525.Az

Hamlet İsaxanlı: “Dünyanı sarsıdan bir vəziyyətlə üz-üzəyik” - Açıqlama


 

Hamlet İsaxanlı: “Dünyanı sarsıdan bir vəziyyətlə üz-üzəyik” -  <b style="color:red"> Açıqlama</b>

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin günləri davam edir. İnsanların sağlamlığı üçün onlardan qaydalara riayət etmələri və evdə qalmaları tələb olunur. Ölkənin tanınmış ziyalıları da bu rejimə riayət edərək vaxtlarını səmərəli keçirməyə çalışırlar.

Xəzər Universitetinin təsisçisi, təhsil ocağının Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, təssüf ki, çox təhlükəli, dünyanı sarsıdan bir vəziyyətlə üz-üzəyik. Dünyada ən böyük epidemiya indiyə qədər qara vəba xəstəliyi olub. Bu, 1347-1352-ci illərdə yayılıb. Qara vəba nəticəsində Avropanın təxminən yarısı məhv olub. Koronavirus epidemiyası da bu xəstəlik qədər təhlükəlidir.

H.İsaxanlı deyir ki, yaradıcı insanlar, elm adamları, bəstəkarlar və digərləri onsuz da evdə qalıb, işləyirlər.  Bəstəkar oturub musiqi yazırsa, təkliyə çəkilməli, qarşısındakı pionoda günlərlə məşq etməlidir. Ona görə də yaradıcı insanlar üçün evdə qalmaq qətiyyən darıxdırıcı deyil: “İşə getmədiyimiz müddətdə özümüzü sevdiyimiz yaradıcı işə tam verə bilərik. Mən iş vaxtı hər gün üzümü təmizləyib, universitetə gedərdim. Amma indi evdə qaldığım üçün qəsdən üzümü də qırxmıram ki, heç yerə çıxmayım. Kompüterimin,  elmi kitabların yanında oturub, monoqrafiya üzərində işləyirəm. Təxmini 80 faizini artıq bitirmişəm. İnsanlar işlə, dostlarla məşğul olmaqdan ailəyə vaxt ayırmağa bəzən tənbəllik edirlər.  Bu durumda isə klassik ailə münasibətləri daha maraqlı olur. Ailə ilə bir yerdə əyləşib, çay içirsən, çörək yeyirsən, uşaqlarla məşğul olursan. İndiki vəziyyətdə üzücü olan yeganə hadisə koronavirusla bağlı gündən-günə yoluxmanın, ölüm hallarının artmasını eşitməkdir. Düzdür, Azərbaycanda başqa ölkələrə nisbətən çox az ölüm halı qeydə alınıb.  Amma qonşu ölkələrdə, dünyada vəziyyət kifayət qədər ciddidir. Ona görə, evdə qalaq”.

Professorun dediyinə görə, hazırda evdə boş vaxtını necə keçirəcəyini düşünən insanlar klassik əsərlərlər oxumaqla vaxtlarını səmərəli keçirə bilərlər: “Əminəm ki, heç də hər kəs klassik əsərləri oxumayıblar. Yazmaq çətindirsə, yaratmaq çətindirsə, axı kitab oxumaq çox asan bir şeydir. İnternetə çoxlu kitablar yerləşdiriblər. Heç bir vəsait ödəmədən hətta maraqlı, əhəmiyyətli kitabları tapıb, oxumaq olar. Hər insanın bir hobbisi var, sevdiyi işlərlə məşğul olmaq üçün indi əsl vaxtıdır. İnsan tənbəl olmasa, bir azca düşünsə ki, evdə vaxtımı səmərəli keçirmək üçün nə edə bilərəm, inanıram ki, hər kəs maraqlı məşğuliyyətlər tapacaqdır. Kefimizi pozmaqla vəziyyət yaxşılaşacaqsa, gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın. Əksinə, özümüzü, kefimizi yaxşı saxlasaq, yaxşı və sağlam qidalansaq, evdə idmanla məşğul olsaq, immunitetimiz də artacaq. Bu, həqiqətən də elmi cəhətdən təsdiq olunub”.

H.İsaxanlının qeyd edib ki, belə bir çətin vəziyyətdə tibb işçiləri həyatlarını riskə ataraq, insanların sağlamlığını qorumağa çalışırlar. Hesab edirəm ki, onlara  alqış düşür: “Həmçinin, jurnalistlər də insanları koronavirusun  mənfi təsirindən uzaq saxlamaq üçün əllərindən gələni edirlər. Ümumilikdə belə bir vəziyyətdə insan və insanlıq üçün çalışan hər kəsə təşəkkür etməliyik”.

S.QARAYEVA

 





06.04.2020    çap et  çap et