evdə qalın” çağırışlarına o qədər ciddi yanaşmayan insanlarınız tez bir zamanda dəyişdilər və bu özünütəcrid davranışın milli təhlükəsizlik və şəxsi sağlamlıq üçün nə qədər vacib olduğuna lazımi dəyəri verdilər və verməlidirlər”.

Siyasi şərhçi qeyd edib ki, daha sərt qaydalara keçid bütün dünya üzrə vəziyyətin daha təhlükəli həddə daxil olduğu deməkdir:

“Bu mərhələ hər kəsdən öz şəxsi məsuliyyətini bir neçə dəfə artırmağı tələb edir. Sərtləşdirilən qaydalar insanların evdə qalma rejimini daha da ciddiləşdirməyi günün ən ümdə tələbinə çevirib. Bir məsuliyyətsiz davranış və evlərdən bir lüzumsuz çıxış neçə -neçə insanların yoluxma və ölüm təhlükəsi deməkdir”.

Baş redaktor söyləyib ki, Azərbaycanda koronavirusla mübarizənin yeni, daha ciddi və daha əhəmiyyətli dövrü başlayır:

“Çünki bu təhlükə daha qorxulu mərhələyə keçir. Bütün dünya üzrə yeni təhlükəli dərəcəyə yetişmiş virusun Azərbaycanda daha böyük fəlakətlər törətmək risqləri var və bunların qarşısını yalnız ümumi qaydaların icrasında maksimum artırılmış məsuliyyətlə ala bilərik. Azərbaycanda bugünkü virus təhlükəsi bir-iki həftə əvvəlki kimi deyil və məsuliyyətli davranışların maksimum göstərilmədiyi halda fəlakətlərin miqyasını proqnozlaşdırmaq mümkün olmayacaq. Vəziyyət nə qədər ağır olsa da, ən az itkilərlə sınaqdan çıxmaq yolu dövlət məhdudlaşdırıcı tədbirlərin hər bir vətəndaş tərəfindən sonadək tam yerinə yetirilməsidir. Ya birlikdə virusa qalib gəlmək, ya da koronavirusun dəhşətlərini hər birimizin yaşaya biləcəyi mərhələyə çatmışıq. Nicat yolu dövlət tədbirlərinin icrası üzərində birlik nümayiş etdirməkdədir”.

Millət vəkili Elman Məmmədov bildirib ki, koronovirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycan dövləti tərəfindən nə tədbirlər görülürsə, nə qərarlar qəbul olunursa, bunlar hamısı Azərbaycan vətəndaşlarının virusa yolxumaması üçün, ölməməsi və həyatda qalması üçün edilir. Bütün bu tədbirlərin hamısında bir məqsəd var ki, Azərbaycan bir dövlət olaraq millətimizi, vətəndaşlarımızı qorusun və biz bu bəladan kifayət qədər az itkilərlə qurtula bilək. Bunu hər bir vətəndaş dərk etməlidir və başa düşməlidir.

Deputatın sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti nümunə göstərir:

"Bütün vəzifəli adamlar, ziyalılar, tanınmışlar hamısı nümunə göstərir. Onlardan nümunə götürmək lazımdır. Ən böyük ibrəti dünyada bu virusla bağlı baş verən hadisələrdən götürmək lazımdır. Dünyaya ağalıq etmək iddiasında olan supergüclərin bu gün düşdüyü vəziyyətə baxın. İnsanlarımız bu gün ABŞ-dakı, Avropa qitəsindəki vəziyyətə baxsınlar və nəticə çıxarsınlar ki, laqeyidlik, məsuliyyətsizlik və s. nələrə gətirib çıxara bilər. Yəni kim yaşamaq istəyirsə, kim bu bəladan xilas olmaq istəyirsə o, dövlətimizin qəbul etdiyi qərarlara ciddi əməl etməlidir. Bütün qəbul olunan qərarların, qadağaların bir məqsədi var o da insanlarımızın bu bəlaya düçar olmamasıdır. Biz bunu dərk etməliyik, başa düşməliyik və öz töhvəmizi verməliyik. Biz öz töhvəmizi verməklə sağ qalırıq. Töhvəmiz nədən ibarətdir. Qanunlara və qərarlara ciddi əməl etməkdir. Biz bir şeyi başa düşməliyik ki, başda cənab Prezidentimiz olmaqla dövlətimiz bütün görülən tədbiri vətəndaşlarımız üçün görür".
 
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib, özümüzü təcrid etməsək ən pis ssenari ilə üzləşə bilərik. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik".

Deputatın sözlərinə görə, hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrubəsi var:

"Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa, həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildilər. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vatəndaşlıq borcumuz maksimum özünütəcrid etməkdir. Maksimum passiv evdəqalmadır. Bu gün passiv evdəqalma koronovirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü "postkorona" dövrü adlandıracağıq. Gəlin elə tədbirlər alaq k , bu dövrə yaxınlarımızla ,əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. " Evdə qal, Azərbaycan" . Bu günün ən aktual çağırışı "Vətəndaş evdəqal"..çağırışıdır. Evdə qalaq, bu günümüzü , gələcəyimizi xilas edək".

PƏRVANƏ

 





31.03.2020    çap et  çap et