525.Az

Bakı Dəmir Yolu Xəstəxanasından təqdirəlayiq addım


 

Bakı Dəmir Yolu Xəstəxanasından təqdirəlayiq addım<b style="color:red"></b>

Bu günlərdə Bakı Dəmir Yolu Xəstəxanası maraqlı və eyni zamanda çox faydalı layihəyə başlayıb.

Belə ki, xəstəxananın peşəkar həkimləri sosial şəbəkədəki səhifədə canlı yayım vasitəsilə hər dəfə bir mövzu haqqında izləyiciləri məlumatlandırırlar. Martın 31-dən start götürən bu layihədə artıq beş həkim iştirak edib və beş mövzu haqqında danışıblar. Bu mövzular da bir neçə aydır ki, bütün dünyanı gərginlikdə saxlayan CoVİD-19 infeksiyası və onun əlamətləri, müxtəlif yaş qruplarındakı göstəriciləri haqqındadır.
Bu günə kimi Bakı DYX-nın pediatr neonatoloqu Aytəkin İbrahimova “Uşaqlar və koronavirus, valideynlər nəyi mütləq etməlidirlər?”, Bakı DYX laboratoriya rəhbəri, Biologiya üzrə fəlsəfə doktoru Arif Yusifov “İnfeksion xəstəliklərin laborator diaqnostikası”, laparoskopist mama-ginekoloq Vüsalə Ağabalayeva “Koronavirus və hamiləlik”, ümumi cərrah, cərrahiyyə şöbə müdiri Ramil Nadirov “Bütün boğulma yaradan hallar heç də koronavirus deyil” mövzularında çıxış ediblər.

Bu gün isə canlı yayımda izləyicilərlə görüşən xəstəxananın kardioloqu Elmira Əhmədova idi. O, Aritmiyalar və ya ürəyin ritm pozuntusu haqqında danışırdı.

Statistikaya nəzər salsaq, görərik ki, bu günlərdə ürək tutmasından vəfat edənlərin sayı xeyli dərəcədə artıb. Mövcud situasiyayla əlaqədar insanlardakı gərginlik, panika, qorxu və stress arzuolunmaz nəticələrə gətirib çıxara bilir. İnsanları virusdan, xəstəlikdən daha çox narahat edən də məhz bu stresdir. Buna görə də ürək ağrıları ilə bağlı şikayətlər, eləcə də ürək tutmasından həyatını itirənlərin sayı artıb.

Bu vəziyyətə biganə qalmayan Bakı DYX-nın rəhbərliyi və əməkdaşları ilkin mövzulardan biri kimi məhz aritmiyalar və ya ürəyin ritm pozuntusunu seçdilər. Həkim Elmira Əhmədova çox böyük peşəkarlıqla, aydın və anlaşıqlı nitqi ilə mövzu haqqında geniş məlumat verdi. Onun sözlərinə görə aritmiyalar həm xəstə, həm də sağlam adamlarda rast gəlinir. Lakin müəyyən səbəblər var ki, onlar ürəkdə ritm pozğunluğu yaradır və insanın sağlamlığını təhlükəyə salır. Onlardan biri də elə əsəb, stress, qorxudur.

Elmira həkim mövzu haqda çıxışını bitirdikdən sonra tövsiyələrini və izləyicilərin suallarını cavablandırmağı da unutmadı. Bu günlərdə insanların çox vacib olmadıqca xəstəxanalar müraciət etməklərini məsləhət görməyən kardioloq soyuqqanlı, sakit və gərginlikdən uzaq olarsaq, eyni zamanda deyilən qaydalara əməl edərsək, ürəyimizi ritm pozğunluğundan, özümüzü və yaxınlarımızı isə koronavirusdan qoruya biləcəyimizi də vurğuladı.

Şahanə MÜŞFİQ

 


 

 





06.04.2020    çap et  çap et