525.Az

Xalq şairi Rəsul Rzanın anım günüdür


 

BU İL 110 İLLİYİ TAMAM OLAN BÖYÜK ŞAİRİ ŞEİRLƏRİLƏ ANIRIQ

Xalq şairi Rəsul Rzanın anım günüdür<b style="color:red"></b>

RƏSUL RZA-110

2020-ci il Azərbaycan və dünya poeziyasının görkəmli nümayəndəsi Xalq şairi Rəsul Rzanın 110 illik yubileyi ilə də əlamətdardır.

Bu il mayın 19-da şairin anadan olmasının 110-cu ildönümü tamamlanacaq. Aprelin 1-i isə Azərbaycan ədəbi-mədəni mühitinin yaddaşına Xalq şairi Rəsul Rzanın vəfat tarixi – anım günü kimi həkk olunub.

Bu münasibətlə böyük şairimizi bir daha ehtiramla anır və onun ölməz poeziyasından nümunələri oxuculara təqdim edirik.

Rəsul RZA

QOCA TİMSAH

“İmperializm mənzərələri”ndən

Udur xırda balıqları
qoca timsah,
yekə timsah.
Göz yaşları axır, axır...
Deyir: sülhü qoruyuram bu
                               sularda.
Quyruğuna humanizm
                               nişanını
özü taxır
qoca timsah.
 – Aman! – deyir,
fəryad edir
xırda balıq sürüləri:
“ İstəmirik!
Artıq olsun mərhəmətin!
Rəyimizcə deyil
sənin bu niyyətin”.
Qoca timsah eşitmir,
eşidirsə anlamır,
anlayırsa bəyənmir
bu fəryadı.
Deyir, nə var,
nə haraydır
yenə salıb bu xırdalar.
Bilmirlər ki,
təhlükəli zamanlardır?
Yollarında dikdir də var,
çuxur da var.
Mənim qarnım,
azadlığın görülməmiş
                        cənnətidir.
Cip-cip, cip-cip,
                         xırdalarım!
Tez ol!
Bir-bir, qarnıma gir.
Hamı baxır,
hamı görür.
Qoca timsah,
yekə timsah,
udur xırda balıqları.
Udduqca da
gözlərindən
bol yaş axır,
humanistdir timsah axı.

1969

ADİ SUAL

Qorki küçəsində
kitab satılır.
Yaxşı!
Rustavelidə
bol-bol qumaş, ipək.
Çox yaxşı!
Nizami küçəsindən
bir şey almaq istəsək,
hara gedək,
yoldaş şəhərbaşı?

Moskva, 1968

YERSİZ MƏZƏMMƏT

Onun əynində qalın palto,
başında tüklü papaq,
ayağında keçə çəkmə,
əlində yun əlcək var.
Məndə,
sadalasan bunları,
cümlənin axırı “yoxla” qurtarar.
Hava şaxtalı.
Qar tökür iynə-iynə.
O heyrətlə baxır
əllərimin göyərdiyinə.
Və deyir:
Şaxta yaxşı şeydir.
Adama ləzzət verir.
Nahaq yerə sən,
qışı sevmirsən!

NƏSİLDƏN NƏSİLƏ

Anam Qaradolağ obasındandı;
Kürün sağ sahilindən.
Yaşayırdıq Göyçayın
çinarlı bir küçəsində.
Hələ uşaq idim mən.
Hərdən yazbaşı,
aranın yumşaq gecəsində,
babam gözlərini yumar,
xəyala dalardı.
Bir müddət belə qalardı.
Sonra deyərdi:
İgid oğlum!
Atlar içində
döl seçməli olsan,
o yerlərə get!
Göllər içində
göl seçməli olsan,
o yerlərə get.
Bağları bağlar bağı.
Dağları dağlar dağı.
Qalasının hər divar daşı
düşmən gülləsinə qalxan olub.
Gümüş-gümüş ulduzları
dan sökəndə axan olur.
Dərələrin dərini
ordadır.
Bulaqların sərini
ordadır.
Ovlaqları geniş-geniş.
İstəsən ovla, quşla,
istəsən çaylağa en,
yolun eniş;
istəsən buludlara qalx
ilan-çığır yoxuşla.
Üç ay sürüləri başyuxarı gedir,
iki ay başaşağı.
Yamacları əlvan xalı!
Şır-şırları – nənə qurşağı.
Çörəyi az olsun, ya çox,
süfrəsi dost üzünə açıq olur.
Orda ürəklər
mərd sözünə açıq olur.
Nəğmələr nəğməsi
ordadır.
Cabbarın, Seyidin səsi
ordadır.
Çox vurğundu baba yurduna
babam, nənəm...
İndi nəvəmin babası
mənəm.

