525.Az

Koronavirus dövründə Azərbaycanda iqtisadiyyata önəmli dövlət dəstəyi


 

Koronavirus dövründə Azərbaycanda  iqtisadiyyata önəmli dövlət dəstəyi<b style="color:red"></b>

Bu gün dünyanın demək olar ki,  bütün ölkələrini bürümüş koronavirus pandemiyası iqtisadiyyata,  ticari əlaqələrə, turizm sektoruna, bir sözlə,  bütün sahələrə ciddi zərbə vurmaqdadır. Bəzi dövlətlərin vaxtında önləyici tədbirlər görməməsi onların vəziyyətini daha da  ağırlaşdırıb. Azərbaycan rəhbərliyi isə vaxtında çox mühüm addımlar atdı və bu gündə vəziyyətə uyğun olaraq tədbirləri davam etdirir. Təbii ki, virusun geniş yayılmasının qarşısının alınmasında təkcə dövlət tərəfindən görülən tədbirlər yetərli deyil. Burada vətəndaş məsuliyyəti mühüm rol oynayır.  Yəni hər bir vətəndaş dövlətin qərarlarına  tam əməl etməklə, bu bəladan aź itki ilə çıxmağımıza dəstək  verə bilər.

Azərbaycan Prezidenti öz çıxışında dövlətin bu günlərdə vətəndaşlara kömək olacağını bəyan edib. Eyni zamanda dövlət başçısının  19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı təkliflər paketi hazırlayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə Az TV-yə müsahibəsində mövzu ilə bağlı hərtərəfli, geniş şərh verib.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə danışan İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov bildirib ki, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb.

Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır.

M.Cabbarov vurğulayıb ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub.

Qeyd edək ki, iqtisadiyyata dövlət dəstəyinin göstərilməsi ilə bağlı Azərbaycanda 10 proqram hazırlanıb. Proqramlar hazırlanarkən ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Yəni, bu, 2,5 milyard manatlıq dəstək sistemi deməkdir və Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Odur ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə də regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb.

Nazir deyib ki,  birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Qeyd edək ki, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və s. sahələrdir (bu sahələr barədə detallı məlumatlar yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq). Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70%-lik dəstək tətbiq ediləcək. Ümumiyyətlə, proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əməkhaqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Eyni zamanda, orta aylıq əməkhaqqı maksimal hədd kimi götürülüb. Burada yanaşma ondan ibarətdir ki, əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əməkhaqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əməkhaqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar, məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq. Bu iki proqramın əhatə dairəsinə baxılarsa, 2 vacib məqam vurğulanmalıdır; Birincisi, bu, biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əməkhaqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc istiqamətidir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu əhəmiyyətli bir dəstəkdir. Bu proqramlar 600 minə yaxın insanı əhatə edir.

Bundan əlavə, biznesə vergi güzəştləri və imtiyazlar veriləcək. Üçüncü proqram məhz biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır.

Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. İşçi qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə Prezidentinin sərəncamında verilən tapşırıqlarda yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq.

Digər proqramlar vergi ödəyicilərinin bank kreditlərinə dəstəyi, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Nazir deyib ki, proqramlar postpandemiya dövründə inkişafa hesablanıb.

"Mövcud şərait öz unikallığı ilə seçilir və qeyri-müəyyənlik elementlərinə malikdir. Azərbaycanda qərarların vaxtında verilməsi mümkün təsir ssenarilərdən ən yumşağına istiqamətlənməyə imkan yaradıb. Verilən qərarlarda həm çeviklik, həm keyfiyyət ön plana çıxıb. Buna görə də Azərbaycan hökuməti dəstək proqramlarını “böhrandan sonrakı iqtisadiyyatımızın necə olmalıdır və hansı şərtlərə cavab verməlidir” sualını əsas götürərək hazırlayıb. Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, İşçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Nəhayət, çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlardan ibarət iqtisadiyyat görmək istəyirik. Eyni zamanda, ölkənin sağlam və dayanıqlı maliyyə-bank sektoruna malik olan bir iqtisadiyyata ehtiyacı var. Məhz bu istək sözügedən proqramların ərsəyə gəlməsinə səbəb olub. Qarşıdakı dövrdə bu proqramlar dövlət qurumları və özəl sektorun nümayəndələri ilə birlikdə bir daha nəzərdən keçiriləcək. Onu da vurğulamaq lazımdır ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər  dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir", nazir əlavə edib.

Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki,  Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən sahibkarlara, imkansız, aztəminatlı, yardıma ehtiyacı olan insanlara, ailələrə yardım edilməsi ilə bağlı tapşırıqların verməsi Azərbaycan dövlətinin, ölkə rəhbərinin iradəsinin, qətiyyətinin növbəti əyani göstəricisidir.
O bildirib ki, bu addımların davamı gələcək, növbəti sosial paketin icrası yaxın günlərdə mümkün olacaq: "Ölkə Prezidenti özü də İqtisadiyyat naziri ilə görüşündə bunun anonsunu verib. Eyni zamanda, özəl sektor, banklar da bu prosesə töhfələrini verməli, ödənişlər məsələsində güzəştlər tətbiq etməlidirlər. Bununla belə, insanlarımız, vətəndaşlarımız bugünlərdə daha həssas və daha diqətli olmalı, verilən qərarlara birmənalı əməl etməlidirlər. Kimsə bundan yayına, imtina edə bilməz. Biz birlikdə bu sınaqdan da dövlət, millət olaraq üzüağ və şərəflə çıxaçağıq, bunu birlikdə bacaracağıq".

