525.Az

Rektordan UNEC ailəsinə müraciət


 

Rektordan UNEC ailəsinə müraciət<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov sosial şəbəkədə, şəxsi facebook səhifəsindən UNEC ailəsinə müraciət edib.

Muraciətdə deyilir: “Dəyərli müəllimlər, hörmətli əməkdaşlar, əziz tələbələr. Bu gün koronavirus bütün dünyanı, bütün insanlığı, sivilizasiyanı sınağa çəkib. Dünyanın heç bir ən çox inkişaf etmiş ölkəsi, dünyanın ən tanınmış tədqiqat mərkəziləri, dünyanın ən yaxşı universitetləri, dünyanın heç bir alimi sabah bizləri nə gözlədiyini söyləyə bilmir. Heç biz özümüz də bilmirik. Çünki bu təhlükə gözlənilməyən, öyrənilməyən, eşidilməyən, görünməyən bir təhlükədir. Bu təhlükə uşağa və böyüyə, gəncə və yaşlıya, kişiyə və qadına, zənginə və yoxsula, heç kimə, heç kimə rəhm etmir.

Ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən ciddi tədbirlər və I Vitse Prezident Mehriban Əliyevanın hər birimiz haqqında gündəlik qayğısı bizə optimist olmağa əsas verir. Məhz buna görə əminəm ki, koronavirusa ən az itki ilə qalib gələcəyik. Amma mən çox istəyirəm ki, UNEC ailəsi də heç bir itki verməsin. Mən çox istəyirəm ki, koronavirusdan sonra universitetimizdə eyni tərkibdə, heç kimi koronavirusa qurban vermədən bütün tələbələrimiz, müəllim və əməkdaşlarımızla fəaliyyətimizi davam etdirək. Mən çox istəyirəm ki, UNEC ailəsinin bütün üzvlərinin doğmaları zərər çəkməsin. Mən hər birinizə və doğmalarınıza görə Allaha dualar edirəm. Allah sizləri qorusun.

Bunun üçün hər birimizin edə biləcəyini heç kim etməyəcək və edə bilməz. Bizim edə biləcəyimiz və etməli olduğumuz isə ancaq evdə qalmaqdır. Koronavirusdan qorunmağın sınanmış yolu da məhz evdə qalmaqdır. Evdə qalaq, bir-birimizi qoruyaq.

Əziz tələbələr,

Bu gün hər bir azərbaycanlı öz vətəndaşlıq və vicdan borcunu daha yaxşı anlayır. Bizim həkimlərimiz, polislərimiz, hərbçilərimiz, öz fəaliyyətini cəsarətlə davam etdirən hər bir azərbaycanlı bu baxımdan bizlərə yaxşı örnəkdir. Öz vətəndaşlıq və müəllimlik borcumuzu yerinə yetirmək üçün də gözəl şansdır.

Bildiyiniz kimi, UNEC-də artıq bir neçə ildir ki, distant təhsil infrastrukturu yaradılmış və buna görə dərhal distant təhsilə keçə bildik. Ciddi problemlərlə üzləşmədik. UNEC Extern distant təhsil mərkəzi ilk sınaqdan uğurla çıxdı. Lakin təəssüflər olsun ki, koronavirus planlarımızı dəyişdi və normal şərait üçün yaratdığımız distant təhsil sisteminin bütün imkanlarını müəllimlərimizin evlərinə köçürməyə qərar verdik. Bu işi artıq tamamladıq. Sabahdan başlayaraq sizlərə distant dərslər evlərdən təmin ediləcək.

Bütün dərslər yaz semestrində təsdiq olunmuş dərs cədvəli üzrə həyata keçiriləcək. Hər bir tələbə dərsləri öz qrupunda, öz qrup yoldaşları ilə birlikdə dinləyəcək. Dərslər hər bir qrupda semestrin əvvəlində nəzərdə tutulmuş müəllimlər tərəfindən tədris ediləcək.

Amma...

Distant təhsil bizim hamımız üçün bir yenilikdir. Bu, bütövlükdə ölkəmiz üçün yeni bir tətbiqdir. Doğrusu, dünya təhsil sistemi də bu sahədə zəngin təcrübəyə malik deyil. Biz dünyanın aparıcı universitetlərinin artıq öncə seçdiyi yola başlayırıq. Bəli, tətbiq etdiyimiz texnologiyalar dünyada tanınmış bir çox nüfuzlu universitetlərin tətbiq etdiyi texnologiyaların eynisidir. Bununla yanaşı, etiraf edirik ki, bu sahədə yetərli təcrübəmiz yoxdur. Distant təhsilin hər bir müəllimin evindən təşkili də əlavə sınaqlarla bizi üz-üzə qoyur. Təsəlliverici odur ki, biz istisna deyilik və dünyada bütün universitetlər bu çağırışlarla üzləşirlər. Başqa sözlə, biz dünya universitetlərinin getdiyi yolu seçdik. Nə qədər çətin olsa da, biz bütün potensialımızı səfərbər etdik, bütün komanda ilə fasiləsiz çalışdıq ki, təhsilinizin davamlılığı təmin edilsin. Çıxdığımız yolun hamar olmadığını və ciddi sınaqların bizi gözlədiyini anlayırıq. Amma bu şəraitdə başqa alternativ yoxdur!

Biz ilk dəfə olaraq yeni təhsil formasını tətbiq edirik. Özü də evlərdən. Biz ilk dəfə təhsildə yeni distant texnologiyaların tətbiqinə başlayırıq.

Bu sizlər və bizlər üçün həm də bir psixoloji testdir. Ənənəvi təhsil formasının "qəfildən" distantla əvəz edilməsi həm də psixoloji səfərbərlik tələb edir.

Ona görə də, bu yeniliyin sizlər üçün yarada biləcəyi narahatlıqlara səbrlə və anlayışla yanaşacığınızı xahiş edirəm. Yarana biləcək hər bir problemin operativ həll edilməsi üçün bizdən asılı olan hər bir tədbiri görəcəyik. Əminəm ki, vaxta ehtiyac var. İnanıram ki, hər bir növbəti distant dərs əvvəlkindən daha yaxşı olacaq, hər bir növbəti mərhələ daha mükəmməl olacaq. UNEC beynəlxalq təhsil məkanında rəqabətqabiliyyətini artıracaq. Bütün bunlar birgə fəaliyyətimizi tələb edir. Çünki, birlikdə güclüyük!

Dəyərli müəllimlər,

Xüsusilə bu mərhələdə tələbələrimizin yanında olmaq üçün mümkün olan hər şeyi etdiyinizə, göstərdiyiniz nümunəyə, bir sıra hallarda sizlər üçün həqiqətən də çətinliklər yaratmasına baxmayaraq yeni təhsil texnologiyaların mənimsənilməsi üçün əməyinizi əsirgəmədiyinizə görə hər birinizə təşəkkür edirəm. Birlikdə, UNEC ailəsi olaraq qarşıya qoyduğumuz hədəflərə nail olacağıq. Biz güclüyük, çünki birlikdəyik.

Hörmətli əməkdaşlar,

Sizlərin ciddi əməyiniz və çox dəyərli töhfələriniz olmadan zəruri infrastrukturu formalaşdırmaq, distant təhsili evlərdən təşkil etmək mümkün olmazdı. Əməyinizə görə hər birinizə təşəkkür edirəm.

Evdə qalaq, özümüzü və doğmalarımızı qoruyaq, çıxdığımız yola birlikdə davam edək”.

S.QARAYEVA

 





05.04.2020    çap et  çap et