525.Az

Şagirdlər üçün onlayn dərslər


 

MƏQSƏD ŞAGİRDLƏRİN TƏLİM-TƏDRİSDƏN QALMAMASINI TƏMİN ETMƏKDİR

Şagirdlər üçün onlayn dərslər<b style="color:red"></b>

COVİD-19 pandemiyası üzündən sosial təcrid zərurətilə üzləşdiyimiz bir vaxtda ən həssas təbəqələrdən biri, bəlkə də birincisi uşaqlardır. Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan təlim-təhsil sahəsində valideynlərdən çox müəllimlərin rolu ön plana çıxır. Belə ki, ən mürəkkəb şəraitdə belə gənc nəslin istər mənəvi, istərsə də zehni və cismani inkişafı kimi həyati məsələlər məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür.

Bu gün də koronavirusun yayılması nəticəsində məktəblərin müvəqqəti olaraq fəaliyyətini dayandırdması ilə bağlı təhsil zəhmətkeşləri qarşısında şagirdlərin təlim-tədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən martın 12-dən etibarən “Mədəniyyət” və “ARB Günəş”  kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir. Bununla yanaşı şagirdlərin xüsusən də ibtidai sinif şagirdlərinin dərsdən geri qalmamaları, proqramı dərindən mənimsəmələri üçün müəllimlər tərəfindən onlayn dərslər keçilir. Onlayn dərslər şagird və müəllim arasında əlaqə telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə uzaq məsafədən həyata keçirilir.  Müəllimlər “Zoom” proqram ilə siniflər üzrə bütün şagirdləri eyni vaxtda dərslərə cəlb edirlər. Şagirdlər istənilən məkandan mobil telefon və internetlə dərslərə qoşula, verilən tapşırıqları yerinəyetirə bilirlər.  Şagirdlərin teledərslərə və onlayn dərslərə cəlb edilməsi onların üz-üzə təhsilini tam əvəz etməsə də, dərsdən kənar qalmamaları üçün bir vasitə sayılır.

"Tərəqqi" texniki-humanitar liseyinin müəllimi Aysel Hüseynova deyir ki,  müəllimləri də bu çətin gündə öz məsuliyyətlərini tam dərk edir,şagirdlərinin tədrisdən kənar düşməməsi üçün əllərindən gələni əsirgəmirlər. Liseyimizdə artıq hər bir sinif üçün tərtib olunmuş yeni cədvəl üzrə onlayn dərslər keçilir.Keçilən dərslərin sayı əvvəlki cədvələ uyğunlaşdırılıb.Onlayn dərslərin keçilməsində müəllimlər daha çox Zoom və Whatsapp proqramlarından istifadə edirlər. Eyni zamanda şagirdlərə onlayn tapşırıqlar və testlər göndərilir: “Qeyd etmək istəyirəm ki,mən liseydə “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində IV-VII siniflərdə İnformatika fənnini tədris edirəm. Bu layihə üzrə də hər şey şagirdlərin uğurlu tədrisi üçün nəzərdə tututlub. Belə ki, hər bir şagirdin fərdi platformasına onlayn dərslər yerləşdirilib.Hər dərsin əvvəlində şagirdlərə video-təlimatlar və nəzəri materiallar təqdim olunur. Bunlardan yararlanan şagird sərbəst şəkildə tapşırıqları yerinə yetirməyə müvəffəq olur. Sözsüz ki,nə qədər ideallıq olsa belə, bütün materiallar şagirdə təqdim olunsa da müəllim dəstəyi mütləqdir. Hər dərsin sonunda şagirdlərin nəticələri onlayn jurnalda izlənilir,tapşırıqlarda çətinlik çəkən şagirdlərə yenidən istiqamət verilir. Bundan əlavə, “Zoom” proqramı vasitəsilə fəal dərs təşkil olunur və nəzəri sorğu keçirilir. Bütün bu proseslərin təşkilində rəhbərliyin diqqəti və dəstəyi böyükdür. Sevindirici haldır ki,bu gün hər bir valideyn övladının dərsdən geri qalmaması üçün əlindən gələni edir. Nəzərə alsaq ki,distant təhsildə İKT-nin rolu mütləqdir,liseyimizin valideynləri övladları üçün bu şəraiti də yaratmaqdan çəkinmirlər. Beləliklə, onlayn dərslər daha effektli və uğurlu olur. Mən inanıram ki, hansı statusda, hansı peşədə olmasından asılı olmayaraq, dövlətimiz tərəfindən verilən göstərişlərə əməl etsək, əl-ələ verib sağlamlığımızın və təhsilimizin qayğısına qalsaq bir xalq kimi bu çətin imtahandan alnı açıq, üzü ağ çıxacağıq. Güc birlikdədir!!!”.

60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Cavadovanın sözlərinə görə, onlayn dərslər yeni mövzuların izahı üçün çox səmərəlidir: “Onlayn dərs zamanı şagirdlərə yeni mövzuları rahatlıqla izah edirəm. Tapşırıqlar verir və onların həlli yolarını izah edirəm. Həvəslə qulaq asırlar. Suallarını cavablandırıram. Dərslərin bu formada təşkili onların proqramdan, dərslərdən geri qalmamasına köməklik edir. Gününün böyük hissəsini evdə keçirən uşaqlara online də olsa müəllimini, sinif yoldaşlarına görmək həm də mənəvi dəstəkdir”.

Alı Mustafayev adına 202 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Balakişiyeva bildirib ki, koronavirus pandemiyasının yayılması səbəbindən məktəbə gedə bilməyən şagirdlər üçün təhsilin tək mənbəyi bu onlayn dərslərdir: “Uşaqların bir qisminə “Zoom” proqramı vasitəsilə online keçirəm. Bir qism uşaqlar bu proqram vasitəsilə bağlantı yarada bilmədikləri üçün bu şagirdlərə vodsap vasitəsilə dərsləri izah edirəm. Ev tapşırıqları verirəm. Çətin tapşırıqlar olanda onlara online izah edirəm, həlli variantlarını göstərirəm. Çalışıram ki, şagirdlərim proqramı, dərsləri mənimsəyə bilsinlər. Bu məqamda uşaqlara valideynlərin dəstəyi çox önəmlidir. Online dərslərdən sonra valideynlər uşaqlara ev tapşırıqlarının həllində yardımçı olmalıdır”.

S.QARAYEVA

 





02.04.2020    çap et  çap et