525.Az

Qəmər Cavadlı: “Din xadimləri dövlətin pandemiyaya qarşı tədbirlərini dəstəkləyirlər” - Açıqlama


 

“DİNDARLARI KARANTİN REJİMİNİN TƏLƏBLƏRİNƏ, HƏKİMLƏRİN TÖVSİYƏLƏRİNƏ CİDDİ ƏMƏL ETMƏYƏ ÇAĞIRIRIQ”

Qəmər Cavadlı: “Din xadimləri dövlətin pandemiyaya qarşı tədbirlərini dəstəkləyirlər” - <b style="color:red"> Açıqlama</b>

Bütün dünyada olduğu kimi, Azərbaycanda da Covid-19 pandemiyasına qarşı tədbirlər görülməkdə, hətta ölkəmizdə bununla əlaqədar daha ciddi və effektli addımlar atılmaqdadır. Bu səbəblə Azərbaycanda bütün qurumlar xüsusi karantin rejimində fəaliyyət göstərirlər. Belə qurumlardan biri də Qafqaz Müsəlmanları İdarəsidir. İdarənin hazırki fəaliyyəti, görülən tədbirlər barədə Qafqaz Müsəlmanları İdarəsinin Sədr müavini, fəlsəfə doktoru Qəmər Cavadlının fikirlərini öyrəndik.

Q.Cavadlı bildirdi ki, o, hazırda baş verənləri bəşəriyyət üçün imtahan hesab edir: “Həzrət Muhəmməd (s) Peyğəmbərimizdən rəvayət olunan bir hədisə görə:"Əgər bir müsibət insanları Allahdan uzaqlaşdırarsa - cəza, Allaha yaxınlaşdırarsa - nemətdir". Bu mənada, mən baş verənləri bəşəriyyət üçün imtahan hesab edirəm. Zaman-zaman Allahın yaratdığı təbiətə qarşı törədilən ekoloji fəlakətlər, insan fitrətinə yaraşmayan naqisliklər, cəmiyyətdə əxlaqın və ailə münasibətlərinin deqradasiyası nəticə etibariə bizi belə bir imtahanla üz-üzə qoyacaqdı. Çox ümid edirəm ki, həm ölkəmiz, həm də dünyamız bu bəlanı aşmaq üçün özündə olan və olmayan mənəvi qüvvəni ilahi dəyərlərdən almaqla kamilləşəcəkdir”.

Q.Cavadlının sözlərinə görə, belə bir mürəkkəb zamanda dövlətin həyata keçirdiyi bütün sanitar-gigiyenik normalar, karantin rejiminə uyğun tələblər, maarifləndirici tədbrlər, əlbəttə ki, təqdirəlayiq sayılmalıdır. Xüsusilə, həkimlərimizin, tibbi personalın, xidmət sahəsi işçilərinin və digərlərinin fədakarlığını qiymətləndirmək lazımdır. Dövlət rəhbərliyimizin önləyici qərarları nəticəsində bütün mümkün müalicə və qoruma tədbirləri həyata keçirilir: “Qafqaz Müsəlmanları İdarəsini təmsil edən biri kimi deyə bilərəm ki, din xadimləri dövlətin pandemiyaya qarşı həyata keçirdiyi misilsiz tədbirləri dəstəkləyir, dindarları karantin rejiminin tələblərinə, həkimlərin tövsiyələrinə ciddi əməl etməyə çağırırlar”.
 
XÜSUSİ İCAZƏ REJİMİNDƏ ÇALIŞIRIQ
 
Qəmər Cavadlı deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşən vəzifə - məscid və ziyarətgahlarda karantin rejiminə riayət edilməsi, həmin obyektlərin mühafzəsinin təşkili,  dəfn mərasimlərinin dini qaydalara və sanitar-gigiyenik normalara uyğun olaraq təşkil olunması və digər təxirəsalınmaz işlərdir: “Rəhbərliyimiz və bir sıra işçilərimiz xüsusi icazə rejimində çalışmağa davam edirlər”.

