525.Az

Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir


 

Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir<b style="color:red"></b>

Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində martın 11-dən bilavasitə Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Lakin buna baxmayaraq  Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir.

Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri tam qüvvəsi ilə oxucular üçün aktivdir: Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması, Virtual Sərgi, Metodiki xidmət (kitabxanalar üçün).

Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışırlar. İstifadəçilərimiz onlara lazım olan resursları Milli Kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır.  Mart ayının 11-dən 31-dək Milli Kitabxananın onlayn xidmətləri vasitəsi ilə 659 istifadəçiyə sənədlərin elektron çatdırılması xidməti göstərilib. Bu müddət ərzində onlara 1800 kitab və 4200 məqalənin elektron çatdırılması təmin olunub. Milli Kitabxana oxuculara virtual xidmətlərini də davam etdirmiş və bu xidmətlərdən istifadə edənlərin sayı xeyli artıb.

Kitabxananın saytının (anl.az) “Elektron kataloq və elektron kitabxana” bölməsinə son 20 gün ərzində 182 583 nəfər kitabları onlayn oxumaq üçün müraciət edib. Bütövlükdə saytımıza daxil olanların sayı isə 225 825 nəfər olub. Bu dövr ərzində oxucuların sifarişi əsasında kitabxananın əməkdaşları kitabxanaya gələrək 50 kitabın və 320 məqalənin elektron versiyasını hazırlayaraq oxuculara göndəriblər.

Son 20 gün ərzində kitabxananın əməkdaşları tərəfindən 4 virtual sərgi hazırlanaraq onlayn şəkildə oxuculara təqdim olunub. Könüllülər ili ilə əlaqədar olaraq Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  Açıq Kitabxanada yaradılmış Könüllülər qrupu martın 13-dən bugünədək kitabxanada olan maraqlı kitabların videogörüntülərini və xülasələrini kitabxananın feysbook səhifəsi vasitəsilə onlayn şəkildə oxuculara təqdim olunmasını davam etdirirlər.

 





01.04.2020    çap et  çap et