525.Az

“Molla Nəsrəddin” publisistikası: janr və üslub rəngarəngliyi


 

“Molla Nəsrəddin” publisistikası: <b style="color:red">janr və üslub rəngarəngliyi</b>

XX əsr Azərbaycan satirik mətbuatının əsasını qoyan “Molla Nəsrəddin” jurnalı orijinal üslublu və zəngin ədəbi formalı əsərləri ilə yeni publisistika məktəbinin yaranmasına və formalaşmasına təkan verdi.

Jurnalın redaktoru Cəlil Məmmədquluzadənin təşəbbüsü və rəhbərliyi ilə mollanəsrəddinçilər ədəbi-ictimai fikir tarixində bənzərsiz forma-struktur özəlliyinin yaranmasını təmin etdilər. Təbii ki, “Molla Nəsrəddin” jurnalında əksini tapan ilk satirik hekayə, satirik şeir, felyeton, satirik məqalə, satirik məktub, satirik xəbər kimi publisistik janrlar böyük realist ədib Cəlil Məmmədquluzadəyə məxsusdur. O, bu ədəbi formalarla “Molla Nəsrəddin” ədəbi cəbhəsinin nümayəndələrinə xalq tərəfindən maraqla qarşılanan, oxunaqlı, dinamik publisistik janrların təsir gücünü, aktuallığını, operativliyini göstərə bildi və öz həmkarlarına belə əsərlər yaratmağa stimul verdi. Beləliklə, Cəlil Məmmədquluzadənin şəxsi təşəbbüsü sayəsində bu istiqamətdə böyük işlər görüldü və publisistika məktəbinin formalaşması iki ilə qədər davam etdi. Artıq 1908-ci ildən sonra dövrün qabaqcıl ziyalıları “Molla Nəsrəddin” jurnalının ətrafında birləşərək satirik poeziya ilə yanaşı, publisistikanın mövzu, ideya və forma strukturunda əsl inqilabi yeniliklər yaratmağa nail oldular. Jurnalın ilk sayında (7 aprel 1906) yer alan “Molla Nəsrəddin”, “Lağlağı”, “Mozalan” imzalarının Cəlil Məmmədquluzadəyə məxsusluğu qeyd-şərtsizdir. Lakin bununla belə, jurnalın nəşrə başlaması haqqında ayrı-ayrı mətbuat orqanlarının verdiyi məlumatlardan da aydın olur ki, “Molla Nəsrəddin” bütövlükdə Şərq dünyasında böyük əks-sədaya səbəb olmuş, elə buna görə də Zaqafqaziya, Orta Asiya, İran, Rusiya kimi ölkələrdən jurnalın redaksiyasına çoxlu sayda məktublar və müxbir yazıları daxil olmuşdur. Jurnalın “Teleqraf xəbərləri” rubrikasında yer alan məlumatlardan da görünür ki, Rəşt, Təbriz, Tehran, Krım, Batum, Naxçıvan, Şamaxı, Kürdəmir, Salyan və başqa yerlərdən göndərilən yazılar artıq jurnalın əhatə dairəsinin genişləndiyini, müxbirlərin bu hərəkata qoşulduğunu əks etdirən inandırıcı faktlardır. Jurnalın 4-cü sayından Məmməd Səid Ordubadinin, Əli Nəzminin, 6-cı sayından Əliqulu Qəmküsarın, 21-ci sayından Əli Razi Şamçızadənin “Molla Nəsrəddin” ədəbi cəbhəsində iştirakı jurnalın əhatə dairəsinin getdikcə genişləndiyini göstərən reallıqlardır.

Jurnalın redaktorundan başlamış onun bütün yazarlarına kimi hər kəs gizli imzalardan istifadə etmişdir. Şübhəsiz ki, dövrün sərt qayda-qanunlarından, hakim dairələrin, senzuranın təqiblərindən yayınmaq üçün mollanəsrədinçilər gizli imzalardan istifadə etmək məcburiyyətində idilər.  Cəlil Məmmədquluzadə 100-dən artıq imzadan yararlanmışdır ki, bunlardan daha çox “Molla Nəsrəddin”, “Mozalan”, “Lağlağı”, “Cırcırama”, “Dəli”, “Hörümçək” və başqalarını göstərmək olar. Jurnalda getdikcə bu imzaların sayı artmağa başlamışdır. 1906-1907-ci illərdə mollanəsrəddinçilərin gizli imzaları sırasına “Hərdəmxəyal”, “Hophop”, “Qızdırmalı”, “Xortdan”, “Dəli” imzaları da əlavə olunmuşdur. 1908-ci ildə (№48) isə jurnal öz səhifələrində belə bir məlumat yayınlamışdır: “Nəqqaşlarımız-professor Şmerlinq, xudojnik Rotter, xudojnik Qrivinevski, həmişəlik yazıçılarımız- “Lağlağı”, “Qızdırmalı”, “Cırcırama”, “Məşədi Mozalanbəy”, “Dəli”, “Hərdəmxəyal”, “Hophop”, “Məşədi Sijimqulu”, “Kefsiz”, “Xortdan”, müxbirlərimiz-“Dəmdəməki”, “Köhnə dəmdəməki”, “Taraqqa”, “Anaş qurbağa”, “Süpürgəsaqqal”, “Dabanıçattaq xala”, “Dərdimənd”, “Qırxayaq”.

