525.Az

“Türkiyədə koronavirusa qarşı görülən qoruyucu tədbirlər kifayət qədər yaxşıdır” - Sorğu


 

TÜRKİYƏDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR KORONAVİRUSUN YARATDIĞI TƏHLÜKƏDƏN DANIŞIRLAR

“Türkiyədə koronavirusa qarşı görülən qoruyucu tədbirlər kifayət qədər yaxşıdır” -<b style="color:red"> Sorğu</b>

Qısa müddətdə dünyanı cənginə alan  koronavirus (COVİD-19) pandemiyası qardaş Türkiyədə də təhlükəli mərhələyə qədəm qoyub.

Qardaş ölkədə fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının, tələbələrin bir çoxu hökumətimiz tərəfindən təşkil olunmuş çarter reyslərlə, avtobuslarla vətənə dönsələr də, orada qalmağı seçənlər də oldu. Türkiyədə təhsil alan və vətənə qayıtmayan həmin tələbələrdən bir neçəsi ilə əlaqə saxlayıb fikirlərini öyrəndik.

Həşim Səhrablı, Ege Universiteti İlətişim fakültəsinin magistrantı:

- Koronavirus pandemiyası Türkiyədə yeni-yeni yayılanda hələ ölkəni tərk etmək üçün icazə yox idi. Vəziyyət getdikcə gərginləşəndə isə bildirdilər ki, kim istəyirsə, öz ölkəsinə gedə bilər. Ancaq 14 gün karantində qalmaq məsələsi məni bir qədər narahat etdiyi üçün burda qalmağa qərar verdim.
Böyük ölkələrin iqtisadi və turizm əlaqələri geniş olduğundan fəsadları da ciddi olur. Türkiyə də turizm ölkəsi olduğu üçün hadisələrin ciddiyyəti artmağa başladı. Əvvəllər insanlar bu məsələyə ciddi yanaşmırdılar. Ancaq getdikcə hər şey daha fərqli məcraya yönəlməyə başladı. Burada İtaliya və İspaniyadakı qədər kritik vəziyyət olmasa da, virusa yoluxanların sayı artmaqdadır. Bizi xəstəlikdən mühafizə etmək üçün əvvəl yaşadığımız yataqxanadan başqa karantin rejimli ünvana köçürdülər. Yataqxanada bizim üçün xüsusi karantin qaydaları tətbiq edilmişdi. Amma yəqin, bu tədbirlər öz effektini itirdikdən sonra köçürmək qərarına gəldilər. Əslində, bu virus ilk yayıldığı zaman qripin bir növü sayıb məsələni o qədər də ciddi qəbul etmirdim. Heç vaxt düşünməzdim ki, hansısa bir virus ölkələrarası gəliş-gedişi dayandıra biləcək qədər dünyanı cənginə alacaq. Ancaq indi bütün tədbirləri görür və karantin qaydalarına əməl edirəm.


Nəzrin Həsənova, İstanbul Bilgi Universitetinin tələbəsi:

- Başqa ölkələrdə olduğu kimi, burada da vəziyyət yaxşı deyil. Vəziyyətin ciddiliyi səbəbindən dezinfeksiya tədbirləri gücləndirilib. Qaldığım yataqxana tez-tez dezinfeksiya olunur. Açığı, nə vaxtsa belə bir hadisəni yaşayacağımız ağlıma da gəlməzdi.


İslam Məmmədov, Pamukkale Universiteti Müasir türk dilləri və ədəbiyyatları fakültəsinin magistrantı:

- Koronavirusun Türkiyədə yayılması ilə bağlı xəbərlər təzə-təzə yayılan zaman vətənə getmək üçün yol axtarırdım. İndi isə düşünürəm ki, təmkinli hərəkət etmək lazımdır, tələsik qərar verib getmək düzgün seçim olmaz. Məlumdur ki, virus təhlükəsi bütün dünyada var. Hansı ölkədə nə qədər insanın virusa yoluxduğunun statistikasını bilsək də, virusun gəzdiyi məkanları tam müəyyənləşdirə bilmirik. Bu məqamda dezinfeksiya işləri, virusun daha çox yayılmasının qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər zəruri olur. Türkiyədə istər dövlət, istərsə də özəl sektor sahəsində görülən qoruyucu tədbirlər kifayət qədər yaxşıdır. Qaldığım yataqxanada da dezinfeksiya işləri aparılmışdı. Hazırda giriş-çıxışa müəyyən limitlər qoyulub. Evdən uzunmüddətli çıxış etdikdə geri qayıdan zaman termometr vasitəsilə qızdırmanı ölçürlər. Yataqxananın müxtəlif yerlərində (yeməkxanada, həyət girişində və s.) dezinfeksiya vasitələri, tibbi spirt qabları yerləşdirilib. Təmkinli davranmaq lazımdır. Tarixən dünyada bu cür proseslər çox olub. Biz görməsək də, yaşadığımız dövrdən 50-100 il əvvəl fərqli yoluxucu xəstəliklər, orta əsrlərdə vəba və bunun kimi bir çox epidemiyalar olub, elə bizdən sonra da olacaq.



Nazlı Qasım, İzmir Katib Çələbi Universitetinin tələbəsi:

- İmtahanlarımızın nə vaxt olacağını bilmirdim. Həm də vətənə qayıdacağım təqdirdə 2 həftə karantinə düşüb ailəmdən uzaq qalacaqdım və dərslərimi çalışa bilməyəcəkdim. Ona görə də vətənə dönmədim. Virusa yoluxanların sayı gündən-günə artır, ancaq evdə olduğum üçün qaldığım ərazidə vəziyyətin necə olması barədə ətraflı məlumatım yoxdur. Məncə, ilk növbədə insanın özü təhlükəsizliyini fikirləşməlidir, yəni məcbur qalmadıqca çölə çıxmamalıdır. Burada marketlərdə meyvə-tərəvəz alanda istifadə etmək üçün əlcəklər var, həmçinin, marketlərə ərazisinin genişliyinə görə insan daxil ola bilər  (məsələn, "A101" mağazasında 20 nəfərdən artıq insan toplaşanda cərimə yazılır). Qaydalara diqqətlə yanaşmalıyıq. Bu ağır günlərdə öz canı bahasına işinə davam edən tibb işçilərinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Azərbaycan da, Türkiyə də bu çətin günləri tezliklə geridə qoyacaq".

Günel ABBAS


 

 





03.04.2020    çap et  çap et