525.Az

Uşaqların kitabı… Uşaqların dünyası… - Şahanə Müşfiq yazır


 

Uşaqların kitabı… Uşaqların dünyası… - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

“Dünyayı çocuklara verəlim,
bir günlük də olsa öyrənsin dünya arkadaşlığı,
Çocuklar dünyanı alacaq əlimizdən,
ölümsüz ağaclar dikəcəklər”.

Belə deyirdi Nazim Hikmət indiki uşaqların olmadığı, bilmədiyi bir zamanda. Uşaq yazıçısı deyildi Nazim Hikmət, heç vaxt da olmadı. Baxsanız, bu şeiri də uşaq şeiri deyil, uşaqlar haqqındadır. Başqa sözlə, saflıq, təmizlik, mərhəmət haqqında. Ədəbiyyatda azmı rast gəlmişik “uşaq”, “körpə” sözlərinin bu keyfiyyətlərə sinonim kimi işlədilməsinə? Əlbəttə, yox! 

Sevgili Andersen

Bəs uşaq ədəbiyyatı? Uşaq ədəbiyyatı da biz bu keyfiyyətləri aşılayırmı?

Yadımdadır, latın və kiril əlifbasını demək olar ki, eyni zamanlarda öyrənməyə başlamışdım. Evimizdəki və qonşumuzdakı müəllimənin kitabxanalarında əsasən kiril əlifbalı kitablar vardı. Onları oxumaq həvəsinə öyrənmişdim o hərfləri. Və ilk oxuduğum bədii kitab Dünya ədəbiyyatı seriyasından nağıllar kitabı idi. İçində Qrimm qardaşlarının, Hans Xristian Andersen və Hofmanın nağılları vardı. Kitabdakı nağılları bir dəfə deyil, ayrı-ayrı zamanlarda bir neçə dəfə oxuyub bitirmişdim. Ən çox da Andersenin nağıllarını sevirdim və özlüyümdə o kitabın adını “Andersenin kitabı” qoymuşdum. Hələ onda anlamışdım uşaq üçün yazılan əsərlərin belə necə böyük mətləblərə sahib ola biləcəyini. Və sonralar yaşım artdıqca yenidən oxuduğum Andersinin və onunla bərabər digər nağılçıların həmin əsərləri bu fikrimin doğruluğunu sübut edirdi.

Sevimli yazıçım Anderseni nahaqdan yad etmədik. Aprelin 2-si məşhur nağılçı Hans Xristian Andersenin doğum günüdür. Məhz bu tarix elə onun şərəfinə bütün dünyada Beynəlxalq Uşaq Kitabı günü kim qeyd olunur.

Tarixə nəzər

Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.

Lepmanın bu istiqamətdəki təklifləri bununla kifayətlənmir. O, hələ 1953-cü ildə uşaq ədəbiyyatı üzrə "balaca nobel mükafatının" - Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsmi çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı Eleanor Fardkona, 1958-ci ildə isə isveç yazıçısı Astrid Lindqrenə verilib. Sonra bu sırada alman yazıçısı Erix Keçtner, Ceyms Kryuss, italyan Canni Rodarı və başqalarının adı yer alıb. Ancaq təəssüflər olsun ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq kitabı üzrə daha bir mükafat da var: bu, son illər nəşr olunan ayrı-ayrı uşaq kitablarının illüstrasiyasına və onların dünyanın müxtəlif dillərinə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur.

Uşaq kitablarının tarixi isə daha qədimdir. Bu tarix 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsindən hesablanır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Krunzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əli-Baba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını çox sadalamaq olar. XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur.

Hər şey kimi kitab da ailədən başlayır

Dünyada belə bir günün təsis edilməsi diqqəti uşaq ədəbiyyatına, kitablara çəkmək məqsədi daşıyır. Kitab oxumaq mədəniyyəti uşaqlıqdan yaranan bir prosesdir. Hələ kişik yaşlarda, məşğul olacaq, başını qatacaq, diqqətini cəlb edəcək şeylərin az olduğu zamanlarda valideyn övladının əlinə kitab verməklə ona bir növ oxu mədəniyyəti aşılayır. Həmin vaxt uşaq hərfləri tanımaya, oxumaq vərdişinə yiyələnməyə bilər. Amma anasının, atasının verdiyi o kitab öncə vərəqləri, şəkilləri ilə diqqətini cəlb edəcək. Pedaqoqlar bildirirlər ki, əvvəllər uşaq üçün kitab bir oyuncaqdır. O, sadəcə kitabın səhifələrini vərəqləməkdən xoşlanır. Bu yerdə anamın kitabxanasındakı vərəqləri cırılmış onlarla kitabı böyük utanc hissi ilə xatırlayıram. Əlindəkinin nə olduğunun fərqinə varmadığı halda belə ağlağan bir körpənin sadəcə kitablarla, vərəqlərlə sakitləşdiyini nəzərə alsaq, məncə, o “yaralı” kitablar da özlərinin bu cür nəcib hadisənin “qurbanı” olmaqlarıyla fəxr edirlər. Çox rast gəlirəm, körpə uşaqların valideynlərinin zorla kitabları onların əllərindən almaq cəhdlərinə. Niyə belə etdiklərini soruşanda “o, nə qanır kitab nədir, cırar axı” cavabını verirlər. Həmin an beynimdə öz təcrübəmdən doğan işıq yanıb-sönür: eybi yox, imkan ver vərəqləsin, baxsın, cırsın, təki elə bu yaşdan əli kitaba öyrəşsin. Danışırlar ki, uşaqkən boğazımda cəmi bir dəfə “çöp” qalıb, o da vərəq.

