525.Az

Hüsniyyə Mürvətova: “Biz bu gün də tamaşaçılarımıza pozitivlik aşılamalıyıq” - Video


 

Hüsniyyə Mürvətova: “Biz bu gün də tamaşaçılarımıza pozitivlik aşılamalıyıq” - <b style="color:red">Video</b>

Artıq bir aya yaxındır ki, digər mədəniyyət müəssisələri kim teatrlar da öz fəaliyyətini dayandırıb. Bundan əlavə film və serial çəkilişləri də müvəqqəti olaraq təxirə salınıb. Aktyorlar da hər kəs kimi “evdə qal” çağırışına əməl etsələr də, sosial şəbəkələrdən izlədiyimiz qədər sənətlərindən heç də uzaqlaşmayıblar. Kimi uşaqlar üçün nağıllar, kimi pritçalar danışıb videoya çəkir, kimi canlı yayımlar açaraq şeirlər səsləndirirlər.

Onlardan biri də Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovadır. Hüsniyyə xanım da bu aralar sosial şəbəkələrdə aktivdir, insanları dövlətin sosial izolyasiya tələblərinə əməl etməyə çağırır və eyni zamanda, canlı yayımlar vasitəsiylə izləyicilərlə əlaqə qurur, onların sevdiyi şeirləri səsləndirir. Bu günlər haqqında daha geniş özü danışdı:

“İzləyicilərim, tamaşaçılarımız mənə bu günlərdə sual verirlər ki, Hüsniyyə xanım, necəsiniz? Mən onlara cavab verəndə ki, hamı kimiyəm, görürəm, xoşlarına gəlmir, onlar istəmirlər ki, biz hətta bu gün belə hamı kimi olaq. Tamaşaçı olaraq yenə də öz sənətçisindən pozitivlik, nəsə yenilik gözləyirlər. Mən onların bu reaksiyalarından anladım ki, deməli, biz bir sənətçi olaraq, onlara bu cavabı verməməliyik. Biz bu gün də tamaşaçılarımıza pozitivlik aşılamalıyıq. Demək olar ki, tez-tez sosial şəbəkələrdə canlı yayımlar edirəm, tamaşaçılarımla əlaqə yaradıram, bugünki durumumuzu müzakirə edirəm, söhbət edirik, repertuarımda olan, onların istədiyi şeirləri söyləyirəm onlar üçün. İstəyirəm ki, bununla heç olmasa az da olsa, onların fikirlərini yayındırım.

Təkcə böyükləri deyil, balaca balalarımızı da unutmuram. Onlar bu günlərdə məktəbə gedə bilmir, evdən çıxa bilmirlər, bəlkə də biz böyüklərdən daha çox darıxırlar. Mən də sosial şəbəkələrdə sənət yoldaşlarımız arasında ilk dəfə olaraq onlar üçün nağıllar oxumuşam. Zaman-zaman yəqin ki, davam edərəm buna. Çünki uşaqları həddindən artıq çox istəyirəm.

Demək olar ki, günümün bir hissəsi insanlar üçün, bəşəriyyət üçün dua etməklə keçir. Bunu izləyicilərimə də deyirəm, özlərini, yaxınlarını qorumaqlarını, gələcəyə ümidlə baxmaqlarını xahiş edirəm. Hətta bununla bağlı ayrıca video da çəkib sosial şəbəkədə paylaşmışam. İnşallah, bu dərd-bəla üstümüzdən keçib getsin, cəmiyyətimiz, dövlətimiz var olsun, sağlam olsun. Hər kəsə can sağlığı, dözümlü, məsuliyyətli olmağı arzulayıram. Hər birimiz tək özümüzü deyil, bütün insanlığı qorumaq üçün məsuliyyətli olmalıyıq. Bu günlərdə mən də eləyəm, demək olar ki, vacib olmadıqca çölə çıxmıram, özümü qoruyuram, dualar edirəm.

Bildiyiniz kimi, oğlum təhsilinə görə başqa ölkədədir. Biz belə məsləhət bildik ki, o, gəlməsin. Çünki yollar çətin idi, təhlükəli idi. Mən çox narahat olacaqdım. Ona görə də gəlmədi, amma indi lap çox narahatam. Bəzən düşünürəm ki, bəlkə gələydi. Düzdür, o, özü də gəlmək istəmədi, dediyim səbəbə görə, belə də mən rahatlıq tapmıram. Hər gün öz övladım da olmaqla, ailəsindən uzaqda olan tələbələrimiz, balalarımız üçün də bildiyim bütün duaları oxuyuram. Əlimizdən başqa heç nə gəlmir.

Əlbəttə, gündəlik iş rejimimiz üçün, teatrımız üçün, dublyaj üçün, çəkilişlər üçün darıxıram. Arada şairlərdən təkliflər olur, şeirlərini səsləndirməyimi istəyirlər, onları edirəm.

Bu günlərdə başımı qatan bir şey də Türkiyədə yayımlanan “Survivor” yarışmasıdır. Orada 10 ildən sonra ilk dəfədir ki, bir azərbaycanlı iştirakçı yarışır. Bu, peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayevdir. Onun həvəsinə baxmağa başladım və gördüm ki, həqiqətən bu, təkcə yarış deyil, eyni zamanda sanki həyatın mini versiyasıdır.

İnşallah, hər şey yaxşı olar. Allah köməyimiz olsun! Bir olaq, bir-birimizə dəstək olaq, evdə qalaq! Həyat evdədir!”

Şahanə MÜŞFİQ

 





01.04.2020    çap et  çap et