525.Az

"COVID-19" əleyhinə paket iqtisadiyyatı pandemiyadan necə sığortalayacaq?


 

EKSPERTLƏR HESAB EDİRLƏR Kİ, POSTKORONAVİRUS DÖVRÜNDƏ İQTİSADİ ARTIMI BƏRPA ETMƏK MÜMKÜN OLACAQ

"COVID-19" əleyhinə paket iqtisadiyyatı pandemiyadan necə sığortalayacaq?<b style="color:red"></b>

Bu gün bütün dünyada yayılmış koronavirus pandemiyası qlobal bir bəlaya çevrilməkdədir. Dünya dövlətləri, beynəlxalq qurumlar bu bəla ilə mübarizədə müxtəlif addımlar atsalar da, onun cilovlanması hələ ki, mümkün olmayıb.

COVID-19 ən böyük zərbələridən birini də iqtisadiyyata vurub. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələri bu problemdə görə ağır itkilərə məruz qalıblar. Çoxsaylı iş yerləri bağlanıb, sahibkarlara, şirkətlərə böyük ziyan dəyib. Neft dünya bazarlarında öz dəyərini itirib. İqtisadiyyatın əsas gəlirli sahələrindən biri olan turizmə də böyük zərbə dəyib.

Azərbaycan dövləti bütün bunları gözə alaraq, hələ ölkəmizdə koronavirusa yoluxma halları artmamışdan önləyici tədbirlər həyata keçirməyə başladı.

İstər inzibati tədbirlər, istərsə də insanların sağlamlığının qorunması yönündə atılan digər addımlar məhz bu qlobal bəladan az itki ilə çıxmağa hesablanıb.
 
Bununla yanaşı, iqtisadi sabitliyin qorunması üçün də bütün səylər səfərbər olunub. Ölkə Prezidentinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Baş nazirin sərəncamı vətəndaşların sosial problemlərinin həllində əsaslı rol oyanayacaq.

Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. "İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir. 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq.

Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.

Sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək. Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır. 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb.

İqtisadi paketi şərh edən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda tətbiq olunacaq iqtisadi paket yalnız koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, postkoronavirus dövründə iqtisadiyyatın dəstəklənməsini özündə ehtiva edir. 

Onun sözlərinə görə, Azərbaycan iqtisadi paketin reallaşması üçün 2,5 milyard vəsait ayıracaq: "Bu isə ümumidaxili məhsulun 3 faizidir. Praktiki olaraq Azərbaycan koronavirusa qarşı mübarizəyə ümumidaxili məhsuldakı paya görə MDB ölkələrin içində ən çox vəsait ayıran ölkədir. Bu da ondan xəbər verir ki, postkoronavirus dövründəki aktivliyin bərpa edilməsi təbii ki, Azərbaycan üçün əsas prioritet məsələlərdən biridir. Bütün digər ölkələrdə olduğu kimi qlobal iqtisadi artım tempinin azaldığını nəzərə alsaq koronavirus Azərbaycandakı iqtisadi artıma və eyni zamanda iqtisadi aktivliyə təsir göstərəcək. Nəzərə alsaq ki, karantin qaydalarına uyğun olaraq özəl sektorda fəaliyyətin məhdudlaşması da müşahidə olunur. Bu da özlüyündə bizim iqtisadi artımımıza təsir göstərir".

V.Bayramov bildirib ki, əsas hədəf Azərbaycanın koronavirusdan sonrakı dövrdə daha qısa zamanda iqtisadi artımı və aktivliyi bərpa edə bilməsidir: "Əslində iqtisadi paketin strateji tərəfi ondan ibarətdir ki, bu paketin reallaşması imkan verir ki, Azərbaycan koronavirusdan sonrakı dövrdə daha qısa zamanda və çevik olaraq iqtisadi artım tempini bərpa edə bilsin və güman olunur ki, koronavirusdan sonrakı dövrdə xüsusən də, sahibkarın dəstəklənməsilə bağlı təşviq proqramının icra edilməsi imkan verəcək ki, Azərbaycan qısa zamanda iqtisadi artım tempini bərpa etsin. Bu isə ondan xəbər verir ki, koronavirus Azərbaycan iqtisadiyyatına və eyni zamanda ölkədəki iqtisadi artıma təsir göstərsə də mövcud iqtisadi paketlə daha qısa zamanda koronavirusdan sonrakı dövrdə iqtisadi artımı və aktivliyi bərpa etmək mümkün olacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi vətəndaşlarımızın həyatının qorunması baxımından əlahiddə tədbirlərdir.

Komitə sədrinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durmasının bariz nümunəsidir: “Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və iş fəaliyyəti məhdudlaşdırılıb. Aparılan təhlillərə görə, həyata keçirilən bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər.

Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamla dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur: pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək; sahibkarlıq subyektlərinə dövlət dəstəyi; məşğulluq problemlərinin və sosial problemlərin həlli; makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması.

Göründüyü kimi, dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir. Artıq ilkin olaraq açıqlanan tədbirlər planının maliyyə tutumu 3 milyard manatı keçmişdir. Bu vəsaitin ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycan regionda iqtisadiyyata və insanların sosial həyatına ən çox vəsait ayıran ölkədir”.

İqtisadçı ekspert Pərviz Heydərova görə, Azərbaycan 2020-ci ili yaxşı başlamışdı. Yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənayesi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdi. Amma koronavirus pandemiyası milli iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə zərər vurdu. Ən acınacaqlısı isə odur ki, proses davam edir və nə vaxt bitəcəyi bilinmir. O bildirib ki, dünyada baş verənlər fonunda dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi durub: "Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından, baş verə biləcək tənəzzüldən sığortalamaq".

Ekspert deyib ki, dövlət başçısın bu mənada koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamı çox əhəmiyyətli oldu: "Məlumdur ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür".

P.Heydərov qeyd edib ki, sözügedən sərəncamla yaradılan İşçi Qrupunun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir: "Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılacaq, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək və digərləri həyata keçiriləcək".

Ekspert əlavə edib ki, ötən il sosial sahədə başlanan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu, nəticədə, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi ki, bunun 2,5 milyard manatını koronavirus "mənimsədi": "Lakin hazırda əsas məsələ vətəndaşlarımız kimi, iqtisadiyyatımızın da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və bu böhrandan sağ-salamat çıxmasıdır".

PƏRVANƏ

 





06.04.2020    çap et  çap et