525.Az

İtaliyadakı dostlarım üçün dua - Çingiz Abdullayev yazır


 

İtaliyadakı dostlarım üçün dua - <b style="color:red">Çingiz Abdullayev yazır</b>

1991-ci ildə yenə yolum tarix və mədəniyyət beşiyi sayılan İtaliyaya düşmüşdü. Bu üçüncü səfərimin özəl bir səbəbi var idi. Bakıda keşirilən “Xarı bülübül” festivalının iştirakçısı olmuş “Xoro La Faita” qrupunun  25 illik yubileyi münasibəti ilə Bresiya vilayətinin Gavardo şəhərində bayram tədbirləri keçirilirdi və bu şənliklərə mən də dəvət olunmuşdum.

Almaniyanın Düsseldorf şəhərindən Moskvaya, oradan da təyyarə ilə Milana uçdum. Dostlar bizi qarşılayıb Gavardo şəhərində, Hotel Coronada yerləşdirdilər. Sözün açığı, o zaman hotelin adına o qədər də fikir verməmişdim. Kim bilərdi ki, illər sonra Corona adlı qorxulu bir kabus bütün dünyanı cənginə alacaq.
Bayram şənlikləri keçirilən günlər indiyə kimi yaxşı yadımdadır. İtaliyadakı dostlar Gavardo ətrafında təbiət mənzərələrini qonaqlara həvəslə göstərir, bizi kafelərdə italyan yeməklərinə səxavətlə qonaq edirdilər. Məni müşayət edən xorun üzvlərindən birinin oğlunun adı Luka idi. Çox mehriban və istiqanlı, əsl italyan ailəsi ilə rastlaşmışdım. Hər axşam xor üzvləri bizi növbə ilə evlərinə dəvət edir, süfrələrə özəl şərablarını düzürdülər. Beləcə, günlər maraqla keçirdi. Mən hər yerdə olduğu kimi Gavardoda da Azərbaycanla bağlı məqamlar axtarırdım. Bu arada yaxınlıqdakı ticarət mərkəzində yerləşən xalça mağazasına daxil olanda maraqlı bir mənzərə ilə rastlaşdım. Mağazadakı bir-birindən gözəl xalçaları seyr edən zaman “Azərbaycan Carpet” yazısını görəndə ürəym dağa döndü. Doğma bir guşəyə düşmüşdüm, sanki.

Ertəsi gün xor üzvü, Bresiya qəzetinin jurnalisti Marcello Zanne məşhur “İl Çiarno” mətbuat orqanının nümayəndəsi, məşhur jurnalist Luici Vismara ilə görüşümü təşkil etdi. Biz birlikdə mətbuat konfransı da keçirdik. Müxtəlif məsələləri əhatə edən mətbuat konfransı təbii ki, Qarabağ mövzusu ətrafında müzakirələrlə yekunlaşdı. Axşamı isə möhtəşəm konsertlə davam edən bayram şənliyi şəhər sakinləri və qonaqlar üçün, necə deyərlər, yubiley hədiyyəsi oldu.

Növbəti gün xorun rəhbəri Valerio Bertoletti və xanımının təşəbbüsü ilə bizi Milan yaxınlığındakı “San Siro” geyim fabrikinə apardılar. Orada mənə kaşmirdən iki pencək və cins şalvara hədiyyə etdilər. Yeri gəlmişkən, onu da deyim ki, rəngi açıq qırmızıya çalan pencəyi 15 ildən çox geyindim. Ertəsi gün bizi Venesiyaya - azad quşların meydanına və məşhur Venesia şüşələri düzələn adayya gəzintiyə apardılar. Həftə ərzində italyanların isti münasibəti, qonaqpərvərliyi, adlarını çəkmədiyim dostlarımın mehribançılığı məni heyran etmişdi.

Zaman keçdi. İtaliya ilə bağlı bir başqa məqama heyran qaldım. Pozitano şəhərindən olan professor Romolo Ercolino xanımı ilə birlıikdə  2005-ci ildə Bakıya, yazıçı Məhəmməd  Əsəd bəyin 100 illik yubileyinə gəlmişdilər. Tədbirdə çıxışı zamanı qonağın göz yaşları ilə danışdığı xatirələr yubiley iştirakçılarını mat qoymuşdu. O, hələ beş-altı yaşlrıında ikən bakılı yazıçının gizli şəkildə onların evində qaldığını yada salıb onun acı taleyini daima xatırladığını bildirdi. Müharibə zamanıa atasının komendant olduğu şəhərdə onların bakılı yazıçını qorxu altında öz evlərində gizlətmələri humanizmin göstəricisi, yüksək insani keyfiyyətdir.  Məhəmməd Əsəd Bəyin vəfatından illər sonra, 1942-ci ildə Pozitanoda “Əli və Nino” romanına görə dünyada məşhur simaya çevriləcəyi acı taleyin nəticəsi və professor Romolo Ercolinonun qisməti imiş.
Sonralar professor Romolo Ercolino mənə ünvanladığı məktublarda və yazdığı “ESSAD BEY scrittore Azerbaigiano a Positano” kitabda öz xatirələrini ictimaiyyətə çatdıraraq xeyirxahlığın daha bir nümunəsini ortaya qoymuş oldu.

Çox qəribə də olsa, bu günlərdə - məaqləni yazdığım ərəfədə yubileylə əlaqədar mənə hədiyyə olunan italyan rəssamının əsəri evimizin yaraşığına çevrilib. Palermodan Romaya 1989-cu ildə qatarla gələndə yer verdiyim italyan ailəsini, 2013-cü ildə ailəmlə birlikdə Vatikana səfər zamanı gördüklərimi, Gavardo şəhərindəki dostları, istər professor Romolo Ercolinonu, Pozitano və Napoli sakinlərini, 2015-ci ildə italyan dilində yazdığım “Asad Bey in İtaly” kitabımın ön sözünün müəllifi Luici Skrinzinini, məni Marco Poloya bənzədən rəyçi Alessandro Casottonu, “Xoro La Faita”nın üzvü Antoni Bordinini, nəşriyyatçı Sandro Teti və xanımını bu günlər böyük ehtiramlar xatırlayır, Ulu Tanrıdan mədəniyyət beşiyi İtaliyanın “Corono Virus” hücumundan qurtulmasını diləyir və dostlarım üçün dua edirəm.

Tərcüməçi: Abuzər Cəfərov

 





06.04.2020    çap et  çap et