525.Az

Evdə qalmaqdan fürsət kimi istifadə edin - Açıqlama


 

SƏYYAD SALAHLI: “FİLMLƏRƏ BAXIRAM, KİTAB OXUYURAM”

Evdə qalmaqdan fürsət kimi istifadə edin - <b style="color:red"> Açıqlama</b>

Hazırda koronavirus infeksiyasının davam etdiyi dönəmdə Azərbaycanda da bu təhlükədən minimum itkiylə çıxmaq üçün ciddi tədbirlər davam edir. Əhalinin çölə çıxması məhdudlaşdırılaraq ciddi karantin rejimi tətbiq olunur. Ölkənin tanınmış ziyalıları da bu rejimə riayət edərək vaxtlarını səmərəli keçirməyə çalışırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini, tanınmış ziyalı Səyyad Salahlı bununla bağlı fikirlərini 525-lə bölüşüb:

“Hazırda evdəyəm. Mövcud karantin qaydalarına riayət etməyə çalışıram. Günümün böyük hissəsini kitab oxumağa sərf edirəm. Əvvəllər işlərimin çoxluğundan imkan tapıb oxuya bilmədiyim kitabları, əsasən böyük klassiklərin əsərlərini mütaliə edirəm. Maraqlı filimləri izləməyi xoşlayıram. Gündəlik xəbərləri həm televiziyadan həm də saytlardan mütləq izləyirəm. Dostlarımla  və yaxınlarımla tez-tez telefon əlaqəsi yaradıram. Onlarla hal-əhval tuturam. Koronavirus təhlükəsini nəzərə alaraq oğlanlarımın, nəvələrimin bizə gəlməsinə qadağa qoymuşam və mən də onları ziyarətə getmirəm. Baxmayaraq ki, onlar üçün çox darıxıram. Amma nə etməli. Bu vəziyyətdən çıxana qədər ehtiyyatlı olmalıyıq. Həyatımızı təhlükəyə atmamalıyıq. Hətta dostlarımın dəvətini də qəbul etməyərək onları evə dəvət etmirəm. İstəmirəm ki, mövcud qaydaları pozum. Birinci özümüz-özümüzü qorumalıyıq. Bu yolla da başqalarını qorumuş olarıq. Başqaları da birləşib milləti qoruyacaq. Dövlətin tətbiq etdiyi karantin qaydaları biz insanların təhlükəsizliyi üçündür. Heç kəs öyünməməlidir ki, mən sağlamam xəstəlik mənə keçməz. Bu yalnız cahillik əlamətidir. Hər kəs özünü qorumalıdır. Özünü qoruyan ailəsini də qorumuş olar. Ailələr də birləşib dövləti qoruyar. Hazırda tanınmış şair, yazıçı Əjdər Olun “Lo” romanını oxuyuram. Yazıçı Anarın, Elçinin demək olar ki, bütün əsərlərini yenidən oxuyuram. Vahid Əzizin, Ramiz Rövşənin, Vaqif Bayatlının şerlərini oxuyuram. Dini kitabları və Quranı oxuyuram. Demək olar ki, darıxmağa vaxtım olmur. Ara-sıra öz məqalələrimi də yazıram. Qeyd edim ki, pandemiyadan öncə çapına hazırlaşdığım “Baş Daşı” Romanımın ilk nüsxəsi hazırdır və bir neçə gündən sonra mənə göndəriləcək. Onu gözləyirəm. Millətimizə demək istəyirəm ki, evdə qalmaqdan fürsət kimi istifadə etsinlər və bugünə qədər imkan tapıb görmədikləri işləri başa çatdırsınıar. Qohum-əqrabayla, dost-tanışla telefonla tez-tez ünsüyətdə olsunlar və mütləq şəkildə karantin qaydalarına riayət etsinlər”.

S.QARAYEVA

 





02.04.2020    çap et  çap et