Sədr müavininin dediyinə görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası bu dönəmdə din xadimlərinin fəaliyyətini nizamlamaq baxımından bir sıra lazımi qərarlar və fətvalar vermək zərurəti ilə üzləşdi. Kütləvi yoluxmanın mümkünlüyünü nəzərə alaraq ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda camaat namazları, ehsan tədbirləri, dini dərslər, Quran kursları və sair - bunlar müvəqqəti təxirə salındı. Çox müstəsna haldır ki, dindarlarımız bu fətva və qərarları anlayışla qarşıladılar, dövlətimizin tədbirlərinə və İdarəmizin göstərişlərinə həmrəylik nümayiş etdirdilər. Hazırda qarşıdan gələn Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının növbəti fətvası hazırlanır və bu fətvada xüsusi rejim şəraitində oruc tutmağın fəzilətləri və şərtləri barədə dindarlara önəmli olan məsələlər açıqlanacaqdır.

ALLAHIM, TEZLİKLƏ BU BƏLANI BİZDƏN DƏF ET !

Qəmər Cavadlı qeyd edib ki, insanlar homogen kütlə deyillər, onları hətta bundan daha qorxunc dönəmlərdə belə idarə etmək və yönləndirmək çox çətin məsələ sayılıb. Bu gün bizdə cəmiyyətin bir qismi karantini epidemik xəstəlik kimi qəbul edirsə, digər qısmi bunu dünya dövlətlərinin siyasi-iqtisadi oyunu, başqa bir qismi kütləvi psixoz silahı, hətta elektronlaşdırma zindanı kimi qəbul edir. Kütləvi informasiya vasitələri, sosial media və şəbəkələr  şüurlarda qorxu ilə yanaşı şübhə də yaradır, insanları bu mənada başa düşmək lazımdır: “Təəssüf ki, bizim media cəmiyyəti sakitləşdirmək, ümid vermək, rahatlıq yaratmaq əvəzinə kütləvi psixoza, narahatlığa səbəb olan, cərimə və cəza tədbirləri ilə hürküdən informasiyalara üstünlük verir. Diqqət etmisinizsə, belə informativ basqı artdıqca insanların inamı azalır, istehza və saymazlııq yaranır, hətta bədii kreativliyi ortaya çıxır. Koronavirusa yazılan şeirlər, mahnılar, rəqslər, lətifələr, kliplər və daha nələr.. maşallah, xalqımızın bədii təxəyyülünə söz ola bilməz ! Ona görə çağırış etmək əvəzinə dua etmək istəyirəm:  “Allahım, tezliklə bu bəlanı bizdən dəf et!”
 
ŞÜKÜR Kİ, KARANTİNDƏYİK, MÜHARİBƏDƏ DEYİLİK

 
Qəmər Cavadlının sözlərinə əsasən, koronavirusdan qorunmaq üçün xüsusi bir qorunma proqramı yoxdur: “Hamı necə, mən də elə. "Ellə gəllən dərd toy-bayramdır"- deyiblər. Mənim dünyagörüşümün başqalarından fərqi problemə ilahi qanunauyğunluq kimi baxmağımdadır. Mənə görə həyat karantində də gözəldir. Lap bu yaxınlarda göndərilən smsdəki kimi:  “Şükür ki, karantindəyik, müharibədə deyilik! Şükür ki, evdəyik, sığınacaqda deyilik! Şükür ki, toxuq, ac deyilik! Və şükr ki, sağıq, ölü deyilik!”

MÜƏYYƏN VƏZİFƏLƏRİ HƏYATA KEÇİRMƏK ÜÇÜN MƏSULAM

Sədr müavini vurğulayıb ki, o tam təcrid olunmuşlardan sayılmır: “Xüsusi icazə ilə müəyyən vəzifələri həyata keçirmək üçün məsulam. Evdə oturmağı isə bayram kimi qəbul edirəm (zarafatsız!). Çünki uzun illər ərzində o qədər çox işim olub ki...”

S.QARAYEVA
 

 

 





06.04.2020    çap et  çap et