525.Az

Xalq yazıçısı Kamal Abdulla: “Bu, bir imtahandırsa, onu ləyaqətlə yaşayaq”


 

Xalq yazıçısı Kamal Abdulla: “Bu, bir imtahandırsa, onu ləyaqətlə yaşayaq” <b style="color:red"></b>

CoVİD-19 infeksiyasının pandemiya halını alması dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da sosial izolyasiya tədbirlərini gücləndirib. Dövlət virusun daha geniş arealda yayılmaması üçün mümkün bütün tədbirləri görməkdədir. Buna görə də hazırda ölkə əhalisinin böyük faizi özünütəcrid halındadır.

O cümlədən, ziyalılarımız, yazıçılarımız da bu günləri evdə keçirirlər. Yaradıcı insanlar üçün evdə qalmaq bir tərəfdən də fürsət kimi dəyərləndirilə bilər. Çünki onlara yaradıcılıqla daha geniş şəkildə məşğul ola bilmək şəraiti yaranıb. Bu günə kimi 525.az-ın müsahibi olan ziyalılar da bunu təsdiqləyiblər.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla da vaxtının böyük hissəsini yaradıcılığa həsr etdiyini deyir: “Bu günləri kitab oxumaqla keçirir, yazı-pozuyla məşğul oluram. "Dilimiz və mifologiya" kitabı üzərində işləyirəm”.

Kamal Abdulla Azərbaycanın pandemiyayla mübarizəsinə laqeyd qalmayan ziyalılarımızdandır. O, hələ bu mübarizənin ilk günlərində bir illik rektor maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmüşdü. Bu gün isə hamı kimi özünün də günlərini evdə keçirtdiyini deyən yazıçı, insanlara da bunu məsləhət gördü: “Mən qanuna hörmətlə yanaşan adamam. Hamıya da belə olmağı məsləhət görərdim. Bu, bir imtahandırsa, onu ləyaqətlə yaşayaq”.

Kamal Abdulladan eyni zamanda, sosial izolyasiya dövrünün və pandemiyanın ədəbiyyata təsirini də soruşduq. Gələcəkdə bunun yaradıcılığa, ədəbiyyata bir təsirinin olacağını istisna etməyən yazıçı, özünün bu mövzuda bir əsər yazmaq fikrinin olmadığını, bu barədə düşünmədiyini dedi.

Şahanə MÜŞFİQ

 





03.04.2020    çap et  çap et