“Molla Nəsrəddin” jurnalının gizli imzaları ayrı-ayrı dövrlərdə ədəbiyyatşünas alimlərimiz Cəfər Xəndan, Əziz Şərif, Əziz Mirəhmədov, Nazim Axundov, Muxtar Qasımov, Abbas Zamanov, Kamran Məmmədov, Firudin Hüseynov, Fərman Bayramov və başqaları tərəfindən araşdırılıb. Lakin bu görkəmli alimlər içərisində peşəkarlığı, yüksək tədqiqatçılıq bacarığı ilə seçilən Qulam Məmmədlinin “İmzalar” (1977) kitabı dəyərli mənbə kimi qiymətlidir. Hal-hazırda bu iş yorulmaz tədqiqatçı Elmira Qasımova tərəfindən uğurla davam etdirilir. Onun “İmzalar” (2015) və “Gizli imza və atribusiyalar” (2017) kitabı bu istiqamətdə aparılmış sanballı  tədqiqatlardır.

Araşdırmalar göstərir ki, “Molla Nəsrəddin” ədəbi hərəkatının, publisistika məktəbinin 25 illik fəaliyyətinin təminatçısına çevrilən böyük bir ədəbi qüvvə - Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Salmaz Mümtaz, Əli Razi və başqaları bu sahədə xalqa təmənnasız xidmətlər göstərmişlər.

Professor İslam Ağayev yazır: “1906-cı ilin əvvəllərində “Molla Nəsrəddin”də Azərbaycan satirik publisistikasının yaranması əsasən üç məsələ ilə əlaqədar idi: ideya, dil və üslub, janr” (İslam Ağayev. “Molla Nəsrəddin”in poetikası. Bakı, Elm, 1985, s.38). Cəlil Məmmədquluzadə jurnalın ilk sayında dərc etdirdiyi proqram xarakterli “Sizi deyib gəlmişəm...” yazısında bu prinsiplərin önəmliyini bəyan etmişdir. Redaktor bu səslənişi ilə xalqın minilliklər boyu yığılıb qalmış problemlərini özününküləşdirə bildi, onların mənafeyinə xidmət edəcəyini açıqladı. O, əqidə və ideya birliyi ətrafında mollanəsrəddinçiləri sıx birləşdirdi və ilk satirik mətbuat orqanı kimi Azərbaycan xalqının dərdlərinə yaxından nüfuz edərək ictimailəşdirdi. Cəlil Məmmədquluzadə özünün əsl məramnaməsini həmvətənlərinə “Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram...” xitabı ilə çatdırdı. Jurnalın ilk nömrəsində dərc edilən bir satirik şeir, bir hekayə, bir felyeton,  iyirmiyə qədər satirik xəbərdəki ideya və məzmun zənginliyi, sərrastlıq, lakoniklik oxucuların diqqətini cəlb etmiş və “Molla Nəsrəddin”in uzunömürlüyünə təminat yaratmışdır. Jurnalın daimi yazarları və müxbirləri qarşısında dolğun məzmunlu, yığcam, oxucu qəlbinə və zehninə nüfuz edəcək dərəcədə təsirli yazmaq tələbi qoyulurdu. Buna görə də C.Məmmədquluzadə ardıcıl olaraq yazıçılara jurnalda dərc olunacaq yazılar haqqında dəyərli tövsiyə və məsləhətlər verirdi: Borçalı mahalında “Şikayətçiyə:” “Yazdıqların düz, amma Mollanəsrəddinsayağı yazılmayıb. Gümanımız budur ki, ləfzlərin bir parasını rəndələyib özgə qəzetlərə göndərəsiniz çap olunar”( “Molla Nəsrəddin”, 1906, №15).

Şübhəsiz ki, “Molla Nəsrəddin” publisistikasının formalaşması üçün xeyli zaman tələb olunmuşdur. İlk dövrlərdə bu tələbləri yerinə yetirəcək yazıçılar da çox deyildi. Bu məqama diqqət çəkən jurnal “Poçt qutusu”ndan rubrikasında yazır: “İdarəmizə gələn kağızların çoxunu çap etmirik, etməməyimizin səbəbi budur ki, kağızların çoxundan bir məna çıxmır” (“Molla Nəsrəddin”, 1906, №15). Bütün bunlar göstərir ki, “Molla Nəsrəddin” publisistika məktəbinin təşəkkülü və formalaşması C.Məmmədquluzadənin prinsipiallığı və tələbkarlığı sayəsində mümkün olmuşdur. Jurnalda dərc edilmiş publisistik əsərlərdə vahid qayda prinsipinin formalaşdırılması, məhz onun eyni qəlibə uyğunlaşdırılması sanki bütün yazıların bir müəllifə məxsusluğu təəssüratı da oyada bilir. Əlbəttə ki, bu zahirən belədir. Təbii ki, hər bir sənətkarın özünəməxsusluğu mətnin batinində ehtiva olunur ki, bu da onların fərdi üslublarını müəyyənləşdirir.