1970

PƏRSƏNG DAŞI

Yol kənarında
bir daş gördüm.
Maraqlandım:
bu yer hara,
bu yekə daş hara!
Hardan gəlib düşüb bu uzaqlara!
Soruşdum:
kimsən?
Nəsən?
Hardan gəlib düşdün
bu daşsız yola,
bu düzənə sən?
Daş dedi:
mən adi daş deyiləm.
Yaxşı bax!
Pərsəng daşıyam,
pərsəng daşı.
Məni tulladı bura
karvanbaşı.
Əvvəl əzizləyib
qoymuşdu yükün bir tayına,
lap yuxarı.
Elə ki keçdik əyri-dolay,
əynəmli yolları,
götürüb atdı məni
bu yol kənarına.
Kim inanar
insanların etibarına.
Dedim: insanı məzəmmət eləmə.
Günahı yoxdur burda
sədaqətin, etibarın.
Aqibəti belə olur
və belə olacaq
hündürə qalxmaq həvəsilə
pərsəng olanların.

28 fevral, 1970

HAQLI CƏZA

Bülbül öldü,
qızılgül vağam oldu budaqda.
Basdırdılar onları
yan-yana,
son yataqda.
Sonra qəzəbli, hirsli
gələnlərdən hər biri
yaxşıca kötəklədi
şairi.

HƏZƏR

Sərxoşluqda
bir süfrədə
yüz yol
öpüşüb-yalaşan,
tez-tez qol-boyun olub,
dönə-dönə dalaşan,
mey içəndə,
qardaş olan,
ayılanda
qəlbi daş olan
dostların cəfasından
həzər!

Həzər,
Biliyi əzbər,
dili qiybət-xəbər,
gözünə baxa bilməyən,
ömründə bir dəfə
ürəkdən gülməyən,
insan sevincinə sevinməyən,
toyda-yasda dinməyən,
qəlbi kiçik,
beyni çirk,
insanların vəfasından
həzər!

Həzər,
sabun köpüyü kimi,
bir anda yaranan,
dillərdə, ağızlarda daranan,
yüz qəlbdə
yüz həsəd oyandıran,
içi özünü,
çölü özgəni yandıran
şöhrətin səfasından
həzər!

Həzər,
süfrənin başında oturub
çörəyini yeyən,
sənə
canım-ciyərim deyən,
çətin gündə
yüz bəhanə tapıb küsən,
gicəvarı yel kimi
dörd bir yana əsən,
yeri gəldi –
pambıqda baş kəsən,
dostların məlhəmindən,
şəfasından
həzər!

Bunlar
nə dostdur,
nə düşman.
Nə aslandır,
nə dovşan.
Bunlar
payız günü
çöl-bayırda
balağına yapışan
pişpişidir.
Bunlar
nə arvad kimi arvad,
nə kişi kimi kişidir.
Bunları damğalamaq
sənətin borcudur,
şairin
müqəddəs işidir!

1953

DİN HAQQINDA

İki dəfə qorxudublar məni
din sözü ilə:
(Xırda-xuruşlar xaric)
bir inananda,
bir də inanmayanda.
İnandığım vaxt
hər şeyi dinə bağlayıblar:
Bu olar!
Bu olmaz!
Bu savab,
bu günahdır.
İnanmayanda yenə
məni əsarətdə saxlayıblar:
Bu olar!
Bu olmaz!
Bu, ateizm,
bu, mövhumatdır.
Əvvəl din lehinə,
dinə məhəbbət üçün,
sonra din əleyhinə,
dinə nifrət üçün.
Din əvvəl nə idisə
yenə odur.
Əvvəl küfrü ilə qorxudurdu,
indi rəğbəti ilə qorxudur.

QƏRİBƏDİR DÜNYANIN İŞİ...

Beyin fosfor istəyir,
şəkər istəyir ürək.
Həkim deyir:
- Şəkəri az yeyəsən gərək.
Beş-on il dözər can
ciddi pəhriz saxlasan.
Diabetsən.
Özünlə insulin götür
hara getsən.
Bu yandan da minyera,
özü də angianoz...
Nə qəşəng adı var andırın!
Ancaq inanmayın bu “gözəlliyə”,
Rast gəlsə, yan durun!
Həkim pıçıldayır:
-Vəziyyət ciddidir,
başa salın, qandırın!
Düşünürəm:
Deyək, əlac tapıldı
diabetlə minyeraya.
Bəs qan təzyiqi
haraya qoyaq, haraya?
Heç də adı ondan pis deyil:
Gi-per-to-niya!
Eh, kimdir onları bir-bir sanaya!
Biri eelə adlanır,
biri belə.
Hamısı ömrümüzü söküb aparır
parça-parça, gilə-gilə.
Minyeran var,
ət yeməlisən,
Gipertoniyan var,
ətə vida deməlisən.
İndi gəl ayırd elə,
başa düş, anla:
hansı pəhrizi
uyğunlaşdırmalısan
hansı dərmana.
Düşündükcə adamın başı
qazana dönür.
Yazdıqca, adam
anbarda siyahı yazana dönür.

