525.Az

"İfalarımda 6 yaşımda gördüyüm Qarabağı axtarıram" - Müsahibə


 

TUQAY İSMAYILOV: “TƏKİ İNSANLARIN TƏKCƏ MUSİQİYƏ EHTİYACLARI OLSUN”

"İfalarımda 6 yaşımda gördüyüm Qarabağı axtarıram" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Budəfəki müsahibimizi və onun məşhur ifasını gənc muğamsevərlər daha yaxşı tanıyarlar. Söhbət "Təkcə mənim olaydın" mahnısı sosial şəbəkələrdə rəğbət qazanmış gənc xanəndə Tuqay İsmayılovdan gedir. Tuqay muğam ustası Mənsum İbrahimovla vokalçı Samir Cəfərovdan öyrəndiklərini sintez edərək öz fərqli  ifası ilə dinləyicilərin və izləyicilərin diqqətini cəlb edə bilib. Onun ifası, xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Beləliklə, gənc xanəndə Tuqay İsmayılovla müsahibəni təqdim edirik.

“Sosial şəbəkələrdə həddindən çox zaman keçirmək insanda aslıllıq yaradır”

- İnformasiyanın xüsusi önəm daşıdığı bir dövrdə sosial şəbəkələr həyatımızda çox əhəmiyyətli yer tutur. Amma burada həddindən çox zaman keçirəndə bu, insanda bağlılıq, aslıllıq yaradır. Bu mənada sosial şəbəkələrin həm faydalı, həm də ziyanlı tərəfləri var. Ziyanlı tərəfləri aradan qaldırmaq üçün sosial məkanın əsirinə çevrilməmək lazımdır. Qədərində istifadə olunsa, sosial şəbəkələr insanın inkişafı üçün olduqca faydalıdır.



- İfa etdiyiniz "Təkcə mənim olaydın" mahnısı qısa müddətdə izlənmə və paylaşım rekordları qırdı. Bir ifanın bu qədər səs-küyə səbəb olacağın ağlınıza gəlirdimi?

- Düzü, heç vaxt gözləməzdim ki, kiçik həcmli bir ifanın bu qədər böyük əhatə dairəsi olsun. O ifanı təkcə öz ölkəmizdə yox, İran, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandan da dinləyib bəyənənlər olmuşdu. Allahıma şükür edirəm ki, mənə belə bir uğur bəxş etdi. Xalqımıza da diqqət və qayğısına görə minnətdaram. Təki insanların təkcə musiqiyə ehtiyacları olsun.

- İncəsənətə uşaqlıqdan həvəsli idiniz?

- Mən Qarabağda - Ağdam rayonunun Qiyaslı kəndində doğulmuşam. Uşaqlıq çağlarımda Ağdamda müharibə olduğundan musiqi məktəbində təhsil ala bilməmişəm. Amma valideynlərim deyir ki, elə balacalıqdan özüm üçün zümzümə edirmişəm. Nəhayət, 16-17 yaşlarımdan xanəndə Sabir Abdullayevdən muğamın incəliklərini öyrənmişəm. Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində oxuduğum illərdə Asəf Zeynallı adına Musiqi Kollecində məşğələyə gedirdim. Həm də universitetin muğam və vokal fakültələrində çalışan sənətkarlardan bu sənəti öyrənirdim. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Mənsum İbrahimovdan muğam, Samir Cəfərovdan isə vokal dərsləri almışam.



- Səsinizin belə məlahətli olması yəqin, havası, suyu ilə böyüdüyünüz o torpaqlarla bağlıdır...


- Biz insanlar təbiətin bir parçasıyıq. Bu mənada səsin gözəlliyini bölgə ilə də bağlamaq olar. Azərbaycanın hər bölgəsi öz üstünlükləri ilə məşhurdur. Qarabağımız da özünəməxsus füsunkar səsi olan xanəndələri ilə tanınır.


"Xanəndələrin yaradıcılığını analiz etməyi çox sevirəm"

- Hansı sənətkarlardan bəhrələnmisiniz?