Jurnalın yayılma arealı geniş olduğundan redaksiyaya ayrı-ayrı bölgələrdən müxtəlif gizli imzalarla yazılmış müxbir yazıları və məktublar daxil olurdu. İrəvandan “Anaş qurbağa”, “Noxtasız”, “Hacıleylək”, “Hophop” imzası ilə Cabbar Əsgərzadə Aciz, “Yetim cücə”, “Yeniyetmə” imzası ilə Əli Məhzun Rəhimov, Bakıdan “Ditdili”, “Dəmdəməki”, “Vələdüzna” imzası ilə Mehdibəy Hacınski, Gəncədən “Hatif”, “Gəncə şairi”, “Qeybi”, “Yoncasatan” imzaları ilə Mirzə Məhəmməd Axundov, “Saqqal darağı”, “Sofi zənbil” imzası ilə Paşa Cəfərov, Şamaxıdan “Qızdırmalı” imzası ilə Məşədi Həbib Zeynalov, Şuşadan “Kəşkül” imzası ilə Mirzə Cəlal Yusifzadə, Nuxadan “Kürkücırıq”, “Taxtabiti”, “Dərdimənd” imzaları ilə Kərim bəy İsmayılov, “Taraqqa” imzası ilə Məşədi Mehdi Sadıqzadə, Ağdamdan “Qəlyanboğaz” imzası ilə Qulu Yunusov və başqaları “Molla Nəsrəddin” publisistika məktəbinin yaranmasında və formalaşmasında mütəşəkkil rol oynamışlar.

XX əsr Azərbaycan realist ədəbiyyatını zənginləşdirən mollanəsrəddinçi publisistika dövrün ədəbi-ictimai fikrinin əsas ifadə formasına çevrildi. Jurnalda publisistikada aparıcı rol oynayan felyeton və pamflet janrları ilə yanaşı, dövrün problemlərini faktların dili ilə, kəskin satirik boyalarla əks etdirən ictimai-siyasi xarakterli satirik xəbərlər, satirik məktublar, mətbuat xəbərləri, icmallar, kitab resenziyaları, oçerklər, səyahətnamələr və s. formalı publisistik janrlardan da geniş istifadə olunmuşdur. Satirik üslubda yaradılan bu parodiya ve perifrazlar cəmiyyətin bütün sahələrini özündə əks etdirən məzmunca dolğun, ideyaca zəngin ədəbi janrlar kimi özündən sonra yaranan satirik mətbuatımıza da güclü təsir göstərdi.

“Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri publisistikanın məlumatlı, analitik və bədii növlərinin hər üçündən geniş istifadə etmişlər” (İslam Ağayev. “Molla Nəsrəddin”in poetikası. Bakı, Elm, 1985, s.49).

“Molla Nəsrəddin” jurnalının publisistikası janr rəngarəngliyi, məzmun zənginliyi ilə fərqlənsə də, ideoloji baxımdan eyni məqsəd ətrafında birləşərək bütövlükdə azərbaycançılıq ideologiyasına xidmət etmişdir. “Publisistikanın analitik növündə ictimai-siyasi həyat hadisələri, əsasən məntiqi mühakimələr, elmi nəticə və başqa sübutedici vasitələrlə çatdırılır. Bu növ publisistikada əsas məsələ fikrin doğru, yaxud səhv olmasını sübuta yetirməkdir. Analitik növdə fikirlərin inkişaf etdirilməsində və sübuta yetirilməsində faktlar müəyyən rol oynayır. Burada məqsəd hadisələrin başvermə prosesini müəyyənləşdirmək və gələcək inkişaf xəttini göstərməkdir. Analitik janrlar publisistikanın başlıca janrlarıdır” (Прохоров Е.П.Публицист и действительность. М,1973, s.293). Mollanəsrəddinçilər analitik publisistikanın bir çox janrlarından məqsədyönlü şəkildə istifadə etmiş, həm ölkə daxilində, həm də dünyada baş verən mühüm ictimai-siyasi problemləri, hadisə və prosesləri operativ, orijinaldan fərqli, parodiya və perifrazlar şəklində oxucuya təqdim etmişlər.

