525.Az

Saç ustası: “Xanımlar, bu günlər saçlarınızın uzanmasını dərd etməyin...” - Müsahibə


 

“İNŞALLAH, QISA ZAMANDA YENİDƏN SİZLƏRİN QULLUĞUNUZDA OLACAĞIQ”

Saç ustası: “Xanımlar, bu günlər saçlarınızın uzanmasını dərd etməyin...” -<b style="color:red"> Müsahibə</b>

Pandemiya günlərində fəaliyyəti dayandırılan məkanlardan biri də gözəllik salonlarıdır.

Xanımların tez-tez üz tutduqları bu məkanların qapanması saç ustalarının və məkan sahiblərinin fəaliyyətinə necə təsir göstərib? Bu mövzuda peşəkar saç ustası, uzun illərdir gözəllik salonu işlədən Təranə Qocayeva ilə söhbətləşdik. Təranə xanım müştərilərin tez-tez onlara yazdıqlarını, əlaqə saxladıqlarını, bu vəziyyətdən narahatlıq keçirdiklərini, amma buna baxmayaraq, qoyulan qaydalara tam əməl etməli olduqlarını bildirdi.


- Təranə xanım, bu günlərdə gözəllik salonları bağlanıb. Təbii ki, bu, sizin işinizə də təsir göstərdi. Necə keçir bu günlər?

- Bəli, pandemiya bir çox sahələr kimi bizdən də yan keçmədi. Hökumətin qərarı ilə bütün gözəllik salonları fəaliyyətini dayandırdı. Bütün dövlət rəsmiləri ölkə əhalisinə evdə qalmaları ilə bağlı çağırış etdilər. Biz də çağırışa sadiq qalaraq, ciddi zərurət olmadıqda evimizi tərk etməməyə çalışıb, vaxtımızı  ailəmizlə birlikdə keçiririk. Yorğun iş rejimindən sonra bu, həm də bir qədər istirahət xarakteri daşıyır. Bu müddətdə uşaqlarıma daha çox vaxt ayırır, ev işləri ilə daha çox məşğul oluram. Bununla yanaşı, vaxtımızın səmərəli keçməsi üçün müxtəlif stolüstü oyunlar oynayır, sağlam qidalanmağa çalışırıq. Digər tərəfdən, qızımın onlayn dərslərinə nəzarət edirəm.

- Qadağa gəlməmişdən öncə virusun ilk günlərində xanımların gəlişi zəifləmişdimi?



- Bəli, işimizdə seyrəklik hiss olunurdu və əhalinin bu məsələyə həssaslıqla yanaşması gözə çarpırdı.

- İşiniz üçün, xanımlar üçün darıxmısızmı?

- Əlbəttə, darıxmışam. Bəzən iş çox olduqda insan yorğunluqdan gileylənməyə başlayır. Amma bir neçə gün işə ara verdikdən sonra öz işinə qayıdıb davam etmək istəyirsən. İşim üçün də, müştərilərim üçün də çox darıxmışam. Ümid edirəm ki, tezliklə dünyanı ağuşuna almış bu pandemiyanın təsiri tədricən sona yetəcək və biz öz işimə qayıdacağam.

- Xanımlar əlaqə saxlayırlarmı? Nələr deyirlər?

- Sözsüz ki, hər bir qadın gözəl olmaq istəyir. Onların gözəlliyinə gözəllik qatmaq bizlərin öhdəsinə düşür. Məlum vəziyyətlə bağlı hələ ki işimizi davam etdirə bilmirik. Əlaqə saxlayan xanımlar da tezliklə bu bəlanın bitməsini arzulayırlar.

- Bu günlərdə özlərinə baxmaq sarıdan xanımlara nələr məsləhət görərdiniz?

- Bu mövzuda suallar biz ustalara tez-tez və həm də hər zaman ünvanlanır. Xanımlar həmişə saçlarının korlanmasından, tökülməsindən şikayət edirdilər və məndən saçlarına necə qulluq etmələri barədə məsləhət istəyirdilər. Amma vaxtlarının olmamasından şikayətlənirdilər. Hazırkı vəziyyət onlar üçün bir fürsətdir. Ev şəraitində maskalar düzəldib həm saçlarına, həm də üzlərinə qulluq edə bilərlər. Xanımlar bu günlər saçlarının uzanmasını dərd etməsinlər, İnşallah, qısa zamanda yenidən onların qulluğunda olacağıq.

- Ev şəraitində maskalardan istifadə etməyi məsləhət görürsünüz. Bununla bağlı xanımlara yardımınız dəyirmi? İndi sosial şəbəkələr ünsiyyəti asanlaşdırıb. Məsələn, canlı yayımlar təşkil etməklə, videolar paylaşmaqla hansısa tövsiyələr vermək olarmı? Xanımlar bunu sizdən istəyirlərmi?

- Canlı yayımlar yox. Amma mən hər zaman xanımlara məsləhətlərimi vermişəm, maraqlanan müştərilərimdən tövsiyyələrimi əsirgəməmişəm. Özümün də faydasını gördüyüm əlverişli maska və üsulları onlara da deyirəm.

- Qidalanmanın saçlara, gözəlliyə nə dərəcədə təsiri var?

- Qidalanmanın saçlara və gözəlliyə böyük təsiri var. Vitamin çatışmazlığından saçlar tökülür, saçqıranlar əmələ gəlir, saç parlaqlığını itirir. Həmçinin, üz dərisi quruyur, dəri öz təravətini itirir, qırışlar əmələ gəlir. Ona görə də qidalanmaya çox diqqət yetirmək lazımdır. Xüsusən bu günlərdə, mövsümün bu çağlarında.
 
- Bu zamanlarda daha çox nəylə qidalanaq?

- Saçlar üçün tərkibində A vitamini, üz dərisi üçün isə E vitamini ilə zəngin vitaminlərlə qidalanmaq lazımdır. Bol su içməyi də unutmayaq.

Şahanə MÜŞFİQ

 

 





07.04.2020    çap et  çap et