525.Az

Balaca yazarlarla ədəbiyyat söhbəti


 

Balaca yazarlarla ədəbiyyat söhbəti<b style="color:red"></b>

Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür. Məşhur nağılçı Hans Xristian Andersenin doğum günü şərəfinə təyin olunan bu gün uşaq ədəbiyyatına, kitab oxumaq vərdişinə diqqət çəkmək məqsədi daşıyır.

Azərbaycanda da son illərdə uşaq ədəbiyyatında bir canlanma müşahidə olunur. Böyüklərdən əlavə, bəzi azyaşlı yazarlarımız da artıq mətbuatda çıxış edərək, kitablar çap etdirərək adlarını eşitdirirlər.

525.az onlardan üçü ilə həmsöhbət oldu, ədəbiyyata maraqlarının qaynağı, müəllifi olduğu nümunələr və uşaq ədəbiyyatından sevdiyi əsərlərlə maraqlandı.

Şair Qulu Ağsəsin 9-cu sinifdə oxuyan qızı Alsu Zeynallının “Qış yuxusu” adlı kitabı 2015-ci ildə, hələ 10 yaşında ikən işıq üzü görüb. O, kiçik hekayələr, esselər yazır: “Gözümü açandan həmişə evimizdə kitab olub, anam da, atam da hər ikisi yazırdılar. Uşaq vaxtımdan məktəbə qədərki zamanlarda belə kitablarla ünsiyyət xoşuma gəlirdi, oxuya bilməsəm də, şəkilləri marağımı çəkirdi. Daha sonra məktəbdə bir az da artıq marağım yarandı. Hərfləri tanıyandan bəri kiçik-kiçik esselər yazmağa başladım. On yaşımda isə kitablarımı çıxartmaq istədim və hekayələr, esselər və gülməcələrdən ibarət  “Qış yuxusu” kitabım çap olundu.

Yazılarım valideynlərim üçün də maraqlı idi. Çünki mən yazmağı həqiqətən istəyirdim və ən kiçik esseləri belə çalışırdım özüm yazım. Müəllimlərimiz belə istiqamət vermirdilər, mövzunu özümüz seçirdik.
Dünya uşaq ədəbiyyatını mütaliə etməyi sevirəm. Nağılları çox oxumuşam. Onlar elə nağıllardır ki, bütün dövrlərdə onu uşaqlar sevərək oxuyurlar. Uşaq ədəbiyyatından öz ədəbiyyatımızla yanaşı, dünya ədəbiyyatına da müraciət edirəm. “Kapitan Qrantın uşaqları”, “Robinzon Kruzo”, “Polyana” sevdiyim əsərlərdir. “Polyana”dakı baş qəhrəman uşağın hər şeydə bir xoşbəxtlik tapması sonradan dünyada “polyana sindromu”na çevrildi. Məncə, indiki dövrdə bu sindromdan hamımız istifadə etməliyik. Hazırda bütün dünya çox çətin bir dövrdən keçir. Bu sindromun köməyi ilə çalışmalıyıq ki, günlərimizi yaxşı keçirək.

Nəsildaşlarıma demək istərdim ki, indi hamımız evdəyik, onlayn dərslər vasitəsilə dərslərdən geri qalmazlar. Bununla yanaşı, vaxtımızı kitab oxumaqla, mütaliəylə keçirmək həm faydalı, həm də maraqlı olar. Məsələn, mən yayda oxumaq üçün kitablar ayırmışdım. Amma onları indidən oxumağa başlayıram. Gündəlik yazmağı mən hər zaman çox sevmişəm. Günün sonunda yaşadıqlarımı yazmışam. İndi də çalışıram ki, hər günümü necə keçirtməyimi yazım”.


Mərhum Xalq yazıçımız İsa Hüseynovun (Muğanna) yaradıcılıq irsi balaca nəvəsi Səma Muğanna ilə davam edir, deyəsən. Bu yaxınlarda işıq üzü görən “Mələk Səmanın sevdalı dünyası” kitabının müəllifi olan Səma 8-ci sinif şagirdidir. Yazmağa 9-10 yaşlarından başladığını deyir: “Ədəbiyyata maraq və sevgi öncə babamla başladı. Mən uşaq olanda babam mənə nağıllar oxuyurdu və ədəbiyyat haqqındakı söhbətlərində ədəbiyyatın zənginliyindən, bizim həyatımızdakı önəmli rolundan danışırdı. Bununla mən istər-istəməz ədəbiyyata doğru yönəldim. Kiçik yaşlarımdan kitabları çox sevirdim, uşaq nağılları oxuyurdum. Sonralar isə Azərbaycan və dünya ədəbiyyatını daha geniş şəkildə mütaliə etməyə başladım, babamın əsərlərini oxudum. Hazırda da onun “İlan dərəsi” povestini oxuyuram. Eyni zamanda, ədəbiyyat sevgimdə valideynlərimin və müəllimlərimin də böyük rolu olub.