“Molla Nəsrəddin”in bədii publisistikası həyatı obrazlı və emosianal əks etdirmək baxımından daha çox təsir gücünə malik olduğundan jurnalda bu ədəbi formadan geniş istifadə olunmuşdur. Doğrudur, analitik publisistikada olduğu kimi, bədii publisistikada da faktların doğruluğu, dəqiqliyi ön plana çəkilir, bununla belə bu növün əsas səciyyəvi xüsusiyyəti onun tipik xarakterləri və hadisələri bədii, obrazlı şəkildə əks etdirməsindədir. “Molla Nəsrəddin”in bədii publisistikası onu digər iki növdən təcrid etmir, əksinə tamlıq yaradaraq jurnalın forma və məzmunu, ideoloji xətti ilə vəhdət təşkil edir: “Bədii publisistikanı digər növlərlə bağlayan cəhət, hər şeydən əvvəl, ondan ibarətdir ki, o, ümumiyyətlə, publisistikanın funksiyasını yerinə yetirir. Digər tərəfdən, onları, əsasən, predmet eyniliyi birləşdirir” (Мамедов Мамед Нуру оглы. Поетическое творчество Алиага Вахида. Автор.дис. канд. филол. наук. Баку, 1981, s.38).

“Molla Nəsrəddin” jurnalının bədii publisistikasında sərrast ifadə tərzinə, lakonikliyə, gizli eyhamlara malik olan satira və yumorla yüklənmiş kəskin ittihamlarla, oxucunu düşündürən və nəticə çıxarmağa istiqamətləndirən orijinal üslublu felyetonların işlənmə dairəsi çox genişdir. “Molla Nəsrəddin” jurnalının strateji və ideoloji xətti, üslubu felyeton janrını gündəmə gətirmiş, onun hüdudlarını xeyli genişləndirmişdir. Jurnal dövrün ictimai eyiblərini, qüsurlarını göstərmək üçün bu janrın aktuallığından, mütəhərrikliyindən və tipikləşdirmə imkanlarından yaradıcılıqla bəhrələnmişdir. Felyetonlarda faktın vacibliyi əsas götürüldüyündən nəzəriyyəçilər onu iki qrupda sistemləşdirirlər: “1. Konkret faktlı (siqnal faktlı); 2. Ümumi faktlı (problem faktlı) felyetonlar” (Журбина Е. Искусство фельетона. М.,1965, s.96). 

Mollanəsrəddinçilər felyetonların hər iki növünü yaratmışlar. Əgər birinci növ felyetonlarda günün aktual problemləri, önəmli faktoloji hadisələri və konkret şəxsləri felyetonların əsas mövzusuna çevrilirsə, ikinci növdə isə cəmiyyətdəki köklü ictimai-siyasi, sosial, ədəbi-mədəni və s. problemlər mühüm rol oynayır. Bununla belə növündən asılı olmayaraq, yazıçı faktları, həyat həqiqətlərini bədii həqiqətə çevirməyi bacarır. Jurnalda C.Məmmədquluzadə publisistikasında real gerçəkliklə yazıçı fantaziyasının vəhdətindən yaranan felyetonlar xeyli yer almışdır.Yazıçının satirik tənqidi məhz bu qarşılaşdırma prosesində öz təsir gücünü artıra bilir. Müəllif kinayəsinin əsasında zəmanəsinin despotları, dağıdıcı qüvvələri dayanırsa, onun şəfqətlə yanaşdığı ikinci qüvvələrin arxasında isə yazıçı idealı dayanır. Bu ideal hər şeydən əvvəl, C.Məmmədquluzadənin təlqin etdiyi vətən sevgisində, onun azadlığı və istiqlalı yolunda hər cür mübarizəyə hazır olmaqda, əsarətə, köləliyə qarşı barışmazlıqda, ana dilinə məhəbbətdə və onu yad təsirlərdən qorumaq kimi taleyüklü məsələlərdə özünü büruzə verir. Məsələn, “Axund ilə keşişin vəzi” felyetonunda deyilir: “Keşiş ayaq üstə durub, sağ əlini yuxarı qovzayıb danışırdı...Keşiş uca səslə üç dəfə dedi: hayranik, hayranik, hayranik (hayranik erməni dilində vətən deməkdir). Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında, divarın kölgəsində dörd müsəlman oturub. Bunların biri axund Molla Qurbanqulu Qurbanəlibəyov idi. Bu axundu mən çoxdan tanıyırdım, özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar. Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: “Erməni millətinin dünyada üç sevgili balası var: vətən, millət və din” keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi: “Babi-həfdüm. Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq (“Molla Nəsrəddin”, 1906, №14). Felyetonda axund ilə keşişin təmamilə bir-birinə antitezalıq yaradan nitqlərində iki insanın dünyagörüşündə fərqli fikirlər ön plana çəkilir və təəssüf hissi doğurur. Özünü dünyaya zavallı, bədbəxt millət kimi göstərməyə çalışan erməni keşişinin sözünün əvvəli, axırı ancaq vətəndir. Lakin axundun çıxışı isə öz həmvətənlərini boş, cəfəng, mənasız illuziyalara, fanatizmə, cahilliyə, savadsızlığa, nadanlığa sürükləyən moizələrdən başqa bir şey deyildir. Cəlil Məmmədquluzadə axundun timsalında vətənin və xalqın taleyinə biganə qalan, yalnız öz mənafeyini güdən qara qüvvələri tənqidə məruz qoyur. Bu acı həqiqəti yazıb göstərən yazıçının birmənalı olaraq, idealı öz vətəni və onun gələcək taleyidir.

