525.Az

Xalq şairinin 80 illik yubiley tədbirləri davam edir


 

Xalq şairinin 80 illik yubiley tədbirləri davam edir<b style="color:red"></b> Müdafiə Nazirliyinin birlik, birləşmə və hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində Xalq Şairi Məmməd Arazın 80 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Nazirlikdən AzərTAc-a bildirilib ki, növbəti yubiley tədbiri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olun.ub

Əvvəlcə qonaqlar və şairin ailə üzvləri Məmməd Araz şəxsiyyətinə və yaradıcılığına həmişə xüsusi önəm vermiş xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini hörmət və ehtiramla yad ediblər.

Xüsusi zövqlə tərtib edilmiş salonda "Bu torpağı sevmək azdı…” adlı ədəbi-bədii gecə böyük sənətkarın, vətənpərvər şairin bir neçə il əvvəl Vətən əsgərlərinə xitabən yazdığı bir məktubun oxunuşu ilə başlayıb:

"Əsgər adı - od içində yaşayan qılınc, əsgər adı - buz altından göyərən çiçək!
Şərəfli əsgər adını daşıyan, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacaran, hər an şəhidlik zirvəsinə qalxmağa hazır olan balalarım!
Başımızın üstündə Allah, arxanızda Vətən, ayağınızın altında müqəddəs torpaq həmişə sizinlədir!
Bu torpağın daşı ollam,
Bu torpağı sevmək azdı…
İnanıram ki, siz torpağın daşı olmağa layiq övladlarsınız. Çünki Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı.
Siz əsl vətəndaşlarsınız. Siz Vətənə söykəndiyiniz kimi, əziz balalar, Vətən də sizə söykənib, Vətən də sizə arxalanır. Siz Vətənlə fəxr etdiyiniz kimi, Vətən də sizinlə fəxr eləyir.
"Azərbaycan” - deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!
İndi anamız Azərbaycanın ürəyinə toxunublar. O ürəyi siz xilas etməlisiniz və edəcəksiniz də!
Vətəndən müqəddəs heç nə yoxdur! Onu sevin! Müstəqilliyimizin əbədiliyi keşiyində həmişə ayıq durun!
Qədəmləriniz daha çevik, daha sərbəst olsun!...”

Xalq Şairinin məktubunun oxunmasından sonra məktəbin rəisi, general-mayor Heydər Piriyev qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli elm, mədəniyyət, ədəbiyyat, eləcə də hərb xadimlərinin yubileylərinin keçirilməsi, adlarının əbədiləşdirilməsi haqqında hər bir Sərəncamı Silahlı Qüvvələrdə də uğurla həyata keçirilir.
 
Şanlı ənənələrə malik tariximizə ölkə rəhbərliyinin bu cür münasibəti, diqqət və qayğı göstərməsi hər birimizi sevindirir və bu, gənclərin vətənpərvərlik tərbiyəsində, xüsusilə Azərbaycan əsgərinin milli mənəvi dəyərləri dərindən mənimsəməsində, onların mənəvi – psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayır.
Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani "Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin milli vətənpərvərlik tərbiyəsində Məmməd Araz poeziyasının rolu” mövzusunda məruzəsində unudulmaz şairin yaradıcılığından geniş söhbət açmışdır. Şairin şeirləri, sözünə yazılmış mahnılar səslənmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aqşin Babayev Məmməd Arazla bağlı xatirələrini danışmış, onun bəşəri şair, böyük şəxsiyyət olduğunu vurğulamışdır. Professor demişdir ki, Məmməd Arazı oxuculara sevdirən başlıca cəhət onun vətənpərvərlik duyğusudur. O, qeyrətli bir oğul kimi bütün həyatını xalqına qurban vermişdir. Məmməd Araz sözün həqiqi mənasında Vətən uğrunda, xalq yolunda, Qarabağ uğrunda şəhid olmuşdur. Şairin "Ayağa dur, Azərbaycan”, "Bizi Vətən çağırır”, "Vətən mənə oğul desə…”, "Əsgər andı”, "Vətən desin”, "Əsgər oğul” və bu ruhlu digər şeirlərini oxuyanda idealı naminə ölümə də hazır olan bir azərbaycanlının ürək çırpıntılarını duyursan. Vətənin adicə bir daşı olmağı özünə şərəf bilən şair xalqımızın ağır günlərində müsəlləh əsgər kimi düşmənlə şeiri, sənəti ilə döyüşürdü, xalqı səfərbər edirdi. Şəhid olan əsgərlərin ciblərindən Məmməd Arazın şeirləri çıxırdı. Bu, hər şairə nəsib olan səadət deyil. Vətəni sevməyi, xalqa sədaqətlə xidmət etməyi Məmməd Arazdan öyrənmək lazımdır…