Ömür çox da qalsa, az da,
yol gedə bimirəm
asta-asta.
Könlüm bahar istəyir.
Bir an olsa da,
istəmirəm sükut,
dinclik!
Odsuz-alovsuz həyatın
hər dəqiqəsi
hər dərdə şəfa verən
dərman olsa da,
istəmirəm
arxa sıralarda qalan
canlı olam,
ətalət çeşməsindən
Dirilik suyu alam.
Titrəyə-titrəyə,
sısqa və cılız yaşamağa,
ömrün yükünü
inci-gövhər dolu
bir xurcun kimi
çiynimdə daşımağa
meylim yoxdur!
Həkimim-nüsxəbəndim
Loğman olsa da,
mən ürəkdən gülmək,
könüldən sevinmək,
sevdiyim insanları
qucaqlayıb bərk-bərk öpmək
sonra, lazım gəlsə,
tufanda qanrılıb
kökündən qopmuş
gövdəli palıd kimi
ölmək istəyirəm.
Mən qorxmuram,-
dəqiqələrin sahili
ölüm olsun, həyat olsun,-
ancaq
nə sözlərim sinsisin,
nə şeirim boyat...
Hər misramda
dalğalı
             alovlu
             həyat olsun!
O ki qaldı
diabet-miabet,
minyera, gipertoniya, -
illər keçib getsə də, hər sözümdən
bahar məni tanıyar,
bir bahar ki,
                     lalələrdən çəmənləri
                               qanayar...
İnsanlardan soruşun,
min bir nəğmə içində
onlar məni tanıyar.

HƏYAT HAQQINDA

Biri dedi:
həyat qumardır.
Biri dedi:
bahardır;
gah tufanlı,
gah mülayim olur
havalar.
Biri dedi:
biyardır,
istəsən də, istəməsən də
çək yükünü.
Biri dedi:
xumardır,
ayılanda
biz-biz edir tükünü.
Biri dedi:
qabardır -
əllərdə, kürəklərdə.
Biri dedi:
etibardır ürəklərdə.
Biri dedi:
qərardır,
verilmişdir ilk gündən.
Biri dedi:
çoxayrıclı yollardır
kiminin izi qalır,
kiminin tozu qalmır
kökündən.
Biri dedi:
yuxuludur;
ayılışı ölüm.
Biri...
Növbə sizə gəldi
yeganə qəlbim,
qayğılı könlüm!
 – həyat bütün bunların
qarışığıdır.
İnsanın əbədi
səadət axtarışıdır.
Əzabı da var,
sevinci də,
zəhməti də,
dinci də.
Həyat özü
nə ağdır, nə qaradır.
Həyatın ahəngini,
həyatın hər rəngini,
insanlar yaradır.

CİB DƏFTƏRİ

İş otağımın divarlarına,
hər səhər içdiyim qəhvənin buxarına,
Göyçayın çinarına,
ürəyimin ağrılarına
alışan kimi alışmışam
qabığı göy müşəmbəli
cib dəftərimə.
Rəsmi mümkünlərdən
boyat qaydalardan
soyuna-soyuna
kimsəyə qızmadıqlarımı
demişəm ona.
Bilirəm, etibarlı yoldaşdır.
Nə söz gəzdirən,
nə lovğalanan,
nə özündən deyəndir,
nə yerlipərəst,
nə yalançı,
nə rüşvət yeyəndir.
Sevirəm
göy müşəmbə qabığlı
cib dəftərimi.
Nə sevincimi gizlədirəm ondan,
nə dərd-sərimi,
tanıyıram cib dəftərimi.

1966

AĞLI-QARALI DÜNYA

Gecə, Gündüz
təbiətin özünə məxsusdur.
Bir də insan ömrünün
gecəsi var,
gündüzü var.
Birinin gecəsi uzundur,
birinin gündüzü.
Birinin qəlbi qaradır,
birinin üzü;
ya günəşdən,
ya irqindən,
ya da çörəksiz külfətinin yanında.
Gecələri aydınladırıq
elektrik işığında.
Dünya işıq olsa yaxşıdır,
ancaq göz yaşları görünməsə
milyonların qaşığında.

 





01.04.2020    çap et  çap et