Mollanəsrəddinçilər bədii-publisist yaradıcılıqlarında şifahi xalq ədəbiyyatının hekayə, rəvayət, nəsihət, qaravəlli, dini hədislər kimi epik janrlarından sənətkarlıqla istifadə etmişlər. Bu janrlar mollanəsrəddinçilərin yaradıcılığında yeni keyfiyyətlər qazanaraq Azərbaycan ədəbiyyatına orijinallıq gətirdi. Cəlil Məmmədquluzadə “Əcəyibül-məxluqə” felyetonunda folklor elementlərindən bir fon kimi yararlanaraq real hadisələrə keçid etmiş, dövrün ictimai eyiblərini, şeytan xislətli insanları tənqid obyektinə çevirmişdir: “Rəvayətdir ki, bir gün Yəhya ibn Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına, şeytan hazır oldu. Amma şeytan nə şeytan. Tükləri meymun tüklərinə oxşayır, bədəni donuz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var. İkisi sinəsində və ikisi də çiyinlərində. Amma... boynundan bir yekə zəng asılmışdı. Yəhya ibn Ziyad şeytandan soruşdu ki, bu zəngi niyə boynundan asmısan? Şeytan cavab verdi ki, dünyada bəzi adamlar var ki, hərdənbir istərlər yatsınlar, amma bu zəngi çalıb, onları yuxudan oyadıram...” Yazıçı felyetonda şifahi xalq ədəbiyyatının rəvayət janrına müraciət etmişdir. Oxucu  intizarla rəvayətin davamında hansı hadisələrin baş verəcəyini gözlədiyi halda yazıçı gözlənilmədən hadisələri real səmtə, gerçəkliyə yönəldir: “... Yəhya ibn Ziyad soruşdu ki, o adamlar kimdir?” Şeytan başladı bu adamların adını bir-bir söyləməyə: Təbrizdə Hacı Mirzə Kərim, Mirzə Məqsud ağa və Ağa Mirhaşımlar, Tehranda Şeyx Fəzlullah... və s. Şeytan bu sözləri deməkdə idi ki, birdən gördü ki, Təbrizdə Siqqətülislam ağa bir tirmə palanlı eşşəyə minib gəlir və minlərcə Təbriz əhli ağanın əlini öpürlər. Şeytan onu görcək yüyürüb başladı... ağanın dizlərini öpməyə. Amma bu heyndə Allahın heyvanı şıllağa qalxıb, şeytanın zınqırovundan bir təpik qoydu. Mən zınqırovun səsinə oyanıb gördüm ki, təzə il gəlib yetişib” (Lağlağı, “Molla Nəsrəddin”, 1908, №1). Felyetonun ikinci hissəsində rəvayət missiyasından uzaqlaşan bədii mətndə mühüm ictimai-siyasi məzmun ön plana keçir. Şeytan bəd əməllər daşıyıcısı funksiyasını deyil, müəllif tendensiyasını həyata keçirən müsbət idealların icraçısına çevrilir. Felyetonda Təbrizdə və Tehranda yaşayan bu məşhur tarixi şəxsiyyətlərin adlarının göstərilməsinin özü də rəvayətdən reallığa, gerçəkliyə doğru istiqamətlənmiş müəllif düşüncəsinin bədii manerasıdır.

Mollanəsrəddinçilər öz yaradıcılıqlarında ümumi faktlı felyetonların tərcümeyi-hal və nekroloq növünə də müraciət etmişlər. “Bu janrlara müraciətin özünün mühüm qanunauyğunluğu vardır. Əvvələn, bu janrlar dövrün hakim təbəqələrinin onlara layiq olmayan, dəbdəbəli, cah-cəlallı həyat tərzini lağa qoymağa imkan verirdi. Belə bir ifşa üsulu xalqın ictimai şüurunun oyanmasında böyük əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, tərcümeyi-hal, nekroloq janrlarında müasir ictimai mühitin qaranlıq cəhətlərini daha asan və daha məqsədəuyğun şəkildə sistemləşdirib tənqid etmək olurdu” (İslam Ağayev. “Molla Nəsrəddin”in poetikası. Bakı, Elm, 1985, s.61).

“Molla Nəsrəddin” jurnalında tanınmış elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, alim və mütəfəkkirlərin tərcümeyi-hallarını əks etdirən bədii- publisist nümunələr də yer almışdır. “İdarədən” başlıqlı yazıda dünya elminə böyük töhfələr verən Edison və Paster kimi alimlər dini fanatizmi yayan yalançı, fırıldaqçı din mübəlliğləri ilə müqayisə edilir. Şərq aləmində insanları geriliyə, mövhumata səsləyən fanatiklərlə Qərb dünyasının alimləri arasındakı paradoksallıq qarşılaşdırılır (“Molla Nəsrəddin”, 1914, №12).

