525.Az

Kəmalə Ağazadə: “Beş gündür sığınacaqda uşaqlarla birlikdə qalıram”


 

Kəmalə Ağazadə: “Beş gündür sığınacaqda uşaqlarla birlikdə qalıram” <b style="color:red"></b> Azərbaycan Uşaqları İctimai Birliyini sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadəni QHT rəhbəri kimi tanımışam. Onun sığınacağındakı uşaqlara olan qayğısını, sevgisini isə sosial şəbəkələrdə, müsahibələrində görürük.

Bütün dünyanın, eləcə də Azərbaycanın CoVİD-19 infeksiyasının törətdiyi problemlərlə mübarizə apardığı, medianın və sosial şəbəkələrin bu mövzunu müzakirə etdiyi dövrdə Kəmalə xanım uşaqlarla keçirtdiyi əyləncəli anların videolarını paylaşır, nikbin və şən görünür. Dünən də (5 aprel) sığınacağındakı dörd bacı-qardaşa doğum günü keçirirdi. Videoya açıqlamasında yazmışdı ki, 2-9 yaş arasında olan bu bacı-qardaşlar ömürlərində heç vaxt doğum günü keçirtməyiblər, nə vaxt doğulduqları məlum da deyil.

Ona görə də Kəmalə xanım sığınacaqda onlar üçün kiçik ad günü şənliyi təşkil edib.

Bəs görəsən, bu sosial izolyasiya günlərində Kəmalə xanım sığınacağındakı uşaqları necə qoruyur? Sualımıza cavab almaq üçün QHT sədriylə əlaqə saxladıq. Məlum oldu ki, Kəmalə xanım günlərdir sığınacaqda qalır, evinə belə getmir:

“Təxminən 5-6 gündür ki, mən tam şəkildə sığınacaqda qalıram, uşaqların yanındayam. Çünki bütün işçiləri evə buraxmışam. Hüquqşünas, pedaqoqlar, sosial işçilər, psixoloq, terapevtimiz müvəqqəti olaraq bura gəlmirlər. Uşaqlarla ancaq görüntülü zənglərlə əlaqə saxlayır, günün müəyyən saatlarında onlarla ünsiyyət qururlar. Onları göndərməkdə məqsədim odur ki, hər kəsin evində ahılı, xəstəsi, uşağı var. Kimin daşıyıcı olduğunu bilə bilmərik. Bəlkə elə mən özü daşıyıcıyam, niyə insanları təhlükəyə ataq? Məqsəd odur ki, bir-birimizdən təcrid olunaq. Əgər bu gün dövlət öz müəssisələrində işçiləri məzuniyyətə göndərir, evdə oturmağı tövsiyə edirsə, bu, o deməkdir ki, mən də bunu etməliyəm. Bu, müvəqqəti çətinlikdir.
Mənsə, artıq otağımı mətbəxlə əvəzləmişəm. Hazırda işçilərdən bir mənəm, bir də aşpazımızdır. Amma onu işindən kənarlaşdırıb, uşaqların nəzarətini tapşırmışam, yemək məsələlərini öz öhdəmə götürmüşəm. Çünki bilirik ki, bu koronavirusla mübarizədə əsas immunitetin güclü olmasıdır. Bu da yaxşı yeməkdən çox asılıdır. Mən də çalışıram ki, uşaqların yemək rasionuna özüm nəzarət edim. Bir növ həm də stress atıram. Çünki mən iş adamıyam, daim hərəkətdə olan biriyəm. Bu səbəbdən düşünürəm ki, bu günlərdə stol arxasından durub mətbəxə keçmək həm mənə, həm də uşaqlara daha çox fayda verəcək.

Sığınacağımızda 32 nəfər qalır. 30 nəfər 1-15 yaş arası uşaq, iki nəfər isə qadındır. Hər biri ciddi nəzarət altındadır. Şükür ki, virusla bağlı ciddi bir problemi olan yoxdur. Bu qədər qorumağımızın əsas səbəbi də odur ki, bu uşaqlar arasında bir ay öncə pnevmaniya keçirənlərimiz olmuşdu, böyrək xəstəsi, HİV daşıyıcısı, ürək qüsurlu olanlarımız var. Daim nəzarət edirik ki, vaxtlı-vaxtında dərmanlarını qəbul etsinlər, yuxu rejimləri pozulmasın.

Uşaqlar da mövcud vəziyyətdən xəbərdardılar, nə baş verdiyini bilirlər. Hətta bizim facebookda bir paylaşımımız olmuşdu, koronavirusa bir mahnı da qoşmuşduq (gülürük). Uşaqlara bunu anlayacaqları dildə izah edirik. Bəli, balacalar üçün çətindir. Çünki həmişə parka, gəzməyə aparılan uşaqlar bu gün heç yerə çıxa bilmirlər, balaca həyətimiz var, gün ərzində ora belə çox qısa zamanda çıxarırıq. Qorxuruq ki, birdən havadan da nəsə tutarlar, ya soyuq olar. Otaqları tez-tez havalandırırıq, dezinfeksiya edirik. Onlara da izah edirik ki, bir neçə gündən sonra hamımız çıxacağıq, gəzməyə də gedəcəyik. Daha çox çalışıram onlarLa əyləncəli proqramlar edək, rəqslər edirik, mahnılar, nağıllar oxuyuruq. Məsələn, dünən heç vaxt ad günü olmayan 4 bacı-qardaş üçün ad günü partisi keçirtdik, əyləndik. 13-15 yaş arasındakı böyük qızları 2-2 mətbəxə də cəlb edirəm. Həm yemək bişirməkdə mənə kömək edirlər, həm də öyrənirlər. Dünən məsələn, mənimlə yarpaq dolması bükürdülər. Bunu sevə-sevə edirlər. Daha çox üstünlüyü balacalara veririk. 10 yaşdan yuxarı bütün uşaqlar bir-birinə çox dəstəkdilər, balacaların qulluğunda sevə-sevə dururlar. Biz böyük bir ailə kimi birlikdə bununla mübarizə aparırıq. İnanıram ki, hər şey tezliklə bitəcək”.

Şahanə MÜŞFİQ
 





06.04.2020    çap et  çap et