Deputat söyləyib ki, koronavirusun dünya ölkələrin ağır itki verməsinə baxmayaraq, ölkəmizin bu çətin bəladan daha az itki ilə çıxması naminə dövlətimiz, hökumətimiz, Prezidentimiz öz üzərinə düşən işin, vəzifənin öhdəsindən layiqincə gəlir: " Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya 20 milyon manat vəsaitin ayrılması, ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bir illik məvaciblərini Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün bir milyard manat vəsaitin nəzərdə tutulması, dövlətin, dövlət başçısının bir daha Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir".

K.Əliyeva qeyd edib ki, dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirməsi fonunda cəmiyyət də öz üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşmalıdır: "Kimliyindən asılı olmayaraq, hər bir kəs, hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə, şərtlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ölkə Prezidentinin tövsiyələrinə, xəbərdarlıqlarına əməl etməlidir. Koronavirus epidemiyası-pandemiyası bu gün bütün dünyanı ağuşuna alıb, lərzəyə salıb, bəşəriyyət sanki bunun qarşısında aciz qalıb. Qonşu İranda, İtaliyada, İspaniyada və digər ölkələrdə yaşananlar, insanlıq dramı gözlərimiz önündədir. Hər gün minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir, on minlərlə insan koronavirusa yoluxur. Ona görə də hər bir kəs bu məsələnin, bu bəlanın, bu təhlükənin ciddiyyətini artıq sonadək dərk etməli, anmalıdır. Bu məsələ lağlağı, məsxərə, gülüb, deyib keçmək məsələsi deyil. Bu, çox böyük təhlükə və bəladır".

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişi isə vurğulayıb ki,  dünyada pandemiyanın yayılması, eyni zamanda neftin qiymətinin aşağı düşməsi və eləcə də Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata da müəyyən təsirsiz ötüşməyəcəkdir.

 Komitə sədri qeyd edib ki, 1 milyard manata yaxın vəsaitin ayrılması və 4 işçi qrupunun yaradılması ilə bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin verdiyi sərəncamda əsas məqsəd sahibkarların da bu prosesdən minimum təsirlənməsi və bu proseslərdə vətəndaşlara iqtisadi cəhətdən təsirin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması ilə bağlıdır: “Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. Təbii ki, ilk öncə vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramları onu deməyə əsas verir ki, təhlil və dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmış proqramlardır. Bildiyimiz kimi artıq işçi qruplarının biri tərəfindən, yəni iqtisadiyyat nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər artıq elan olunmuşdur və əhatəsinə baxsaq, burada əhatənin kifayət qədər geniş olmağı və təxminən 600 minə yaxın insanın bu proqramı əhatə etdiyi görünür. Beləki, bütövlükdə baxsaq, proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən pandemiyadan təsirlənən 44 minə yaxın sahibkarlarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki, məhz məhdudlaşma tədbirləri nəticəsində bu qədər sayda insanın həm əməkhaqqısının alınmasında, həm də sahibkarlar tərəfindən bu insanlara əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. Qeyd edim ki, 304 minə yaxın muzdla çalışan insan qeyri neft sektorunda çalışan insanların 45 faizindən bir az çox edir ki, bu kifayət qədər böyük bir rəqəmdir. Eyni zamanda əlavə olaraq 292 minə yaxın fərdi sahibkarlara artıq dövlətin dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki, bildiyimiz kimi məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda çalışan sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır".

Millət vəkili bildirib ki, bütün bunlarla yanaşı vergi güzəştlərində müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur: "Beləki, məhz banklardan kredit götürən sahibkarların bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların götürdüyü kreditlərin faizlərində dövlət dəstəyi mexanizminin hazırlanması və dövlətin bu dəstəyi göstərməsi xüsusən də sahibkarların götürdüyü kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar eyni zamanda bu gün sahibkarlara veriləcək dəstəklər həm də növbəti mərhələdə, yəni krizisdən sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanması üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edəcəkdir".

Kredit məsələsinə aydınlıq gətirən T.Mirkişili qeyd edib ki, xüsusən tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı dəstək bu proqramda özünü əhatə edir: "İpoteka ilə bağlı insanların kredit götürdükləri və xüsusən tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramənda xüsusi müddəalar nəzərə alınmışdır. Eyni zamanda komunal ödənişlərdə insanlara ediləcək güzəştlərlə bağlı dəstək proqramında müddəalar öz əksini tapır. Daşınma fəaliyyəti göstərən şirkətlərin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı da dəstək proqramında müddəalar yer alır. Ümumilikdə demək istərdim ki, dövlət başçısının tapşırığı xüsusən birinci növbədə vətəndaşların sağlamlığını, daha sonra isə iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzun müddətli proqramın hazırlanmasıdır. Mən düşünürəm ki, indiki halda kifayət qədər operativ olaraq bu proqramın hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, indiki halda da sahibkarlar da dövlət başçısının qayğısını və dəstəyini hər zaman hiss edir və edəcəklər. Çünki, məhz bu qayğı və bu operativlik nəticəsində biz bu problemdən çıxa, sınaqdan üzüağ çıxa və krizisdən sonrakı dövrə daha yaxşı hazırlaşaraq gələcəkdə daha çox inkişaf dinamikasına sahib ola bilərik”.

Pərvanə

 





02.04.2020    çap et  çap et