Mollanəsrəddinçi publisistlər janrın daxili imkanlarından, onun rəngarəngliyindən yerli-yerində, məqamında yararlanmağı bacarmışlar. Onlar satirik publisistikada faktların doğruluğunu, dəqiqliyini diqqət mərkəzində saxlamışlar. Jurnalda dərc edilmiş “Təəssüf” (“Molla Nəsrəddin”, 1914, №12) başlıqlı nekroloq-felyetonda Saqınacaqski adlı bir nəfərin ölüm xəbəri oxuculara çatdırılır. Guya bu insan Tiflisdə, Peterburqda, Parisdə təhsil almış, sonra xəstəxana tikdirmiş, məktəb, gimnaziya açdıraraq xalqına fayda vermişdir. O, fəaliyyətini daha da genişləndirərək bağ saldırmış, karvansaralar tikdirmiş, hətta “Vətən xadimi” adlı qəzet təsis edərək bütün ömrünü xalq işinə sərf etmişdir. Felyetonun sonunda məlum olur ki, heç belə bir adam olmamışdır. Yazıçı bu obraz vasitəsilə xalqın var-dövləti, pulları hesabına yüksək vəzifəyə, mənsəbə sahib olanların biganəliyini, vətənə, xalqa, heç bir fayda vermədiyini ironiya ilə, satirik tərzdə, kinayəli şəkildə oxucuya çatdırır. Belə tipik obrazları oxucunun ittihamlı baxışları ilə üz-üzə qoyur.

“Molla Nəsrəddin” jurnalında dərc edilən felyetonlarda fərdin daxili aləmini, xarekterik xüsusiyyətlərini açmaq, tipik obrazını yaratmaq vasitəsilə mollanəsrəddinçilər parodik üslubdan da yararlanmışlar. Məsələn, “Ana dilində məktub” felyetonunda obrazın patriarxal düşüncə tərzi, gerizəkalılığı, köhnə fikirliliyi, ərəb-fars tərkiblərinə aludəçiliyi epistolyar üslubdan istifadə yolu ilə aşkarlanır: “Cənab müdiri-möhtərəm, piş əz vəqtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər elan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm. Az qaldım özümdən gedib qəşş eləyəm və lakin bu qədər var, bir məsəl var, deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə röya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim. Gördüm bir tap-tap gəlir, dedim, ay uşaq, nə xəbərdir? Dedilər, Molla Nəsrəddini döyürlər. Haman səsə yuxudan bədxab olub, gördüm, ay işığı evi mahtab eləmiş, hətta bura kimi bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhni-həyətinə, bir məsəl var deyərlər o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım, hətta bura kimi hansı ki, o qədər öskürdüm, gözümün yaşı abi-rəvan suyu kimi tökülməyə başladı... (Məmməd Səid Ordubadi. “Ana dilində məktub”, “Molla Nəsrəddin”, 1910, №10). “Molla Nəsrəddin” jurnalında ana dili problemi prioritet mövzulardan olduğu üçün digər janrlı əsərlərlə yanaşı, bədii publisistikada da bu önəmli məsələ həmişə diqqət mərkəzində saxlanılmışdır.

Jurnalda pamflet janrının orijinal nümunələrinə də yer verilmişdir. Elmi mənbələrdə yunanca “yandırıram”, “alovlandırıram” mənalarını ifadə edən, bəzi ədəbiyyatlarda isə ingilis kökənli söz olub, XII əsr Avropa komediyalarındakı qəhrəmanların adı ilə əlaqələndirilən pamfletdə felyetonlara məxsus komik situasiya və komik obrazlar vasitəsilə həyatın kölgəli məqamları qabarıq şəkildə nəzərə çarpdırılır. Felyetonlarla müəyyən bənzərlikləri olan pamfletdə özünəməxsus fərqli məqamlar da vardır. Pamfletdə daha çox cəmiyyət üçün, ictimai-siyasi həyat üçün bəlaya çevrilən daxili və xarici qüvvələr tənqid hədəfinə çevrilir, satirik ittihamlar daha kəskin xarakter alır. “Molla Nəsrəddin”də Cəlil Məmmədquluzadənin “Cənab Əhmədbəy Ağayev cənablarına” (“Müştəri məsələsi”. “Molla Nəsrəddin”, 1911, №25), “Qafqaz şeyxülislamına iki dənə açıq məktub” (“Molla Nəsrəddin”, 1907, №22), “Xənnas” (“Molla Nəsrəddin”, 1907, №44), “Mustafabəy Əlibəyov” (“Molla Nəsrəddin”, 1911, №28), Əliqulu Qəmküsarın “Qarğalar” (1917, №25) pamfleti dərc olunmuşdur. Bu satirik pamfletlərdə ya cəmiyyətdəki neqativ hallar, daxili eybəcərliklər, çatışmazlıqlar, ya da ki ictimai xadimlər mollanəsrəddinçilərin tənqidinə tuş gəlirdi. Məsələn, Cəlil Məmmədquluzadə “Cənab Əhmədbəy Ağayev cənablarına” pamfletində “İrşad” qəzetində “Hürriyyət”, “Müsavat” və “Ədalət” sözlərini epiqraf seçən Əhmədbəyə xitabən deyir: “Hələ “Hürriyyət” və “Ədalət” qalsın, bu barədə danışmayaq, çünki indiki zamanda eyibdir belə sözləri danışmaq. Müsavatdan bir qədər söhbət eyləyək. Hələ Müsavat nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş Yendirsin, xan da kəndliyə yendirsin? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın ayağına duranda, o biri gün də ağa rəiyyətin ayağına dursun? Di cavab ver. Əgər desən “hə”, onda mən gərək elə başa düşəm ki, zarafat eləyirsən. Əgər desən “yox”, onda ta nə müsavatbazlıqdır? Mən ölüm Əhmədbəy... mənə bir şey de görüm, heç görübsən, eşidibsənmi, xan kəndlinin salamının cavabında ona deyə: əleykümsalam?..” (“Molla Nəsrəddin”, 1911, №25). Yazıçının Əhmədbəy Ağayevə ünvanladığı bu suallar əslində XX əsrin əvvəllərində cəmiyyətdə hökm sürən sosial bərabərsizliyi, ədalətsizliyi, insanlar arasında süni şəkildə yaradılan təbəqələşməni göstərən real səhnələrdir. Əsas tənqid hədəfi isə məhz zəmanə və onun yetişdirdiyi biganə, təkəbbürlü, lovğa və özündən razı insanlardır.

