525.Az

İcbari tibbi sığortayla əlaqədar maliyyə sanksiyasının 7 faizi dövlət büdcəsinə köçürüləcək


 

İcbari tibbi sığortayla əlaqədar maliyyə sanksiyasının 7 faizi dövlət büdcəsinə köçürüləcək<b style="color:red"></b>

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

APA-nın məlumatına görə, “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta ilə əlaqədar sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:

- Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu),  Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;

- Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər;

- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir.

İndiyə qədər həmin sığortalılar tərəfindən bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülüb. Dəyişikliyə əsasən, maliyyə sanksiyası və faiz məbləğinin 7 faizi dövlət büdcəsinə köçürüləcək. Başqa sözlə, sığortalılar tərəfindən bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 43 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürüləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 





01.04.2020    çap et  çap et