525.Az

Millət vəkili: “Hər bir vətəndaşın məsuliyyəti hökumətin məsuliyyəti qədərdir”


 

Millət vəkili: “Hər bir vətəndaşın məsuliyyəti hökumətin məsuliyyəti qədərdir”<b style="color:red"></b>

“Bu gün bəşəriyyət yeni tip koronavirus -COVID-19 kimi qlobal təhlükə ilə üzləşib, bu virusla ciddi mübarizə aparılır. Buna baxmayaraq, çox qısa müddət ərzində böyük itkilər var”.

Bunu 525-ə açıqlamasında millət vəkili, parlamentin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib. M. İbrahimqızı deyib ki, artıq virusa yoluxanların sayı 1 milyonu keçib, on minlərlə də insan itkisi var: “Ən qorxulu məqam isə odur ki, bu virus çox sürətlə yayılır. Bu mənada hər bir Azərbaycan vətəndaşı vəziyyətin nə dərəcədə çətin olduğunu bilməlidir. Digər tərəfdən, bu günə qədər alimlər bu virusun epidemiologiyasını tam tədqiq edə bilməyiblər, konkret fikir yoxdur, bunun müalicəsi ilə bağlı da çox ciddi problemlər var. Bu gün koronavirus pandemiyası dünyada varlı, güclü, yaxud zəif dövlət, güclü, sağlam və xəstə insan tanımır. Ona görə də dövlətlər sərhədləri daxilində özünə qapanıb, xaricdən dəstək istəyirlər. Çox təəssüf ki, hər dövlət öz vətəndaşları qarşısında məsuliyyət daşıdığına görə hər bir dövlət öz resursları daxilində bu epidemiyanın qarşısını almağa, ən az itki, ən az yoluxma ilə bu təhlükəni sovuşdurmağa çalışır. Amma bu təhlükə ilə mübarizədə dövlətin, hökumətin gücü yetərli deyil. İctimaiyyətin, hər bir vətəndaşın dəstəyi olmasa, heç bir dövlət, xalq bu xəstəliklə mübarizədə uğur qazana bilməyəcək. Həmin ölkədə virusa yoluxma da, ölüm halları da çox olacaq”.

Millət vəkil Azərbaycan xalqının savadlı, dünyagörüşü geniş xalq olduğunu vurğulayıb: “Hər bir vətəndaş dünyada gedən prosesləri görür, telekanallardan, KİV-dən, sosial şəbəkələrdən asanlıqla bu barədə məlumatları əldə etmək mümkündür. Bu gün olum və ölüm arasında mübarizə aparan ABŞ, İtaliya, İspaniya, Fransadakı durumu görürük. Bu mənada bir təcrübə də var, dekabrdan bu yana koronavirusun ölkələrdə yol açdığı durumu insanlarımız görür. Bu baxımdan koronavirusla mübarizədə hökumətə dəstək verməsək, özümüzün, ailə üzvlərimizin və yaxınlarımızın həyatını itirməsinə səbəb ola bilərik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri ilə Azərbaycan dövləti, hökuməti koronavirus dünyada yayılmağa başlayan andan bütün mümkün addımları atdı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargah əhalini gündəlik maarifləndirir, məlumatlandırır. Bütün resurslar səfərbər edilib ki, ölkəmizdə bu virusa yoluxma minimum olsun. Ancaq burada ən əsas məsələ cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətli davranması, tapşırıqlara əməl etməsidir. Koronavirusla mübarizədə hər bir vətəndaşın məsuliyyəti hökumətin məsuliyyəti qədərdir. Çox təəssüf ki, “Evdə qal!” çağırışına hər kəs riayət etmir. Ciddi karantin rejiminin müəyyənləşdirilməsinə, KİV-də insanların evdə qalmasının onların həyatda qalmasını təmin edəcəyi barədə məlumatlar verilsə də, hələ də karantin rejiminə riayət etməyən xeyli insan var”.

M. İbrahimqızı qeyd edib ki, hazırkı dövrdə evdə qalmaqla bağlı çağırışlarına insanlarımız çox ciddi yanaşmalıdırlar: “Çox təəssüf ki, bəziləri bu çağırışlara biganə yanaşırlar. Bu biganə insanlara müraciət edirəm ki, öz həyatları ilə bərabər ailə üzvləri, övladları, valideynlərinə, yaxınları, ümumən xalqımız üçün də ciddi təhlükə yaradırlar. Bir daha qeyd edim ki, bu xəstəliyin ən dəhşətli tərəfi epidemioloji sürətinə görə indiyə qədər olan bütün digər yoluxucu xəstəliklərdən çox güclü olmasıdır. Bu xəstəlik göz açmağa imkan vermir. İtaliyada, İspaniyada, qonşu İranda hər gün yüzlərlə insanın həyatını itirdiyini görürük. Koronavirus pik həddinə çatmamış zəifləmir. Bu gün Azərbaycanda bu xəstəlik özünün pik həddinə doğru gedir. Biz epidemiya zirvəyə yaxınlaşdıqca daha çox itkiyə səbəb olur. Biz bu virusun çox itkiyə yol açmaması üçün evdə qalmalı, bu zənciri qırmalı, bu zirvəni dağıtmalıyıq. Ona görə də bir millət vəkili, Azərbaycan xanımı, ictimaiyyət nümayəndəsi kimi sizdən çox xahiş edirəm ki, genefondumuz naminə evdə qalaq, lazım olmadığı hallarda evdən çıxmayaq. Yalnız zəruri ehtiyaclarımızı təmin etmək üçün qısa müddətdə çıxaraq, lazımi ərzaqları alaraq, sosial məsafəyə riayət edərək evə qayıdaq”.

S.QARAYEVA

 





06.04.2020    çap et  çap et