“Molla Nəsrəddin” jurnalında bədii publisistikanın satirik janrlarından fərqli olaraq, ciddi janrda qələmə alınmış oçerklər də dərc edilmişdir. Felyeton və pamfletlə bir sıra məqamlarda ortaqlıq yaradan oçerkin də əsas səciyyəvi xüsusiyyəti faktlara söykənməsi, müasirliyi əks etdirməsi və ictimai xarakter daşımasıdır. Publisistik oçerklərdəki obrazlar satirik tənqidə məruz qalmır, tənqid olsa belə, kinayəsiz təqdim edilir və epik təsvir aparıcı rol oynayır. “Molla Nəsrəddin” jurnalında dərc edilən oçerklər əsasən epik nəsr xüsusiyyətlərinə malik olan nümunələrdir. Bu baxımdan Əli Razinin qadın hüquqsuzluğuna həsr etdiyi “Sərgüzəştim”, orijinal oçerkləri ilə mollanəsrəddinçilərin öncüllərindən olan Əbdürrəhim bəy Haqverdiyevin “Lağlağı” imzası ilə dərc etdirdiyi “Ziyarət” oçerki bu janrın kamil nümunələrindəndir. Əsər ilk dəfə jurnalın 1908-ci ilin 17-ci sayında “Nağıl eləyib Məşədi Xakəndaz, yazıya götürüb “Lağlağı” başlığı altında dərc olunmuşdur. Əslində bu əsər Ə.Haqverdiyevin “Odabaşının hekayəti” povestinin publisistik variantıdır. “Ziyarət” oçerkində bəzi ad dəyişmələri istisna olunmaqla, digər əhvalatlar dərviş Nakamın başına gələn hadisələrdir. Azərbaycan qadınının hüquqsuzluğu məsələsi oçerkin əsas mövzusunu təşkil edir. Ə.Haqverdiyev bu əsərində üç janrın-epik nəsrin hekayə, bədii publisistikanın oçerk və pamfletin sinkretikliyindən sənətkarlıqla istifadə etmişdir.

“Molla Nəsrəddin” jurnalında bədii publisistikanın səyahətnamə janrına da müraciət olunmuşdur. Doğrudur, tədqiqatçıların bir çoxu səyahətnamələri publisistikanın janrları sırasında görmürlər. Əslində isə hadisələrin çoxşaxəliliyi, süjet rəngarəngliyi, faktların zənginliyi səyahətnamələri povest və yaxud roman adlandırmağa imkan verir. Bu səpkili əsərlərdə yazıçı tendensiyası yalnız geniş epik təsvirlərdə deyil, həm də konkret olaraq faktlarda və məntiqi mühakimələrdə də təmərküzləşə bilir. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə məktubları”nı səyahət məktubları formasında qələmə almışdır. Zeynalabdin Marağayinin “İbrahimbəyin səyahətnaməsi”də bu janrda yaradılmış mühüm ədəbi hadisə idi. Sonralar “Molla Nəsrəddin” jurnalında silsilə şəklində yer alan səyahətnamələrə də məhz bu əsərin güclü təsiri olmuşdur. Jurnalın 1906-cı ilin 19-cu sayından 1907-ci ilin 2-ci sayına qədər Cəlil Məmmədquluzadənin ingilis səyyahı Bekkerin Qafqazın müsəlmanlar yaşayan ərazilərində gəzdirilməsini əks etdirən “Səyahətnamə”si silsilə şəklində yaradılmış orijinal nümunələrdir.

