525.Az

"Sərv boylu qadınlar axtarma daha..." - Gülay Tahirlinin şeirləri


 

"Sərv boylu qadınlar axtarma daha..." - <b style="color:red">Gülay Tahirlinin şeirləri </b>

Tahirli Gülay Abdulla qızı - 1999-cu ildə Babək rayonunun Cəhri kəndində doğulmuşam. 2005-ci ildə Cəhri kənd 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuşam. 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək 623 balla Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşam.

Hazırda IV kurs tələbəsiyəm, təhsilimi magistratura pilləsində ədəbiyyat üzrə davam etdirməyi düşünürəm.

Qəbul balımı xüsusilə vurğulamağımın səbəbi balımın ixtisasıma tələb ediləndən çox olması və bunun insanlara qəribə gəlməsidir. Amma onlar bilmirlər ki, mənim üçün dünyada ədəbiyyatdan dəyərli heç nə yoxdur, o, sadəcə bir peşə deyil, həm də nə zaman istəsək, ruhən söykənə biləcəyimiz sığınacaq, daim üz tutacağımız müqəddəs səcdəgahdır.

Mənim ədəbiyyat, kitab sevgim ailədən gəlir. Dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım ailədə kitab oxumamaq, ədəbiyyatı sevməmək mümkün deyildi.

Mütaliəyə Azərbaycan nağıllarından, Azərbaycan dastanlarından başlamışam, Ustad Şəhriyarın, Məmməd Arazın, Mikayıl Müşfiqin şeirləri ilə böyümüşəm.

Sevimli yazıçılarımın başında Cek London dayanır, "Martin İden" ən sevimli kitabımdır. Hüseyn Cavid sevgim isə ifadə edə bilməyəcəyim qədər böyükdür.

Şeir yazmağa uşaq yaşlarından başlamışam, zamanla müxtəlif qəzet və jurnallarda şeirlərim dərc olunub.
"Hər şey ədəbiyyat üçün", - deyib başladığım bu yolda ədəbiyyat üçün yaxşı nələrsə edə bilmək ümidindəyəm.

Qanadlarnı açaraq yox,
Gözlərini qapayaraq uçur adamlar.
Hərəkətsiz dayananda atılır
Ən böyük addımlar.
Ən uzun yollar da beləcə fəth edilir.

Şüşədən yox,
Sevgidəndir ürəyin eynəyi.
Nə qədər çox sevsən,
O qədər çox görərsən.

Kirpiklərin qovuşmağı söküb atırmış
bütün tikanlı məftilləri,
Sərhəd yox,
Hüdud yox,
Hər şey əlçatandır.

Bir buludun ətəyindən yapışıb
Dünyanı damla-damla gəzə bilirəm.
Sonra yolumu
günəşdən salıb,
Sevgilimin yanaqlarında üzə bilirəm.

Nə zaman darıxsam,
Əlimi ürəyimin üstünə qoyub
səndə oluram,
Yeri gələndə mən sən də oluram, allah!
Nə bilim, bəlkə də günahkaram,
Bağışla...
Bağışla,
Bütün sərhədlərini aşıram, allah!

***

Sərv boylu qadınlar axtarma daha,
Sərv boyunda kitab oxuyan qadınlar var axı...

Neyləyirsən kaman qaşları,
Yoxdursa dərin baxışları?

Bəsdir daha düşdün ox kirpiklərin izinə!
Nəyinə gərək o kirpiklər
Bir Şəhriyar misrasında,
Bir Füzuli beytində
islanıb-islanıb bükülmürsə?

Qönçə dodaqlar solar bir gün,
Elə qadın sev ki,
Solmayan şeirlər pıçıldasın dodağı
Günün hər çağı...

Zülfün kəməndinə düşdüyün bəsdir,
Ruhun azadlığını,
Fikrin genişliyini qucaqla.

Aldatdılar səni alma yanaqlarla,
Bal dodaqlarla.
Sənə gözəllik anlayışın yanlış öyrətdilər, adam.

Elə qadın sev ki,
Dərinliyində üzə biləsən...
Minlərlə dayaz ürəkdə yaşamaqdansa,
Bir ürəyin dərinliyində boğulub öləsən...

***

Göz yaşı axır həyatımın hər anından,
Saatların, dəqiqələrin ruhu sızıldayır
Nəfəsim hər ötüb keçdikcə canımdan...
Mənə gələndə mürəkkəbinmi qurtardı, Tanrı?
Dərddən başqa bir şey tapa bilmədinmi
Qələmini doldurmağa?
Ehhh, mən alışmışam
Hər gün bir ümidi pəncərəndə soldurmağa...

Sən məni boş ver, Tanrı!
Anladım ki, mən gözəl günlərə,
Xoşbəxt adamlara gedən yolam sadəcə.
Çətin olur yaradıcılığın ilk dövrü,
Fəqət zaman keçdikcə
daha gözəl şeirlər yazır şair.
Ən gözəl binalar ən son qurulanlardır.
Rəssamın bir ilk rəsminə bax,
Bir də sonradan çəkdiklərinə...
Sən də bacaraqsan, Tanrı!
Məni boş ver...
Zaman keçəcək,
Gün gələcək,
Daha gözəl adamlar yaradacaqsan!
Ağrısız, acısız, xoşbəxt adamlar...

***

Salam olsun, Sevgili!
Xoş gəlibdir yoxluğun!
Dolanaram başına
Mən bu qara boşluğun...
Bağışla, sevgili,
Səndən əzizmiş ki yoxluğun.
Səndən vəfalı...
Səndən sevdalı...
Səndən də gözəl...
Bizim uzun-uzun söhbətlərimiz olur,
Gülüşlərimiz...
Ağrılarımız...
Acılarımız...
Arada çay dəmləyib
İçirik sənin şərəfinə,
Bəzən şərabımız, meyimiz olur...

Elə dərdləşirəm ki onunla,
Heç Tanrı da bilməz bunu,
Tanrı da tanımaz məni
İnan ki yoxluğun qədər.
Eeeeeyyyyy, Sevgili!
Get, hara istəsən, get!
Bağışla,
Sözümü tuta bilmədim,
Daha səndən də çox sevdiyim var.
Yanımda olan biri var
Hər qış, hər bahar!
Artıq yoxluğunla yaşayıram bütün varlığımla.
Özümə sadiq bir dost tapmışam.
Nə böyük xəyanət!
Nə böyük cəsarət!
Mən səni yoxluğunla aldatmışam.

 





31.03.2020    çap et  çap et