- Mən uşaq olanda audio kasetləri tapmaq çətin idi, amma yenə də axtarıb, araşdırırdım. Cabbar Qaryağdıoğlu və Xan Şuşinskidən tutmuş günümüzdə ən sevilənlərdən olan Alim Qasımov, Mənsum İbrahimov kimi xanəndələrin hər birinin yaradıcılığından xəbərdaram. Ümumiyyətlə, bu sənətdə sevilən ifaçıların hamısını dinləmişəm, elə indi də dinləyirəm. Bəzən müəyyən bir günü sənətkarlardan birinə həsr edib, onun haqqında hər şeyi öyrənirəm. Xanəndələrin yaradıcılığını analiz etməyi çox sevirəm. Əgər adlarını sayası olsam, gərək bir saat danışam.



"İstedadı təhsil vasitəsilə sonradan qazanmaq mümkün deyil"


- Hansı muğamı ifa edəndə Qarabağı xatırlayırsınız?

- Ən çox "Qarabağ" şikəstəsi və "Segah" muğamında, bir də Səxavət Məmmədovu dinləyəndə Qarabağı xatırlayıram. Elə özüm də bu muğamları ifa edəndə duyğulanıram, ifalarımda altı yaşımda gördüyüm Qarabağı axtarıram.

- Tez-tez indiki gənclərin muğama bir qədər laqeyd olmaları barədə giley-güzar eşidirik. Amma sizin ifanıza ən çox rəy elə gənclərdən gəldi. Bu haqda nə deyərdiniz?

- Dövlətin muğamın inkişafına qayğısından çox razıyam. Ancaq gənclər muğama bir o qədər də maraqlı deyil. Düzdür, gənc nəslin nümayəndələrindən muğama maraq göstərənlər də var. Ancaq onları kütləvi şəkildə muğama cəlb etməliyik. Bu da biz musiqiçilərin borcudur. Çalışmalıyıq ki, muğamı onlara qavrayacaqları şəkildə çatdıraq. Ümumiyyətlə, hər bir sənətin ruhunu çatdırmaq məsələsi var. Bunu bacara bilən insanlar isə barmaqla sayılacaq qədər azdır. İstedadı təhsil vasitəsilə sonradan qazanmaq mümkün deyil. İstedad insanda anadangəlmə olur, bu, Allahın ona bir bəxşişidir. Aşıq Ələsgərin təhsili yox idi, amma o cür dahiyanə sənət nümunələri otraya qoydu. Məsələnin mühüm tərəfi məhz sənətə belə möhürlər vurmaqdadır. Sözsüz ki, bu, hər kəsə nəsib olmur. Mənim ifalarım dinləyicilər tərəfindən bəyənilirsə,  buna görə xoşbəxtəm. Gənclərin, ümumiyyətlə, xalqın sevgisi mənim üçün ən böyük hədiyyədir. Bizi göylərə qaldıran da, yerə endirən də xalqın sevgisidir.



“Xəyalımdakı yerə çatmaq üçün önümdə uzun bir yol var”


- Demək olarmı ki, xəyalınızdakı yerə çatmısınız?

- Xəyalımda olan yerə çatmağım üçün önümdə uzun bir yol var. Ürəyimdə böyük ümidlərim, arzularım və fərqli ideyalarım var. İstəyirəm, elə bir işə imza atım ki, tarixə düşsün. Məsələn, "Sona bülbüllər" Qədir Rüstəmovdan əvvəl də var idi. Amma elə gözəl ifa etdi ki, hər kəs o mahnını Qədir Rüstəmovun səsində sevdi. Arzu edirəm ki, böyük arenalarda çıxış edim. Bunu tək özüm üçün yox, vətənimiz üçün istəyirəm. Repertuarımda irəlidə sizlərlə paylaşacağım yeni ifalarım var. İndi onların üzərində çalışıram. Həmin mahnıları seçməkdə mənə böyük köməklik göstərən tarzən Ədalət Behbudova və çıxışlarım zamanı məni kamançada müşayiət edən Pərviz Fərhadova təşəkkürümü bildirirəm.

Bu dəqiqə məni narahat edən ən vacib məqamlardan birinə də toxunmaq istəyirəm. Hər kəsə məlumdur ki, indi xalqımız çox çətin bir sınaqdan keçir. Hazırda koronavirus pandemiyası ölkədə yayılmaqdadır. Allah bütün xalqımızı bu bəladan qorusun...

Günel ABBAS

 





05.04.2020    çap et  çap et