“Molla Nəsrəddin” jurnalında ilk dəfə olaraq publisistik povest janrına da rast gəlinir. “Molla Nəsrəddin” ədəbi cəbhəsinin nümayəndələri jurnalın nəşrinin ikinci ilinə qədər demək olar ki, publisistikanın əksər janrlarını yaradıb formalaşdıra bilmişdilər. Bu janrlar sırasına publisistik povest də əlavə olundu ki, onun da yaradıcısı mollanəsrəddinçi ədib Əbdürrəhim bəy Haqverdiyev idi. Jurnalın oxucuları artıq 1907-ci ilin 3-cü nömrəsindən “Cəhənnəm məktubları”, bir qədər sonra isə “Mozalanbəyin səyahətnaməsi” əsərləri ilə tanış oldular. Publisistik povestin yaranması “Molla Nəsrəddin” jurnalının ən böyük uğurlarından biri idi. Çünki bu janr mollanəsrəddinçilərə təkcə ideya zənginliyi, forma və məzmun rəngarəngliyi yaratmaqla məhdudlaşmadı, həm də jurnalın ümumi bədii kontekstini, yaradıcılıq imkanlarının əsas parametrlərini müəyyənləşdirməyə imkan verdi. Bununla yanaşı, “Molla Nəsrəddin” jurnalında çoxlu sayda ədəbi janrlara yer verilsə də, geniş epik hadisələri əks etdirmək üçün mollanəsrəddinçilərin publisistik povestə müraciəti daxili bir tələbatdan yaranmışdır. Bu janr jurnalın fəalliyəti boyunca xalqın təfəkküründə, onun həyat və məişətində dərin izlər qoyan folklor nümunələrinə qayıtmağın zəruriliyini gündəmə gətirdi və onu “Molla Nəsrəddin”in özünəməxsus ezop dilində stabilləşdirdi.

“Cəhənnəm məktubları” əsərinin adında şərti olaraq epistolyar üslubdan istifadə olunmuşdur. Müəllif “məktub” sözündən bir fon kimi yararlansa da, əslində əsərin mövzusu, forması və süjet xətti səyahətnamə şəklində qurulmuşdur. Çünki birinci hissədə baş verən əhvalatların əsasında yazıçının Bakıdan Şuşaya qədər qət etdiyi yolda gördüyü, şahidi olduğu hadisələrdən, ikinci hissədə isə Mirzə Qoşunəlinin vasitəsilə cəhənnəmə getməsi və orada baş verən əhvalatlardan bəhs etməsi əsərin səyahətnamə formasında yazıldığını bir daha açıq-aşkar göstərir. M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” əsərinin qəhrəmanı da məhz səyahət təəssüratlarını dostu Cəlalüddövləyə məktub vasitəsilə çatdırır. “Cəhənnəm məktublları”nda keçən əsrin əvvəllərinin real gerçəklikləri-dini fanatizmin ifşası, elm və təhsil sahəsindəki çatızmazlıqlar, əhalinin həyat və məişət tərzinin aşağı səviyyədə olması, yolların acınacaqlı vəziyyəti, mehmanxanalardakı şəraitsizlik, Şuşada törədilən erməni-müsəlman qırğınlarının faciəli nəticələri, çarizmin ikiüzlü siyasətinin xalqlar arasında nifaqa gətirib çıxarması kimi mühüm problemlər geniş epik lövhələrlə, publisistik formada oxuculara çatdırılır. Yazıçı çox böyük ustalıqla konkret zaman daxilində baş verən hadisələri və tarixi şəxsiyyətləri əsərə daxil etməklə publisistik povestin mükəmməl formasını yaratmışdır. Ə.Haqverdiyev tarixi və dini-mistik hadisələrə öz dövrünün prizmasından yanaşmış, ictimai-siyasi problemləri, mövcud rejimin çatışmazlıqlarını cəsarətlə tənqid atəşinə tutmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev “Mozalanbəyin səyahətnaməsi” əsəri ilə də “Molla Nəsrəddin” publisistikasına yenilik gətirmişdir. Məlumdur ki, 1908-ci ildə Cəlil Məmmədquluzadə həmin publisist formanı mollanəsrədinçilərə özü təklif etmişdir. Yazıçı bu əsərdə də Zeynalabdin Marağayinin “İbrahimbəyin səyahətnaməsi”ndən yaradıcılıqla bəhrələnmişdir.

“Molla Nəsrəddin” jurnalının XX əsrin əvvəllərində yaratdığı zəngin və çoxşaxəli publisistika janrı özündən sonrakı Azərbaycan ədəbiyyatının və milli mətbuatın təşəkkülünə və formalaşmasına güclü təkan verdi və ədəbi məktəb səviyyəsinə yüksəldi.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





02.04.2020    çap et  çap et