İki yaşından etibarən uşaq rəsimlərdən ibarət olan, bez, yaxud qalın kardondan düzəldilmiş, əlində tuta biləcəyi kiçik kitabları sevir. 3-4 yaşlı uşaqlar onlara rəsimli nağıl kitablarının oxunmasını istəyirlər. Əgər valideynlər bu dövrlərdə səbrli olsalar, onların bu istəklərini daha da artırmağa çalışsalar, onlar üçün maraqlı kitablar seçib oxusalar, o uşağın kitabdan uzaq düşməsi mümkün deyil.

Demək ki, uşağın kitab oxumaq vərdişinə yiyələnmək üçün lazım olan münbit şəraiti elə valideylərin özləri hazırlamalıdırlar. Eləcə də psixologiyada örnək olmaq metodu var. Kiçik yaşlı uşağa nəyisə başa salsan, o, onu anlamaya bilər. Amma hər uşaq valideyninin etdiyini təkrarlamağa həvəsli olur. Anasının, atasının əlində müntəzəm şəkildə kitab görən balaca da onlara oxşamaq istəyəcək. Bu, uşaqlardakı yamsılama instinktidir. Valideynlər çox asanlıqla bundan istifadə edə bilərlər.

Kitab oxumaq vərdişi övladlarımıza yeni biliklərlə yanaşı, düşünmək, analiz etmək, nəticə çıxartmaq, rəvan nitqə yiyələnmək, fikirlərini sərbəst şəkildə ifadə etmək bacarıqları da aşılayır. Valideyniylə birlikdə kitab oxumaq uşağı daha da həvəsləndirir, bu məşğulliyyətdən sıxılmasının qarşısını alır.

Bu proses əlbəttə, ailəylə yekunlaşmamalıdır. Məktəbdə də müəllimlər şagirdlərin dərsliklərdən əlavə bədii kitablar, fərqli əsərlər oxumasına diqqət yetirməlidirlər. Bizim zamanımızda hər şənbə günü keçirilən “Sinifdən xaric oxu” fənni məhz buna xidmət edirdi.  

Azərbaycanda uşaq ədəbiyyatı 

Əlbəttə, uşaqların kitab oxumaları üçün öncə onlara verilə biləcək kitablar olmağı lazımdır. Dünya ədəbiyyatı bu mənada çox zəngindir. Bəs Azərbaycan ədəbiyyatında vəziyyət necədir?

XIX-XX əsrlər Azərbaycanda da uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur. O dövrdə yazılan şeirlər, nağıllar, hekayələr özünün təbiiliyi, uşaqların dünyasına yaxınlığı, dilinin sadəliyi və dolğun məzmunu ilə xarakterikdir. Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, İlyas Tapdıq kimi şairlərin, Süleyman Sani Axundov kimi yazıçıların qələmindən çıxan əsərlər bu gün də hər birimizin yaddaşındadır, uşaq ədəbiyyatı deyəndə ilk xatırlananlardır.

Sonralar bu sahədə uzun müddət durğunluq yaşansa da, hazırda kiçik-kiçik canlanmalar müşahidə olunur. Dövlət tərəfindən uşaq ədəbiyyatına marağın artırılması yönündə layihələr həyata keçirilir, ayrı-ayrı nəşriyyatlar bu sahədəki fəaliyyətlərini genişləndirir, uşaq kitabxanaları fərqli tədbirləri ilə diqqəti cəlb etməyə çalışırlar. Hətta Azərbaycanın ədəbiyyat üzrə ən yüksək mükafatı sayılan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatında da “Uşaq ədəbiyyatı” kateqoriyası var.

Azərbaycanın müasir uşaq ədəbiyyatı nümayəndələrindən Qəşəm İsabəyli, Reyhan Yusifqızı, Qəşəm Nəcəfzadə, Zahid Xəlil, Sevinc Elsevər, Mina Rəşid, Solmaz Amanova və başqaları öz əsərləriylə dediyimiz canlanmanı yaradırlar. Amma təbii ki, biz bu siyahının daha uzun olmasını və gözəl, maraqlı, məzmunlu uşaq ədəbiyyatı nümunələrinin müntəzəm yaradılmasını arzulayırıq.

Beynəlxalq Uşaq Kitabı günü münasibətilə uşaq ədəbiyyatını sevən, təbliğ edən hər kəsi təbrik edirik!

 





02.04.2020    çap et  çap et