Yazmağa 9-10 yaşlarımda başladım. Çox filmlər, cizgi filmlər izləyirəm, onlar məndə müəyyən təsirlər yaradırdı. Beləcə yavaş-yavaş özüm yazmağa başladım, amma kimsəylə paylaşmırdım. Sonra yazdıqlarımı redaktə etdikcə daha çox yazmağa başlayırdım. Babamın sözüylə desəm, ilham pəriləri gecələr gəlir. Mən də daha çox gecələr yazıram. Yazmaq məni çox rahatladır, ürəyimi boşalda bilirəm. Yazılarımın bəziləri yaşadıqlarım olsa da, bir çoxu xəyal dünyamın məhsuludur.

Çox kiçik yaşlarımda Azərbaycan nağıllarını oxuyardım. Sonradan Cəlil Məmmədquluzadənin, Süleyman Sani Axundovun və digər yazarlarımızın əsərlərini oxuyub, sevmişdim. Ən çox sevdiyim isə “Kitabi-Dədə Qorqud” dastanıdır. Məncə, bu dastanın kiçik yaşlı uşaqlar üçün belə mütaliəsi vacibdir. Çünki çox ibrətamisdir.

Həmyaşıdlarıma demək istərdim ki, gələcəkdə cəmiyyətə daha yararlı vətəndaş ola bilmək üçün, məncə, kitab oxumaq çox vacib amildir. Kitab oxumaq mənəvi ruhun dincliyidir. Boş vaxtlarımızı bununla daha faydalı dəyərləndirə bilərik. Kitab oxumaq ntqin inkişafına, sərbəst düşünmək qabiliyyətinə də müsbət təsir edir. Əziz dostlar, əgər kitab oxusanız, inanın ki, sizin elə ən yaxşı və ən yaxın dostunuz mən kitablar olacaq!”

Texniki Humanitar Liseyin 6-cı sinif şagirdi Nərmin Əzimzadə şair, yazıçı Sevinc Elsevərin qızıdır. Sevinc xanım da müasir Azərbaycan uşaq ədəbiyyatı nümayəndələrindən biridir. İndi şeirləri mətbuatda çap olunan Nərmin deyir ki, ilk başlarda yazdıqlarını evdə valideynlərindən belə gizlədirmiş: “Bacımın  kitabı çıxmışdı. Adı “Ağıllı kukla” idi. Bütün kitabı Nilufər yazmışdı. Ancaq kitabın axırında mənim çox balaca iki şeirim vardı. Hamı deyirdi ki, Nilufərlə Nərmin kitab yazıb. Mən utanırdım. Elə bilirdim yalan danışıram. İstəmirdim mənim də adımı çəksinlər. Hər şey belə başladı.

1-ci sinifdə oxuyanda indi gülməli gələn şeirlər yazırdım. Cümlələri  səhv qururdum. O şeirləri evdə göstərirdim. Sonra yazdıqlarımı göstərmirdim, hara gəldi atırdım. Bir dəfə bacımın riyaziyyat dəftərində şeir yazmışdım. Anam o şeiri görmüşdü, elə bilmişdi Nilufər yazıb. Sevinə-sevinə deyirdi ki, Nilufər nə gözəl şeir yazıb. Ucadan oxumağa başladı. Mən şeiri yazdığımı demədim. İstəmirdim deyəm. Bacım təəccüblə dedi ki, bu şeiri mən yazmamışam, ola bilsin, Nərmin yazıb. Ondan sonra anam başqa şeirlərimi də axtarmağa başladı. 

Dünya uşaq ədəbiyyatından Nikolay Nosovun əsərlərini sevirəm: “Gəzən şlyapa”, “Mişkanın sıyığı”.  Canni Rodarinin “Celsamina Yalançılar ölkəsində” əsərini.

Yaşıdlarıma demək istərdim ki, poeziyaya da maraq göstərsinlər.  Onların çoxu şeir oxumağı sevmirlər. Mən şeir oxumağı daha çox sevirəm”.


Şahanə Müşfiq

 





02.04.2020    çap et  çap et