Aparıcı "Siz Məmməd Arazdan nələr bilirsiniz?” - deyə gələcəyin zabitlərinə müraciət edərkən yerbəyerdən ardı-arası kəsilmədən Məmməd Arazdan misralar səslənməyə başlanıb. Bu, bütün mərasim iştirakçılarının böyük marağına səbəb olub.

"Dədə Qorqud” Milli Fondunun prezidenti, "Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov bildiri ki, rəbhbərlik etdiyi qurum və jurnalın ağsaqqallar şurası Azərbaycan ədəbiyyatının inkişafında və gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna xidmətlərinə görə Məmməd Arazı ölümündən sonra "Vətən övladı”, səhhətində böyük problemlər olan şairin 45 ildən çox ana, bacı kimi qayğısına qalmış ömür-gün yoldaşı, fədakar Azərbaycan qadını Gülxanım Fətəli qızını isə "Mehriban ana” ordenləri ilə təltif edib

Mərasimdə həmin ordenlər təntənəli şəkildə təqdim edilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, Əməkdar Müəllim, ədəbiyyatşünas-alim, şairin gənclik dostu Arif Əliyev, qardaşı oğlu Qorxmaz İbrahimli, Azərbaycan Yazıçılar Birliyi Qarabağ Bölməsinin sədri, ədəbiyyatşünas alim, şair-publisist, professor Ənvər Əhməd, hərbiçi-şair Rəşid Faxralı, Məmməd Araz poeziyasının vurğunu və alovlu təbliğatçısı Kamran Qasımov və başqaları görkəmli poeziya ustası ilə bağlı xatirələrini söyləmiş, yeni şeirlərini oxuyublar.

Mərasimdə 57 ildir ki, Amerika Birləşmiş Ştatlarında qürbətdə yaşayan məşhur həkim Ağabəy Azərbaycanı çıxış edərək Məmməd Arazın türk dünyasının, planetin müxtəlif guşələrində yaşayan bütün azərbaycanlıların böyük şairi olduğunu bildirib.

Vaxtilə Murovdağ bölgəsində gedən döyüşlərdə yaxından iştirak etmiş zabit Tahir Kərimov ön səngərdə Məmməd Arazla görüşlərini yada salaraq, döyüşqabağı böyük şairin bəxş etdiyi ruh yüksəkliyinin xoş təəssüratlarını indi də unutmadıqlarını vurğulayıb.

Milli Məclisin deputatı, yazıçı-jurnalist Aqil Abbas tədbirin sonunda şairin ailə üzvləri adından Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına Məmməd Araz irsinə xüsusi önəm verdiklərinə və Prezident Sərəncamına uyğun olaraq yubileyi yüksək səviyyədə qeyd etdiklərinə görə minnətdarlığını bildirib.

Gülxanım Fətəli qızı Xalq şairinin yubileyinə həsr etdiyi "Ömürdən yarpaqlar” adlı xatirələr kitabını və Məmməd Arazın seçilmiş əsərlərini hərbi məktəbin kitabxanasına hədiyyə edib.
 





05.12.2013    çap et  çap et